• cümə, 29 Mart, 16:01
  • Baku Bakı 14°C

“Bu, “Qarabağ“ın işinə yaraya bilər“

22.08.13 18:25 1515
“Bu, “Qarabağ“ın işinə yaraya bilər“
"İnter"in hücumçusu Aleksandr İaşvilinin azerisport.az saytına müsahibəsi.
- Vaxtilə Almaniya Bundesliqasında çıxış etmiş futbolçu kimi, “Qarabağ”ın Avropa Liqasındakı rəqibi olan Frankfurt “Eintracht”ı barədə nə bilirsiz?

- Bundesliqa Avropanın ən güclü çempionatlarından biridir. Uzun illər Almaniyanın müxtəlif klublarında oynamışam. Ona görə də bu komanda mənə yaxşı tanışdır. “Eintracht”da hətta mənə çox yaxın dost olan futbolçular da çıxış edirlər. Necə də olmasa, bir neçə il eyni ölkədə çıxış etmişik. “Qarabağ”ın rəqibi güclü komandadır. Demək olar ki, bütün mövqelər üzrə yaxşı oyunçulara malikdir. Amma yarımmüdafiə xətti bu komandada həmişə daha güclü olub. Ötən mövsüm onlar Bundesliqada altıncı oldular. Digər Almaniya klubları kimi, “Eintracht” da sürətli futbola üstünlük verir. İlk iki turda məğlub olsalar da, bu, hələ göstərici sayılmamalıdır.
- Sizcə də, “Eintracht” favoritdir?

- Kağıza üzərində onlar favoritdilər. Amma “Qarabağ”da bu mövsüm yaxşı kollektiv yaradılıb. Onlar əvvəlki üç mərhələni çox yaxşı şəkildə keçdilər. “Gefle” ilə son oyunu daha yüksək səviyyədə keçirdilər. Mənə elə gəlir ki, ağdamlılar Frankfurt təmsilçisini keçə bilərlər. Amma bunun üçün onların öz oyununu sərgiləməsi lazımdır. Şanslar hələ ki, bərabərdir. Çox şey komandanın bu gün baş tutacaq oyuna necə başlamasından asılı olcaq.
- Sizcə, “Qarabağ”a ilk oyunda hansı nəticə sərf edər?

- Əsas qol buraxmamaqdır. İstənilən halda belə oyunlarda vurulan səfər qolu çox böyük əhəmiyyət kəsb edir. Mənə elə gəlir ki, hətta 0:0 da ağdamlıların qrup mərhələsinə çıxmaq şanslarını saxlayacaq. Amma Almaniya klubu həmişə güclü hücum xətti ilə seçilib. “Qarabağ” rəqib komandanın yarımmüdafiə və hücum xəttindəki oyunçuları mütləq zərərsizləşdirməlidir. Ağdam klubu çox gözəl futbol sərgiləyir. Onlar “Eintracht”a qarşı da belə oynamalıdırlar.
- Siz bu komandalardan hansına azarkeşlik edəcəksiz?

- Uzun illər Almaniyada çıxış etsəm də, hazırda Azərbaycanda, “İnter”də oynayıram. Ona görə də Azərbaycan futbolunda baş verən istənilən hadisə mənə də aiddir. “Qarabağ”a azarkeşlik edəcəm və arzulayacağam ki, bu komanda Avroliqanın qrup mərhələsinə vəsiqə qazansın. Birincisi, onların bu uğuru Azərbaycan çempionatının xeyrinə olacaq. İkincisi, yerli çempionata maraq bir qədər də artacaq. Həm də “Qarabağ”da mənim “Bochum”dakı keçmiş komanda yoldaşım və dostum Nikolas Gelaşvili də çıxış edir. Çox istəyirəm ki, onun işləri yaxşı getsin.
- Sizcə, Gelaşvili “Eintracht”a qol vura biləcək?

- Ən əsası odur ki, o, nəhayət Ağdam klubunda qol hesabını aça bildi. Nikolas yaxşı futbolçudur. Mənə elə gəlir ki, o, öz şansını boşa verməyəcək. İnanın ki, futbolda hər şey olur. Sadəcə, “Qarabağ”a inanmaq və dəstək olmaq lazımdır.
- Deməli, “Qarabağ”ın “Eintracht”ı keçməsi sizin üçün sürpriz olmayacaq?

- Xeyr. Çünki hər iki komandanın oyununu görmüşəm. Ağdamlıların da nəyə qadir olduğunu bilirəm. İlk oyun üçün “Qarabağ”a çox inanıram. Amma Frankfurtda qazanılacaq qələbə əsl sensasiya sayıla bilər. Yəqin ki, almanlar bu rəqibi asanlıqla keçəcəklərini düşünürlər. Adətən, belə klublar üz-üzə gələndə favoritlər rəqibi düzgün qiymətləndirmirlər. Bu, “Qarabağ”ın işinə yaraya bilər.
banner

Oxşar Xəbərlər