• çərşənbə, 24 Aprel, 16:16
  • Baku Bakı 27°C

“Bu yoldan dönən deyiləm” - Gülər Əhmədova

01.05.14 11:46 1249
“Bu yoldan dönən deyiləm” - Gülər Əhmədova
Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Gülər Əhmədovanın vəkilləri bir neçə vəsatət veriblər, lakin onların heç biri təmin edilməyib.
Sonra Gülər Əhmədova məhkəmədə ifadə verib. Bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Sevinc Babayevanın onun başına açdığı oyunları qismən danışıb: “Çünki ölmüş adamın arxasınca danışmağı düzgün hesab eləmirəm. Video ilə bağlı deyə bilərəm ki, onlar montajdır, ekspertlərin çıxışları da bunu təsdiq elədi. Həmin videolarda xeyli qüsur var. Elşadın dediklərinə gəlincə, əgər onun məndə pulu olsaydı, bu qədər vaxt susmazdı. 7 il ərzində mənim iş yerimə, hər gün efirdə olan qardaşıma, həyat yoldaşıma gəlib deyə bilərdi. Bu adam sonuncu müsahibəsini də ANS-ə verib, sonra Fransaya gedib. Arzu Kazımovun və digərlərinin işində pulun alınıb-verilməsi təsdiq olunub. Arzu Kazımov 3 il müddətinə həbs olunub, Binəqədinin prokuroru isə şərti cəza alıb. Lakin mənim işimdə bu sübutlar olmaya-olmaya 3 il həbs veriblər. Mətbuatda bu işləri inqubator cücələri kimi eyniləşdirirlər. Amma elə deyil. Mən Azərbaycan dövlətinə xidmət etmiş adamam, anayam, qadınam, bu gün də dövlətçiliyə xidmət edirəm. Heç vaxt bu yoldan dönən deyiləm. Nəyə görə Binəqədinin prokuroru şərti iş alır, lakin bu mənə şamil edilmir?
Mən üç dəfə seçkidən keçmişəm. Mənim müxtəlif təbəqələrdən olan adamlara ehtiyacım olurdu. Sevinc mənimlə bağlı heç vaxt rəsmi vəzifə tutmayıb, mənim rəfiqəm olmayıb. Mən bir millət vəkili kimi çox insana kömək etmişəm.
Bilirsiniz ki, yıxılana balta çalan çox olar. Məni Azərbaycanın bir nömrəli pis adamı kimi təqdim etməyə çalışırlar. Həmişə reklamlardan uzaq olmağa çalışmışam”.
Məhkəmə davam edir.
Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökm zamanı onun ilk dəfə cinayət törətməsi, 3 dəfə deputat olması, ictimai-siyasi fəaliyyəti, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, şəxsiyyəti, himayəsində yetkinlik yaşına çatmayan övladının olması məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınıb. Hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili Əfsər Talıbov isə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib.
G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.
banner

Oxşar Xəbərlər