• cümə axşamı, 28 mart, 16:31
  • Baku Bakı 16°C

«Bu qərar gözəl bir məqsəddən xəbər verir»

28.02.14 09:40 2180
«Bu qərar gözəl bir məqsəddən xəbər verir»
Təhsil nazirinin “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar”ın təsdiq edilməsi ilə bağlı əmri Təhsil Strategiyasından irəli gələn müddəaların həlli istiqamətində atılan addım kimi dəyərləndirilir. Belə ki, bundan əvvəl köçürülmə, xaric edilmə və ya yenidən bərpa ilə bağlı problem yaşayan tələbələr onlara yandırılan “yaşıl işıq” altında mərhələləri daha rahat adlaya biləcəklər.
Tanınmış təhsil eksperti, professor Şahlar Əsgərov da “Kaspi”yə müsahibəsində Təhsil Nazirliyinin yeni qaydalarına “ Bu, çox gözəl əmrdir”- deyə münasibət bildirib.
- Siz həmişə tələblərin ali məktəblərdən qovulmasının əleyhinə olmusunuz. Təhsil Nazirliyinin yeni “Qaydaları” yəqin ürəyinizdən xəbər verdi.
- Bu, adi yox, qeyri-standart mahiyyətli məhsuldur. Son 20 ildə köçürmələrdən çox istifadə olunub. Burada ümumi mənafe də olub, amma şəxsi mənafeli köçürmələr də çox olub. Əgər bu sahədə nizam-intizam yaradılırsa, həm köçürmələrdə, həm təzədən instituta bərpada, həm də institutdan qovulma haqqında hüquqi sənəd hazırlanırsa, mən bunu təqdirəlayiq hesab edirəm. Bu qərar gözəl bir məqsəddən xəbər verir. Gənclərin institutdan qovulma halları, onların təhsil ocağından kənarlaşdırılması prosesi öz-özlüyündə zərərli bir iş idi. Bu, mahiyyət etibarilə sağlam düşüncəyə sığmayan bir şeydir: tutaq ki, gənc ali məktəbə daxil olub və o, ali məktəb proqramını mənimsəyə bilməyib. Əgər gənc iki fəndən “2” alırsa, o, nə üçün qovulmalıdır? Bu gəncin özünü kamilləşdirməyin yeganə yeri ali məktəbdir. Biz nə üçün onu məktəbdən qovmalıyıq? Biz ona şərait yaratmalıyıq. Əgər bir il dövlət hesabına oxuyubsa, daha təhsilini öz hesabına – ödənişli davam etdirə bilər. Gənclərin xeyrinə o qədər variantlar var ki, bunlardan birini seçmək lazımdır. Amma biz ən pisini seçmişik – tələbəni qovmağı. Qovmadan sonra isə bir bərpa məsələsi gələcək. Yəni bu gün qovulmuş tələbə bir-iki ildən sonra bərpa olunacaq. Ona görə yeni düşüncə belə qaydalara birdəfəlik son qoyulmasını tələb edir. Gənc ali məktəbə daxil olursa, çalışmaq lazımdır ki, o, ali məktəbi keyfiyyətli təhsillə bitirsin. Yox, əgər keyfiyyətli təhsillə bitirə bilmirsə, eybi yox, qoy keyfiyyətsiz təhsillə başa vursun, amma ali məktəbi qurtarsın. Gənclərin ali məktəbdən qovulmasını kamil düşüncənin nəticəsi saymıram.
- Sovet dövründə bəzən tələbə qovulandan sonra onu ali məktəbə bərpa etmək mümkün olmurdu. Amma belə çıxır ki, yeni qaydalar bütün hallarda tələbənin yenidən bərpasına dəstəkləyəcək.
- Sovet dövrü ümumiyyətlə, dünya dövlət quruculuğu tarixində yeganə bir dövlət idi. Onun öz məntiqi, öz fəlsəfəsi və öz idarəetmə strukturları vardı. Əgər biz bu gün açıq cəmiyyətə qoşulmuşuqsa, sovet dövrünü yaddan çıxarmalıyıq. Tələbənin ali məktəbdən qovulması elə sovet dövründən gəlmə bir şeydir. Siz 50 yaşında bir müəllimə töhmət verilməsinə necə baxırsınız? Bu yaşda insana töhmət verərlər? Amma bu gün də töhmət məsələsi var. İnsan işini bacarırsa maaşını artır, işini bacarmırsa, onu işdən azad et. Amma töhmət vermək nədir?
- Əvvəllər Rusiya institutlarından da bizim ali məktəblərə köçürmələr olurdu. Bəzən ümumiyyətlə, imtahanlardan kəsilən, tədrisə mütəmadi davam etməyən, nizam-intizamı zəif tələbələr o institutlardan asanlıqla Bakıdakı ali məktəblərə köçürülürdülər. Sözsüz ki, bu prosesin də kadr hazırlığında ziyanlı tərəfləri vardı.
- Bütün mənfi hallara qarşı mübarizə aparmaq lazımdır. Bu cür hallara qarşı mübarizə aparmaqdan ötrü dövlət qurumlarının əlində böyük səlahiyyətlər var. Biz izolə edilmiş bir hadisəni götürsək, buradan düzgün nəticə çıxara bilmərik. Əsas odur ki, “tələbə nə üçün köçürülür?” sualına cavab tapılsın. Çünki o artıq kütləvi fakültədə oxumur. Tələbə instituta getmək istəmir. Valideyn də naəlac qalır və bunun çarəsini köçürmədə tapır. İnsanlara azadlıq vermək lazımdır. Bunun üçün də azadlığın çox sadə düsturu var: tələbə, şagird, abituriyent, gənc test imtahanından keçməlidir. Test komissiyası onlara hansı ildə imtahandan keçmələri və nə qədər bal toplamaları haqqında sertifikat verməlidir. Tələbə həmin sertifikatla özü-özünü yerləşdirməlidir. Məgər siz əşya, paltar, yemək alanda öz pulunuzun məbləğinə görə almırsınız? Hər şeyi cibinizə görə alırsınız. Az pula çox şey almaq mümkün deyil. Ola bilər ki, pulu korlayasınız – çox pul verib mənasız şey alasınız. Bu baxımdan məntiq var: insan özü-özünü yerləşdirəcək. Nə universitet tələbəni qəbul etməli deyil, nə də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tələbəni hansısa institutdan bir fakültəyə göndərməməlidir. Universitet tələbəni öyrətməlidir, o biri isə imtahan verib onun balını, biliyini qiymətləndirməlidir. Bilik potensialdır. İqtisadi potensial puldursa, bilik də əqli potensialdır. Siz iqtisadi potensialınızdan istədiyiniz kimi istifadə edirsiniz, icazə verin, gənclər də öz əqli potensiallarından istədikləri kimi istifadə etsinlər. Onda köçürmə hadisəsi olmayacaq. Siz zorla insanın bədənində bıçaqla yara açırsınız, sonra da başlayırsınız yaranı sağaltmağa. «Hansı həkimi və ya dərmanı tapsam, daha yaxşıdır» - deyə baş sındırmağa başlayırsınız. Ən yaxşısı bədəni yaralamamaqdır.
- Necə bilirsiniz, köçürülmə və ya bərpa halları yenə də rüşvət və ya və s. neqativ hallara yol aça bilərmi?
- Əgər bu qaydalar düzgün niyyətlədirsə, heç bir qorxusu yoxdur. Cərrahın əlində bıçaq düzgün niyyətlədir, insana zərər vurmaq üçün deyil. Əgər bu niyyət nizam-intizam yaratmaq üçündürsə, burda hansı mənfi hal ola bilər? Hər bir müəssisənin başında duran birinci şəxs var. O şəxsin niyyəti kamil olsa, ondan aşağıda duran yüzlərlə şəxs heç bir iş görə bilməz. Mən güman edirəm ki, bu proses mənfi hallara yol açmayacaq, əksinə, sağlamlaşma gedəcək. Çünki bu, mürəkkəb bir proses idi, standart yolla onun qarşısını almaq mümkün deyildi. Yalnız qeyri-standart düşüncə ilə bu prosesin qarşısını almaq olar.
- Sizcə, köçürmələrin kütləvi hal ala biləcəyi təhlükəsi yarana bilərmi?
- Heç bir təhlükəsi ola bilməz. Ümumiyyətlə, gənclərə şərait yaratmaq lazımdır ki, o, qəlbinin istəyi ilə özünə ali məktəb seçsin. Köçürmələr haradan qaynaqlanır? Bunun fəlsəfəsi hardadır? Fəlsəfəsi ondadır ki, zorla uşağı göndəririk ki, get filan institutun filan fakültəsində oxu. Bu, TQDK-nın göndərişi üzərindən qaynaqlanır. Hansı ki, mən 10 ildən çoxdur ki, bunun səhv olduğunu təkidlə təkrar edirəm. Gəncə imkan vermək lazımdır ki, o, istədiyi universitetə daxil olsun. Əgər hər kəs öz istədiyi universitetə daxil olsa köçürmə hadisəsi aradan qaxmazmı?
- Ötən həftə Təhsil Nazirliyinin qiyabi təhsilin məhdudlaşdırılması ilə bağlı yeni qərarı oldu. Ekspert kimi fikirləriniz maraqlıdır: qiyabi təhsil lazımdırmı?
- Mənim fikrimcə, qiyabi təhsil lazımdır. Sadəcə, onun formasının dəyişməsinə ehtiyac var. Əslində mən güman edirəm ki, qiyabi təhsil genişlənəcək. Bakıda hər hansı bir gənc ola bilsin ki, internet və ya informasiya kommunikasiya texnologiyaları vasitəsilə Avropanın hansısa bir ali məktəbini qurtara bilər. Bu, artıq dünyada inkişaf etməyə başlayan distant təhsildir. Ona görə də əgər klassik mənada qiyabi təhsili aradan çıxarırlarsa, bu, normaldır. Sadəcə, bu təhsilin yeni formasını tapmaq lazımdır.
- Bir ara ikinci ali təhsil üçün hüquq fakültəsinə üz tuturdular. Ümumiyyətlə, ikinci ali təhsillə bağlı fikirləriniz necədir?
- Mən bunun da səbəbini gəncin öz istəyi ilə ixtisas seçməməsində görürəm. Ya o, təhsilini valideyninin istəyi ilə seçib, ya da hansısa dövlət qurumunun təkidi ilə hər hansı bir ali məktəbə gedib. Nəticədə o, ikinci ali məktəb təhsili almaq məcburiyyətində qalır. Onu da deyim ki, gənc ürəyi istəməyən fakültədə oxuyanda mühazirələr, məşğələlər və seminarlarda çox passiv iştirak edir. Həm də demək olar ki, mühazirəni heç onun qulağı eşitmir. O, ya ixtisasını dəyişməyə, ya da ikinci ali təhsil almağa məcbur olur. Ona görə ikinci ali təhsil almaq mütərəqqi bir haldır. Öz daxili tələbatına uyğun olaraq insan arzusunu reallaşdırır. Fərz edin ki, bir gənc universitetin bir texniki fakültəsini bitirib. Sonradan məlum olur ki, onun yaxşı musiqi qabiliyyəti var, gözəl mahnılar bəstələyir. İndi o gəncin musiqi təhsili almasını qadağan etmək olarmı? Ona şərait yaratmaq lazımdır ki, üzə çıxmış sənətinin nəzəri əsaslarını öyrənsin. Düzdür, əvvəllər hamı hüquq fakültəsinə qaçırdı, amma indi o dalğa yavaş-yavaş sönür. Dövlət qüdrətləndikcə, əməkhaqqı artdıqca, qeyri-qanuni işlərin miqyası azaldıqca heç hüquq təhsilinə maraq olmayacaq. Avropaya baxın – görün nə qədər musiqi və texniki təhsilli və ya inşaat mühəndisləri olan insanları tanıyırsınız. Amma bircə nəfər hüquqşünas tanıyırsınızmı? Bu, ciddi məsələdir. Hüququ populyarlaşdıran digər səbəblər var. Həmin səbəblər yeni quruluşda aradan çıxacaq. İnsan yaşa dolduqca, onun dünyagörüşü artdıqca onun dünyanı dərketmə qabiliyyəti də artır. Ona görə də hər kəs özünü həyatda daha rahat hiss etməkdən ötrü düzgün təhsil almalıdır. İnsan zamanında bunu müəyyənləşdirərsə, gələcəkdə təhsili ilə bağlı köklü dəyişikliyə də ehtiyac qalmaz.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər