• cümə axşamı, 25 aprel, 02:15
  • Baku Bakı 19°C

Bu strategiya ilə yay aylarını arzuladığımız kimi normal keçirə bilərik - TƏKLİF

22.01.21 18:00 424
Bu strategiya ilə yay aylarını arzuladığımız kimi normal keçirə bilərik - TƏKLİF
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev ölkəmizdə koronavirusla mübarizədə yeni strategiyanın tətbiq edilməsini təklif edib.
Kaspi.az-ın məlumatına görə, azərbaycanlı alim bildirib ki, koronavirusla yeni mübarizə strategiyasında COVID-19 xəstələrinin sayının bir müddətlik sıfıra endirilməsi ilə bağlı plan yer almalıdır.
Onun sözlərinə görə, virusun dünyada bir ildən çox hökm sürdüyü müddət ərzində müxtəlif strategiyalar tətbiq olunsa da, elm onunla mübarizədə ən uğurlu təcrübələrin mövcudluğunu ortaya qoyub: "Bu müddət ərzində bir çox ölkələrin koronavirusla mübarizə strategiyasında dəyişikliklər müşahidə olundu. Yəni ilkin mərhələdə elmə əsaslanmayan qərarlar elmi əsaslı strategiyalarla əvəzləndi, baxmayaraq ki, hələ də bəzi ölkələr öz bildikləri yanlış mübarizə strategiyasını qüvvədə saxlayıb. Hazırda bir neçə ölkədə viruslu xəstələrin sayının müddətli olaraq sıfıra endirilməsi konsepsiyası hazırlanır".
Tibb elmləri doktoru bildirib ki, bu, Azərbaycanda da tətbiq olunmalıdır: "Bu strategiyanın əsas məqsədi virusla keçmişdəki mübarizə formalarından fərqli olaraq koronaviruslu xəstələrin sayının müvəqqəti olsa da sıfıra endirilməsinin mümkünlüyünü sübut etmək, bu effekti saxlamaq və davamlı şəkildə virussuz həyata dönməkdən ibarətdir. Burada xüsusilə Avstraliyada və Yeni Zelandiyada bu istiqamətdə atılan addımları və strategiyanən effektivliyini misal gətirə bilərəm".
Azərbaycanlı alim virusla yeni mübarizə strategiyasının tətbiqi üçün tam tərkibdə yeni heyətin formalaşdırılmasının zəruriliyini bildirib.
Onun sözlərinə görə, komanda üzvləri hökumətin nəzarəti altında öz işinin peşəkarlarından ibarət olmalıdır: "Üzvlər arasında tibb mütəxəssisləri və virusoloqlar olmaqla yanaşı, siyahıya epidemioloqlar, sosioloqlar, psixoloqlar, nəqliyyat mütəxəssisləri, riyaziyyatçılar, fiziklər, jurnalistlər və bir neçə digər sahədən olan elm adamları da daxil edilməlidir. Bu komanda qısa müddət ərzində Azərbaycanda koronaviruslu xəstələrin sayının hansı şəkildə sıfıra endirilməsinin mümkünlüyü ilə bağlı hökumətə təkliflər verməlidir. Eyni zamanda strategiya qəbul edildikdən sonra ictimaiyyətə təqdim edilməli və hər kəs bu strategiya ilə birlikdə virusa qarşı mübarizə aparmalıdır. Çünki təkcə birinci nəsil peyvəndlə virusun qarşısını almağın mümkünsüzlüyü bəllidir. Yuxarıda qeyd etdiyim istiqamətdə mənim strategiyam var və bunu yuxarıda qeyd etdiyim üzvlərlə məmnuniyyətlə müzakirə edə bilərik. Əminəm ki, bu strategiya tətbiq olunarsa, yay aylarını arzuladığımız kimi keçirmək imkanımız olar". (Lent.az)
banner

Oxşar Xəbərlər