• şənbə, 20 Aprel, 08:06
  • Baku Bakı 14°C

“Bu siyasi boşanma mütləq baş verməli idi”

10.01.14 08:49 3029
“Bu siyasi boşanma mütləq baş verməli idi”
Ötən ilin əvvəlində özlərini demokratik qüvvələr adlandıran partiya liderləri kinorejissor Rüstəm İbrahimbəyovun ideyası ətrafında toplaşaraq Milli Şura adlı yeni birlik təsis etdilər. Bununla onlar prezident seçkilərində vahid mövqedən çıxış etmək, seçkilərdə qalib gəlmək ümidində idilər. Lakin qurum daxilində partiyalararası fikir ayrılığı, qarşıdurma, liderlərin qarşılıqlı ittihamları bu ümidləri puç etdi. Cəmiyyətdən Milli Şuraya geniş dəstək də gəlmədi. Nəticədə partiya sədrləri, eləcə də ayrı-ayrı üzvlər ardıcıllıqla şuranı tərk etməyə başladılar. Bu günlərdə isə Milli Şuranın həmtəsisçilərindən sayılan Müsavat Partiyası da buradan çıxmaq barədə qərar qəbul etdi. Qurumdakı AXCP və digər təmsilçilər müsavatçıların bu addımını top-tüfənglə qarşılasalar da, Müsavat başqanı İsa Qəmbər Milli Şuranı missiyasını başa vurmuş təşkilat kimi dəyərləndirdi. O, rəhbərlik etdiyi partiyanın da məhz bu səbəbdən Milli Şuradan ayrıldığını, zamanla hesablaşaraq, gerçəkliyə uyğun addım atıldığını bəyan etdi.
Müxalifət düşərgəsində baş verən son proseslərlə bağlı fikirlərini “Kaspi”yə bölüşən gənc fəal Bəxtiyar Hacıyev istənilən siyasi partiyanın hər hansı bir birlikdə olmaq və ya olmamaq barədə qərar qəbul etməsini həmin təşkilatın təbii hüququ kimi qələmə verib. Bu baxımdan, Müsavat Partiyasının Milli Şuradan çıxmasını da ilk baxışda normal hadisə kimi dəyərləndirib. Amma o, müsavatçıların hərəkətində anormal hal sayılan bir neçə məsələni də diqqətə çatdırıb: “Anormal olan bir neçə məsələ var. Birincisi, Müsavat Partiyası sanki Milli Şuradan çıxmaq üçün bəhanələr axtarırdı. Əvvəlcə Rusiya vətəndaşı olan Rüstəm İbrahimbəyovun sədrliyinə etiraz etdilər, sonra fəxri sədrliyinə. Rüstəm İbrahimbəyov istefa verdikdən sonra isə bəhanə sayıla bilməyəcək səbəblər göstərilərək, Milli Şuranı tərk etdilər. Bu isə bir çox insanda, o cümlədən müttəfiq partiyalar sayılan AXCP üzvlərində də xeyli suallar doğurdu. İkincisi, Müsavat funksionerləri hər zaman “Müsavat olmayan yerdə müxalifətin birliyi olmaz” - deyirdilər. İndi isə müxalifətin indiyə qədər ən böyük birliyi olan Milli Şuranı tərk etdilər, dolayısı ilə, Müsavatın olmadığı yerdə birliyin olmayacağını deyərək, müxalifətin birliyinə son qoydular. Üçüncüsü isə, Milli Şuraya qoşulmaq istəməyən vətəndaş cəmiyyəti fəallarına qarşı sərt qarayaxma kampaniyası apardıqları halda, cəmiyyətin ümidlərini puça çıxararaq Milli Şuranı tərk etdilər. İndi özləri düşünsünlər, Azərbaycanda demokratik cəmiyyətin qurulması istiqamətində real olmayan vədlər verib, sonradan cəmiyyəti ümidsizliyə düçar etmək böyük qəbahətdir, yoxsa bu hadisələrin inkişafını əvvəldən görüb, hər hansı quruma qoşulmamağı seçmək?”.
Azərbaycan El Hərəkatı Partiyasının sədri Əflan İbrahimov əvvəlki açıqlamalarına diqqət çəkərək, Milli Şura adlı qurumun yaxın gələcəkdə olmayacağını dəfələrlə bəyan etdiyini bildirib. Onun sözlərinə görə, uzağı 2014-cü ilin mart ayına kimi Milli Şura darmadağın olacaq: “Az keçmədi dediklərim öz təsdiqini tapmağa başladı. Lalə Şövkət Hacıyeva, Rəsul Quliyev, Zəminə Dünyamalıyeva, Asəf Quliyev və başqaları bir-birinin dalınca Milli Şuradan getdilər. ALP-dən sonra bu günlərdə daha bir siyasi təşkilat – Müsavat Partiyası da Milli Şuradakı müttəfiqləri ilə yolunu ayırdı. İsa Qəmbər bu qərarı şuranın öz missiyasını başa vurması ilə əlaqələndirdi. Əsl həqiqətdə isə səbəb başqadır. O, Milli Şura yaradılarkən Rusiyanın Azərbaycana təzyiq cəhdlərindən məlumatlı idi. Belə bir vaxtda Vladimir Putinin xeyir-duası ilə yaranmış “Milyarderlər İttifaqı”nın üzvü, kinorejissor Rüstəm İbrahimbəyov Azrbaycanda Milli Şura ideyasını ortaya atdı. İsa Qəmbər o zaman düşünürdü ki, Rusiyanın dəstəyi ilə Milli Şura və onun vahid namizədi prezident seçkilərində qalib gələcək, Rüstəm İbrahimbəyov iki illik keçid dövründə prezident olarkən, o da bundan bəhrələnəcək. Halbuki, bu ana qədər Müsavat rəhbərliyi Avropaya inteqrasiyanın tərəfdarı olduqlarını bəyan edirdi. Digər tərəfdən, seçki öncəsi Milli Şuraya Rusiyadan külli miqdarda maliyyə yardımının ediləcəyi gündəmdə idi. Müsavat başqanı Milli Şuraya üzv olmaqla həm də pul qazanmaq istəyirdi. Yəni, bu gün İsa Qəmbərin Milli Şura artıq missiyasını başa vurub deyərək, qurumdan partiyasının çıxmasına haqq qazandırması düzgün yanaşma deyil. Müsavat Partiyasının başqanı öz şəxsi, partiya və qrup maraqları naminə hətta Rusiya ilə də əməkdaşlığa getməyə, Azərbaycan xalqının, onun dövlətçiliyinin əleyhinə fəaliyyət göstərməyə də hazırdır. Onlar üçün müxalifətin birliyinin heç bir əhəmiyyəti yoxdur. Bunu Müsavatın Kremlin layihəsi sayılan Milli Şuraya üzv olması, sonradan orada cərəyan edən proseslər də aydın göstərir”.
Politoloq Cümşüd Nuriyev də Müsavatın Milli Şuradan ayrılmasını çoxdan gözlənilən hadisə kimi qələmə verib. Qeyd edib ki, tarixən İsa Qəmbərə düşmənçilik mövqeyi sərgiləyən AXCP sədri gec-tez Müsavatı oradan uzaqlaşdırmalıydı: “Hələ Milli Şura yaradılarkən demişdim ki, radikal müxalifətin bu “nikahı” baş tutan deyil. Sözügedən layihə Rusiyada hazırlanmışdı. Məcburi, zorən “nikah” olduğu üçün, sonda siyasi boşanma mütləq baş verməli idi. Əli Kərimli heç zaman İsa Qəmbəri sevməyib. Bu, birmənalı belədir. Bundan sonra da onun Müsavat başqanını sevməsi sıfıra bərabərdir. Çünki Əli Kərimli hər zaman İsa Qəmbərin siyasi kölgəsində olub. Bu kölgədən çıxa bilməməsi onda qısqanclıq, paxıllıq, həsəd hissi yaradıb. Vaxtilə İsa Qəmbər Məhəmməd Əmin Rəsulzadənin nailiyyətini təkrarlayaraq 34 yaşında parlament sədri ola bildi. Bu zaman 27 yaşı olan Əli Kərimli nə qədər cəhd etsə də millət vəkili seçilə, ən gənc deputat kimi tarixə düşə, parlamentin sədri ola bilmədi. Baxmayaraq ki, o dövrdə parlamentdə boş yer var idi, amma İsa Qəmbər Əli Kərimliyə belə bir şərait yaratmadı. Bu andan etibarən Əli Kərimli Müsavat başqanına düşmən kəsilib. İndi də bu proses davam etməkdədir”.
Politoloqun sözlərinə görə, Əli Kərimli natura baxımdan çirkin oyunları oynamağı bacaran və o çirkabı başqalarına yaxmağı bacaran insandır: “AXCP sədri indi də öz şakərindən əl çəkə bilmir. Bu adam əvvəlcə eks-prezident Əbülfəz Elçibəyi hörmətdən saldı. Elçibəy dünyasını dəyişəndən sonra partiyasını ələ keçirdi və AXCP-də ona rəqib ola biləcək hər kəsi təşkilatdan uzaqlaşdırmağa başladı. O, Əli Məsimli, Qüdrət Həsənquliyev, Fazil Mustafa, Qulamhüseyn Əlibəyli, Cəmil Həsənli, Mirmahmud Mirəlioğlu və başqalarını partiyadan qaçırtdı. Partiyadakı əsas fiqurları zərərsizləşdirəndən sonra özü təkbaşına AXCP-ni ələ aldı, lider oldu. Amma Milli Şuraya gələndən sonra gördü ki, o, burada liderliyi ələ ala bilməyəcək. Buna görə də müsavatçıların əli ilə əvvəlcə Rüstəm İbrahimbəyov əleyhinə təbliğat qurdu. Ardınca Eldar Namazovun proseslərdən kənarlaşdırılmasına çalışdı. Əli Kərimliyə elə adamlar lazımdır ki, onlar Azərbaycan cəmiyyətində tanınmasın, qəbul edilməsin. İndiki AXCP-yə nəzər yetirsək bu fakt təsdiqini tapar. O, hətta “Azadlıq” qəzetində tanınanları belə, oradan qaçırtdı. Hansı yollarlasa onların həbs olunmasına da göz yumdu. Milli Şurada da AXCP sədrinin fəaliyyəti oradakı əsas simaların bir-bir qurumu tərk etməsinə hesablanmışdı. Son anda Müsavat Partiyasının Milli Şuradan çıxmasına da nail oldu. Əslində Müsavatın qurumu tərk etməsi KXCP-nin də oradan getməsi deməkdir. Hazırda Milli Şurada Azərbaycan cəmiyyətində söz sahibi olmayan, ictimai rəyə öz nüfuzu ilə təsir göstərə bilməyən, ancaq özünü gündəmdə saxlamaq istəyən insanlar qalıb. Onlar da burada özləri-özlərini aldatmaqla, başlarını qatmaqla məşğuldurlar. Düşünürəm ki, Müsavatın getməsi ilə Milli Şura bitdi. Bu, eyni zamanda müxalifətin də bitməsi deməkdir. İndidən AXCP sədrinin müavini İctimai Palatanı gündəmdən çıxarmağa çalışır. Mənim fikrimcə, onlar sərgərdan cəbhəçilər mərkəzi yaradıb ora toplaşsalar daha yaxşı olar. Bunların həm siyasi oriyentasiyası yoxdur, həm də bu millət üçün iş görmür, dövlətin, dövlətçiliyin maraqlarını güdmürlər”.
Azərbaycan Doğru Yol Partiyasının sədri Kəramət Salayev Milli Şura yaranan gündən ciddi siyasi dairələrdə onun perspektivinə inamın az olduğunu vurğulayıb. Deyib ki, qurumun yarandığı dövr təhlil olunsa, Milli Şuranın hansı şərtlər əsasında, kimlər tərəfindən təsis olunduğunu, hansı siyasi dairələrin təsiri altında olduğunu aydın müşahidə etmək olar: “Prezident seçkiləri öncəsi formalaşan bu qurumun uzunömürlü olacağına ümid bəsləyən yox idi. Xatırlayırsınızsa, 28 May - Respublika günündə Novxanıda Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə keçirilən tədbirdə AXCP sədri Əli Kərimli öz siyasi görüşünü, iradəsini açıq şəkildə ortaya qoydu. Bu dönəmdə Müsavat başqanı İsa Qəmbər Milli Şuranın qısa zamanda elan olunmasının əleyhinə çıxış edirdi. Sonradan proseslərin gedişində Müsavat rəhbərliyi Milli Şuranın yaranmasına qarşı çıxmadı. Avqust ayına kimi Milli Şura üçün ikinci mərhələ başlandı. Qarşılıqlı ittihamlar, fikir ayrılığı özünü qurum daxilində açıq şəkildə göstərməkdə idi. Milli Şuranın Avroatlantik məkana inteqrasiyanı dəstəkləyib-dəstəkləməməsi məsələsinin ortaya atılması tərəflər arasında narazılıq yaradırdı. Siyasi tərəflər arasında cığallıq yaranmışdı. Elə bu andan da Milli Şuranın uğur qazanmayacağı görünməyə başlanmaqdaydı. Qurum daxilindəki siyasi qüvvələr, xüsusən də AXCP və Müsavat Partiyası hətta hakimiyyətdə olduqları müddətdə də heç zaman bir-birini qəbul etməyiblər. Bu ənənəni müxalifətdə olduqları zaman da davam etdiriblər. Müsavatın şuradan çıxmasına gəlincə, bundan əvvəl həmin qurumdakı vəzifəsindən Rüstəm İbrahimbəyov istefa verdi, eləcə də məsələlərə ziyalı mövqeyindən yanaşan insanlar oradan kənarlaşmağa başladılar. Siyasi proseslərə qoşulan ziyalılar kiçik, perspektivsiz siyasi intriqalardan uzaq olmağa çalışdılar. Düşünürəm ki, Milli Şuradakı bu böhranın səbəbkarı da Müsavat Partiyası idi. Hazırda isə Müsavat Milli Şuradan uzaqlaşıb. İndi orada qalan qüvvələr arasında da həmrəylik yoxdur. Ona görə bundan sonra da Milli Şuradan ayrılmaları izləyə biləcəyik”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər