• çərşənbə axşamı, 23 aprel, 10:38
  • Baku Bakı 20°C

Büdcə layihəsində neftin qiyməti necə olacaq?

06.09.16 13:38 2989
Büdcə layihəsində neftin qiyməti necə olacaq?
Maliyyə Nazirliyi 2017-ci il və sonrakı iki ilin dövlət və icmal büdcələrinin layihəsini hazırlayıb. Sənədlər Nazirlər Kabinetinə və Hesablama Palatasına göndərilib. KİV-də yayılan məlumatda qeyd olunur ki, dövlət büdcəsinin parametrləri açıqlanmasa da, burada 2017 -ci ilin prioritetlərindən bəhs edilir. Belə ki, orada sosial siyasətin davam etdirilməsi, əhalinin yaşayış səviyyəsinin, qaçqın və məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılması qarşıya məqsəd qoyulur. Bundan başqa, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi də əsas prioritetlərdən sayılır. Habelə ölkə daxilində, xaricdə icrasına başlanılmış və prioritet hesab edilən investisiya layihələri diqqətdə saxlanılır. Bəs görəsən 2017-ci ilin büdcə layihəsi hazırlanarkən neftin qiyməti necə hesablanacaq? Cari il ərzində nəzərdə tutulan qiymətlər özünü doğrulda bildimi? Ümumiyyətlə, büdcə layihəsi hazırlanarkən risklər necə hesablanır?

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban qeyd etdi ki, növbəti ilin büdcəsini İqtisadiyyat və Maliyyə nazirlikləri sentyabr ayında hökumətə təqdim edirlər. Sentyabrın sonunda isə hökumət bu layihəni təsdiqləyir: "Azərbaycanda büdcəni ilk olaraq Maliyyə Nazirliyi açıqlayır. Lakin hələlik adıçəkilən nazirlik bu barədə heç bir açıqlama verməyib. Ona görə də 2017-ci ilin büdcəsi hazırlanarkən neftin hansı qiymətdən hesablanacağı barədə proqnoz vermək çətindir. Lakin çox güman ki, qiymətlər 30 dollar civarına yaxın bir rəqəmlə təyin olunacaq”.

İ.Şabanın sözlərinə görə, büdcə layihəsi hazırlanarkən qiymətlər bir qədər aşağı həddə nəzərdə tutulur: "Adətən risklər hesablanarkən beynəlxalq enerji agentliklərinin, OPEC və bu kimi başqa qurumların növbəti il üçün proqnozları nəzərə alınır. Adətən Azərbaycanda proqnozlarda müəyyən edilən qiymətlərdən aşağı qiymət götürülür ki, bu, baş verə biləcək hər hansı risk dərəcəsini azaltsın. Lakin bu, dünya təcrübəsində bir qədər fərqlidir. Məsələn, Rusiya və Qazaxıstan kimi ölkələrdə büdcə bir neçə ssenari əsasında hazırlanır. Büdcə neftin optimist, normal və neqativ qiymətlərinə uyğun hazırlanan ssenari əsasında təyin olunur. Bizdə isə belə bir təcrübə tətbiq olunmayıb”. İ.Şabanın sözlərinə görə, ilin son rübü üçün neftin qiymətlərinin artacağı proqnozlaşdırılsa da, qiymətlər təxminən 50-55 dollar arasında dəyişə bilər.

İqtisadçı-ekspert Rəşad Həsənovisə bildirdi ki, 2017-ci ilin büdcəsi hazırlanarkən neftin qiyməti 25 dollardan hesablanacaq: "Bu günlərdə mətbuatda Rusiyanın dövlət büdcəsi layihəsində neftin qiymətinin 45 dollardan hesablanacağına dair yazılar getdi. Azərbaycana gəldikdə isə 2017-ci ilin büdcə layihəsi haqqında deyə bilərəm ki, böyük ehtimalla neftin qiyməti artırılmayacaq. Yəni neftin qiyməti 2016-cı ildə nəzərdə tutulduğu kimi 25 dollar həcmində olacaq. Bu isə fiskal ehtiyatın təmin edilməsi, yəni baş verə biləcək proseslərə hazır olmaq üçündür. 2017-ci ildə neftin qiymətinin 2016-cı illə müqayisədə nisbətən yüksək səviyyədə olacağının söylənməsinə baxmayaraq, ehtimal olunur ki, neftin qiyməti dövlət büdcəsində 25 dollardan hesablansın. Əgər qiymətlərdə hər hansı ciddi bir dəyişiklik müşahidə olunarsa, sonrakı mərhələdə neftin qiymətinin büdcədə yenidən dəyişdirilməsi və büdcəyə dəyikişliklər edilməsi yolu ilə qiymətin artırılması nəzərdə tutula bilər”.

R.Həsənov bildirdi ki, neftin qiymətinin proqnozlaşdırılması kimi risklərin nəzərə alınması da çətindir: "2015-ci ilin dövlət büdcəsi təsdiqlənərkən neftin qiyməti 90 dollardan hesablanmışdı. Həmin dövrdə isə neft 55-56 dollara satılırdı. Sonrakı dövrlərdə bu özünü doğrultmadığı üçün 2016-cı ilin dövlət büdcəsi layihəsində neftin qiyməti 50 dollara qədər azaldıldı. Bundan sonra isə qiymətlərin bir az da enəcəyi ehtimalları artdığına görə yanvar ayında ölkə rəhbərliyinin təşəbbüsü ilə dövlət büdcəsində neftin qiymətinin 25 dollara endirilməsi məsələsi gündəmə gəldi və dövlət büdcəsi və Neft Fondunun gəlirləri 25 dollara uyğunlaşdırıldı. Sonrakı dövrlərdə neftin qiymətinin artmasına baxmayaraq, bazarda risklər hələ də qalmaqdadır. Çünki neftin qiyməti ən müxtəlif-həm siyasi, həm də iqtisadi səbəblərdən dəyişə bilir. Qeyd edim ki, yaxın gələcək üçün bir çox maliyyə institutları neftin qiymətinin artacağını proqnozlaşdırsa da, digərləri əksinə olaraq, ucuzlaşmanın ola biləcəyini ehtimal edir”.

İqtisadçı 2016-cı ildə dövlət büdcəsində nəzərdə tutulan neftin qiymətinin özünü doğrultması məsələsində bir qədər təzadlar oduğunu da bildirdi: "Neft Fondunun büdcəyə transfertlərinə diqqət etsək, görərik ki, 2016-cı ildə 3,6 milyard dolların büdcəyə transferti nəzərdə tutulub və hazırda təxminən 2 milyarda yaxın transfert həyata keçirilib. Lakin növbəti 4 ay ərzində Neft Fondunun ciddi şəkildə transfertlər həyata keçirilməklə yaranmış fərqi kompensasiya edəcəyini düşünmürəm. Neft Fondunun 2016-cı il büdcəsi 10,6 milyard manat həcmindədir. Neft Fondunun gəlirləri isə 25 dollarla götürüldüyünə görə hazırda fondun beş milyard dollara yaxın kəsiri var. Belə bir şəraitdə isə fond öz öhdəliyini yerinə yetirə bilməyəcək. Eyni zamanda, neft sektorunda büdcə gəlirlərinin həcmində də azalma müşahidə olunur. Neftin qiymətinin özünü doğrultması haqqında birmənalı fikri o vaxt demək olar ki, dövlət büdcəsi nəzərdə tutulan kəsirdən artıq olmayan kəsir səviyyəsi ilə tam icra olunsun”.

Sonda R.Həsənov cari ilin son rübünə dair neftin qiymətlərinə dair proqnozlardan da söz açdı: "Neft istehsal edən OPEC ölkələri, o cümlədən Rusiya, İran, Səudiyyə Ərəbistanı arasında müxtəlif fikir ayrılıqları mövcuddur. Amerika şist neftinin dünya bazarlarına sürətlə satışını təmin etməyə cəhd göstərir. Belə bir şəraitdə gələn il qiymətlərin müxtəlif dövrlərdə hansı səviyyədə qərarlaşacağını konkret olaraq demək mümkün deyil. Beynəlxalq Enerji Agentliyi 2017-ci ildə neft tələbatının gündəlik 400 min barel olaraq artacağını ortaya qoydu ki, bu da qiymətlərdə müəyyən qədər bahalaşmaya səbəb oldu. Hazırda isə əksinə, qiymətlərdə yenidən ucuzlaşma müşahidə olunur. Bu günlərdə İran neft hasilatının həcmini artırma mövqeyini dəyişmədiyini açıqladı. Təbii ki, bu amil özü də dünya bazarına müəyyən mənada təsir göstərəcək. Ona görə də qiymətlərdə ciddi bahalaşma olacağını gözləmək düzgün olmazdı. Qiymətlərin 2016-cı il səviyyəsində ola bilmə ehtimalı daha yüksəkdir. Əgər kəskin ucuzlaşma dövrü olarsa belə, bu, qısamüddətli dövrü əhatə edəcək. Məsələn, cari ilin yanvar ayında qiymətlər 25-26 dollaradək ucuzlaşsa da, qısa müddət sonra itkilər bərpa olundu. Hesab etmirəm ki, uzun müddət ərzində dünya ölkələrində neftin qiyməti 25-30 dollardan ucuz olsun. Çünki faktiki olaraq neftin psixoloji hədd olan 40 dollardan aşağı satılması Amerikada neft quyularının və neft ehtiyatlarının həcminin azaldılmasına və neft sahəsində fəaliyyət göstərən bir çox şirkətlərin iflas olmasına gətirib çıxara bilər. Cari ildə məhz bu səbəbdən 256 neft şirkəti iflasa uğrayıb. Gələcək dövrlərdə neftin qiymətinin müəyyənləşməsində əsas səbəblərdən biri neft sektoruna investisiya məsələsi olacaq. Hazırda investisiyaların həcmində kəskin azalmalar var”.

İqtisadçının sözlərinə görə, bir qədər zaman lazımdır ki, dünya bazarına təklif olunan neftin həcmində azalma müşahidə olunsun: "Azalma baş verərsə, qiymətlərin artacağı istisna edilmir”.
Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər