• cümə, 29 Mart, 09:42
  • Baku Bakı 5°C

“Bu sənətin bir parçasıyam” - Debüt

26.01.18 11:30 2452
“Bu sənətin bir parçasıyam” - Debüt
"Debüt” rubrikamızın qonağı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram teatrı və kino aktyoru” fakültəsinin II kurs TKA qrupunun tələbəsi Orxan İsrafilovdur. Orxan 1999-cu ilin iyununda Bakıda anadan olub. Dünyaya göz açandan peşəkar səhnədə, sənətdə sözünü demiş sənətkarların arasında yetişib. Deyir ki, uşaq yaşlarından dostları cizgi filmlərinə baxanda, o, "Qaynana”, "Böyük dayaq”, "Arxadan zərbə”, "Alam almaya bənzər”, "Dəli Kür” filmlərinə baxıb. Baxdığı hər filmdə onun çəkiliş prosesi marağını daha çox çəkib.

Orxanla Universitetin səhnəsində əməkdar artist Məmməd Səfanın tələbələrinin Ə.Haqverdiyevin "Yeyərsən qaz ətini, görərsən ləzzətini” əsəri əsasında hazırladıqları "Qara oyun” tamaşasına baxış keçirilərkən tanış olduq. Tamaşada Hacı Mehdinin qardaşı Ələsgər obrazını canlandıran Orxan bu obrazın onun daxili dünyasından xəbər verdiyini bildirdi.

- Bu sənət sevdası sizdə haradan qaynaqlanır?
- Özümü dərk edəndən aktyor sənətinə böyük sevgim var. Hələ birinci sinifdə oxuyarkən Novruz bayramına həsr olunmuş tamaşa hazırlanırdı. Müəlliməm mənə qış rolunu verdi və dedi ki, sən bu obrazın öhdəsindən gəlməlisən. Mən böyük həvəs və məsuliyyətlə bu rolu oynadım. Bu obrazım tamaşaçılar tərəfindən də böyük maraqla qarşılanmışdı. Sevinirdim, çünki təqdim etdiyim obraz sevildi və mənim üçün bundan gözəl heç nə ola bilməzdi. Bundan sonra məktəbdə keçirilən bütün tədbirlərə dəvət aldım. Beşinci sinifdə riyaziyyat gecəsi keçirilirdi. Burada mənə Nəsrəddin Tusi rolu verildi, bu rolun da öhdəsindən müvəffəqiyyətlə gəldim. Daha sonra "Azərbaycan dilini sevək və sevdirək” adlı tədbir keçirildi. Burada Ü.Hacıbəyovun "Arşın mal alan” komediyası səhnələşdirildi. Bu komediyada mənə Əsgər rolu verildi. Rolumu böyük həvəslə oynadım və tamaşaçılar tərəfindən də bəyənildi.


- Ailənizdə sizdən başqa incəsənətlə məşğul olan varmı?
- Bəli. Atam və əmilərimdən incəsənət sahəsində çalışanlar olub. Belə ki, atam 30 il teatrda çalışıb, müəyyən səbəblərdən bu sənətdən ayrılıb, hazırda başqa sahədə işləyir. Əmilərim əməkdar artist Fərhad İsrafilov və professor, elmlər doktoru İsrafil İsrafilovdur. Onlar da teatrı və aktyor sənətini gözəl qiymətləndirirlər. Deməyim odur ki, ola bilsin, bu sevgi mənə gendən gəlir.

- Siz onları özünüzə örnək götürürsünüzmü?
- Xeyr. Mənim bu sənətə böyük həvəsim var. Onlar bu sahədə çalışıblar deyə bu sənəti seçməmişəm. Mənim öz yolum və öz dəsti-xəttim var.

- Qarşınıza nəyi hədəf qoymusunuz?
- Aktyor sənətinin dərinliyini öyrənməyə çalışıram. Hiss edirəm ki, mən bu sənətin bir parçasıyam. Özümü başqa sənətdə görmürəm. Bəxtimdən də, universitetdə müəllimim respublikanın əməkdar artisti Məmməd Səfa Qasımovdur. Onun oynadığı rollar, səs tembri mənim çox xoşuma gəlir. Çalışıram ki, bu sənətin sirlərini ustadımdan öyrənim.


- Azərbaycan teatrına və kinosuna hansı yenilikləri gətirmək istəyirsiniz?
- Aktyor sənətinin dərinliklərinə yiyələndikdən sonra bu sualınıza daha ətraflı cavab verə bilərəm. Hesab edirəm ki, bu barədə danışmaq hələ tezdir.

- Kumiriniz kimlərdir?
- Xalq artisti Fuad Poladov, mərhum sənətkarlarımızdan Yaşar Nuri, Nəsibə Zeynalova, eləcə də Rasim Balayev, Fəxrəddin Manafov.
- Valideynləriniz aktyor olmaq istədiyinizi eşidəndə, ilk olaraq necə reaksiya verdilər? Etiraz etdilərmi?
- Düzünə qalsa, valideynlərim istəmirdilər ki, mən bu sənəti seçim. Aktyor sənətini nə məşhurluğa, nə də pula görə seçmişəm. Sadəcə, bu mənim içimdə olan bir sevgi idi və mən də bu sevginin arxasınca getdim.
- Aktyor olduqdan və peşəkar səhnəyə atıldıqdan sonra necə obrazlar canlandırmaq istərdiniz?
- Həmişə baş qəhrəmanları canlandırmaq istəmişəm. Uşaq vaxtı stulun üzərinə çıxıb özümü səhnədə hiss edirdim. İlk tamaşaçılarım isə valideynlərim olub. Həmişə kiçik vaxtlarımda şeir deyərkən özümü səhnədə görürdüm, elə hiss edirdim ki, mənə çoxlu adamlar qulaq asır.

- İstərdik, bir az da "Qara oyun” tamaşasından danışaq.
- "Qara oyun”u Ə.Haqverdiyevin "Yeyərsən qaz ətini, görərsən ləzzətini” əsəri əsasında hazırladıq. Kurs rəhbərimiz Məmməd Səfa müəllim təklif etdi ki, belə bir tamaşa hazırlayaq. Düzdür, çətinliklərimiz çox oldu, ancaq çox şükür ki, bəhrəsini gördük. Bu tamaşanın bölgələrə səfərlərə aparılması gözlənilir. Mən bu tamaşada baş rolda Hacı Mehdinin qardaşı Ələsgəri oynayıram. Ələsgər qardaşı Mehdini düz yola çəkir və bildirir ki, əgər imkanın yoxdursa, o zaman ikinci arvadı neynirsən, onsuz da bazar içində biabır olmuşuq, adın hallanır, səni ələ salırlar. O, qardaşını haqq yoluna gətirir və Hacı Mehdi bütün sıxıntılarından xilas olur. Əslində Ələsgər obrazı mənim daxili dünyamdan xəbər verir.
- Tamaşada bəzi erotik səhnələr də var idi. Bu mövzunu heç qrup yoldaşlarınızla müzakirə etdinizmi?
- Uşaqlar arasında müzakirələr olub. Ancaq hesab edirəm ki, heç də pis alınmayıb. Tamaşa təbii alınsın deyə, mənə elə gəlir ki, belə epizodları oynamaq lazımdır.


- Yəqin ki, çox gərgin bir hazırlıq prosesi olub?
- Bəli. Nəinki universitetdə, hətta evdə də məşqlər edirdim. Universitetdə müəllimlərindən öyrəndiklərimi evdə məşqlərimdə tətbiq edirdim və mənə bəzi yerlərdə atam da köməklik edirdi. Universitetdəki məşqlərimə müəllimim, evdəki məşqlərimə isə atam nəzarət edirdi. Düzdür, rolumu oynayarkən məndə çox böyük həyəcan var idi. Sözləri deyərkən çox tələsirdim. Atam da sözləri tələffüz edərkən tələsdiyimi irad tuturdu mənə. Ümid edirəm ki, tamaşa zamanı müəllimimin də, atamın da etimadını doğrultmuşam.
Xəyalə Rəis



banner

Oxşar Xəbərlər