• cümə, 29 Mart, 10:09
  • Baku Bakı 5°C

Bu saziş ancaq Azərbaycana lazım deyil - Fotolar

15.05.19 21:07 774
Bu saziş ancaq Azərbaycana lazım deyil - Fotolar
Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlərin hüquqi əsasını Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS) qoyub. 22 aprel 1996-cı ildə Lüksemburq şəhərində imzalanmış bu sənəd onu imzalamış bütün dövlətlər tərəfindən ratifikasiya edildikdən sonra 1 iyul 1999-cu il tarixində qüvvəyə minib. TƏS əməkdaşlığı möhkəmləndirmək üçün müvafiq mexanizmlər təmin etməklə, Azərbaycan ilə Aİ arasında münasibətlərə yeni təkan verib. Bu saziş siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı əməkdaşlığı əhatə edib. Sonrakı illərdə ölkəmizin Avropa Qonşuluq Siyasətinə (AQS) daxil edilməsi ikitərəfli əməkdaşlıqda irəliyə doğru mühüm addım olub. Bu gün Azərbaycan Aİ ilə nəqliyyat və enerji, insan hüquqları və demokratikləşdirmə sahəsində geniş əməkdaşlıq edir. Bununla yanaşı, ölkəmiz Aİ-nin Şərq Tərəfdaşlığı təşəbbüsündə iştirak edir.

Cari ilin fevral ayında Azərbaycan diplomatiyasının gündəmi Aİ ilə münasibətlər baxımından daha zəngin olub. Həm Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının V iclasının Dövlət Başçısının iştirakı ilə Bakıda keçirilməsi, Avropa Komissiyasının Büdcə məsələləri və İnsan resursları üzrə Komissarı Günter Ottinger, Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə Baş Direktorluğunun rəhbəri Henrik Hololey, Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudak kimi rəsmilərin Azərbaycana səfər etməsi və dövlət başçısı səviyyəsində qəbul edilməsi, həm də yeni saziş layihəsinin müzakirəsinin növbəti raundunun Bakıda baş tutması buna əyani sübutdur.
Fevral ayı ərzində strateji tərəfdaşlıq üzrə sazişə dair danışıqları davam etdirmək üçün Aİ-nin nümayəndə heyəti də Azərbaycanda olub. Saziş layihəsi üzrə intensiv danışıqlar aparılıb. Beləliklə bir daha aydın olub ki, Aİ Azərbaycanın strateji əhəmiyyətini anlayır, onunla əməkdaşlıqdan məmnundur və bu əməkdaşlığın davam etməsini arzulayır. Bütün bunlar isə Azərbaycan prezidentinin həyata keçirdiyi güclü, qətiyyətli milli maraqlar üzərində qurulmuş xarici siyasətinin nəticəsində mümkün olub.

Bu siyasətin davamı olaraq, Prezidenti İlham Əliyev mayın 13-də Belçika Krallığına işgüzar səfərə gəlib. Ölkəmizin başçısı Belçikalıların Kralı Əlahəzrət Filip ilə görüşüb, Azərbaycan-Belçika ikitərəfli münasibətləri, regiondakı vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib, ölkələrimiz arasında iqtisadi əməkdaşlıq məsələlərinə toxunulub, Azərbaycan-Aİ əlaqələrinin uğurla inkişaf etdiyi qeyd olunub. Elə həmin gün dövlət başçısı İlham Əliyev Brüsseldə Aİ Şurasının prezidenti Donald Tusk ilə də görüşüb.
Görüşdə Azərbaycan ilə Aİ arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunaraq, ötən il Azərbaycan və Aİ arasında imzalanmış "Tərəfdaşlıq prioritetləri” sənədinin əhəmiyyəti vurğulanıb, həmçinin tərəflər arasında üzərində danışıqlar aparılan tərəfdaşlıq sazişi ilə bağlı fikir mübadiləsi aparılıb, Azərbaycanın istər Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində və istərsə də ikitərəfli formatda Aİ ilə yaxından əməkdaşlığı xüsusi qeyd olunub.

Bununla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyev mayın 13-də Aİ Şurasının prezidenti D.Tuskun adından Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının şərəfinə verilən şam yeməyində iştirak edib. Prezident İlham Əliyev Azərbaycanın Şərq Tərəfdaşlığı Proqramında iştirak edən fəal ölkələrdən biri olduğunu diqqətə çatdırıb. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan Aİ üzv ölkələrlə də sıx əlaqələrə malikdir. Belə ki, Azərbaycanın Avropa İttifaqının üzvü olan doqquz ölkə ilə əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır. Dövlətimizin başçısı, həmçinin bildirib ki, Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır və təşkilatın üzv dövlətləri ölkəmizdə aparıcı sərmayəçi qismində çıxış edirlər.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söhbət açan Prezident İlham Əliyev xatırladıb ki, ötən il Brüsseldə Azərbaycan və Aİ arasında paraflanmış "Tərəfdaşlıq prioritetləri” sənədində ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə bir daha dəstək ifadə olunub. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyini vurğulayan dövlətimizin başçısı bildirib ki, ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdırılan enerji layihələrində hasilatçı, tranzit və istehlakçı ölkələrin maraqları onların əməkdaşlığı çərçivəsində birgə şəkildə qorunur. Dövlətimizin başçısı Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizinin reallaşdırılmasında mühüm rol oynadığını qeyd edərək, ölkəmizin Aİ ilə nəqliyyat sahəsində də uğurla əməkdaşlıq etdiyini bildirib.

Sadalananlardan da göründüyü kimi, qarşılıqlı maraqlara söykənən Azərbaycan-Aİ əlaqələri davamlı olaraq inkişaf etməkdədir. Bu əlaqələri daha yüksək səviyyəyə qaldırmaq və yeni ikitərəfli saziş vasitəsilə əlaqələrin tam potensialını inkişaf etdirmək üçün hazırda müvafiq addımlar atılmaqdadır. Lakin əfsuslar olsun ki, bəzi maraqlı dairələr, xüsusən də radikal müxalifət təmsilçiləri, eləcə də xaricdəki bəzi antimilli ünsürlər Azərbaycan-Aİ əlaqələri, həmçinin yaxın gələcəkdə imzalanması gözləmnilən yeni ikitərəfli sazişlə əlaqədar qeyri-obyektiv məlumatlar yayır, absurd mülahizələr irəli sürürlər.

Milli Məclisin deputatı, politoloq Aydın Mirzəzadə mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, bəzi maraqlı dairələr, o cümlədən müxalifət Azərbaycanda hakimiyyət və onun apardığı siyasət barəsində cəmiyyətdə yanlış rəy formalaşdırmağa çalışırlar. Millət vəkilinin sözlərinə görə, onlar Azərbaycanla Aİ arasında imzalanması gözlənilən Strateji Tərəfdaşlıq Haqqında saziş barəsində yalnız yalan məlumatlar yayırlar: "İlk növbədə qeyd edilməlidir ki, Brüsseldə keçirilən sammitdə Avropa İttifaqı ilə Azərbaycan arasında sazişin imzalanması əvvəlcədən nəzərdə tutulmayıb. Kimlərinsə Azərbaycanın guya orada sazişə imza atmaması barədə ortaya atdığı fikirlər heç bir həqiqətə əsaslanmır. Bu məsələ səfər proqramına əvvəldən daxil edilmədiyi üçün onun barəsində danışmağa da dəyməz. Digər tərəfdən, bu saziş – sənəd üzərində iş gedir. Sənəddə əks olunan məsələlərlə bağlı tərəflər ortaq məxrəcə gəlmək üçün səy göstərirlər. Bu baxımdan da kiminsə hansısa fikir söyləməsi yalnız o şəxsin subyektiv düşüncəsi kimi qəbul edilə bilər. Qeyd olunan sənəd həm Azərbaycanın, həm də Avropa İttifaqının maraqlarına, eləcə də beynəlxalq hüquq normalarına uyğun olaraq tərtib edilməlidir. Ona görə də hal-hazırda bu sənəd üzərində iş gedir. Zamanı gələndə hər iki tərəfin razılaşdırdığı sazişin özü və imzalanacağı tarix cəmiyyətə təqdim olunacaq. Ən nəhayət, burada daha bir vacib məqamı da diqqətə çatdırmaq istərdim. Kimsə hesab etməsin ki, bu saziş ancaq Azərbaycana lazımdır. Həmin sənəd Azərbaycana nə qədər lazımdırsa, Avropaya da bir o qədər lazımdır. Şərq Tərəfdaşlığı Proqramında iştirak edən ölkələr arasında Azərbaycan yeganə ölkədir ki, konkret olaraq Avropadan ona heç nə lazım deyil. Azərbaycan öz potensialına, səylərinə arxalanaraq problemlərini həll etmək iqtidarındadır. Azərbaycanda daha demokratik, daha sivil dövlət quruculuğu istiqamətində də addımlar atılır, islahatçılıq gündəlik atmosferə çevrilir, insanların sosial-rifah halının daim yaxşılaşdırılması üçün işlər görülür. Müstəqilliyimizin qorunması bizim üçün vacib məsələdir. Ərazi bütövlüyümüzün təmin olunması Azərbaycan dövlətinin strateji xəttidir. Ona görə də Azərbaycanı Avropa İttifaqı ilə imzalanacaq sazişdən asılı bir dövlət kimi təsəvvür etmək öz ölkəsinə hörmətsizlik etməkdən başqa bir şey deyil. Bir qədər əvvəl qeyd etdiyim kimi, hələlik saziş üzərində iş gedir. Bu saziş imzalanan zaman orada Azərbaycanın ərazi bütövlüyü, hər iki tərəfin əməkdaşlıq əlaqələrinə və maraqlarına cavab verəcək şərtlər mütləq şəkildə öz əksini tapacaq, təsdiq olunacaq”.

Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa da qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan-Aİ əlaqələri, imzalanması gözləmnilən yeni ikitərəfli sazişlə əlaqədar qeyri-obyektiv məlumatların yayılması qərəzli münasibət göstəricisidir. Onun sözlərinə görə, bu məsələdə Azərbaycanın mövqeyi tamamilə haqlıdır və bu mövqenin qorunması üçün sona qədər çalışmalıyıq: "Heç bir halda düşmənlərimiz gözləməyəcək ki, hansısa məsələ bizim xeyrimizə həllini tapsın. Düşmənin məqsədi budur ki, Azərbaycanla bağlı bütün məsələlərdə, o cümlədən qeyd olunan hal barədə əleyhimizə rəy formalaşdırsın. Ona görə də bu kimi məsələlərdə milli-dövlətçilik maraqlarımızdan çıxış etməyi sona qədər bacarmalıyıq. Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə dəstək qarşılıqlı münasibətlərdə əsas tələblərdən biridir. Bu mənada Azərbaycan rəsmilərinin, Prezident İlham Əliyevin atdığı addımlara dəstək nümayiş olunmalıdır. Bunun əksi Azərbaycanın milli maraqlarına ziddir. Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunmayan hər hansı sənəddə hər hansı şəkildə iştirakımız mümkün deyil”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər