• cümə, 29 Mart, 02:28
  • Baku Bakı 7°C

“Bu ünsürlərin əsl dinlə heç bir əlaqəsi yoxdur”

11.07.18 18:46 749
“Bu ünsürlərin əsl dinlə heç bir əlaqəsi yoxdur”
Sosial şəbəkələr üzərindən edilən çağırışlar nəticəsində bir qrup iğtişaşçının iyulun 10-da keçirdiyi aksiya zamanı iki polis zabiti qətlə yetirilib. Hadisədən dərhal sonra özünü "siyasi mühacir” adlandıranların bəziləri və saxta profillər üzərindən təxribata təhrik edənlər cinayət hadisəsinə haqq qazandıraraq informasiya savaşına başladılar. Bu isə Azərbaycandakı vətənə, dövlətə bağlı insanları, mətbuatı ayağa qaldırdı və təxribata yönəlik çıxışların qarşısı alındı. Ümumilikdə belə hadisələr zamanı medianın yanaşması necə olmalıdır?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında "Azadinform” İnformasiya Agentliyinin Baş redaktoru, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Niyaz Niftiyev bildirdi ki, ötən gün və ondan bir neçə gün əvvəl Gəncə şəhərində baş verənlər dövlətə və millətə xəyanətdir: "İnsanlar arasında təşviş yaratmaq, stabilliyi pozmaq cəhdlərinin qarşısı amansızlıqla alınmalıdır. Dövlətin polisinə güllə atan şəxslər və onların havadarları ən sərt formada cəzalandırılmalıdırlar. Təəssüf ki, radikal dinçi ünsürlərə bu və ya digər mənada dəstək verən, baş verən hadisəni müxtəlif yerlərə yozan insanlar var. Onlar sosial platformaların imkanlarından sui-istifadə edərək həm açıq, həm də gizli formada terroru dəstəkləyən bəyanatlar verir, video-müraciətlər yayırlar. Hər birimiz onları tanıyırıq, bir çoxları Avropanın müxtəlif şəhərlərində oturaraq ölkə vətəndaşlarını iğtişaşlara təhrik edir, bəziləri də saxta profillərlə ölkə daxilində eyni əməli fərqli formada icra edirlər.
Heç bir ölkədə açıq mətnlə insanları iğtişaşlara səsləyən qrup və şəxslərə güzəşt olunmur. Artıq ötən gün baş verən hadisələrlə bağlı cinayət işi başlanılıb, şübhəli şəxslər müəyyənləşdirilib”.
Baş verən hadisələrdə ölkə mediasının münasibətindən bəhs edən N.Niftiyev əlavə edib ki, sözün həqiqi mənasında Azərbaycan cəmiyyətində fikir formalaşdıran media orqanları obyektivlik nümayiş etdirdilər: "KİV haqqında” qanunu, Jurnalistlərin Peşə Etikasını hər zaman gözləyən həqiqi jurnalistlər hadisələrə düzgün qiymət verdilər. Sosial şəbəkələrdə mənbəyi bəlli olmayan qruplar tərəfindən dövriyyəyə buraxılan informasiyalara etimad göstərmədilər”.

"Yeni Müsavat” qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Rauf Arifoğlu bildirdi ki, Gəncədə son baş verənlər heç də xoşa gələn hadisə deyil: "Xüsusilə ona görə ki, burada qan tökülüb və yüksək rütbəli polis məmurlarını qətlə yetiriblər. İndiyədək Azərbaycanda müxtəlif növ etirazlar, siyasi aksiyalar, kütləvi tədbirlər həyata keçirilib. Onların sırasında icazəsiz tədbirlər də olub. Lakin bu günə qədər istər dinc əhali arasında, istərsə də polislər arasında kiminsə qətlə yetirilməsi faktı olmayıb. Bu da onu göstərir ki, bu fərqli aksiyadır, polislər məqsədli, qabacadan düşünülmüş şəkildə qətlə yetiriliblər. Ehtimal edilə bilər ki, prosesin arxasında xarici güclər var”.
R.Arifoğlu qeyd etdi ki, məhz bu cür proseslərin gedişatını və onun mahiyyətini xalqa, ictimaiyyətə çatdırılmasında media kapitanlarının və bir sıra nyumedia nümunələrinin çox böyük xidməti oldu: "Hadisə baş verən andan sabaha qədər media nümayəndələri iş başında oldular. Çünki baş verən proses tək meydanda bir təxribat, qətl deyildir, eyni zamanda informasiya məkanında və sosial şəbəkələrdə tüğyan edən və naməlum profillər tərəfindən müəyyən qədər dəstəkləyənlərlə ideoloji müharibə idi. Bu baxımdan da onun qarşısına çıxa biləcək peşəkarlar lazım idi. Çox şükürlər olsun ki, Azərbaycanda artıq bu imkanlar var. Polisi qətlə yetirənlərin ələ keçməməsi ondan xəbər verir ki, bu, öncədən hazırlanmış və peşəkarlar tərəfindən icra olunan xain aksiyadır. Burada nə xalqın, nə Gəncə əhalisinin iştirakı var, nə də bu aksiya sosial və siyasi narazılıqları özündə əks etdirmir. Bu, bir təxribatdır. Aksiya xarici güclərin ortaya çıxara biləcəyi qüvvənin miqyasını göstərir, cəmi iki yüz nəfər. Ümid edirik ki, aksiyanı keçirənlərə və onlara həm informasiya, həm də fiziki dəstək verənlər qəti və ciddi şəkildə cəzalandırılacaq. Eləcə də dövlət bu prosesin qarşısını alacaq və bununla da bütün dünya və ictimaiyyət görəcək ki, Azərbaycan dövləti güclüdür, onu hər hansı kənar təsirlərə və şantajlara məruz qoymaq mümkün deyil. Əminəm ki, xalqımız bu vəziyyətdən çıxacaq”.
"Bakı Xəbər" qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Aydın Quliyev bildirdi ki, Gəncədə baş verən hadisələrdə media hər zaman olduğu kimi dövlətin yanında oldu: "Necə ki, biz bunun şahidi olduq. Açığını deyim ki, illər öncə buna oxşar gərginlik yarananda mediamızda vahid mövqe nümayiş olunması o qədər də yüksək səviyyədə deyildi. Amma görünür illər keçdikcə medianın daha çox vətənpərvər, dövlətçilik mövqeyində formalaşması öz işini görüb. Sosial şəbəkələrdə tək-tək çıxış edən məsuliyyətsiz adamları nəzərə almasaq, ümumən ölkənin mediası, qəzetlər, internet media, televiziyalar bu hadisələrdə əsl dövlətçilik mövqeyi nümayiş etdirdilər və xalq-hakimiyyət birliyinin nə qədər vacib olduğunun daim təlqin olunmasının fərqinə vara bildilər”.
A.Quliyev vurğuladı ki, bu hadisələr ölkəmiz, dövlətçiliyimiz, cəmiyyətimiz üçün növbəti uğurlu sınaqlardan biri idi: "O mənada ki, bir qrup cinayətkarın xalqın dini hisləri ilə oynayaraq önə düşməsi, insanları yoldan çıxarmağa çalışması, müxtəlif cinayətkar planlarının həyata keçirmək cəhdləri Gəncədə iflasa uğradı. Xalq gördü ki, bu ünsürlərin əsl dinlə heç bir əlaqəsi yoxdur. Bunlar sadəcə cinayətkar qruplaşmadır və ölkənin ictimaiyyəti bu cür cəhdlərə nifrətlə və qəti etirazla reaksiya verdi. Gəncədə baş verən hadisələr ölkədə sabitliyin, təhlükəsizliyin çox möhkəm şəkildə qorunduğunu bir daha ortaya qoydu. Bu hadisələr iqtidarla xalqının, eyni zamanda şəxsən prezidentlə cəmiyyətin arasında nə qədər möhkəm, qarşılıqlı bir anlaşmanın mövcud olduğunu göstərdi. Təsadüfi deyil ki, xalq məhz hüquq-mühafizə orqanlarına dəstək verdi”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər