• cümə, 29 Mart, 14:43
  • Baku Bakı 14°C

“Bu seçki Azərbaycanda demokratiyanın təntənəsini ortaya qoydu”

15.10.13 10:31 1970
“Bu seçki Azərbaycanda demokratiyanın təntənəsini ortaya qoydu”
Azərbaycanda növbəti prezident seçkiləri çox uğurla keçdi. Demokratik, şəffaf şəkildə keçirilən seçkilərdə hakim partiyanın sədri İlham Əliyev seçicilərin böyük əksəriyyətinin səsini qazanaraq növbəti dəfə prezident seçildi. Özlərini demokratik qüvvələr adlandıranların Milli Şurası və onun namizədi Cəmil Həsənli isə xalqdan səs ala bilmədi. Amma məğlubiyyətlə barışmayan radikal müxalifət təmsilçiləri əvvəl aksiyaya, ardınca təxribata əl atdılar. Milli Şuranın namizədi isə tələm-tələsik Avropaya səfərə yollandı. Bu məsələlərlə bağlı “Kaspi”nin suallarını politoloq Cümşüd Nuriyev cavablandırır.
- Cümşüd müəllim, Azərbaycanda növbəti prezident seçkisi keçirildi, xalq növbəti beşillik üçün yeni dövlət başçısını seçdi. İctimai-siyasi hadisələri aktiv izləyən bir politoloq kimi Sizin bununla bağlı fikirlərinizi bilmək istərdik.
- Azərbaycanda prezident üsul-idarəsi tətbiq olunandan indiyə qədər bu, sayca yeddinci prezident seçkisidir. Bu dəfəki seçki əvvəlkilərdən həm demokratik cəhətdən, həm də şəffaflıq baxımından nəinki bir addım, on addım irəlidədir. Məsələ ondadır ki, bu seçkidə artıq məntəqələrin 20 faizini veb-kameralarla müşahidə edirdik. İkincisi, burada yeni siyasi texnologiya tətbiq olundu və İlham Əliyev vəkillik sistemindən imtina etdi və bildirdi ki, mənim vəkilim xalqımdır. Bütün xalq ona vəkillik etdi. Üçüncüsü, burada ilk dəfə idi ki, namizədlərin sayı çox idi, hamısı da partiyaların nümayəndələri idi. Yeganə olaraq Zahid Oruc namizədliyini verəndən sonra partiyadan çıxdı. Yəni namizədlərin səkkizi digər partiyalardan idi. Burada həm rəqabət güclü idi, eyni zamanda da seçkilərin demokratik keçirilməsi üçün hər cür şərait yaradılmışdı. İlham Əliyevin günahı deyil ki, xalq o biri namizədləri tanıdığına görə ona daha çox səs verib. Bu nəticə onun on il ərzində gördüyü işlərin nəticəsi idi. Qaldı ki, yanaşmalara, mən o mövqeləri qəbul etmirəm. Almaniya üçüncü dəfə Angela Merkeli kansler seçdi. Orada antidemokratik seçkidən söhbət getmir. Şarm De Qol, Helmut Kol bir neçə dəfə seçilib. Amerikanın özündə Ruzvelt vaxtilə 3 dəfə prezident seçildi. Bəlkə də ölməsəydi dördüncü dəfə də seçiləcəkdi. Yəni, kimin neçə dəfə seçilməyi ilə bağlı deyilən fikirlər əsassızdır. Çünki Azərbaycan Konstitusiyasında bununla bağlı qadağa yoxdur. Bütün hallarda bu seçki Azərbaycanda demokratiyanın təntənəsini ortaya qoydu. Həm də bu seçki İlham Əliyevin yürütdüyü ağıllı siyasətin uğurlu nəticəsi sayılır. Fikrimcə, belə də olmalı idi, ayrı cür gözləmək mümkün deyildi.
- Budəfəki prezident seçkisində çoxsaylı yerli və xarici müşahidəçilər səsvermə prosesini yaxından izlədilər. Seçkidən bir gün sonra onların açıqladığı fikirlərə münasibətiniz necədir?
- Qərbdə Azərbaycanla bağlı bir sindrom var idi. Çünki Azərbaycan müxalifəti ölkəmizi onlara tamamilə başqa formada təqdim etmişdilər, burada diktaturanın olduğuna inandırmağa çalışmışdılar. Xarici müşahidəçilərin çoxu bəlkə də müxalifətin ötürdüyü məlumatları yalanlamaq üçün gəlmişdilər. Amma əslində onların gəlməyi çox gözəl oldu. Bunlar gəldilər və reallığı gördülər. Əsas aparıcı qurumlar seçkilərə müsbət rəy verdilər. Yeganə, təxribatla məşğul olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu oldu. Bu, qeyri-hökumət təşkilatı kimi bir şeydir. Bilirsiniz, bu gün bütün dünyada sanki bir siyasi mücadilə gedir. Bu siyasi mücadilə Azərbaycandan da öz maraqlarına lazım olan bir şeyləri qoparmaq istəyir. Gələn müşahidəçilərin sayının çox olması həm o məqamla bağlıdır, həm də onlar bir növ Azərbaycandakı reallıqları dünyaya təqdim etmək üçün gəlmişdilər. İlham Əliyevin yeritdiyi xarici siyasət kifayət qədər açıq, demokratik, Qərb yönümlü, moderndir. Belə halda onlar üçün də maraqlı idi ki, həqiqətənmi bu xalq İlham Əliyevi sevir, yoxsa məcburi qaydada bunların dili ilə desək, qanunsuz seçkilər keçir? Amma gəlib gördülər ki, xalq İlham Əliyevi dəstəkləyir.
- Amma radikal müxalifət iddia edir ki, Qərb dövlətləri bu seçkiləri qəbul etmir...
- Azərbaycan müxalifəti və Azərbaycan mediasının diqqətindən bir məqam yayınır. Hələ Azərbaycanda Qurban bayramı yoxdur, amma Barak Obama seçkidən bir gün sonra İlham Əliyevə prezident kimi müraciət edib və bayram münasibəti ilə onu təbrik edib. Bu, Amerikanın diplomatik mövqeyidir. Bu niyə medianın diqqətindən qaçıb, başa düşə bilmirəm? Bu o deməkdir ki, Amerika birmənalı şəkildə, dövlət səviyyəsində bu seçkiləri tanıyır. Çünki bundan öncə də avqust ayında Barak Obamanın müraciəti var idi. O müraciətdə əminliklə vurğulanırdı ki, bu ilin axırına qədər Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli üçün danışıqlar yenidən başlayacaq. Yəni, seçki keçirilməmişdən öncə də ABŞ mövqeyini ortaya qoymuşdu. ABŞ dünyada ən güclü dövlətdir, kəşfiyyatları da çox güclüdür. Amerikada dəqiq məlumatlar olmasaydı, Obama Azərbaycan prezidentinə o müraciəti etməzdi. Bununla onlar İlham Əliyevin prezident seçiləcəyini əvvəlcədən bəyan etmişdilər. Lakin indi ortada hansısa siyasi maraqlar var. Daha doğrusu, Rusiya və İran prezidentlərinin təbriklərindən sonra bu məsələlər gündəmə gəldi. ATƏT-in məsələni bu şəkildə ortaya qoymasının özündə də bir təzad var. Çünki ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay Prezident İlham Əliyevi təbrik etdi. Belə olan halda, bu qurumun hansısa demokratik təsisatlar bürosunun rəyi o demək deyil ki, seçkilər düzgün keçirilməyib. Onlar iddia edirlər ki, guya müşahidə apardıqları seçki məntəqələrinin 58 faizində qanun pozuntuları olub. Əsl reallıqda Azərbaycanın cəmi 9 seçki dairəsindəki bəzi məntəqələrdə narazılıq var idi. Hətta onları da hesabladım, o faizləri çıxdım. Yenə də İlham Əliyevin 82 faizi var idi. Yəni, söylənilən iradlar bütün hallarda bu seçkinin nəticəsinə təsir edə bilməyən nöqsanlar idi. Yalandan ağ kağızları qatlayıb atırlar qutuya, guya ki, bülletendir. Kim idi onlara bu qədər bülleteni verən? Bunlar hamısı təxribat idi. Mən təəssüf edirəm ki, Azərbaycanın dövlət maraqlarını özlərinin maliyyə maraqlarına satan belə yarıtmaz müxalifətimiz var.
- ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidə missiyası seçkidən əvvəl və seçki günü prosesləri yaxından izləyirdi. Siz də qeyd etdiyiniz kimi, seçkidən sonra DTİHB, ardınca isə ABŞ. Seçki başa çatdı və ilkin nəticələrdən aydın oldu ki, hazırkı dövlət başçısı İlham Əliyev 85 faizə yaxın səs toplayaraq, digər namizədlərə qalib gəlib. Lakin Milli Şuranın namizədi reallıqla barışmayaraq seçkinin nəticələrini tanımaması barədə bəyanat verdi. Sizcə, belə yanaşma nə dərəcədə düzgündür?
- Onlar öncədən buna hazırlaşmışdılar. Elə Rəsul Quliyev dəfələrlə bunları “multfilm” adlandırmışdı. Sonda da Cəmil Həsənlinin uduzduğunu rəsmən etiraf edən yeganə Milli Şuranın üzvü idi. Milli Şuranın proqramında Azərbaycanı qarışdırmaq var idi. Ona görə də Cəmil Həsənli narıncı inqilabdan danışdı. “Freedom House”un keçmiş Sovet İttifaqının ərazisində bir Qırğızıstanda, bir də Ukraynada ofisləri var. Bizdə belə bir məsəl var: İlanın zəhər verəni kərtənkələdir. İndi bunlar da siyasi kərtənkələdir. Məqsəd də bundan ibarətdir ki, onlara xidmət etsinlər. Bu adamlara söz vermişdilər ki, Azərbaycanı qarışdıra bilsəniz biz sizə nə lazımdı edəcəyik. Yəni 20 milyon dolları xərcləməklə onlar Azərbaycandan qat-qat çox pul götürmək istəyirdilər. Əslində, siyasi analizlər edən adam kimi bu, məni o qədər də narahat etmir. Yəni, bu gözlənilən bir şey idi. Bizim müxalifətin, Milli Şuranın səviyyəsi də ona uyğun idi. İş ondadır ki, Cəmil Həsənlini özünə prezident seçmək istəyən müxalifət, bundan artıq Azərbaycan xalqını təhqir edə bilməzdi. Əgər bu adamlar Cəmil Həsənlinin timsalında Azərbaycanın səlahiyyətli nümayəndəsini görürlərsə, vay bu millətin halına.
- Milli Şuranın 12 oktyabr mitinqində müxalifət liderləri ənənəvi çıxışlar edib hakim partiya, mövcud iqtidar ünvanına ittihamlar səsləndirdilər. Mitinq sonrası isə əvvəlcədən öyrədilmiş bir qrup gənc təxribata yönəlik hərəkətlər etdi. Müxalifətin gənclərdən bu şəkildə istifadə etməsi, onları qarşıdurmaya cəlb etməsi nə ilə əlaqədardır?
- Bu tendensiya hər zaman olub. Aparıcı dövlətlərin əsas tendensiyalarından biri budur ki, gəncliyi ələ alsınlar və ondan yararlansınlar. Azərbaycanda da bir qrupun marağı var ki, bu mitinqlərdə polislə qarşıdurmaya getsin, polis onları döysün, daha doğrusu, bunları düzgün yola dəvət edəndə qarşıdurmaya getsinlər. Daha sonra bunlar onların hamısını çəkirlər, xaricdən sığınacaq almaq istəyirlər. Bu, onların köhnə taktikasıdır. İndi də bu taktikadan yararlanmağa çalışırlar. Bunlar gənclərdən, gənclər isə onlardan yararlanmağa çalışır.
- Cəmil Həsənli prezident seçkisindən dərhal sonra Avropa ölkələrinə səfərə gedib. Bu səfəri təsadüfi saymaq olarmı?
- Cəmil Həsənlinin seçkidən sonra xaricə səfər etməsində siyasi çalarlar var. Bu adam İngiltərənin, daha doğrusu, qudasının planını həyata keçirə bilmədi. Ona görə də İngiltərənin xarici işlər nazirinin müavini də narazılığını bildirərək, seçki ilə bağlı ATƏT-in mövqeyini dəstəklədiyini bəyan etdi. Lakin bunu bütövlükdə İngiltərə dövlətinin mövqeyi saymaq olmaz. Digər tərəfdən, İngiltərə belə dövlətdir ki, harada onun maraqları varsa, bu dövlət o maraqları həyata keçirməyə çalışır. Təəssüf doğuran əsas məqam budur ki, Azərbaycan Cümhuriyyətinin tarixini araşdıran, özünü tarixçi hesab edən Cəmil Həsənli XX əsrin əvvəllərində Azərbaycan dövlətinin çökməsinin əsas günahkarlarından birinin məhz İngiltərə olduğunu bilmir.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər