• cümə axşamı, 28 mart, 22:57
  • Baku Bakı 13°C

“Bu proseslərdə başımıza gəlməyən hadisələr olmadı”

23.07.14 09:52 1776
“Bu proseslərdə başımıza gəlməyən hadisələr olmadı”
Bu yaxınlarda Gürcüstanda bələdiyyə və mer seçkiləri keçirilib. Şəhər şurasına seçkilərdə 20 partiya və 4 seçki bloku mübarizə aparıb. Əsas mübarizə isə hakim “Gürcü Arzusu” Koalisiyası və müxalifətçi Vahid Milli Hərəkat arasında gedib. İlk dəfə olaraq Gürcüstan seçiciləri paytaxt və digər 11 şəhər merini birbaşa səsvermə yolu ilə seçiblər. Bələdiyyə seçkilərində də partiyalar aktiv mübarizə aparıblar. Nəticələrə görə, ümumilikdə seçkilərdə hakim “Gürcü Arzusu” Koalisiyası qalib gəlib. Gürcüstanda keçirilən son seçkilər, soydaşlarımızın bu proseslərdə iştirakı, müşahidə olunan qanun pozuntuları, parlamentdə Avropa İttifaqı ilə Assosiasiya Sazişinin ratifikasiyası, müxalifətin mövqeyi və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını Vahid Milli Hərəkat Partiyasından Gürcüstan parlamentinə seçilən deputat Azər Süleymanov cavablandırır.
- Azər müəllim, Gürcüstanda keçirilən son seçkiləri necə qiymətləndirirsiniz?
- Gürcüstanda keçirilən son seçkilərdə beş yüz minə yaxın əhali seçki məntəqələrinə çıxmamışdı. Bu faktın özü əhalidə seçkiyə olan münasibətin göstəricisidir. Buna səbəb isə vətəndaşlarda hökumətə olan inamın azalmasıdır. Bununla yanaşı, seçkilərdə səslərin 30-31 faizini müxalifət partiyaları alıb. Bu onun göstəricisidir ki, bir il yarım və ya iki il müddətində hakimiyyətin siyasətindən insanlar narazı qalıb. Seçki prosesində yaşanan qanun pozuntuları da son seçkilərin mənzərəsini ortaya qoyur. Buna misal kimi bir neçə fakt göstərmək olar. Əvvəlcə Vahid Milli Hərəkat Partiyası tərəfindən Marneuli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə namizədliyi irəli sürülən Vahid İmanquliyevin namizədliyini qeydə almırdılar. Baxmayaraq ki, o, Gürcüstanda icra başçılığı postuna yeganə azərbaycanlı namizəd idi. Gürcüstan Mərkəzi Seçki Komissiyası onun bir müddət ölkədə olmadığını əsas gətirərək namizədliyini qeydə almırdı. Bu qərara etiraz edən həmyerlilərimiz aksiya keçirdilər, ardınca da məhkəməyə müraciət olundu. Yalnız məhkəmənin qərarından sonra onun namizədliyini qeydə aldılar. İnanırdıq ki, Vahid İmanquliyev Gürcüstan azərbaycanlıları tərəfindən də dəstəklənəcək. Bu kimi proseslərdə başımıza gəlməyən hadisələr olmadı. Bütün vasitələrə əl atdılar ki, Marneulidə rayon icra hakimiyyətinin başçısı vəzifəsinə azərbaycanlı seçilməsin. Şəxsən mən bu rayondan seçilən millət vəkiliyəm. Tam məsuliyyətimlə deyə bilərəm ki, çox biabırçı şəkildə seçki keçirildi. Bu cür saxtakarlıq, kütləvi qanun pozuntusuna Gürcüstan tarixində indiyə kimi rast gəlinməyib. Tək Marneulidə deyil, ümumilikdə Gürcüstanda elə seçki məntəqəsi olmadı ki, orada qanun pozuntusuna, seçki saxtakarlığına rast gəlinməsin.
- Paytaxtın və digər şəhər merlərinin birbaşa seçki yolu ilə seçilməsi Gürcüstan tarixində ilk dəfə idi ki, baş verirdi. Bununla yanaşı, yerli bələdiyyələrə də seçkilər keçirildi. Azərbaycanlı seçicilərin bu proseslərdə fəallığı necə idi?
- Paytaxtda, eləcə də digər 9 rayonda keçirilən seçkilərdə ikinci turlar oldu. Bu o deməkdir ki, əhali iqtidara inanmır və onun namizədini kütləviliklə dəstəkləmirlər. O ki, qaldı azərbaycanlıların bu proseslərdə iştirakı məsələsinə, soydaşlarımız bu seçkilərdə çox fəallıq nümayiş etdirdilər. Hətta azərbaycanlılardan bir-iki nəfər yerli bələdiyyələrə də seçildilər. Amma bayaq qeyd etdiyim kimi, daha çox azərbaycanlıların yaşadığı rayonlardan biri sayılan Marneulidə icra başçısı vəzifəsinə azərbaycanlı Vahid İmanquliyevin seçilməsi mümkün olmadı. Düzdür, azərbaycanlı seçicilər çox fəal şəkildə onun namizədliyini dəstəklədilər. Hətta ona qarşı haqsızlığa etiraz da etdilər. Lakin seçki prosesində onun xeyrinə olan səslərin sayılmaması, bununla da seçki saxtakarlığına yol verilməsi səbəbindən Vahid İmanquliyev icra başçısı ola bilmədi. Biz Gürcüstan azərbaycanlıları bu ölkənin tam hüquqlu vətəndaşlarıyıq. Gürcüstan vətəndaşı olaraq vətənimizin inkişafı, onun ərazi bütövlüyünün qorunması, dövlətçiliyin güclənməsi yolunda bütün çətinliklərə sinə gərir, əlimizdən gələni edirik. Lakin çox təəssüflər olsun ki, “Gürcü Arzusu” Koalisiyası bütün bu kimi faktları nəzərə almadan, azərbaycanlı namizədlərə qarşı bütün saxtakarlıqlara əl atdı. Mən konkret misal göstərə bilərəm ki, ermənilərin kompakt halda məskunlaşdığı Cavaxetiya bölgəsində, Axalkalakidə icra başçısı, onun nümayəndəsi və sair də seçildi, onların namizədlərinə qarşı hər hansı haqsızlığa yol verilmədi. Ancaq azərbaycanlılara qarşı hakim komanda tərəfindən fərqli münasibət sərgiləndi.
- Seçkidən əvvəl hakim komanda üzvləri qeyd edirdilər ki, Mixail Saakaşvili erasına birdəfəlik xətt çəkiləcək. Gürcüstandakı seçkilərdə hakim “Gürcü Arzusu” koalisiyasının tamamilə qələbə qazandığını nəzərə alsaq, demək olarmı ki, iqtidar arzusuna çatıb?
- Dünyanın heç bir demokratik ölkəsində bu sayaq yanaşmaya rast gəlmək qeydi-mümkündür. Bu kimi bəyanatlarla “Gürcü Arzusu” Koalisiyası Kommunist Partiyası dövrünün geri gətirilməsində nə qədər maraqlı olduğunu nümayiş etdirir. Hansı qələbədən danışırlar onlar? Mixail Saakaşvilinin rəhbərlik etdiyi Vahid Milli Hərəkat Partiyası son seçkilərdə 30-32 faiz səs toplayıb. Seçkidə iştirak edən hər üç seçicidən biri Saakaşvilinin partiyasına səs verib. Bu reallıqları nə üçün qeyd etmirlər onlar? Hakimiyyətdə olduqları 2 ilə yaxın müddətdə heç bir ciddi uğura, nailiyyətə imza atmayıblar. İşsizlik və sair bu kimi həyati əhəmiyyətli məsələlər bu gün də gürcü cəmiyyəti üçün ciddi problem olaraq qalmaqdadır.
- Gürcüstan Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində assosiativ üzvlüklə bağlı saziş imzalayandan sonra bu ölkədə yaşayan ermənilər müəyyən tələblərlə çıxış etdilər. Bu günlərdə isə Gürcüstan parlamenti növbədənkənar iclasda Avropa İttifaqı ilə assosiasiya sazişini ratifikasiya edib. Soydaşlarımızın bu hadisələrə münasibəti necədir, ümumiyyətlə, son proseslərdən gözləntiləri nədir?
- Assosiativ üzvlük haqda sazişə qoşulma barədə təşəbbüslə ilk dəfə Mixail Saakaşvilinin rəhbərlik etdiyi Vahid Milli Hərəkat Partiyası çıxış edib. Hakimiyyətdə olduğu müddətdə də bu istiqamətdə ardıcıl iş aparıb. Demək olar ki, assosiativ üzvlüyə qoşulmaq üçün işlərin böyük əksəriyyətini biz görmüşdük. Bir il yarım bundan qabaq Gürcüstanda hakimiyyətə gələn “Gürcü Arzusu” Koalisiyasının bu siyasi kursu davam etdirməkdən başqa yolu qalmadı. Parlamentdə həmin sənədin ratifikasiya edilməsi zamanı, iqtidarlı-müxalifətli bütün deputatlar yekdilliklə onu dəstəklədilər. Çünki hamı yaxşı bilir ki, Gürcüstanın gələcəyi Avropa İttifaqına inteqrasiyada, bu yoldadır. Buna alternativ yol yoxdur və Gürcüstan cəmiyyətini geriyə qaytarmaq da qeyri-mümkündür. Gürcüstan cəmiyyətində yaşayan azərbaycanlılar da bu ölkənin vətəndaşları kimi daim qayda-qanunlara tabe olan, hətta ölkənin ərazi bütövlüyü uğrunda savaşlarda canından keçən insanlar olublar. Bizim yeganə tələbimiz Gürcüstanın tam hüquqlu vətəndaşı kimi ayrı- seçkiliyə məruz qalmamaq, hər kəsə şamil olunan hüquq və azadlıqlardan yararlanmaqdır. Təəssüf ki, hələlik biz buna tam nail ola bilməmişik. Çünki indiki iqtidar istər vəzifə bölgüsündə, istərsə də digər işlərdə fərqli siyasət yürüdür. Hətta vaxtilə müəyyən vəzifələri icra edən azərbaycanlılar belə, indiki iqtidarın dövründə öz işlərini itiriblər.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər