Bu mövzuda əsər ortaya qoymaq Füzulinin özünün ürəyincə idi

Bu mövzuda əsər ortaya qoymaq Füzulinin özünün ürəyincə idi

Müsahibə
15 İyul 2019, 16:00 36822
"Sevdiyin əsər” layihəsində yazarların, elm, sənət adamlarının ən çox sevdikləri əsər haqqında söhbət açırıq. Budəfəki həmsöhbətimiz  Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoydur. Onun sevdiyi əsər Məhəmməd Füzülinin Hədiqətüs-süəda” əsəridir.
 
–  Hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə Məhəmməd Füzulinin "Hədiqətüs-süəda” əsəri sizin sevdiyiniz əsərdir? 
–        Böyük Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzuli müsəlman Şərqində, əsasən, nəzmlə yazdığı əsərləri ilə, xüsusilə də türkcə qəzəlləri və "Leyli və Məcnun” məsnəvisi ilə tanınır. Bununla belə, dahi söz ustadı qələmini nəsrdə də sınamış və "Hədiqətüs-süəda” kimi bənzərsiz nəsr əsərini də ərsəyə gətirmişdir. "Hədiqətüs-süəda” ilk növbədə dərin məna tutumuna, bəşəri və humanist ideyasına, bütövlükdə işıqlı fikirlərinə görə əbədiyaşar söz sənəti nümunələrindən biridir. "Hədiqətüs-süəda” eyni zamanda yüksək bədii sənətkarlıq özəlliklərinə görə Azərbaycan klassik bədii nəsrinin şah əsərlərindən, zirvələrindən sayılır. Əsərdə zülmə və haqsızlığa, şərə və ədalətsizliyə qarşı mübarizlik, mərdlik və iman və əqidəcə möhkəm və dönməz olmaq kimi yüksək fikirlər aşılanır ki, bütün bunlar da şəxsən mənim həyat amalımın əsas keyfiyyətləri ilə üst-üstə düşür. Məhz buna görə də Füzuli bədii nəsrinin zirvəsi sayılan, başdan-başa yüksək obrazlı bir dillə, qafiyəli nəsrlə – səc qələmə alınan "Hədiqətüs-süəda” ən çox sevdiyim klassik əsərlər sırasında xüsusi yer tutur. Onu da qeyd edim ki, mənim elmi yaradıcılığımın qaynaqları sırasında orta əsrlərin yadigarları olan dini məzmunlu Azərbaycan-türk əlyazmalarının araşdırılması xüsusi yer tutur, "Hədiqətüs-süəda” da bu qəbildən olan dini məzmunlu klassik əsərlərdən biridir. 
 
–  İmam Hüseynin şəhid olmasına həsr edilən əsərləri "Məqtəl” – qətl kitabı adlandırırlar. Füzulidən öncə çox məqtəl yazanlar olub. Sizcə, Füzuli məqtəllərin hansındansa təsirlənibmi, yaxud Füzulinin yazdığı ilə digər əsərlərdə hansı oxşar və fərqli cəhətlər var?
– Bəli, Füzulidən öncə Yaxın Şərq ədəbiyyatında İmam Hüseynin şəhidliyinə həsr edilmiş  bir çox əsərlər ortaya çıxmışdır. Bununla belə, Füzulinin ürəyinə yatan məqtəl kitabları sırasında farsdilli yazar Hüseyn Vaiz Kaşifinin "Rövzətüş-şühəda” kitabı xüsusi yer tutur. Dahi şair "Hədiqətüs-süəda”nın "Dibaçə” – "Ön söz” – adlanan giriş hissəsində bu kitabını "Rövzətüş-şühəda” əsasında yazdığını ayrıca olaraq diqqətə çatdırır. Təkcə bir fakt: sözügedən hər iki kitabın adları arasındakı səsləşmə bu amili açıq-aşkarcasına təsdiq edir: "Rövzətüş-şühəda” – "Şəhidlər bağçası” –  "Hədiqətüs-süəda” – "Xoşbəxtlər bağı”. Böyük Füzuli əsərdəki qəhrəmanları: din, əqidə və amal uğrunda şəhid olan qəhrəmanları xoşbəxt adlandırmış, buna görə də əsəri üçün bu adı seçmişdir. Məlum olduğu kimi, islamda din yolunda şəhid olanlar xoşbəxt insanlar sayılır. Məzmununa gəldikdə isə, "Hədiqətüs-süəda” bu baxımdan Kaşifinin adı çəkilən əsərinə tam uyğun gəlir, daha doğrusu, "Rövzətüş-şühəda”nın klassik sərbəst – yaradıcı tərcüməsidir. "Hədiqətüs-süəda”nın süjet və quruluşu, əsərdəki  surətlər "Rövzətüş-şühəda” ilə tam üst-üstə düşür.
 
–   Məhəmməd Füzulinin bu mövzuya müraciət etməsinin səbəbini nədə görürsünüz?
– Füzulinin Kərbəla müsibəti mövzusuna üz tutmasını tamamilə təbii və qanunauyğun bir hal kimi dəyərləndirmək olar. Təbiət etibarilə mömin və dindar bir şəxsiyyət olan Füzuli şiələr üçün müqəddəs yer sayılan Kərbəla şəhərinə yaxın bir diyarda dünyaya göz açmış, bu qanlı faciə uşaqlıqdan onun hafizəsində dərin iz buraxmışdır. Füzuli hətta bir beytində dünyasını dəyişərkən İmam Hüseynin məqbərəsi yanında torpağa tapşırılmasını da bir arzu olaraq dilə gətirmişdir:
 
Məzarım üzrə qomun mil, əgər kuyində can versəm,
Qoyun bir sayə düşsün qəbrimə ol sərvqamətdən.
 
Füzulinin belə bir mövzuya müraciət etməsinin ikinci bir səbəbi böyük şairin milli təəssübkeşlik duyğularından qaynaqlanır. Belə ki, mütəfəkkir sənətkar əsərin ön sözündə qeyd edir ki, hər il məhərrəm ayında ərəblər və farslar Kərbəla şəhidlərinə matəm saxlayarkən bu mövzuda öz dillərində olan əsərləri oxuyur və bu vasitə ilə feyzyab olurlar. Türklərin – Azərbaycan türklərinin)isə öz dillərində belə bir əsəri olmadığına görə onlar bu savab işdən kənarda qalırlar. Bunu nəzərə alan türklər şairə üz tutaraq onların dilində bir məqtəl kitabı qələmə almağı ondan xahiş edirlər. Qeyd edim ki, məsələnin bu cür qoyuluşu sırf yazıçı manerasından qaynaqlanır. Əslində? Bu mövzuda əsər ortaya qoymaq Füzulinin özünün ürəyincə idi.  Böyük sənətkarın bu mövzuya üz tutmasının kökündə, mahiyyətində şairin təbiəti, dünyagörüşü ilə yanaşı, milli təəssübkeşlik duyğuları, yəni ana dilində bu mövzuda əsər ortaya qoymaq niyyəti də mühüm rol oynamışdır. 
 
–  Füzulinin "Leyli və Məcnun” əsərini daha çox ədəbin "Hədiqətüs-süəda” əsəri ilə müqayisə edirlər. Bu əsərləri birləşdirən əsas amillər hansılardır?
–        Füzulinin "Leyli və Məcnun” məsnəvisi dahi sənətkarın poetik yaradıcılığının zirvəsidir. Eyni sözləri "Hədiqətüs-süəda”ya da aid etmək olar. Belə ki, "Hədiqətüs-süəda” böyük söz ustadının bədii nəsrinin zirvəsində dayanan bənzərsiz sənət əsəridir. Bu iki əsəri birləşdirən cəhətlər sırasında iki məsələ xüsusi yer tutur. Birincisi, hər iki əsərdə İlahi məhəbbət qabarıq şəkildə özünü göstərir, əsas yer tutur. Bircə məqamı diqqətə çatdırıram. Məhəmməd peyğəmbərin dünyasını dəyişmək çağında o həzrətin qızı Fatimə atası ilə vidalaşmağa gəlir və əvvəlcə ağlayır, sonra isə gülümsəyir. Bunun səbəbini soruşduqda Fatimə deyir ki, atam dünyasını dəyişmək məqamında olduğu üçün ağladım, o həzrətdən bir müjdə aldığıma görə isə gülümsədim. Həmin müjdənin nə olduğunu isə Fatimə belə açıqlayır: O həzrət buyurdu ki, Əhli-Beytimdən mənə ilk qovuşan sən olacaqsan. Deməli, Fatimə üçün İlahi məhəbbət, uca Yaradana qovuşmaq hər şeydən üstündür və bu cür insanlar məhz belə bir amalla yaşayırdılar. "Leyli və Məcnun”  poemasında da qəhrəmanlar bu fani dünyada istəklərinə çatmasalar da, cənnətdə bir-birinə qovuşurlar. Bu iki əsəri birləşdirən ikinci bir mühüm cəhət onların yüksək bədii keyfiyyətləri, sözün sehrinin açıq-aşkar bir şəkildə təzahürüdür.
 
–  Siz Məhəmməd "Füzulinin "Hədiqətüs-süəda” əsəri” adlı kitabınızda bu əsərin başlıca mövzusunun eşq olduğunu deyirsiniz. Bu cür düşüncə bir qədər ziddiyyətlidir, ona görə ki, bu əsəri şəhidlərin ölməzliyi, dönməzliyi kimi təqdim edirlər. İstərdim bu əsərin başlıca mövzusunu eşq hesab etməyinizin tutarlı səbəblərini açıqlayasınız.
– Bəlli olduğu kimi, Füzuli yaradıcılığının başlıca mövzusu eşqdir. Şairin türkcə divanı eşqlə bağlı aşağıdakı mətləli qəzəllə başlayır:
 
Qəd ənarül eşqü lil-üşşaqi minhacəl-hüda, 
Saliki-rahi-həqiqət eşqə eylər iqtida.
 
Şairin "Leyli və Məcnun”  poemasının başlıca mövzusu da eşqdir. Maraqlıdır ki, "Hədiqətüs-süəda” əsəri də eşqə dair misralarla başlayır:
 
Ya Rəb, rəhi-eşqində bəni şeyda qıl,
Əhkami-ibadatın bana icra qıl.
Nəzzareyi-sünində gözüm bina qıl,
Övsafi-həbibində dilim guya qıl.
 
Bundan əlavə "Hədiqətüs-süəda” qəhrəmanlarının hamısının həyatda başlıca amalı uca Yaradana olan sonsuz sevgi duyğularıdır. Onu da qeyd edim ki, Füzulinin "Hədiqətüs-süəda” əsərini araşdırmış tədqiqatçıların çoxu bu məsələni xüsusi olaraq vurğulamışlar. Düzdür,  əsərdə şəhidlərin ölməzliyi və dönməzliyinin təbliği başlıca mövzudur. Bununla belə, unutmaq olmaz ki, "Hədiqətüs-süəda” qəhrəmanları məhz ilahi eşq yolunda şəhidlik zirvəsinə yüksəlirlər. Məhz buna görə də  "Hədiqətüs-süəda” əsərində də  Füzulinin digər əsərləri, xüsusilə də qəzəlləri və "Leyli və Məcnun” kimi eşq fəlsəfəsi başlıca yer tutur. Başqa cür ola da bilməzdi, çünki Füzuli məhəbbət şairidir, onun həyatının mayasında, cövhərində eşq fəlsəfəsi dayanır.
 
 
–  Məhəmməd Füzulinin "Hədiqətüs-süəda” əsərinin janrı haqqında müxtəlif fikirlər var. Bu əsəri tarixi povest, roman, dastan və sair adlandırırlar. Sizcə, bu əsər hansı janrda yazılıb?
–        Füzulinin "Hədiqətüs-süəda” əsəri yuxarıda qeyd etdiyim ki, klassik bədii tərcümə nümunəsidir. Onun janrına gəldikdə isə əsəri klassik tarixi roman nümunəsi kimi dəyərləndirmək olar. 
 
– Haqqında danışdığımız əsərdə belə bir ziddiyyətli məqam var. Yaqub peyğəmbərin dilindən deyilir. Məni dur etdin, ey dövrü-fələk, bu mahsimadan, / Ki zövqi-vəsldir, yekrəng mana dünyəvi üqbadan. Yəni məni bir ay üzlüdən uzaq saldın, ona qovuşmaq mənə dünya və axirətdən daha yaxşıdır. Sizcə, əsərdə peyğəmbərin dilindən verilən bu sözlər əsərin ümumi ruhuna nə dərəcədə uyğundur?
–        "Hədiqətüs-süəda” əsərində bu qəbildən olan incə və ziddiyyətli məqamların yer almasını danmaq olmaz. Onu da qeyd edim ki, əsərdəki bəzi şeir parçaları şairin qəzəl və qəsidələrindən götürülmüşdür. Bu cür hallara başqa klassik əsərlərdə də rast gəlmək mümkündür. Yaqub peyğəmbərin dilindən verilən şeir nümunəsi də şairin bir qəzəlinin ilk iki beytidir. Peyğəmbərin dilindən belə bir fikrin səslənməsinə gəldikdə isə qeyd edim ki, adı çəkilən müqəddəs şəxsiyyət məhz övladına bəslədiyi sonsuz sevgi üzündən – Allah sevgisini müəyyən mənada unutduğundan, – Uca Tanrı tərəfindən cəzalandırılır: uzun müddət sevimli oğlundan – Yusifdən uzaq düşür. Bu cür incə məqamlara əsərin digər bölümlərində də rast gəlmək mümkündür. 
 
–   Əsərdəki şeir parçaları bəzən ümumi mətnə dəxilsiz kimi görünür. Bu məsələ barədə nə deyərdiniz?
–        Ayrı-ayrı tədqiqatçıların da qeyd etdiyi kimi, Füzuli türkcə lirik şeirlərindəki müəyyən parçaları "Hədiqətüs-süəda”ya daxil etmişdir ki, bu cür uyğunsuzluq hallarının kökündə də bu amil dayanır. Yeri gəlmişkən onu da qeyd edim ki, bu amil də "Hədiqətüs-süəda” əsərində eşq mövzusunun aparıcı olmasını təsdiqləyir. Axı şairin lirikasının başlıca mövzusu eşqdir.
 
–  Əsərdə diqqətinizi çəkən xüsusi bir detal və ya məqam  hansıdır?
–  Əsərdə diqqətçəkici başlıca məqamlardan biri onun məzmun və ideyaca günümüzlə səsləşməsi və bu gün də olduqca aktual olmasıdır. Buna misal olaraq şairin aşağıdakı misralarını göstərmək olar:
 
–  Zillət ilə ləzzəti olmaz həyatın, dustlar,
–  Nəqdi-can sərf eyləyib, dünyada kam almaq gərək.
–  Əcz ilə ədudən dönmək səhldir, himmət tutub,
–  Ya şəhid olmaq gərək, ya intiqam almaq gərək.
 
Füzuliyə görə, zillətlə, alçaqlıqla yaşamaq, düşmən qabağından acizliklə qaçmaq vətənpərvər insanlara xas olan keyfiyyət deyil. Belə hallarda ya qeyrət göstərib şəhid olmaq, ya da düşməndən intiqam almaq lazımdır. Göründüyü kimi, bu şeir parçasında aşılanan mübarizlik və dönməzlik kimi keyfiyyətlər Azərbaycanın hazırkı dövrdə üzləşdiyi Qarabağ probleminin həlli yoluna bir işarə təsirini bağışlayır və xalqımızı işğal altında olan torpaqlarını azad etməyə, bu yolda şəhidlik zirvəsinə yüksəlməsinə hazır olmağa səsləyir.
 
–  "Hədiqətüs-süəda”nın müasir dövrdəki yerini və aktuallığını nədə görürsünüz?
–        "Hədiqətüs-süəda” əsərində eşq yuxarıda da qeyd etdiyim kimi, əsasən İlahi məhəbbət səciyyəsi daşıyır və bu baxımdan şairin lirik şeirləri ilə yaxından səsləşir.
 
–  Füzulinin demək olar ki, bütün əsərlərinin ana xəttini təşkil edən eşq "Hədiqətus-süəda” əsərində özünü necə göstərir?
– Əsərin "Dibaçə”sində aşılanan eşqin bəla ilə sıx bağlılığı şairin "Leyli və Məcnun” poemasında və lirikasında da əsas yer tutur. "Leyli və Məcnun” poemasındakı aşağıdakı məşhur misralar buna əyani nümunə ola bilər:
 
Ya Rəb, bəlayi-eşq ilə qıl aşina məni,
Bir dəm bəlayi-eşqdən qılma cüda məni.
Az eyləmə inayətin əhli-dərddən,
Yəni ki, çox bəlalərə qıl mübtəla məni.
 
–  "Ədəbiyyatımızda "Hədiqətus – süəda”nı "Rövzətüş – şühəda” əsərinin tərcüməsi, yaxud yaradıcı nəzirə olaraq qiymətləndirən alimlərlə yanaşı, bu əsərin tamamilə orijinal əsər olduğunu da qeyd edənlər mövcuddur. Siz bu fikirlərdən hansının həqiqətə daha uyğun olduğunu hesab edirsiniz?
– Uzun müddət orta əsr tərcümə əsərlərinin əlyazma mətnləri üzərində araşdırma aparan bir mütəxəssis kimi mənim fikrim belədir: Müasir tərcümə nəzəriyyəsinin meyar və tələbləri prizmasından yanaşdıqda "Hədiqətüs-süəda”nı tərcümə saymaq mümkün deyil. Məsələyə klassik tərcümə sənəti meyarlarından yanaşdıqda və adı çəkilən əsərlərin məzmunlarını nəzərə aldıqda isə "Hədiqətüs-süəda”nı "Rövzətüş-şühəda”nın sərbəst – yaradıcı tərcüməsi kimi dəyərləndirmək lazım gəlir. Qeyd edim ki, "Hədiqətüs-süəda”nın klassik tərcümə nümunəsi sayılması sözügedən əsərin ideya və məzmun, eləcə də bədii keyfiyyətlərinə heç bir xələl gətirmir. Füzulinin qüdrətli və ecazkar qələmindən çıxan hər hansı bir əsər yüksək sənət nümunəsidir. Onu da qeyd edim ki, Füzulinin "Hədisi-ərbəin tərcüməsi” adlı əsəri də klassik sərbəst tərcümə nümunəsidir və dahi şairin bu əsəri yüksək sənətkarlıq xüsusiyyətləri ilə seçilir – Füzuli sözünün sehrini təsdiqləyir.
Füzulinin "Hədiqətüs-süəda” əsərində İmam Həsənin oğlu Qasımın evlənmə mərasimi eynilə Kaşifinin "Rövzətüş-şühəda” kitabında da vardır ki, bu da birincinin ikincidən sərbəst şəkildə tərcümə olunduğunu təsdiq edir. Qeyd edim ki, Kaşifi – vəfatı: 1504 – dövrünün nüfuzlu ilahiyyatçı alimi olmuşdur. Onun təkcə Quran təfsirinə dair "Məvahibi-aliyə” adlı əsəri müəllifin bu sahədə necə bir yetkin bir mütəxəssis olduğunu sübut edir. Bundan əlavə Kaşifinin "Kəlilə və Dimnə”dən təbdil etdiyi "Ənvari-Süheyli” əsəri hələ orta çağda fransızcaya və türkcəyə çevrilmişdir. Kaşifinin ömrünün sonlarında – 1502-ci ildə yazdığı "Rövzətüş-şühəda” əsəri isə müəllifinə daha böyük şöhrət qazandırmışdır. Düşünürük ki, Kaşifinin məhz belə bir böyük nüfuz sahibi olması üzündən Füzuli onun "Rövzətüş-şühəda” əsərindəki adı çəkilən məqamı olduğu kimi tərcümə etmişdir. Onu da qeyd edim ki, bu məqam bizim folklorumuzda da "Qasımın toy gecəsi” adı ilə məşhurdur. Bu fakt eyni zamanda  hər iki əsərin şifahi xalq ədəbiyyatına təsirini də təsdiqləyir. 
 
–        Kərbala müsibəti ilə bağlı yazılmış müxtəlif əsərlərin mövcud olmasına baxmayaraq, nə üçün türk dilində bu mövzunu özündə əks etdirən yeni bir əsər yazmağa ehtiyac duyur?
–        Füzuli "Hədiqətüs-süəda”nı həm öz zövqünə çox uyğun gəldiyinə – eşq fəlsəfəsi baxımından, – həm də milli təəssübkeşliyinə görə qələmə almış və  sübut etmişdir ki, onun doğma dilində də bu mövzuda yüksək sənət əsəri ortaya qoymaq mümkündür.
 
–  "Rövzətüş-şühəda” və "Hədiqətus-süəda” əsərlərinin birinci babında bəlalar çəkmiş eyni peyğəmbərlər haqqında məlumat verilməsinə baxmayaraq, Füzuli Hüseyn bin Vaiz Kaşifidən fərqli olaraq buraya İsa peyğəmbər haqqında da fəsil artırır. Sizcə, Füzuli bunu nə məqsədlə həyata keçirmişdi?
–        "Hədiqətüs-süəda” əsərində İsa peyğəmbər haqqında elan yarımbaşlıq cəmi iki kiçik cümlədən və iki beytdən ibarətdir. Bəli, bu hissə "Rövzətüş-şühəda” əsərində yoxdur. Bunun səbəbinə gəldikdə isə, fikrimcə, Füzulinin İsa peyğəmbərə olan özəl sevgisi, – şairin lirikasında və "Leyli və Məcnun”da İsa peyğəmbəri tez-tez anılmasını yada salaq, –  ilə izah etmək olar. Bir də ki, İsa peyğəmbər Qurani-Kərimdə ən çox adı çəkilən peyğəmbərlər sırasındadır. Görünür, bu amil də Füzulinin belə bir addım atmasında öz işini görmüşdür.
 
–  Əsərdə keçmiş zaman hadisələrindən bəhs olunmasına baxmayaraq, zəmanədən şikayət motivinə də rast gəlinir. Füzulinin dünyagörüşünə görə bunu necə açıqlamaq mümkündür? Bundan başqa, sizcə, Kərbala müsibətini özündə əks etdirən bu əsəri Osmanlı paşalarından olan Məhəmməd paşanın sifarişi ilə yazan Füzuli dini görüşü baxımından sünni məzhəbindən olan Sultan Süleymana nə üçün ithaf etmişdir? 
–        Füzulinin "Hədiqətüs-süəda” əsəri onun şiə məzhəbindən olmasını birmənalı şəkildə təsdiqləyən başlıca amillər sırasındadır. Bununla belə, düşünürəm ki, Füzuli məzhəblərin fövqündə dayanan böyük bir şəxsiyyətdir, bütövlükdə islam mütəfəkkiridir. Füzuli yaşadığı dövrdə hökmdar Sultan Süleyman idi, buna görə də sənətkarın bu əsərini, eləcə də "Leyli və Məcnun”u adı çəkilən hökmdara həsr etməsini təbii bir hal kimi qəbul etmək lazım gəlir. Onu da qeyd edim ki, Sultan Süleyman Qanuni "Hədiqətüs-süəda”nın baş qəhrəmanı olan  İmam Hüseynin Kərbəladakı məzarını ziyarət etmiş və sultanın buyruğu ilə həmin ərazi abadlaşdırılmışdır.
 
–  Kərbala həqiqətlərini gələcək nəsillərə ötürməyə çalışan Füzulinin dilinin aydınlıq və obrazlılıq baxımından güclü olmasına baxmayaraq, nə üçün sadə dildə hər kəsin başa düşə biləcəyi şəkildə deyil, kitab dilində yazmağı üstün tutmuşdur?
– Füzulinin özünəməxsus dil-üslub xüsusiyyətləri vardır. Bu üslub "yüksək üslub” və ya "kitab üslubu” adlanır. Əslində, Füzulidən başqa cür əsər gözləmək mümkün də deyil, çünki böyük şair bütün əsərlərində ilk növbədə yüksək obrazlılığa, lirizmə, poetikliyə üstünlük vermişdir. Bundan əlavə Füzuli dövrün  ənənəsinə görə, "Hədiqətüs-süəda”nı adi nəsrlə yox, qafiyəli nəsrlə yazmışdır (Qurani-Kərimin dili də belədir). Buna görə də "Hədiqətüs-süəda”nın dili müasir oxucu üçün bir qədər qəliz və çətin anlaşılandır. Füzuli dövrünün oxucusu isə üç dili (ərəb, fars, türk) sərbəst bilirdi və "Hədiqətüs-süəda”nı oxuyarkən heç bir çətinlik çəkmir, onu yaxşıca anlayırdı. Maraqlıdır ki, Füzulidən üç əsr sonra yaşamış maarifçi şair və yazıçımız Abbasqulu ağa Bakıxanov da Kərbəla faciəsi mövzusunda bədii əsər yazmışdır: "Riyazül-qüds”. Qeyd edim ki, A.Bakıxanovun qafiyəli nəsrlə yazdığı bu əsərinin dili "Hədiqətüs-süəda” ilə müqayisədə daha qəlizdir, çətin anlaşılandır, çünki "Riyazül-qüds” də qafiyəli nəsrlə yazılmışdır. Deməli, bu məsələ birbaşa üslubla bağlıdır. Hər iki sənətkar bütün əsərlərini yüksək, ali üslubda yazmışdır.  
 
Söhbətləşdi: Fərid Hüseyn