«Bu qədər ibtidai sinif müəllimi Azərbaycana lazım deyil» müsahibə

«Bu qədər ibtidai sinif müəllimi Azərbaycana lazım deyil» müsahibə

Müsahibə
01 Fevral 2013, 08:52 3544
“Təhsil çox yaralı və incə bir sahədir. Burada tədricən, paralel islahatlarla, təkamül yolu ilə üzdə olan problemlər həll olunmalıdır. Yaxşı kadrlar yetişməlidir, gəncliyə yol verilməli, idarəçilik düzgün olmalıdır”- Azərbaycan Müəllimlər İnstitutunun rektoru, millət vəkili Aqiyə Naxçıvanlı “Kaspi”yə müsahibəsində təhsil sahəsində yaşanan problemlər barədə danışıb.

Bu qədər tələbə, bu qədər sıxlıq...

- Ölkəmizin təhsil sahəsində mövcud nöqsanlar azalmaq əvəzinə, get-gedə çoxalır. Səbəb nədir?
- Təhsil sahəsində yaranan narazılıqlardan irəli gələrək biz artıq beş filialımızın direktorunu vəzifədən azad etmişik. Baxmayaraq ki, onların hamısı professor, elmlər doktoru olublar, biz onların fəaliyyətini yoxladıq, nöqsanları üzə çıxartdıq, hətta, bu məsələ müzakirə olunmadan əvvəl bu qərarı çıxartdıq. Maliyyə məsələlərində olan pozuntular, tələbələrə düzgün yanaşmamaq, müəllimlərlə dil tapmamaq, onların dərs yükünün düzgün bölünməməsi, bu işdə şəffaflığın gözlənilməməsi, idarəçilikdə olan problemlər və s. nöqsanlara görə onları işdən uzaqlaşdırmışıq. Ən əsası, dövlət tərəfindən verilən maliyyəni düzgün xərcləmədiklərinə görə bu addımı atmışıq. Bu sırada Salyan, Ağcabədi, Qazax, Şamaxı, Quba filiallarının direktorlarının adı var. Hər elmi şurada məsələlər müzakirə olunarkən nöqsanlar hamıya deyilir. Biz hər sessiyada filialların 50 faizi ilə mütləq monitorinq keçiririk. Bu monitorinqlər zamanı əgər hansısa tələbələrin işlərinin düzgün qiymətləndirilmədiyini görürüksə, biz onu burada başqa müəllimlərə yoxlatdırırıq. Az hallarda orada yoxlanılan qiymətlə burada yoxlanılan qiymət üst-üstə düşür. Amma bəzi vaxtlarda tələbəyə subyektiv yanaşma olduğunu görürsən.

- Korrupsiyaya qarşı mübarizə komissiyasında keçirilən müşavirədə müasir ixtisaslara tələblərin olması ilə bağlı fikirlər səslənib. Bu problemin həlli üçün hansı addımlar atmaq lazımdır?
- Əgər həmin iclasda mənə söz verilsəydi, mütləq bu mövzuda danışardım. Bilirsiniz ki, bu institut yarananda ulu öndər Heydər Əliyev tərəfindən bura ixtisas verilib. İnstitutun 11 filialı var. İxtisas ona görə verilib ki, burada ibtidai sinif üzrə və məktəbəqədər müəllimlik ixtisasları hazırlansın. O məqsədlə ki, regionlarda olan tələbat ödənilsin. Amma indi baxın görün, ibtidai sinif müəllimliyini kimlər hazırlamır? Bu qədər ibtidai sinif müəllimi Azərbaycana lazım deyil. Bir saat, iki saat dərs deyənlər var. Məgər bunu məhdudlaşdırmaq olmazmı? Bilinməlidir ki, Azərbaycan Müəllimlər İnstitutu hansı ixtisaslar üzrə müəllimlər hazırlasın. Və ya Pedaqoji Universitetin hansı ixtisaslar üzrə hazırlayacağı məlum olsun. Yoxsa az qala Sənaye Texnikumu da ibtidai sinif müəllimi hazırlayır. Bu, düzgün deyil. Bəs o kadrın məsuliyyəti kimin boynuna düşür? İbtidai sinif müəllimlərinin yerində olmaması, düzgün seçilməməsi kimin üzərinə məsuliyyət qoyur? Əgər bunu təkcə biz hazırlasaydıq, bilərdik ki, məsuliyyət bizim üzərimizə düşür. Ancaq siz baxın, nə qədər savadsız ibtidai sinif müəllimləri yetişir. Ondan başqa bəs bu ibtidai sinif müəllimliyinə qəbul olanlar hansı balla instituta gəlirlər? 200-300 balla instituta daxil olurlar. Onlar onsuz da zəifdirlər. Respublikanın ayrı-ayrı müəssisələrinə paylanıb hazırlananda elə bil ki, bu məsuliyyətə cavab verən yiyəsi tapılmır. Əlbəttə, müasir fənlər olmalıdır. Məsələn, bizdə filialların strukturu, maddi-texniki bazası möhkəmlənməlidir ki, orada başqa ixtisaslar da olsun. Çünki Bakıya bu qədər axının qabağı alınmalıdır. Bu qədər maşın, bu qədər tələbə, bu qədər sıxlıq olmaz. Xüsusilə də universitetlərin çoxunun yataqxanası da yoxdur. Düzdür, indi planda var ki, haradasa nəsə tikiləcək, ayrıca bir şəhərcik salınacaq. Ancaq nə üçün bunlar regionlarda hazırlanmasın? Orada hazırlanması üçün də o regionun tələbatına görə müasir ixtisaslar verilməlidir. Amma orada həmin kadrlar da olmalıdır. Ona görə də biz çıxılmaz vəziyyətdə qalırıq. Tutaq ki, regionun tələbatı var, amma orada kadrlar yoxdur ki, tələbələri hazırlasınlar. Bundan ötrü hamının qarşısında bir plan olmalıdır. Məsələn, əgər mən hər hansı ixtisas üzrə qəbul elan etmişəm. Qoy mənə desinlər ki, bu ixtisas lazım deyil, sən hazırlama, ona ehtiyac yoxdur. Biz heç bir regiondan hansı müəllimlərə daha çox ehtiyac olması ilə bağlı tələbatı ala bilmirik. Regionlar üçün hansı kadrların hazırlanmasına ehtiyac var? Bəlkə kənd təsərrüfatı üçün hazırlamaq lazımdır? Onda siz başqa instituta müraciət etməlisiniz. Biz hətta, bu yaxınlarda təhlil aparmışıq: ola bilsin ki, qəbul olanların 60 faizi işləməyəcək. Onlar institutda oxumaq xətrinə ali məktəbə daxil olublar. Eybi yox, qoy onlar işləməsin. Amma heç olmasa, öz uşaqlarına düzgün tərbiyə versinlər. Əgər buna tələbat yoxdursa, bu qədər yerləri işləmək istəməyən adamlar – yalnız diplom xətrinə gələnlər tutur. İdman Akademiyasına daxil olanlar qabiliyyət imtahanından keçirlər. Amma bütün cəmiyyətin əsasını qoyan ibtidai sinif müəllimidir. Mənə elə gəlir ki, qabiliyyət imtahanını da məhz ibtidai sinif müəllimi verməlidir. Ancaq bizə müxtəlif qüsurları olan insanlar daxil olurlar. Onlar axı müəllim ola bilməzlər. Ancaq daxil olandan sonra onlara necə demək olar ki, sən səhv gəlmisən? Komissiya əvvəldən onun xarici görkəminə, nitq mədəniyyətinə və s. diqqət versəydi, onda düzgün seçim ola bilərdi. İbtidai sinif və bağça müəllimliyinə qəbul olanlar ən yüksək bal toplayan abituriyentlər olmalıdır. Çünki uşağın təməli bağçada və ibtidai sinifdə qoyulur. Düzgün təməl qoyulursa o, 7-8-ci sinifdə özü də oxuya biləcək. Sadəcə, əsası düzgün qoyulmalıdır. Yenidən rektorları yığıb oturub düşünmək lazımdır. Bu məsələ təhsillə məşğul olan insanların qarşısına çox mühüm vəzifələr qoyur.

Ailələrin xəstəliyi

- Nə üçün valideynlər uşağının savadı oldu-olmadı, mütləq onun ali məktəbə daxil olmasına çalışırlar? Sizcə, sovet dövründə olduğu kimi, texniki peşə məktəblərinin fəaliyyətinin gücləndirilməsi seçim imkanına təkan verməzmi?
- Uşaqlarını məcburən institutda oxutdurmaq istəyi Azərbaycan ailələrinin xəstəliyidir. Bəzi valideynlər uşaqlarının instituta daxil olması ilə bağlı müraciət edəndə onlara peşə məktəblərində təhsil almasını məsləhət görəndə razılaşmırlar. Deyirlər ki, mütləq institut olmalıdır. Bu, özü də təbliğatdan asılıdır. Ona görə də ayrıca təhsil kanalı olmalıdır ki, ziyalılar, görkəmli insanlar orada çıxış edib cəmiyyəti maarifləndirsinlər. Başa salsınlar ki, əgər övladları peşə təhsilinə getmiş olsa, bəlkə müəllimdən 4 dəfə artıq maaş alar, üstəlik yaxşı mütəxəssis olar. Baxın, adi bir elektrik cihazında problem yarananda, onu təmir etdirməyə usta tapa bilmirik. Amma abituriyentlərin çoxu sevmədikləri ixtisaslar üzrə oxumağa məcbur olurlar. Daxil olanda birbaşa ödənişli təhsili qeyd edirlər. Bir ildən sonra isə ödənişlidə oxuya bilmirlər. Sonra isə Prezident Aparatına, Heydər Əliyev Fonduna məktub yazaraq övladlarının ödənişliyə düşməsindən şikayətlənirlər. Daha demirlər ki, «ödənişli»ni özləri seçiblər. Bəs bunu yazanda nə fikirləşirdin? Bilmirsən ki, 4 il uşağının təhsil haqqını ödəməlisən? Bizdə qəribə bir adət var: qonşunun acığına mənim uşağım instituta daxil olmalıdır. Mən düşünürəm ki, bütün bu cür anlaşılmayan hallar cəmiyyətin maariflənməməsindən irəli gəlir. Elə bir ailə yoxdur ki, o, təhsillə bağlı olmasın. Amma cəmiyyət hələ Boloniya prosesindən, təhsildə olan innovasiyalardan, müasir təlimdən, yeni yanaşmalar və yeni təfəkkürdən xəbərsizdir. Ona görə də silsilə verilişlər hazırlanmalıdır. Bizim telekanallarda elə verilişlər var ki, onlar bu gün yayımlanmasa da olar. Vacib deyil ki, indiki ərəfədə bir-birimizə qonaq gedək. Amma təhsillə, təlimlə, tərbiyə ilə, mənəviyyatımızla bağlı verilişlərə çox ehtiyac duyulur.

Biri verir, biri alır...

- Sizcə, təhsil idarəçiliyində korrupsiya hallarına yol açan nədir?
- Çox adam deyir ki, korrupsiya hallarının yaranmasına səbəb müəllimlərin maaşının aşağı olmasıdır. Bu, düzgün fikir deyil. Sadəcə, idarəçilikdə təsadüfi insanların olmasıdır. Əgər insan nəfsinə hakim ola bilmirsə, bu cür hallar yaranır. Yəqin o, vəzifəyə hansısa yollarla gələn adamdır. Ya fikirləşir ki, nə əldə etsəm bu, mənə qənimətdir və s. Ümumiyyətlə, korrupsiya hallarının nədən yaranmasının səbəbini heç kim aça bilmir. Baxırsan ki, yüksək bir zirvəyə çatan insandır – elmlər doktoru, professordur, amma görürsən ki, nəfsinə hakim ola bilmir. Tələbədən pul almaq olarmı? Tələbədən nəsə ummaq olarmı? Cəmiyyətdə bundan alçaq hansısa hərəkət görmürəm. Bir də bizdə belə bir xəstəlik var: valideyn özü gəlib dekana yalvarır: «Bunu al, qiymət yaz». Bəzi valideynlər deyir ki, mən pulu verim, amma uşağım əziyyət çəkməsin. Bu, ikitərəfli bir işdir. Harada görmüşsünüz ki, kimsə başqasından zorla pul istəsin! Bu, yalnız qarşılıqlı surətdə baş verə bilər. Birinin pul verməyə, başqasının da pul almağa meyli var.
- Yeri gəlmişkən, dekanların məsuliyyətinin artırılması, şəffaflığın təmin edilməsi, kafedraların, müdafiə şuralarının fəaliyyəti ilə bağlı fikirlərin gündəmə gəlməsinin səbəbi nədir?
- Çünki tələbələrlə işləyən birinci sima dekandır. Tələbə hətta, valideynə demədiyi sözünü dekana deyir. Ona görə də dekanların funksiyası, məsuliyyəti artmalı, orada şəffaflıq olmalıdır. Dekanın özündən, müavinindən, dekanatlığın işçilərindən çox şey asılıdır. Çünki tələbə haqqında bütün məlumat toplusu o insanlardadır. Xəstə olanı da, problemi olanı da, icazə alanı da, dərsə gələni də, gəlməyəni də dekanatlığa məlumat verir. Tələbənin hansısa problemini həll etmək istəyəndə ilk söz dekanındır.

Alternativ dərsliklər təklifi

- Dərsliklərin keyfiyyəti ilə bağlı narazılıqlar da çoxdan səslənir. Problemin həlli ilə bağlı hansı təklifləriniz var?
- Dərsliklər uzun müddətdir ki, müzakirə olunan məsələlərdəndir. Ancaq mən məktəb dərsliklərini təhlil etmirəm. Bununla belə, düşünürəm ki, dərsliklərin keyfiyyəti yüksək olmalıdır. Bizim oxuduğumuz dövrdə hansısa dərslikdə səhv görə bilərdikmi? Bu, böyük sensasiyaya səbəb ola bilərdi. Mənim fikrimcə, zəif dərslik də ola bilər, güclü dərslik də. Sadəcə, o mövzuda dərsliklər çox olmalıdır ki, uşaqlar alternativ kitablara baxa bilsinlər. Mən hansısa ixtisas, hansısa fənn üzrə bir dərsliyin mövcudluğunu qəbul etmirəm. Qoy bir neçə dərslik yazılsın. Tələbə də axtarıb onun özü üçün səmərəli olanını tapsın. Bəlkə o, bu dərsliklərə baxanda yeni bir fikir ortaya gələcək? Mən ümumiyyətlə, alternativ dərsliklərin tərəfdarıyam.
- Sizcə, təhsil problemləri sürətli islahatlarla aradan qalxa bilərmi?
- Ümumiyyətlə, təhsildə inqilabi yolla nəsə əldə etmək mümkün deyil. Bir məktəb direktorunun və ya bir institut rektorunun hazırlanmasına illər lazımdır. Birdən-birə heç kəsi gətirib bu vəzifəyə təyin etmək olmaz. Şübhəsiz ki, islahatlar da lazımdır. Bəlkə də haradasa təxirəsalınmaz islahatlar olmalıdır. Əgər bir təşkilatla bağlı bir neçə fakt varsa və bir neçə dövrdən sonra onlar düzəlmirsə, demək, onun başında duran insanın problemləri aradan qaldırmağa gücü çatmır. Əgər o insan bunu bacarmırsa, onu döyə-döyə yerində saxlamağın nə əhəmiyyəti var? Təhsildə xəstəliklər elə bir şeydir ki, biri təcili əməliyyat oluna, digəri isə müalicə ilə düzə bilər. Buna görə gözləməyə ehtiyac yoxdur. İslahatlar olmalı və paralel şəkildə işlər getməlidir.

Təranə Məhərrəmova