• çərşənbə axşamı, 19 mart, 08:36
  • Baku Bakı 8°C

Bu səhnədən bir Faiq Qasımov gəlib getdi

30.01.17 11:05 6498
Bu səhnədən bir Faiq Qasımov gəlib getdi
Dondan dona girərik,
Sevilərik sevərik
Milyon həyata gəlib,
Milyon dəfə ölərik.

Kimlər gəldi, kimlər getdi...


Kaş hər şey aktyorlara həsr olunmuş "Mən aktyoram” mahnısında deyildiyi kimi olaydı... Öləndən sonra yenidən dirilə biləydik. Ancaq həyat o qədər də gülərüzlü deyil. Atalarımız "bir gün gələn, bir gün də gedər deyiblər”. Yanvarın 23-də Azərbaycan mədəniyyətinə ağır itki üz verdi. Gəncə Dövlət Dram teatrının aktyoru, Respublikanın əməkdar artisti Faiq Məsim oğlu Qasımov ömrünün 68-ci ilində dünyasını dəyişdi. Onun ölümü aktyorun həmkarlarını, tamaşaçılarını, onu sevərləri çox məyus etdi. Hələ yaradacağı obrazlarının qabaqda olduğunu düşünürdük. Ancaq ömür buna imkan vermədi. Azərbaycan, xüsusən də Gəncə Teatrı səhnəsinin gülərüzlü, sözün əsl mənasında peşəkar aktyoru olan Faiq Qasımovu itirdi.
Hər dəfə ona zəng edib, mövzularımla bağlı münasibət öyrənirdim. Mehribanlıqla, deyib-gülərək suallara elə cavab verirdi ki, bir anlıq müsahib-jurnalist olduğumuzu unudub gündəlik problemlərimizə qədər danışırdıq. Sözüm vardı ona, bu yay Gəncə Teatrına gedəcəkdim. Onunla görüşüb, haqqında geniş material yazacaqdım. Ancaq yenə də zalım fələk öz işini gördü.
İstədim ki, Faiq müəllimlə bağlı bir yazı yazım, əlimə telefonu alıb onun dost-tanışından xatirələrini, aktyorun ömür-gün dostlarını danışdırım, görüm onlar mərhum sənətkarımız haqqında nələr danışacaqlar. Bir də baxdım ki, Faiq Qasımovun özünü yığıram. Dəstəyi isə heç kim qaldırmır. Bundan sonra da bu nömrənin mənə cavab verməyəcəyini düşünüb, nömrəni telefonumdan silmək istədim. Amma yenə də əlim gəlmədi. Mən yenə də hər bayramda, aktyorun ad günündə məhz bu nömrəyə təbrik mesajları yazıb, onu diqqət mərkəzində saxlamağa çalışacam. Axı sənət adamları bir az kövrək olur... Onların nazı ilə oynamaq, yeri gələndə ünvanına xoş sözlər demək, yaradıcılıqlarını işıqlandırmaq da çox zaman mətbuat nümayəndələrinin üzərinə düşür.

Səhnə fəaliyyəti
Faiq Qasımov 1948-ci ildə avqustun 25-də anadan olub. 1965-ci ildən Gəncə Dövlət Dram teatrında aktyor kimi fəaliyyətə başlayıb. Realist aktyor məktəbinin istedadlı nümayəndəsi olan Faiq Qasımov hər zaman yaradıcılığında yumorun təbiiliyi, ifadə vasitələrinin əlvanlığı ilə seçilirdi. Onun Gəncə teatrının səhnəsində bir-birindən maraqlı obrazları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanırdı. Şərif, Pirqulu ("Almaz” və "Aydın”- C.Cabbarlı), Göyüş, Xəfiyyəbaşı ("Kişilər” və "Ulduzlar görüşəndə”-A.Məmmədov), Aslan, Mirzə Qərənfil, Casus ("Nişanlı qız”, "Xoşbəxtlər” və "Küləklər”-S.Rəhman), Fındıqburun ("Diribaş adamlar”-V.Şukşin), Hacı Qara ("Hacı Qara”-M.F.Axundzadə), Heydər ("Qız atası”-Ə.Əsgərov), Çingiz ("Bəxtsiz cavan”-Ə.Haqverdiyev), Rodriqo və Kassio, Cani ("Otello” və "III Riçard”-V.Şekspir), Qara kişi ("Gəl qohum olaq”- İsi Məlikzadə), Təlxək ("Tariyel”-M.Nəsirov), Uolter ("Üç qəpiklik opera”- B.Brext), İkinci sərxoş ("Mənim günahım”-İ.Əfəndiyev), Polad ("Qoruqlar”- Ə.Kürçaylı), Rauf ("Mezozoy əhvalatı”-M.İbrahimbəyov), Paollo ("Uzaq sahillərdə”-İ.Qasımov və H.Seyidbəyli), Dito ("Araba hələ aşmayıb”-O.İoseliani), Şəkəralı ("Günəşlə oyananlar”- Q.Rəsulov), Tolya Jarikov ("Mükafat”- A.Gelman), Mirpaşa ("Komsomol poeması”- İ.Coşqun), Seyran ("Səadət sorağında”-T.Məmmədov), Lətif ("Yaxın adam”-İ. Məlikzadə), Xəlil ("Qaçaq Nəbi”-S.Rüstəm), Əli Məmməd Dilbəri ("Əli Məmməd Dilbəri”- S.Zərdablı), İvan İvanoviç ("İvan İvanoviç var idimi?”-N.Hikmət), Vartan ("Üçatılan”- İ.Əfəndiyev), Toyuq oğrusu ("72-ci kamera”-O.Kamal), İonitse ("İctimai rəy”-A.Baranqa), Eldar ("Yeddi oğlan və bir qız”- R.Ağayev), Əzrayıl ("Dəli Domrul”- A.Məmmədov), Germes ("Odu atma, Prometey!”-M.Kərim), Kürd Musa ("Vaqif”-S.Vurğun), Heydərqulu ("Həyat”-M.İbrahimov), Pavel Yesenski ("Zəngli saat”-O.Zaqradnik) obrazları Faiq Qasımovun yaradıcılığının əsasını təşkil edirdi.
Faiq Qasımov Gəncə Dövlət Dram teatrında özünəməxsus bir sənət məktəbi yarada bilmişdi. O, son illər rejissor kimi də fəaliyyət göstərirdi, teatrın səhnəsində bir neçə pyesə maraqlı quruluşlar vermişdi. Teatr Xadimləri İttifaqının üzvü, "Qızıl Dərviş” mükafat laureatı idi.

Xatirələr...
Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov: "Faiq müəllim o qədər səmimi insan idi ki.., mən 35 ildir bu kollektivdə işləyirəm, hələ indiyə qədər o insanla bağlı heç bir xoşagəlməz məqam görməmişəm. Teatra gedəndə məni ilk qarşılayan məhz Faiq müəllim olub. O, çox gənc yaşlarında fəxri ada layiq görülmüşdü. Təəssüflə qeyd edim ki, uzun müddət səhnədən ayrı düşdü, rejissor kimi fəaliyyətə başladı. Faiq müəllim həm rejissor, həm aktyor, həm də bir insan kimi hamının qəlbində özünə xüsusi bir yer qurub. Şəxsən mənim üçün o, ən əziz adamlardan biri idi. Faiq Qasımov kollektivin sevimlisi idi. Onun barəsində heç kimin ağzından xoşagəlməz söz çıxa bilməz. Təəssüf olsun ki, tez dünyasını dəyişdi. Onun həyatını dəyişməsi tamaşaçılarını da məyus etdi. Faiq müəllimlə böyük bir vida mərasim geçirdik. Təsəvvür edin ki, 400 nəfərlik zalda 700 nəfərdən çox insan var idi. Çox böyük kədərlə onu son mənzilə yola saldıq. Məyusluq hissi ilə qeyd edirəm ki, bizi çox tez tərk etdi. Allah ona rəhmət eləsin”.
Gəncə Dövlət Dram teatrının baş rejissoru İradə Gözəlova: "Eşidəndə ki, Faiq müəllim rəhmətə gedib, özümü çox pis hiss etdim. O, çox gözəl insan idi. 70-80-ci illərin yetişdirdiyi əsl aktyorlardan biri idi. O, bizim teatrın sütunu idi. Çox istedadlı, peşəkar insan idi. Onunla iki tamaşa işləmişəm. Mərhum sənətkarımız öz dövrünün məşhur aktyoru idi. Onun gözəl tamaşaları var. Gənc aktyorlar ona baxıb öyrənirdilər. Bir müddət teatrdan kənar düşdü, rejissorluq etməyə başladı. Tələbələrlə kiçik layihələr edirdi. Mən ona «Dəli yığıncağı»nda obraz təklif etdim. Çox gözəl bir tamaşa alındı. O dedi ki, sən məni yenidən səhnəyə qaytardım. Ona dedim ki, sizi bundan sonra yenə də səhnədə saxlayacam. Ondan sonra M.Ə.Sabirin həyatına həsr olunmuş «Sabir» tamaşasında baş rollardan birini - Mola Axundu oynadı. Tamaşaçılar o tamaşanı o qədər sevdilər ki, küçədə məni saxlayıb sual edirdilər ki, Sabir haqqında tamaşa bir daha nə vaxt göstəriləcək? O, bu obrazı ilə sanki böyük bir əsər yaratmışdı. Faiq müəllimin ifasında çox maraqlı tamaşa oldu”.
Gəncə Dövlət Dram Teatrının tanınmış aktyoru İlham Hüseynov: "İki gün hönkür-hönkür ağlamışam. Faiq müəllim sıradan bir aktyor, sıradan bir insan deyildi. Onun haqqında danışanda xatirələr məni uzaq keçmişə – 77-78-ci illərə aparır, uşaqlıq illərimə. Biz o vaxtlar həmişə Yeni il şənliyinə baxmaq üçün teatra gedərdik. O vaxtlar Yeni il və Yeni il şənliyi çox maraqlı olurdu. Yeni il tamaşalarına baxmağı sərbsizliklə gözləyirdik. Biz hər il teatra gedəndə görürdük ki, xüsusi seçilən bir aktyor var, o hamımızı güldürürdü. Onun həvəsinə həmişə gedirdik ki, o aktyor bizi güldürəcək, yenə bizi şənləndirəcək. Sonra mən böyüdüm və bildim ki, bu, böyük aktyor Faiq Qasımovdur. Zaman keçdi mən də teatra yaxınlaşıb onunla tanış oldum. Sonra biz həmkar olduq, dostlaşdıq”.
İ.Hüseynov deyir ki, mərhum sənətkar aktyor təhsili almasa da sanki anadangəlmə aktyor idi: "Fitri bir istedada malik insan idi. 24 yaşında əməkdar artist adını almışdı. Azərbaycanda ən tez fəxri ad alan aktyorlardan idi. Təəssüf ki, indiyə qədər ona xalq artisti adı verilmədi. Onda özünü gözə soxmaq, mübarizə aparmaq xarakteri yox idi. Çox həssas və küsəyən insan idi. Dediyin söz onun qəlbinə tez dəyərdi. Onun əsas yaradıcılığı sovet dövrünə təsadüf edib. 90-cı illərə qədər o, Gəncə Teatrının bütün yükünü çəkən əsas sütunlarından biri olub. Bir müddət teatrdan soyudu. Bir qədər aktyorluqdan uzaqlaşdı. Amma hər zaman teatrda oldu. Teatrı dəlicəsinə sevirdi. Onu yenidən teatra qaytarmaq çətin oldu. O, çəkinirdi ki, yenidən aktyor kimi səhnəyə çıxa bilərmi? Faiq müəllim rejissor kimi bir neçə tamaşaya quruluş verdi.
İradə Gözəlova Gəncə Teatrına baş rejissor təyin olunandan sonra onda səhnəyə çıxmağa həvəs yarandı. O, iki böyük tamaşasında müvəffəqiyyətlə oynadı. Onda sanki ikinci nəfəs açıldı. Lakin acı tale insafsızcasına onu bizim aramızdan aldı. O, heç bir filmə çəkilməmişdi, paytaxtda tanınmırdı. Bu, əyalət problemi ilə bağlıdır. Amma onu tanımalı idilər. Onun yaş meyarı yox idi. Uşaqlarla da onların ən yaxın adamı kimi sərbəst danışırdı. Hansısa çevrəyə düşəndə həmin çevrənin gözü olurdu. Çox şən bir insan idi”.
Dəyərli aktyorumuza Allahdan rəhmət diləyirik! Məkanın cənnət olsun, sənətkar!

Xəyalə Rəis
banner

Oxşar Xəbərlər