Bu qış çox sərt keçir?
Bu il Azərbaycanda
qışın sərt keçdiyini hər kəs deyir. Demək olar ki, ölkənin bütün ərazilərinə
qar yağdı. Özü də bir neçə dəfə. Hələ qışın başa çatmadığını nəzərə alsaq,
qarın yenə də yağma ehtimalı var. Son illər ölkə ərazisində belə qarlı
havaların müşahidə edilmədiyini nəzərə alsaq, bu qışın sərt keçdiyini ehtimal
edə bilərik. Bəs qışın sərt keçməsi, qarın çox yağması nəyin əlamətidir?
Azərbaycanda hər 6-7 ildən bir, qışda qar çox yağır
Biologiya üzrə fəlsəfə doktoru, Davamlı İnkişaf Cəmiyyətinin
sədri Fikrət Cəfərov "Kaspi”yə
açıqlamasında bildirdi ki, Azərbaycanda bu il uzunmüddətli və böyük şaxtalar
olmadığı üçün qışın sərt keçdiyini demək olmaz: "Bizdə yüksək şaxta hələ ki,
olmayıb. Ötən il Bakıda bir neçə gün 5-10 dərəcə şaxta olsa da, bu il cəmi 4
gün şaxta olub. Özü də bu qış elə güclü şaxta olmayıb. Qarın tez-tez yağmasına
gəlincə, Azərbaycanda hər 6-7 ildən bir, qışda qar çox yağır. Lakin ümumiyyətlə,
iqlimin dəyişilməsi öz nəticələrini göstərib. Avropada qar, yağışlar bu il çox
yağıb. Bu, doğrudan da Avropa üçün böyük təhlükə yaradır. Rusiya, Türkiyəyə və
hətta Səudiyyə Ərəbistanına da qar yağıb. Deməli, iqlimin dəyişilməsi qışda
özünü göstərir. Yayda da özünü göstərir. Belə ki, bəzi yerlərdə 2-3 ay quraqlıq
olub. Bu ilin çox soyuq keçdiyini deməzdim. Keçən ili ən isti il
adlandırırdılar. Amma bu ili ən soyuq qış adlandırmaq olmaz.
Bəli,
Rusiyada bəzi yerlərdə 40-50 dərəcə şaxta olub. Ancaq Rusiyada belə şaxtalar
tez-tez olur. Dünən 18-20 sm qar yağmışdı. Amma şaxta olmadığı üçün qar tez əriyəcək.
Bakı və Abşeronda ən kəskin vəziyyət şaxta ilə bağlıdır”.
F.Cəfərov
deyir ki, qışın sərt olacağını öncədən proqnozlaşdırmaq çox çətindir. Ona görə
də əvvəldən verilən proqnozlar həmişə özünü doğrultmur: "Dünyada bir neçə böyük
qurum bu məsələ ilə məşğul olur. Lakin daha dəqiq qısa və ortamüddətli
proqnozlar verə bilirlər. Ancaq uzunmüddətli proqnoz verə bilmirlər”.
F.Cəfərov
onu da qeyd etdi ki, Azərbaycanda "ən sərt qış” son illərə təsadüf etməyib:
"Yadımda gələn 1968-ci ildir. Abşerona elə qar yağmışdı ki, bəzi qəsəbələrə ərzağı
hərbi texnikalarla aparıblar. 1978-79-cu illərdə də sərt, şaxtalı qış olub”.
Son 22 ildə ən soyuq fevral ayı 2012-ci ildə
müşahidə edilib
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu
Asif Verdiyev deyir
ki, qarlı hava bu il tez müşahidə olunsa da, qış sərt keçmir: "Əvvəlki illərdə
də qarşıdan gələn qışın sərt keçəcəyi ilə bağlı proqnozlar səsləndirilirdi.
Amma bunlar baş verməyib. Ötən il və ondan əvvəlki qış nisbətən mülayim keçdi.
Düzdür, qarlı hava bu il bir qədər tez gəldi. Oktyabr, noyabr aylarında
rayonlarımızda qar yağmışdı. Ancaq bu qışın sərt keçdiyini deməyə əsas vermir”.
A.Verdiyevin sözlərinə görə, bu qış əksinə, bir az mülayim keçir: "Ayrı-ayrı
günlərdə havanın soyuqluğu müşahidə olunur. Əvvəlki qışlarda da belə olub.
Qışın sərt yox, nisbətən mülayim keçdiyini deyə bilərik. Son 22 ildə ən soyuq
fevral ayı 2012-ci ildə müşahidə edilib. Hətta Bakıda və Abşeron yarımadasında
havanın temperaturu mənfi 11 dərəcə olub. Eyni zamanda, fevralın ilk 20 günündə
soyuq hava şəraiti müşahidə olunub. Bu ilin fevral ayında isə Bakıda bir-iki dəfə
qarlı hava müşahidə edilib. Ümumi götürəndə, qış elə də sərt keçmir”.
Baş
hidroloq bildirdi ki, fevralın sonunda qışın sərt keçib-keçmədiyi ilə bağlı
daha dəqiq danışmaq olar: "Qış dövrü bizdə dekabr, yanvar, fevral ayları hesab
edilir. Qışın əsas sonuncu ayı fevral götürülür. Qışın sərt keçib-keçmədiyini
bu ayın sonunda müəyyənləşdirmək olacaq. Bu ayların ümumi tədqiqatları
aparılır, norma ilə müqayisə edilir”.
A.Verdiyev
qeyd etdi ki, havalar yaxın günlərdə mülayimləşməyə doğru gedəcək: "Fevralın
18-dən etibarən 2-3 gün ərzində yağmursuz hava müşahidə olunacaq. Temperatur tədricən
yüksələcək. Bakıda və Abşeron yarımadasında gündüz 5-9, aran rayonlarında 4-9 dərəcə
isti olacaq. Dağlıq ərazilərdə isə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti gözlənilir.
Hava mülayimləşməyə doğru gedəcək”.
Aygün