• cümə, 29 Mart, 03:38
  • Baku Bakı 7°C

Bu məktəbdə oxumaq xatirinə oxumurlar - Reportaj

21.04.14 10:24 4310
Bu məktəbdə oxumaq xatirinə oxumurlar - Reportaj
Bir müddət bundan öncə məşhur türk müğənnisi Özcan Dəniz Azərbaycanda konsertdən sonra demişdi ki, “azəri tamaşaçıların musiqi duyumu o qədər güclüdür ki, onlardan alqış almaq üçün həqiqətən də alqışa layiq oxumalısan. Çünki, onlarda uşaqdan böyüyə hər kəs musiqini bilir, duyur və anlayır”. Etiraf edək ki, xalqımızın musiqi mədəniyyəti hər zaman diqqət mərkəzində olub və yetirdiyi dünya şöhrətli musiqiçilərlə anılıb. Biz də musiqini tədris edən, istedadlı musiqiçilər yetişdirən məkandan - musiqinin danışdığı ünvandan reportaj hazırlamaq qərarına gəldik. Beləliklə, Bülbül adına orta ixtisas musiqi məktəbindəyik...
“Sənətə fərqlilik gətirəcəm”
Hələ binaya çatmamış, ətrafa yayılan musiqi səsi bizi ora doğru aparırdı. Məktəbə daxil olduqda, buranın ab-havası, musiqinin həzin səsi insanı sanki ayrı dünyadaymış kimi hiss elətdirirdi. Mühafizəçi ilə danışdıqdan sonra musiqi sədalarının gəldiyi sinif otaqlarına doğru irəlilədik. Günorta vaxtı olduğu üçün artıq birinci növbənin dərsləri bitmək üzrə idi. Bu səbəbdən bəzi valideynlər dəhlizdə uşaqlarının dərsdən çıxmasını gözləyirdilər. Böyük sinif şagirdləri isə müəllimləri qarşısında ifa etməyə hazırlaşdıqları üçün çox sevincli idilər. Onlar əllərində öz çalğı alətləri ilə zəngin vurulmasını gözləyirdilər. Bu şagirdlərdən biri də Orxan Cəlilov idi. 18 yaşlı musiqiçi bildirir ki, artıq 5 ildir ki, professional musiqi ilə məşğul olur. O, həm vokal oxuyur, həm də skripkada çalmağı bacarır: “Uşaqlıqdan musiqişünas olmaq istəyirdim. Çünki, bizdə musiqi duyumu nəsildən gəlir. Öz üzərimdə işləyib gələcəkdə uğurlu işlərə imza atmaq arzusundayam. Bu gün sənətdə elə adam yoxdur ki, həm musiqişünas, həm də vokalist olsun. Mən bu fərqliliyi sənətimizə gətirmək istəyirəm”. Həmsöhbətimiz öz istedadı ilə həmyaşıdlarından fərqlənərək, bir sıra nailiyyətlərə imza atıb. Yaşının az olmasına baxmayaraq, xarici ölkələrdə, beynəlxalq müsabiqələrdə Azərbaycanı təmsil edib 1-ci, 2-ci, 3-cü yerlərə layiq görülüb.
Gənclər muğama qulaq asmır
Orxanla söhbət etdikdən sonra musiqi səsi gələn digər otaqların axtarışına çıxırıq. Otaqlardan birində muğam ifa edən gənc diqqətimizi çəkir. Ayaq saxlayıb bu möhtəşəm ifanı dinlədikdən sonra gənc xanəndənin fikirlərini öyrənirik. Məftun Səfərli adlı 17 yaşlı xanəndə hələ uşaq yaşlarından muğam dinləyirmiş. O deyir ki, indi musiqişünas olmayan gənclər demək olar ki, muğama qulaq asmırlar: “4-5 yaşlarımda evdə olarkən televiziyada muğam oxunan kimi qulaq asırdım və bu musiqi mənim zövqümü oxşayırdı. Daha sonra valideynlərim də bu sahəyə olan marağımı hiss etdilər və musiqi təhsili almağım üçün mənə dəstək oldurar. Burada öyrəndiklərim sayəsində artıq ölkəmizi digər ölkələrdə təmsil edir və müsabiqələrdə iştirak edərək nailiyyətlər qazanıram”. Gələcəkdə Ağaxan Abdullayev, Alim Qasımov kimi ifaçı olmağı qarşısına məqsəd qoyan Məftun hətta qəzəllər də yazır.
15 yaşlı Atabəy İsmayılov isə tarda ifa edir. O, prezident təqaüdçüsüdür və 4 yaşından musiqi ilə maraqlanmağa başlayıb. Atabəy yaşının az olmasına baxmayaraq, Fransada, İtaliyada yerlər tutaraq ölkəmizi layiqincə təmsil edib. O, gələcəkdə Həsən Dadaşov, Ramiz Quliyev kimi sənətkar olmaq istəyir. Əsas məqsədi isə sənəti ilə dünyaya əks-səda salan tarzən olmaqdır.
“Brava” müsabiqəsinin qalibi
Digər otaqda skripkada ifa edən gənc xanım diqqətimizi çəkdi. Gənc tələbə o qədər gözəl ifa edirdi ki, ayaq saxlayıb ona qulaq asmamaq olmurdu. Dərsin bitməsini gözlədikdən sonra, söhbət etmək üçün gənc skripkaçıya yaxınlaşırıq. Söhbət əsnasında məlum oldu ki, 17 yaşlı skripka ifaçısı Aytən İbrahimova Brüsseldə keçirilən “Brava”adlı müsabiqədə ölkəmizi təmsil edərək 1- ci yerə layiq görülüb: “Valideynlərim musiqiçi olduğundan mənim də uşaqlıqdan bu sənətə xüsusi marağım var idi. İşimdən zövq aldığım üçün daim öz üzərimdə işləyir və ölkəmizi digər ölkələrdə təmsil edirəm. Ən böyük nailiyyətim isə Brüsseldə Azərbaycanı 1-ci yerə çıxarmaq olub. Dünyaca məşhur ölkələrlə birlikdə ölkəmin adının yüksəklərə qaldırılması mənim üçün fəxrdir”.
Xatırladaq ki, “Brava” müsabiqəsində yer tutan tələbələr universitetə qəbul imtahanı zamanı qabiliyyət imtahanından azad olurlar. Aytən də məhz belə tələbələrdəndir.
Məktəbdə yalnız gələcəyin professional sənətkarları yetişdirilir
Tələbələrlə danışdıqdan sonra, musiqi işləri üzrə direktor müavini Aytən Əhmədova ilə söhbətləşmək üçün ikinci mərtəbəyə yollandıq. Bizi gülərüzlə qarşılayan müavin bizimlə məktəb haqqında məlumat verdi və bildirdi ki, bu məktəbdə hazırda 307 şagird təhsil alır: “Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil müddəti on bir ildir. Təhsilin bütün pillələri tam dövlət təminatındadır. Orta ixtisas musiqi məktəbinin başlıca vəzifələri respublikada musiqi istedadı olan uşaqları aşkara çıxarmaq, onlara müasir tələblərə cavab verən yüksək peşə bilikləri almaq üçün əlverişli şərait yaratmaq, tədris planını və proqramlarını daim təkmilləşdirmək yolu ilə şagirdlərin nəzəri və peşə hazırlığında fundamental elmlərin əhəmiyyətinin yüksəldilməsini, incəsənət və mədəniyyət sahəsində elmi-metodiki nailiyyətlərin daha dolğun şəkildə əks etdirilməsini təmin etməkdir”. Direktor müavini deyir ki, məktəbin direktoru xalq artisti Teymur Göyçayev burada ixtisarlar aparıb və oxumaq xatirinə yox, sırf sənətə həvəsi olan və professional şəkildə çalışmaq istəyən tələbələri məktəbdə saxlayıb: “Bundan 5 il öncəyə qədər məktəbdə 600-dən çox tələbə təhsil alırdı. Lakin onların bəziləri bu sənətə istədikləri üçün yox, oxumaq xatirinə gəlmişdilər. Musiqi elə bir sənətdir ki, onu yalnız sevməli və hiss etməlisən. Sevmədinsə, bu sahədə uğurlu olmağın mümkün deyil. Bunun üçün məktəbdə ixtisarlar aparıldı ki, əsl sənətkarlar yetişdirilsin”. Həmsöhbətimiz deyir ki, məktəbdə şagirdlər yalnız bir sahəni öyrənməklə kifayyətlənmir. Burada onlara bir sənət yox, ikinci bir sənət də öyrədilir: “Məsələn, xanəndə elə bir sənətdir ki, onun səsi hər zaman tutula bilər. Xüsusilə kişi müğənnilərin heç bir qarantiyaları yoxdur ki, nə vaxta qədər oxuya biləcəklər. Direktorumuz bütün bunları nəzərə alaraq göstəriş verib ki, şagirdlər yalnız öz sahəsində yox, ikinci bir sahədə də ixtisaslaşsın. Buna görə də, onlar həm ixtisas dərsləri alır, həm də başqa alətlərdə ifa edirlər”. Söhbət əsnasında məlum oldu ki, tələbələrinin xaricdəki uğurlarına sevinən rəhbərlik bu gün bir şad xəbər də alıb. Belə ki, onların tələbələrindən olan Cəmilə Fransada keçirilən “Flame Copetition” adlı müsabiqədə ölkəmizə birincilik gətirib.
Reportajımızı bitirdikdən sonra, bu sehirli yerdən musiqi sədaları altında ayrılırıq.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər