• cümə axşamı, 28 mart, 18:05
  • Baku Bakı 13°C

“Bu qətnaməni dəyərli sənəd kimi qəbul etmək düzgün deyil”

24.09.14 12:27 873
“Bu qətnaməni dəyərli sənəd kimi qəbul etmək düzgün deyil”
Avropa Parlamentində ölkəmiz haqda qəbul olunan məlum qərəzli qətnamə gənclərin də narazılığına səbəb olub. Onlar düşünürlər ki, qurum bu cür qərarlar verməklə özünü nüfuzdan salır, ölkəmizə qarşı qeyri-obyektiv münasibət bəslədiyini bir daha nümayiş etdirir. Belə hal isə Azərbaycana deyil, onların özlərinə ziyan gətirir.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov bizimlə söhbətində dedi ki, Avropa Parlamenti müəyyən məsələlərdə qeyri-ciddi olduğunu göstərir: “Azərbaycanla bağlı qəbul olunmuş qətnamə qeyri-obyektiv bir sənəddir. Hesab edirəm ki, ölkəmizə qarşı bu cür sənədin qəbul olunması erməni lobbisinin işinin nəticəsidir. Avropa Parlamenti kimlərinsə diktəsilə hərəkət etməməlidir. Onlar demokratiyadan, düzgünlükdən, insan haqlarından danışırlar. Amma ölkəmizə qarşı qərəzli mövqe tutmaqla qeyri-obyektiv qərarlar verirlər. Avropa Parlamenti belə qətnamələri qəbul etməklə öz nüfuzunu aşağı salır, onlara olan inamı itirir. Ölkəmizdə insanların hüquqları, azadlıqları yüksək səviyyədə təmin olunur. Əgər ölkədə xırda neqativ hal yaşanıbsa, bunu siyasi alətə çevirmək, ondan Azərbaycana qarşı fakt kimi istifadə etmək yolverilməzdir. İstənilən dövlət öz maraqlarını müdafiə etməlidir. Ona görə də düşünürəm ki, qərəzli davranmağa ehtiyac yoxdur. Tarix göstərib ki, belə yanaşmalar həmişə nəticəsiz qalıb”.
S.Orucov düşünür ki, qətnamə yaxın vaxtlarda geri götürülə bilər. Çünki oradakı maddələr obyektivlikdən çox uzaqdır: “Azərbaycanla diktəedici tonda danışmağın, bu məqsədlə hazırlanmış sənəd qəbul etməyin heç bir nəticəsi olmayacaq. Orada yazılanların heç biri doğru deyil. Beynəlxalq təşkilatların bu cür səhvlərə yol verməsi, hadisələrə qeyri-ciddi yanaşması onların imicinə xələl gətirir. Azərbaycanın Avropa ilə böyük əməkdaşlığı var. Onlar özləri də bu münasibətlərin inkişafında maraqlıdırlar. Bu cür sənədlərin qəbulu isə nə onlara, nə də əlaqələrə fayda verə bilməz”.
Birlik sədrinin fikrincə, Azərbaycanın güclənməsi, regionda əsas söz sahibi olması, neftdən gələn gəlirlər, ölkənin iqtisadi inkişafı və s. məsələlər onların qıcıqlanmasına, narahatlıq keçirməsinə səbəb olur: “Sadalananların heç biri Azərbaycanda olmadığına görə onların bəyanatları bizi qorxutmur. Hesab edirəm ki, onlar bu cür məsələləri qaldırmağa məcburdurlar. Çünki əllərində heç bir təzyiq vasitəsi yoxdur. Amma anlamalıdırlar ki, bu cür hallara yol vermələri onlara yalnız ziyan gətirir və birmənalı olaraq, legitimliyə qarşı şübhə yaranır. Çünki insan haqlarından danışılırsa, nəyə görə bir milyondan çox hüquqları pozulan vətəndaşlarımız haqda fikir bildirilmir? Onlar neçə illər ərzində, elə indinin özündə də Afrika ölkələrini müstəmləkə altında saxlayırlar. Orada müstəmləkə siyasəti yürüdənlər, insanların dözülməz şəraitə məhkum edilməsinə səbəb olanlar indi demokratiyadan danışanların ata-babaları olublar”.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov isə Avropa Parlamentinin bu qətnaməsini “gülməli sənəd” adlandırdı: “Bunu təşkilatın nüfuzuna yaraşmayan sənəd də adlandırardım. Qətnamənin bəndləri sənədin sifarişli yazı olduğunu da deməyə əsas verir. Gözlənildiyi kimi, orada daha çox Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun həbsi vurğulanıb. Sənəd onların müdafiə komitəsinin bəyanatına oxşayır. Azərbaycan hüquqi dövlətdir. Burada heç kim əsassız həbs olunmur və oluna bilməz. Əgər kimsə müəyyən maddələrlə ittiham olunubsa, deməli, bunun üçün kifayət qədər əsas var. Ola bilsin ki, müəyyən şəxslər siyasi fəallıq göstərib. Bu o demək deyil ki, onlar həbs oluna bilməzlər. Ölkə qanunvericiliyinə zidd hərəkət edən istənilən şəxs müvafiq maddələrlə cəzasını alacaq. Bütün dövlətlərdə belədir. Ona görə də düşünürəm ki, ölkədə kiminsə həbs olunmasına münasibət bildirmələri sırf dövlətin daxili işlərinə qarışmaqdır”.
Ş.İsmayılov qeyd etdi ki, heç bir dövlət digərinin daxili işlərinə qarışmamalıdır: “Ölkədə kimsə hər hansı cinayət əməlində təqsirləndirilərək həbs olunursa, bu, dövlətin daxili işidir. Belə sənədlərlə Azərbaycana təsir etmək mümkün deyil. İctimaiyyətin də qətnaməyə hansı reaksiya verdiyini gördünüz. Düşünürəm ki, bu, Azərbaycanın uğurlarını həzm edə bilməyənlərin işidir. Bu qətnamə ikitərəfli münasibətlərə zərər verə bilər. Onlar hər zaman özlərinə sərf edən məqamlar haqda danışırlar. Sirr deyil ki, bizə qarşı hər zaman ikili standartlardan yanaşıblar.
Sual oluna bilər ki, niyə Dağlıq Qarabağ vətəndaşlarının hüquqlarının bərpa edilməsi haqda danışmırlar? Onların öz yurd-yuvalarına qayıtmaları üçün hansı fəaliyyəti ortaya qoyublar? Həmin insanların taleyi, yaşayış şəraitləri avropalılara maraqlı deyil. Halbuki Azərbaycan hökuməti onların mənzil şəraitini yaxşılaşdırıb, xeyli sayda qəsəbə saldırıb, binalar istifadəyə verilib, övladlarının yüksək səviyyədə təhsil alması üçün məktəblər inşa etdirib. Əlbəttə ki, belə məqamlar onlara maraqlı deyil. Düşünürlər ki, onlar demirsə, bu ölkədəki inkişafı heç kim görməyəcək. Yalnız qərəzli münasibət bəsləmək onların hansı əqidəyə qulluq etdiyini göstərir. Ümumiyyətlə, bu qətnaməni dəyərli sənəd kimi qəbul etmək düzgün deyil”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər