• çərşənbə axşamı, 19 mart, 08:21
  • Baku Bakı 8°C

Bu roman ilk çağırış, ilk mesaj və ilk üsyan idi

13.05.19 13:45 2223
Bu roman ilk çağırış, ilk mesaj və ilk üsyan idi
"Sevdiyim əsər” layihəsində yazarların, elm, sənət adamlarının ən çox sevdikləri əsər haqqında söhbət açırıq. Budəfəki həmsöhbətimiz gənc yazar Cəlil Cavanşirdir. Onun sevdiyi əsər Harriyet Biçer-Stounun "Tom dayının daxması” romanıdır.

– Hanı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə Harriyet Biçer-Stounun "Tom dayının daxması” sizin sevdiyiniz əsərdir?
– Bu romanı ilk dəfə 13-14 yaşlarımda oxumuşam və mənim uşaqlığımda dərin iz buraxıb. Həyatımda yeganə romandır ki, ən azı on dəfə və eyni emosionallıqla oxumuşam. Bu əsəri çox sevməyimin əsas səbəbi uşaqlığıma, formalaşmaqda olan fikir və düşüncələrimə, insan kimi axtarışlarıma və qənaətlərimə təsir etməsidir. Bu gün mənim sosializmə, insan hüquq və bərabərliklərinə, azadlığa və humanizmə qarşı həssaslığımın kökündə bu əsər dayanır. Bir yazıçı və bir fərd olaraq yetişməyimdə bu kitabın müstəsna rolu var. Mənim yazıçı kimi anti-Amerika düşüncələrimi bu roman formalaşdırıb. Yaşıdlarım Amerikanı ovsunlu, əlçatmaz, arzular ölkəsi hesab edəndə, mən, sırf quldarlığın uzun illər hökm sürdüyü bu coğrafiyaya acıqla böyümüşəm. Yəni uşaqlıqdan Amerikanın imicinin bəzi hallarda saxtakarlıq üzərində qurulduğuna dərk etmişəm. Təbii ki, gənclik illərimdə Martin Lüter Kinq, Malkolm X kimi şəxsiyyətlərin həyatını araşdırdıqca, qənaətlərimdə yanılmadığımı daha dərindən anladım. Amerikanı "Beat nəsli”nin yaradıcılığı, xüsusilə Allen Ginzberqin şeirləri və yazıları, Berrouz, Keruak kimi yazıçıların əsərləri mənə daha dərindən tanıtdı. Hollivud filmlərinin parıltılı Amerikası məni hər zaman diksindirib. Mən Amerikanı Selincerin, Steynbekin, Bukovskinin, Fitsceraldın, Heminqueyin əsərləri vasitəsi ilə tanımağa, öyrənməyə çalışmışam. Heç zaman gedib görməsəm də, Amerika əsil mahiyyətini və iç üzünü mənə iki yazıçının sayəsində göstərib: uşaqlığımda Harriyet Biçer-Stou və son vaxtlar Kolson Uaythed.
– Əsərdə sizə xüsusi təsir edən detal, məqam hansıdır?
– Sırf dərisinin rənginə görə, insanların əşya kimi alınıb satılması, öz bədənləri, həyatları, övladları barədə söz sahibi ola bilməmələri məni dərindən sarsıtmışdı. Köləliyin ən böyük çarəsizlik, ən ümidsiz təslimçilik olduğunu bütün ruhumla hiss etmişdim. Tomun ilk dəfə satılması, oğulu ilə birlikdə alınmasını istəyən zənci Aqar xalanın yalvarışları, aldadılaraq qul tacirinə satılan, sonra körpə övladı gizlincə oğurlanan qadının üsyanı və intiharı çox ağrılı səhnələrdir.
Hər dəfə oxuyanda Yevanın ölüm səhnəsi məni ağladır. Ümumiyyətlə, bu romanı soyuqqanlılıqla oxuya bilmirəm. Yüzlərlə təsirli, romantik əsər oxumuşam. Amma bu romanda elə səhnələr var ki, dəhşətli dərəcədə sarsıdıcıdır. Yevanın atası ilə ölümqabağı söhbətləri, anası Marinin meşşanlığı çox təsirli işlənib. Biçer-Stounun qadın sentimentallığı əsərə öz təsirini göstərib.
Bütövlükdə isə Tom dayının təqvası, dinə, İsa Məsihə ürəkdən bağlılığı, qədərinə, taleyinə boyun əyməsi, təslimiyyəti çox kədərli və sarsıdıcıdır.
– Belə deyilir ki, əsər ABŞ-da vətəndaş müharibəsinin başlanmasına səbəb olub. Məhz bu əsəri oxuyan quldarlıq əleyhinə olan insanlar daha da ürəklənərək ayağa qalxıblar. Bütöv bir cəmiyyəti ayağa qaldıracaq kitabın gücünü nədə görürsünüz?
– "Tom dayının koması” romanı quldarlıq əleyhinə yazılan çoxsaylı əsərlərdən biridir. Bəziləri bu romanı hədsiz dərəcədə pafoslu hesab edə, bəziləri isə hətta ciddi sənət nümunəsi hesab etməyə bilər. Mən də romanın sənətkarlıq xüsusiyyətlərini bir o qədər də bəyənmirəm.
Mənim üçün bu romanın əsas məziyyəti quldarlıq əleyhinə yazılan əsərlər içərisində ilklərdən biri olması və ağdərili amerikalı qadın tərəfindən yazılmasıdır. Uill Kaufman "Amerika mədəniyyətində vətəndaş müharibəsi” adlı kitabında roman haqqında qeyd edir ki, "Tom dayının daxması” romanı vətəndaş müharibəsinin təməllərinin atılmasına ciddi təsir edib.
Rəvayətə görə, Amerikada vətəndaş müharibəsi illərində Biçer-Stou ilə görüşən A. Linkoln "Bu böyük müharibəni başladan, bu balaca xanımdır” deyib. Linkolnla Stounun görüşünün uydurma olduğunu düşünənlər də var, amma bu bir həqiqətdir ki, XIX əsrin "Bibliya”dan sonra ən çox satılan kitabı olaraq bilinən roman, nəinki Amerikada, bütün dünyada quldarlıq əleyhinə hərəkatın vüsət almasına səbəb oldu. XIX əsr televiziya və radionun, internetin olmadığı, medianın rolunun xüsusi olaraq nəzərə çarpmadığı bir dövrdür. Bu dövrdə insanların fikir və düşüncələrinə ədəbiyyat, xüsusilə romanlar ciddi təsir edirdi. "Tom dayının daxması” elə bir həssaslıqla və romantika ilə qələmə alınıb ki, insanların, xüsusilə əzilən, təzyiq görən insanların düşüncəsini silkələmək gücündədir. Yazıçı insan qəlbinin dərinliyindəki "sarı sim”ə toxunmağı ustalıqla bacarıb. Nəzərə alsaq ki, yazıçının yaşadığı dövrün Amerikası müxtəlif ölkələrdən köçüb gəlmiş, xoşbəxtlik və azadlıq axtarışında olan romantik və macərapərəst insanların formalaşdırdığı bir cəmiyyətdir, romanın təsirini anlamaq çətin deyil. Eyni zamanda vacib bir məqamı nəzərə almaq lazımdır. Stou bir vaiz ailəsində doğulmuşdu və xristianlığa hədsiz bağlı idi. "Tom dayının koması” romanı mənə səmimi bir vaizin söhbəti qədər təsirli görünür. Bu baxımdan "Tom dayının koması” həm də dini-didaktik mətndir.
– Romanı həm də xristianlığın təbliği kimi də dəyərləndirirlər, bunu necə şərh edərdiniz?
– Harriyet Biçer-Stounun atası tanınmış vaiz olsa da, övladlarını dini kitablardan uzaq saxlamağa çalışıb. Amma taleyi gənc Harriyeti ilahiyyat seminariyasının müəllimi Kelvin Stou ilə qarşılaşdırıb və 1836-cı ildə onlar ailə qurublar. Yəni Harriyet Biçer-Stou dini mühitdə yetişib və yaşayıb. Eyni zamanda yazıçı, Hartford Qadın Seminariyasında müəllimlik edib, dini mətnlərlə də bu ərəfədə çox yaxından tanış olub. Əsərin lap əvvəlində, Tomun ağası mister Şelbi öz qulunun məziyyətlərindən bəhs edərkən onun kilsəyə qəbul edildiyini, inanclı və səmimi bir xristian olduğunu qeyd edir. Romanın ümumi ruhunda quldarlığa qarşı xristian sevgi anlayışı qoyulur və Tom dayı öldürülsə də, bu sevgi qalib gəlir. Bu ruhani sevginin təməlləri məhz yazıçının aldığı tərbiyə və böyüdüyü, yaşadığı dindar mühitlə bağlıdır. Eyni zamanda romanın yazıldığı dövrə nəzər salsaq görərik ki, insanların mənəviyyatına təsir etmək üçün dini mətinlər müstəsna əhəmiyyətə malikdir. Bəzi tənqidçilərin bu məqama xüsusi diqqət çəkməsini məhz romanın ruhani ovqatı ilə əlaqələndirirəm. Din və dini həssasiyyət romanın təsir gücünü artırmaq, oxucunu təsirləndirmək üçün nəzərdə tutulan ədəbi priyomdur və məncə, yazıçı bundan çox uğurla istifadə edib. "Tom dayının daxması” romanını sadəcə xristianlığın təbliği kimi dəyərləndirmək onun sosial-siyasi çəkisinə kölgə salır. Xristianlıq əsərin əsas ideyasını təşkil etsə də, yazıçının əsas missiyası sosial ədalətsizliyin, siyasi bərabərsizliyin ifşasıdır.
– "Nə olursa-olsun inancından dönmə, Tanrıdan ümidini üzmə” düşüncəsi, əslində, bütün dinlərin şüarı hesab oluna bilər. Sadəcə əsərin müəyyən qatı missionerlərin işinə yaradığı qənaətinə gəlmək olarmı?
– Əsərin missionerlərin işinə yaraması düşüncəsini və qənaətini yanlış hesab edirəm. Təbii ki, əsərin dini qatı ciddi mesajlar verir və xristianlığın bir din kimi müqəddəsliyini kifayət qədər qabardır, hətta romanı oxuduqca İsanın həqiqətən xilaskar kimi göylərdən enəcəyinə, bu ədalətsizliklərə son qoyacağına inanmaq istəyirsən. Amma romanın missoenerlərin işinə yaraması fikrinin dövriyyəyə buraxılması eyni dövrdə yaşamış, quldarlığı dəstəkləyən və Biçer-Stounu tənqid etməyi özünə borc bilən yazıçıların və ədəbiyyatşünasların işidir. Roman geniş rezonans doğurmuşdu. Bu Amerikanın cənubunda yaşayan və quldarlığın ləğv edilməsinin əleyhinə olan plantasiya sahiblərini çox qıcıqlandırırdı. Eyni zamanda onların ətrafında olan, quldarlığı dəstəkləyən yazıçı və ziyalılar da yazıçının əleyhinə formalaşan təbliğatda iştirak edirdilər. Əsərin missioner bir əsər kimi təqdim edilməsi, onun əsas mahiyyətini kiçiltmək, oxucunun diqqətini əsas tənqid hədəfindən yayındırmaq üçün göstərilən cəhdlərdən biridir. XIX əsrdə Bibliyadan sonra ən çox satılan kitab "Tom dayının koması” romanı idi və xristian dünyasında, xüsusən qaradərili xristianlar arasında bu kitab Bibliya qədər populyar idi. Romanın yazıldığı və nəşr edildiyi 1852-ci ildən, quldarlığın ləğv edildiyi 1865-ci ilə qədər birbaşa bu romanın əleyhinə iyirmidən artıq roman yazılıb. "Tom dayının koması” romanını missioner ədəbiyyatı adlandırmaq da, məhz "anti-Tom ədəbiyyatı” küyünə qoşulmuş cənublu yazıçıların tapıntısı idi. Beləliklə əsərin əsas mahiyyəti bir kənarda qalmalı, xristianlığı təbliğ edən roman kimi daha çox dini motivləri qabardılmalı idi. Mənim düşüncəmə görə bu roman insanlar arasındakı dil, din, rəng, irq ayrı-seçkiliyinə qarşı bir üsyan, bir hayqırışdır.
– Romanın qəhrəmanlarını necə xarakterizə edərdiniz?
– Tomu satışa çıxaran ağası mister Şelbi Amerikanın abolisionizmə meylli plantasiya sahiblərini təmsil edir. Şelbi quldarlığı biryolluq ləğv etməyə cəsarəti çatmayan senatorların, şimallı plantatorların və tərəddüd içində olan amerikan quldarlarının ümumiləşdirilmiş obrazıdır. O, kifayət qədər cəsarətli deyil. Xüsusilə, müflisləşməsi onu çətin vəziyyətdə qoyub. Həyat yoldaşı da quldarlığın əleyhinə olan, humanist, gözəl ürəkli xanım Şelbi də əri qədər tərəddüdlər içərisindədir. Qul taciri mister Heyli, Amerikanın əsil mahiyyətini təmsil edən, insani hislərdən məhrum tacirdir. Onun üçün pul hər şeydən önəmlidir. Elizanın kiçik oğlunu əldə etmək üçün mister Şelbi ilə etdiyi sövdələşmədə onun əsil siması oxucuya aydın olur. Quldarlıq tərəfdarı olan senatorun köməkliyi ilə qaçmağa nail olan Eliza, onun risk etməkdən çəkinməyən əri, azadlığı, inadkarlığı və mübarizliyi ilə seçilir. Eyni zamanda bu qaçış planında Amerikada yüz illərdir dolaşan bir əfsanəyə, qulları azadlığa qaçıran "yeraltı dəmiryoları” əfsanəsinə də göndərmə var. Hansı ki bunu Biçer-Stoudan 165 il sonra qaradərili Kolson Uaythed "Yeraltı dəmiryolu” romanında daha əhatəli şəkildə qələmə alıb.
Əsərin əsas qəhrəmanı yardımsevər, xeyirxah və gözəl ürəkli Tom dayı öz həyatı, yaşantıları, ə səbri, sədaqəti, etibarı, bacarıqlı və təqvalı dindar insan nümunəsidir. Onun Allaha olan inamını, İsaya olan sevgisini hətta ölüm qorxusu belə sarsıda bilmir. O, sona qədər əzmli və mətanətli, iradəlidir. O, eyni zamanda ağasına daima sədaqətli olan qul obrazıdır. Təəssüf ki, romanın nəşrindən keçən illər ərzində zəncilərlə bağlı müəyyən stereotiplər formalaşıb. Bu stereotiplərdən biri məhz Tom dayı ilə bağlıdır. İşinə bağlı, çətin şərtlər altında işləyə bilən, ağdərili ağalarına hədsiz dərəcədə sadiq Tom dayı stereotipi şəxsən məni narahat edir. Romandakı bu məqam bəlkə 100 il bundan əvvəl, mənim dərk etdiyim şəkildə qəbul edilmirdi. Amma bu günün baxışından Tom dayı zavallı və uduzmuş görünür.
Bu romandan sonra populyarlaşan stereotiplərdən biri də, Elizanın oğlu, Sen-Klerin əmisi qızı Ofeliyaya hədiyyə etdiyi kiçik və inadkar qızcığaz Topsi və əsərdəki digər zənci uşaqlara əsasən formalaşan şirin, sevimli zənci uşaqlarla bağlı "zəncicik” – pickaninny stereotipidir.
Əsərdə ən təsirli obraz Tom dayıya böyük xeyirxahlıq edən faciəvi Yeva obrazıdır. Onun faciəsi Tomun ümidsizliyi qədər dərindir.
Eyni zamanda Sen-Kler, Ofeliya, meşşan həyat tərzi ilə hər kəsi diksindirən Meri, Tom dayının sonuncu sahibi və qatili, onunla amansızlıqla mübarizə aparan və əslində məğlub olan Leqri, savadlı və bacarıqlı xanım Kassi, səbirlə əri Tomun yolunu gözləyən Xloya xala obrazları maraqlı və hərtərəfli işlənib. Əminliklə demək olar ki, Biçer-Stounun qəhrəmanları bütün Amerikanı simvolizə edir. Əsərin sonunda bütün qullarına öz plantasiyasında azadlıq verən Corc Şelbinin mütləq şəkildə 1862-ci ildə quldarlığı ləğv edən Avraam Linkolna ilham verdiyini düşünürəm.
– Xüsusilə Tom dayının simasında hətta İsa Məsihi "görənlər” də var. Onu bəzi mətnlərdə "Qaradərili İsa” deyə təqdim edirlər. Bu bir az şişirdilmiş sayılmazmı?
– Tom dayının əzabkeş, sədaqətli və dürüst obrazı hədsiz dərəcədə təsirli işlənib. Yazıçının dini mətnlərə yanaşması, xüsusilə Tomu fədakar, qədərçi, taleyinə boyun əyən təqvalı bir dindar kimi təqdim etməsi, sonuna qədər geri çəkilmədən işgəncələrə dözməsi, yorulmadan xristianlığı təbliğ etməsi, sonunda işgəncə ilə öldürülməsi onu İsa Məsihlə eyniləşdirməyə imkan verir. Bəzi məqamlarda Tom dayı İsa Məsihdən daha təsirli, daha kədərli tale yaşayır. Amma Tom İsa Məsih deyil. Onun tərəfdarları yoxdur və yaşadıqlarını təkbaşına yaşayır. Bəzi məqamlarda İsa qədər məhzun, İsa qədər kədərlidir. Ölüm anında gənc sahibkar Corca ona işgəncə verərək ölümünə səbəb olan Leqri ilə bağlı dedikləri, İsanın edam səhnəsini xatırladır: "...O mənə qarşı elə bir yamanlıq eləməyib, olsa-olsa cənnətin qapılarını açıb üzümə.” Bu səhnə ilə yazıçı sanki ümidsiz halda olan oxucusuna təskinlik verir. O oxucusunu inandırır ki, bütün dəhşətli əzabların, çəkilən işgəncələrin mükafatı cənnətdir və Tom dayı cənnətlikdir. Bəli, Tom dayı ölüm ayağında, son nəfəsində inamlı, ümidli, təqvalıdır: "Kim... kim bizim uca yaradana olan sevgimizi əlimizdən ala bilər?”
– Maraqlıdır, çox ağır sosial problemlərə toxunan "Tom dayının daxması” əsərini niyə uşaq ədəbiyyatı kimi təqdim edirlər?
– Bildiyim qədər dünyada sadəcə SSRİ-də bu romanı uşaq romanı kimi təqdim edilib. Çünki romanın yazıldığı dönəmdə belə bölgü yox idi. 1986-cı ildə Azərbaycan dilində ilk dəfə ixtisarla çap olunanda 50 cildlik Dünya Uşaq Ədəbiyyatı Kitabxanasına daxil edilib. Təbii ki, bu, yanlış yanaşmadır. "Tom dayının koması” romanı kifayət qədər mütaliəsi, oxu vərdişləri, dini mətnlərlə tanışlığı olmayan oxucunun tamamən dərk edə bilməyəcəyi romandır. Bibliyadan verilən parçalar, zəncilərə verilən işgəncələr, intihar və ölüm səhnələri uşaq və yeniyetmələrin oxuması və dərk etməsi üçün münasib deyil. Eyni zamanda verdiyi mesaj uşaqların dərk edəcəyi səviyyədən çox daha üstündür. Ən yaxşı halda romantik baxımdan uşaqları təsirləndirmək, kədərləndirmək gücünə sahibdir. Bütövlükdə isə əsla uşaq romanı, uşaq ədəbiyyatı deyil.
– Bəzi tənqidçilər əsərin adının uğursuz seçilməsini irad tuturlar. Hesab edirlər ki, ABŞ-ın ən utancverici bir dönəmini əks etdirən bir əsər üçün çox zəif seçilmiş addır...
– Əsərin tam adı "Uncle Tom's Cabin; or, Life Among the Lowly” – "Tom dayının koması, və ya aşağı təbəqə arasında həyat” adlanır. Əsər, 1849-cu ildə tarixi faktlar əsasında yazılmış "The Life of Josiah Henson, Formerly a Slave, Now an Inhabitant of Canada, as Narrated by Himself” – "Kanadada yaşayan keçmiş qul, Cosia Hensonun öz dilindən həyatı” əsəri əsasında, "Qaçan qullar qanunu”na etiraz olaraq yazılıb. Henson 1830-cu ildə Amerikadan Kanadanın şimalına qaçaraq köləlikdən xilas olan, kiçik bir daxmada yaşayaraq uzun müddət qulların qaçırılmasına köməklik edən bir şəxs olub. Biçer-Stou 1853-cü ildə, romanın nəşrindən sonra Hensondan təsirləndiyini etiraf edib. Biçer-Stounun romanı bestseller olduqdan sonra Henson "The Memoirs of Uncle Tom” – Tom dayının xatirələri adlı kitab yazaraq, uzun müddət Avropada konfranslar verib. Əsərin tarixçəsindən də görünür ki, müəllif real faktlardan təsirlənib və əsərinə ad seçərkən, faciənin başladığı Şelbilərin malikanəsində Tomun sığındığı komanı simvolikləşdirib. Əslində XIX əsrin Amerikası insan taleləri baxımından Tom dayının daxmasıdır.
Ad seçimi bir o qədər uğurlu olmasa da, əsər dünya səviyyəli klassik əsərlər siyahısındadır. O dönəmdə yazılan Amerika romanlarının adlarına nəzər salsaq, eyni yarıtmazlıqla rastlaşmaq olar. Romanın ilkin variantını qəzetdə yayımlandığı üçün bu adın seçildiyini düşünə bilərik.
– Əsərdə quldarların qəddarlığı nə qədər önə çəkilmiş olsa da, insanlığını itirməmiş ağdərili sahibkarların da olduğu göstərilir. Bəlkə də yazarın sahibkarları bir ucdan ümumiləşdirməməsi də romanın bu qədər uğur görməsinə səbəb olub? Hər halda hamıya eyni prizmadan baxılmayıb...
– Romanın yazıldığı dövrdə Amerikanın şimal ştatlarında yaşayan plantasiya sahibləri qullara qarşı loyal davranır, onları cənublu plantatorlar kimi incitmirdilər. Məncə quldarlığa qarşı olsa da, ağdərili yazıçı Biçer-Stou yazçı kimi bütün ağdərililəri qəddar, vəhşi, amansız təsvir edə bilməzdi. Mən əminəm ki, bütün quldarlar Leqri kimi amansız və nadan olub. Eyni zamanda müəllif ədəbiyyatın barışdırıcı tərəfini göz önünə sərməklə, ayrı-seçkiliyə etiraz edir. Bu baxımdan əsərdəki xoşniyyətli quldar plantator obrazlarının olması normaldır. Məsələn, Sen-Kler bu baxımdan ciddi nümunədir. Onun Tomla davranışı və münasibətləri çox gözəl nümunədir. Şimal ştatlarında abolisionistlər üstünlük təşkil edirdi və müəllif xeyirxah plantatorlarla real həyatda da rastlaşmışdı.
– Yeri gəlmişkən, bu roman Jorj Sand, Corc Eliot, Lev Tolstoyun da çox bəyəndiyi əsərlərdən olub. Ümumiyyətlə, Rusiyada inqilaba da təsirsiz ötüşmədiyi aydındır. Bəs Azərbaycan insanına bu əsər necə təsir edir?
–Azərbaycan tarixinin heç bir dönəmində Amerikadakı vəhşi quldarlıq quruluşu olmayıb. Geniş xalq kütlələrinin əzilməsi, irqi, dini ayrı-seçkilik bizim coğrafiyaya xas deyil. Müəyyən qədər rus işğalından sonra bu coğrafiya öz demokratik və multikultural ruhunu itirsə də, Amerika ilə müqayisədə bizim coğrafiyanı əsl cənnət hesab etmək olar.
Bu əsər Rusiyada baş verən inqilaba təsirsiz ötüşə bilməzdi. Əsərin yazılmasından təxminən 10 il sonra, 1861-ci ildə Rusiya İmperiyasında təhkimçilik hüququ ləğv edilib. Təhkimçiliyi quldarlıqla müqayisə etmək doğru olmasa da, rus kəndlisinin o zamankı durumu zənci qulların vəziyyətindən fərqli deyildi. Azərbaycan oxucusuna, xüsusilə geniş kütlələrə bu əsərin ciddi təsir etdiyini düşünmürəm. Çünki əsər ilk nəşrindən 132 il sonra, Azərbaycanda ixtisarla işıq üzü görüb – SSRİ-nin dağılmasından cəmi 5 il öncə. Əsərin bütöv şəkildə çap olunması isə məhz SSRİ-nin dağıldığı dövrə təsadüf edib. Bu baxımdan Azərbaycan oxucusuna "Tom dayının daxması” romanın güclü təsir etdiyini düşünmürəm.
– Artıq köləliyin keçmişdə qaldığı bir dünya üçün "Tom dayının daxması” istifadə tarixi keçmiş bir əsər hesab oluna bilərmi?
– Məncə Amerikada köləlik məsələləri müəyyən dərəcədə hələ də aktualdır. 2016-cı ildə Kolson Uaythed adlı qaradərili yazıçının qələmə aldığı "Yeraltı dəmiryolu” romanın qısa müddət ərzində populyarlaşması bir daha sübut edir ki, amerikalılar keçmişlərini unutmayıb və hələ də onun izlərini daşıyırlar.
Ədəbi tənqidçilər Kolson Uaythedi "Yeraltı dəmiryolu” romanına görə müasir klassiklər sırasına daxil edirlər. Romanda "xəyallar ölkəsi” Amerikanın qaranlıq keçmişi yeni baxış bucağından, fərqli və maraqlı üslubla araşdırır və oxuculara qulların mübarizənin qanlı və keşməkeşli tarixçəsi təqdim edilir. Roman Amerika ictimaiyyəti üçün klassik və çox təkrarlanan bir mövzunu əhatə etsə də, yanaşma olduqca fərqlidir. Quldarlıq mövzusu yüzlərlə romanda, tarixi əsərlərdə, filmlərdə və tele-seriallarda işlənsə də, qaradərili amerikalıların yarası hələ yenicə qaysaqladığı üçün mövzuya fərqli və yeni yanaşmalar hər zaman diqqət çəkir. Əslində, quldarlıq sadəcə Amerika üçün aktual bir mövzu sayıla bilməz. Ədəbiyyat və sənət tarixində qullar, onların istismarı və quldarlıq mövzusu hər zaman öz aktuallığını qoruyur.
Amerikanın dövlətin qurulmasının üzərindən keçən iki əsrlik müddətdə, bir irihəcmli vətəndaş müharibəsi və bunun ardınca qəbul edilmiş onlarla vətəndaş hüquqları qanunlarına baxmayaraq ABŞ hələ də irqi fərqliliklərini unutmamaqda qərarlıdır. 2000 və 2010-cu illərdə keçirilmiş siyahıyaalmalar vətəndaşlara irqləri ilə bağlı sualda birdən çox variantı seçməyə imkan versə də, fərqli irqdən olan bütün şəxslər yenə də statistik sənədlərdə "azlıq” kateqoriyası olaraq göstərilməkdəydi.
Təsəvvür edin ki, Amerikanın qarışıq irqli nikahları qadağan edən qanunu yalnız 1967-ci ildə dəyişdirilib. Bu gün də Amerikada qaradərililərə qarşı münasibət ürəkaçan deyil. Bu baxımdan "Tom dayının daxması” romanı öz aktuallığını qoruyur. Böyük meqapolislərin ətrafında salınan gettolarda minlərlə "Tom dayının daxması” mövcuddur.
– Romanı şişirdilmiş kimi qələmə verənlərə cavab olaraq yazıçı "Tom dayının daxmasının açarı” adlı ayrıca bir kitab da təqdim etmişdi. Özünün qeydlərinə görə, əsl həqiqətlərin açarı həmin kitabda idi. Sizcə, bir əsər barədə bu qədər təfərrüatlara ehtiyac var idimi?
– Öncə də qeyd etdiyim kimi, "Tom dayının daxması” nəşr olunub populyarlıq qazandıqdan sonra ona qarşı ciddi qaralama kampaniyası başlamışdı. Amerika ədəbiyyatında bu kampaniya "Anti-Tom ədəbiyyatı” adlanır. Biçer-Stouya hücum edənlər onu əsasən faktları şişirtməkdə günahlandırırdı. Onun təsvirlərinin real həyatdan uzaq olduğunu düşünənlər vardı. Eyni zamanda Henson "Tom dayının xatirələri” adlı əsər yazaraq, Biçer-Stounun şöhrətinə şərik çıxmağa çalışırdı. İş bu şəkil alanda, məhkəmə sənədlərini, mətbuatda dərc edilən məlumatları, məktubları, məhkəmə protokollarını toplayan Biçer-Stou məcbur olub yeni kitab yazdı: "A Key to Uncle Tom's Cabin” – Tom dayının daxmasının açarı. 1853-cü ildə nəşr olunan kitabda yazıçı romanında istifadə etdiyi mənbələri verməklə, özünə haqq qazandırmağa çalışırdı. Sonradan aparılan araşdırmalarda məlum oldu ki, "Tom dayının daxmasının açarı” əsərində təqdim olunan məlumat və faktların çoxusu ilə yazıçı "Tom dayının daxması” romanını yazdıqdan sonra tanış olub. Düşünürəm ki, yazıçının özünə haqq qazandırmaq üçün bu yola əl atmasına ehtiyac yox idi. Mən bu məqamda bir xüsusa təkrarən diqqət çəkmək istəyirəm: "Tom dayının daxması” milyonlarla tirajla nəşr edilib, satılmışdı. Bunun iqtisadi tərəfini nəzərə almaq lazımdır. Yazıçı ilk kitabın ağlasığmaz uğurundan həvəslənib ikinci kitabı yazmaqla, daha çox qazanc əldə etməyi də düşünə bilərdi. Hər halda, bu mənim ehtimalımdır və həqiqətdən o qədər də uzaq deyil.
– Belə deyilir ki, "Tom dayının daxması”dan sonra Amerikada daha bir tarix yazıldı. Həyat hekayələrini yazıçıya danışanlar sonralar özləri kitab yazmağa başladılar. "Qaradərili ədəbiyyat” adlandırılan bu axın haqqında nə deyə bilərsiniz?
– "Tom dayının daxması” sadəcə bədii ədəbiyyat nümunəsi olaraq uğurlu deyildi. Bu roman həm də əmtəə, məhsul, kitab olaraq da böyük uğur qazanmışdı. Roman ilk dəfə quldarlıq əleyhinə yayımlanan "The National Era” qəzetində, 40 həftə ardıcıl serial şəklində nəşr edildi. Qəzetin naşiri Con P. Jevett romanın uğurunu gördükdən sonra, onu kitab şəklində nəşr etməyi təklif etdi. Yazıçı əvvəlcə kitabın uğuruna inanmadığı üçün buna etiraz etdi. Jevett isə romanın uğur qazanacağına inanırdı.
Kitab nəşr olunduqdan qısa müddət sonra satılıb qurtardı. Təkcə çap olunduğu 1852-ci ildə 300.000 tirajla Amerikada, 200.000 tirajla Britaniyada satılmışdı. Kitabın satışı bir neçə il ərzində Britaniyada 1,5 milyon tirajı keçmişdi.
Sonradan oxşar mövzuya müraciət edənlərin, eyni zamanda bu romanın əleyhinə romanlar yazan, "Anti-Tom ədəbiyyatı” nümunələri yaradan yazıçıların əksəriyyəti oxşar uğuru əldə etmək arzusunda idi.
Mənə görə, oxşar mövzuda yazılan romanlar, çəkilən filmlər "Tom dayının daxması” romanın uğurunu təkrarlaya bilməyib. Çünki, bu roman ilk çağırış, ilk mesaj, ilk üsyan idi. Amma müsahibə boyu xüsusi qeyd etdiyim Kolson Uaythedin "Yeraltı dəmiryolu” romanı bu baxımdan istisnadır. Məncə bu roman öz sələfini qabaqlamağı, onu kölgədə qoymağı bacardı. Son olaraq qeyd edim ki, Kolson Uaythedin oxşar mövzuda yazaraq böyük uğur qazanması, əsərinin son illərin ən səs-küylü romanına çevrilməsi bir daha sübut edir ki, quldarlıq, irqi ayrı-seçkilik bir mövzu olaraq aktuallığını qoruyur. Bu baxımdan da ilk cığırı açan Harriyet Biçer-Stounun "Tom dayının daxması” romanı möhtəşəm ədəbiyyat nümunəsidir.

Söhbətləşdi: Fərid Hüseyn







banner

Oxşar Xəbərlər