“Bu sənətin bir parçasıyam” - Debüt
"Debüt” rubrikamızın qonağı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin "Dram teatrı və kino aktyoru” fakültəsinin II kurs TKA qrupunun
tələbəsi Orxan İsrafilovdur. Orxan 1999-cu ilin iyununda Bakıda anadan olub.
Dünyaya göz açandan peşəkar səhnədə, sənətdə sözünü demiş sənətkarların
arasında yetişib. Deyir ki, uşaq yaşlarından dostları cizgi filmlərinə baxanda,
o, "Qaynana”, "Böyük dayaq”, "Arxadan zərbə”, "Alam almaya bənzər”, "Dəli Kür”
filmlərinə baxıb. Baxdığı hər filmdə onun çəkiliş prosesi marağını daha çox
çəkib.
Orxanla Universitetin səhnəsində əməkdar artist Məmməd Səfanın
tələbələrinin Ə.Haqverdiyevin "Yeyərsən qaz ətini, görərsən ləzzətini” əsəri
əsasında hazırladıqları "Qara oyun” tamaşasına baxış keçirilərkən tanış olduq.
Tamaşada Hacı Mehdinin qardaşı Ələsgər obrazını canlandıran Orxan bu obrazın
onun daxili dünyasından xəbər verdiyini bildirdi.
- Bu sənət sevdası sizdə
haradan qaynaqlanır?
- Özümü dərk edəndən aktyor sənətinə böyük sevgim var. Hələ birinci
sinifdə oxuyarkən Novruz bayramına həsr olunmuş tamaşa hazırlanırdı. Müəlliməm
mənə qış rolunu verdi və dedi ki, sən bu obrazın öhdəsindən gəlməlisən. Mən
böyük həvəs və məsuliyyətlə bu rolu oynadım. Bu obrazım tamaşaçılar tərəfindən
də böyük maraqla qarşılanmışdı. Sevinirdim, çünki təqdim etdiyim obraz sevildi
və mənim üçün bundan gözəl heç nə ola bilməzdi. Bundan sonra məktəbdə keçirilən
bütün tədbirlərə dəvət aldım. Beşinci sinifdə riyaziyyat gecəsi keçirilirdi.
Burada mənə Nəsrəddin Tusi rolu verildi, bu rolun da öhdəsindən müvəffəqiyyətlə
gəldim. Daha sonra "Azərbaycan dilini sevək
və sevdirək” adlı tədbir keçirildi. Burada Ü.Hacıbəyovun "Arşın mal alan”
komediyası səhnələşdirildi. Bu komediyada mənə Əsgər rolu verildi. Rolumu böyük
həvəslə oynadım və tamaşaçılar tərəfindən də bəyənildi.
- Ailənizdə sizdən başqa
incəsənətlə məşğul olan varmı?
- Bəli. Atam və əmilərimdən incəsənət sahəsində çalışanlar olub. Belə
ki, atam 30 il teatrda çalışıb, müəyyən səbəblərdən bu sənətdən ayrılıb, hazırda
başqa sahədə işləyir. Əmilərim əməkdar artist Fərhad İsrafilov və professor,
elmlər doktoru İsrafil İsrafilovdur. Onlar da teatrı və aktyor sənətini gözəl
qiymətləndirirlər. Deməyim odur ki, ola bilsin, bu sevgi mənə gendən gəlir.
- Siz onları özünüzə
örnək götürürsünüzmü?
- Xeyr. Mənim bu sənətə böyük həvəsim var. Onlar bu sahədə çalışıblar
deyə bu sənəti seçməmişəm. Mənim öz yolum və öz dəsti-xəttim var.
- Qarşınıza nəyi hədəf
qoymusunuz?
- Aktyor sənətinin dərinliyini öyrənməyə çalışıram. Hiss edirəm ki,
mən bu sənətin bir parçasıyam. Özümü başqa sənətdə görmürəm. Bəxtimdən də,
universitetdə müəllimim respublikanın əməkdar artisti Məmməd Səfa Qasımovdur.
Onun oynadığı rollar, səs tembri mənim çox xoşuma gəlir. Çalışıram ki, bu
sənətin sirlərini ustadımdan öyrənim.
- Azərbaycan teatrına və
kinosuna hansı yenilikləri gətirmək istəyirsiniz?
- Aktyor sənətinin dərinliklərinə yiyələndikdən sonra bu sualınıza
daha ətraflı cavab verə bilərəm. Hesab edirəm ki, bu barədə danışmaq hələ
tezdir.
- Kumiriniz kimlərdir?
- Xalq artisti Fuad Poladov, mərhum sənətkarlarımızdan Yaşar Nuri,
Nəsibə Zeynalova, eləcə də Rasim Balayev, Fəxrəddin Manafov.
- Valideynləriniz aktyor
olmaq istədiyinizi eşidəndə, ilk olaraq necə reaksiya verdilər? Etiraz
etdilərmi?
- Düzünə qalsa, valideynlərim istəmirdilər ki, mən bu sənəti seçim. Aktyor
sənətini nə məşhurluğa, nə də pula görə seçmişəm. Sadəcə, bu mənim içimdə olan
bir sevgi idi və mən də bu sevginin arxasınca getdim.
- Aktyor olduqdan və
peşəkar səhnəyə atıldıqdan sonra necə obrazlar canlandırmaq istərdiniz?
- Həmişə baş qəhrəmanları canlandırmaq istəmişəm. Uşaq vaxtı stulun
üzərinə çıxıb özümü səhnədə hiss edirdim. İlk tamaşaçılarım isə valideynlərim
olub. Həmişə kiçik vaxtlarımda şeir deyərkən özümü səhnədə görürdüm, elə hiss
edirdim ki, mənə çoxlu adamlar qulaq asır.
- İstərdik, bir az da "Qara
oyun” tamaşasından danışaq.
- "Qara oyun”u Ə.Haqverdiyevin "Yeyərsən qaz ətini,
görərsən ləzzətini” əsəri əsasında hazırladıq. Kurs rəhbərimiz Məmməd Səfa müəllim təklif
etdi ki, belə bir tamaşa hazırlayaq.
Düzdür, çətinliklərimiz çox oldu, ancaq çox şükür ki, bəhrəsini gördük.
Bu tamaşanın bölgələrə səfərlərə aparılması gözlənilir. Mən bu tamaşada baş
rolda Hacı Mehdinin qardaşı Ələsgəri oynayıram. Ələsgər qardaşı Mehdini düz
yola çəkir və bildirir ki, əgər imkanın yoxdursa, o zaman ikinci arvadı
neynirsən, onsuz da bazar içində biabır olmuşuq, adın hallanır, səni ələ
salırlar. O, qardaşını haqq yoluna gətirir və Hacı Mehdi bütün sıxıntılarından
xilas olur. Əslində Ələsgər obrazı mənim daxili dünyamdan xəbər verir.
- Tamaşada bəzi erotik
səhnələr də var idi. Bu mövzunu heç qrup yoldaşlarınızla müzakirə etdinizmi?
- Uşaqlar arasında müzakirələr olub. Ancaq hesab edirəm ki, heç də
pis alınmayıb. Tamaşa təbii alınsın deyə, mənə elə gəlir ki, belə epizodları
oynamaq lazımdır.
- Yəqin ki, çox gərgin
bir hazırlıq prosesi olub?
- Bəli. Nəinki universitetdə, hətta evdə də məşqlər edirdim.
Universitetdə müəllimlərindən öyrəndiklərimi evdə məşqlərimdə tətbiq edirdim və
mənə bəzi yerlərdə atam da köməklik edirdi. Universitetdəki məşqlərimə
müəllimim, evdəki məşqlərimə isə atam nəzarət edirdi. Düzdür, rolumu oynayarkən
məndə çox böyük həyəcan var idi. Sözləri deyərkən çox tələsirdim. Atam da sözləri tələffüz edərkən tələsdiyimi irad
tuturdu mənə. Ümid edirəm ki, tamaşa zamanı müəllimimin də, atamın da etimadını
doğrultmuşam.
Xəyalə Rəis