• cümə, 29 Mart, 10:14
  • Baku Bakı 5°C

Bu məkana oğlanlar yalnız xanımlarla gedə bilərlər - Reportaj

31.05.19 14:00 8014
Bu məkana oğlanlar yalnız xanımlarla gedə bilərlər - Reportaj
Hansısa bəy bu məkanın qapısını döyüb içəri daxil olmaq istəyirsə, "biz xanımlara xidmət göstəririk” cümləsini eşidir, ya da, "həftənin 3-4-cü günləri xanımlarla gələ bilərsiniz” cavabını alır. Məkan xanımlar üçündür və burda hər bir şey onların maraq və zövqlərinə uyğun hazırlanıb. Söhbət "Ooh la la” antikafesindən gedir.

Adı, antikafe söhbətindən tutmuş, məkanla bağlı mənə maraqlı gələn məqamlar çox idi, ona görə baş çəkib suallarıma cavab tapmaq istədim. İlkin təəssürata əsasən, buranın xanımların içəri daxil olanda "Ooh la la” deyə biləcəyi bir yer olduğunu deyə bilərik.

Bizi məkanın yaradıcılarından olan Taleh Şirinov qarşıladı, elə ayaqüstü söhbət zamanı məlum oldu ki, iki oğlan dost birləşib xanımlar üçün belə bir məkan yaradıblar. Sosial şəbəkə səhifələrində "Bu, gender ayrı-seçkiliyidir” tipli suallarla qarşılaşmışdım. Elə bu sualın cavabı da maraqlı idi. Xanımlar üçün ayrıca belə bir məkanın olmasına nə ehtiyac var idi? T.Şirinov deyir ki, bunu nə xanımlar, nə də bəylər ayrı-seçkilik kimi qəbul etməsinlər: "Bizim məkanın mahiyyəti yalnız kafe, yeyib-içməkdən ibarət deyil. Biz buranı qadın klubu üslubunda təşkil etmişik. Heç bir kişi demir ki, qadın klubu niyə var? Buranı restoran, kafe kimi deyil, qadınlar üçün bir məkan adlandıra bilərik. Əgər ayrı-seçkilikdirsə, onda gərək qadın klubları olmasın”.


"Sırf kişilərin gedə biləcəyi məkanlar çoxdur”

2 otaq kafe, 2 otaq atelye, 1 otaqlı mətbəxdən ibarət olan, nostalji abı-hava yaradan məkanın dizaynı fransız üslubunda hazırlansa da, ümumilikdə bütün nüanslar Azərbaycana bağlıdır. Bəs niyə fransız üslubu? Taleh bildirdi ki, götürdükləri məkanın dizaynı belə bir qərar vermələrində rol oynayıb: "Bundan əvvəl Əli adlı dostumla balaca SMM agentliyimiz var idi. Ofisimiz Fəvvarələr Meydanı tərəfdə yerləşirdi. Alt mərtəbədə kafe fəaliyyət göstərirdi. Bir gün məkanı kirayə verən şəxs zəng vurdu ki, sizin ofisi qonşunuz kafeyə veririk, yaxşı pul təklif edirlər. Həmin vaxt müştərilərimiz də azalmışdı. Həmin yeri antikafeyə çevirmək qərarı aldıq. Bu zaman da fikirləşdik ki, yer balaca olduğu üçün xanımlar gəlməyəcək, kişilər daha çox olacaq. Və dedik ki, onda elə biz də sırf xanımlar üçün yer edək. Çünki onsuz da bizdə sırf kişilərin gedə biləcəyi məkanlar çoxdur, amma yalnız xanımların gedə biləcəyi kafe, antikafe yoxdur. Məkan yenə də balaca gəlirdi, amma ağlıma xanımlar üçün belə bir yer açmaq ideyası qoymuşdum, ona görə dostumla daha böyük bir yer axtardıq və buranı bəyəndik. Bu binanın dizaynı Avropasayağı idi, ona görə qərara aldıq ki, retro tərzdə, fransız üslubunda bir yer olsun”.

Antikafenin nə olmasına gəlincə, Taleh bu haqda da danışdı: "Antikafe kafe qaydalarının əskinə olan yer deməkdir. Burda ofisiant olmur, hər kəs evindəki kimi özünə qulluq edir. Əslində, bizdə antikafe olsa da, ofisiantımız da var. Kim istəsə özünə xidmət edir, kim istəsə biz qulluq edirik”.

Biz də antikafe xidmətindən istifadə edib, özümüzə qulluq etmək istədik, amma "bu dəfə biz sizə qulluq edək, gələn dəfə özünüzə xidmət göstərərsiz” cavabı aldıq. Olsun, bizə belə də xoşdur.


"Bizdə təkcə antikafe deyil, həm də...”

"Ooh la la”nın mənasına gəlincə isə, öyrəndik ki, fransız sözüdür, hiss bildirən ifadədir. İnsanın müsbət bir şeyə təəccüblənərkən verdiyi reaksiyadır.

Məkanın təsisçisi burda xanımlara təqdim olunan xidmətlər haqqında da məlumat verdi: "Bizdə təkcə antikafe deyil, həm də atelye var. Xanımlar geyim məsələsində həssasdırlar və bunu da nəzərə almışıq. Kitab rəfimiz var, kitab oxumaq üçün gözəl şərait yaradırıq. Bizim mərkəzdən kovörkinq kimi də istifadə edə bilərlər. Kino axşamlarımız olur, qız-qıza film izləmək istəyənlər gələ bilər. Mafiya gecələri təşkil edirik. Antikafenin xüsusiyyətlərindən biri də stolüstü oyunların olmasıdır, Bizdə bu da var. Xanımlar üçün müxtəlif mövzularda təlim və seminarlarımız da olur. Eyni zamanda ad günləri, xına mərasimləri, toyların ildönümləri və s. tədbirləri də təşkil edirik. Xidmətlərin sayını getdikcə daha da artırırıq. Burda sakitlik, hüzur var. Qonaqlarımız dincələ bilirlər”.


Həftənin 3-4-cü günləri bəylər də gedə bilər, amma...

"Həftənin 3-4-cü günləri antikafemizə yarınızla təşrif buyura bilərsiniz” deyə paylaşımları var. Resepşn Səma Məstəliyeva deyir ki, bunu xanımların istəklərinə əsasən ediblər: "Bizdə ilk olaraq ancaq xanımlarla bağlı idi. Elə xanımlar var ki, "belə daha rahatdır, oğlanlar olmasın” deyirlər. Ancaq ailəli, nişanlı, sevgilisi olan bəzi xanımlar dedilər ki, gözəl yerdir, biz öz yarımızı da bura gətirmək, belə yerdə birgə vaxt keçirmək istəyirik. Onları nəzərə alıb bəylərin xanımlarla birlikdə gələcəyi günlər təyin etdik. Həmin günlər sevgilisi, nişanlısı, həyat yoldaşı, dostu fərqi yoxdur, yanında xanım varsa, oğlanlar bura gələ bilər. Əgər qrupla xanım və bəylər gəlirsə, ya əlli-əlliyə olmalıdır, ya da çox hissəni xanımlar təşkil etməlidir”.


Xanımların karpizinə dözməklə bağlı danışanda Səma artıq buna alışdığını bildirdi. Taleh isə "bu məkanı açmışıqsa, xanımların kaprizinə dözməliyik” dedi: "Əlli faiz xanımların elə çox kaprizi olmur, onlar bizi başa düşür, biz də onları. 50 faiz isə çox kaprizlidir. Ancaq biz bu məkanı açanda, xanımlarla işləyəcəyimizi bilirdik və o nazı da sevə-sevə çəkirik”.

Bir neçə saat məkanda olduq, bu müddətdə ancaq nostaljiyə kökləyən musiqilər eşitdik. Bildirdilər ki, müştəriləri nostalji abı-havanı çox bəyənirlər: "Bu günün musiqilərini onsuz hər yerdə dinləyə bilərsiniz. Bizdə monitorlarda retro stilində filmlər və moda nümayişlərindən kadrlar göstərilir. Musiqilərimiz də retrodur. Biz bu günün mahnılarını dinlətmirik. Canlı musiqi olanda, müştəri sifariş verərsə, qarışmırıq”.

Ayaqqabı, dodaq, dırnaq boyası, eynək...

Bura xanımların bolluca şəkil çəkdirə biləcəyi yer də demək olar. Məkanın əməkdaşları söhbət zamanı bildirdilər ki, xanımlar bu imkandan o ki var, yararlanırlar. Hətta deyirlər ki, bura gələn xanımların vaxtının çoxu şəkil çəkdirməyə gedir: "Məqsədimiz bu deyildi, amma belə alınır. Çünki burda fərqli dekorasiyalar var, xanımlar da hər birində şəkil çəkdirməyə çalışırlar”.

Getdiyin yerdə hansısa əşyanı unutmaq normal haldır, amma maraqlısı odur ki, burda əşyalarını unudan xanımlar sonra heç onların arxasınca gəlmirlər də: "Ayaqqabı, dodaq, dırnaq boyası, eynək, içində pul olan pulqabı və s. qalıb, amma arxasınca gələn yoxdur. Bununla bağlı sosial şəbəkədə paylaşım edəcəyik, xanımlar əşyalarını gəlib götürsünlər”.

"Təklif və ideya” kitabı

Divarda maraqlı dizaynda asılan "Təklif və ideya” kitabını vərəqlədik. Təklif və ideya kitabı olsa da, iradlar da var idi.

Ülviyyə: "Məkan və ünvanı çox gözəldir. Şəkil çəkdirmək üçün idealdır. Hətta rəfiqəmlə aşırı dərəcədə çox şəkil çəkdirdik. Ancaq çox oturduğumuz üçün acdıq. Yeməklər də olsa, daha yaxşı və ideal olar. Yenə gələcəyik”.

Qumru Cəbrayılova: "Çox bəyəndim, buranın gözəlliyi həmişə belə qalsın. İdeyam odur ki, mətbəxinizdə şokoladlı şirniyyatlar çox olsun. Mətbəxiniz çox gözəldir”.

Taleh deyir ki, bu fikirlər onların işini təkmilləşdirmək cəhətdən önəmlidir. Mətbəx məsələsi ilə bağlı müştərilərin fikirlərini nəzərə alırlar və davamlı olaraq menyuya əlavələr edilir.

Otaqda bir qutu qoyulub, yanında isə belə bir sual yazılıb: "Nə sizin əhval-ruhiyyənizi hər zaman daha yaxşı edir?” Bu suala cavabını və əlaqə nömrəni yazıb qutuya atırsan, bir müddət sonra kafe rəhbərliyi qutunu açır, içərisindəki ən maraqlı cavabın sahibi ilə əlaqə saxlayıb ona hədiyyə verirlər. Bildirdilər ki, bu sual tez-tez dəyişir.


"Xanımların məkanında bəylər gözlədə bilər”

Biz xanımların məkanına 3-cü gün getmişdik, yəni xanımların yanında oğlanlara da giriş üçün icazə olan gün idi. Lakin hələ ki ancaq xanımları görürdük. Tək əyləşən Almaz Bunyatovaya yaxınlaşıb söhbətləşdik. Almaz dedi ki, sevgilisini gözləyir: "Birinci dəfədir bura gəlirəm. İnstaqramda səhifələrini izləyirdim, sırf xanımların və bir də oğlanların yalnız xanımlarla gələ biləcəyi bir yer kimi diqqətimi çəkdi. Özüm dizayn üzrə təhsil alıram, buranın dizaynı da mənə maraqlı gəldi. Tək deyiləm, sevgilim də gəlir, sadəcə bir az gecikir”.

"Sevgiliniz sizi niyə gözlədir?” sualımıza isə Almaz belə cavab verdi: "Xanımların məkanında bəylər gözlədə bilər. Burda o imkanı onlara vermək olar (Gülür)”.

Münasib qiymətlər

"Ooh la la” səhər saat 10-dan axşam 10-a qədər işləyir. Deyirlər ki, səhər yeməyi üçün öncədən yazılan olanda iş 9-da başlayır, gecə müştəri olanda isə ən son müştəriyə qədər açıq olur. Qiymətlərə gəlincə, bir nəfərin bir saatlıq məkanda qalması, çay, kofe, şirniyyatlardan istifadəsi 4 manat dəyərindədir. Eyni zamanda qiymət daxilində karaokedən istifadə edə, oyunlar oynaya, kitab oxuya bilərlər. Menyudan əlavə sifarişlər olursa, artıq bu, ödənişə əlavə edilir.

Və xanımların məkanında bir neçə saat oldum, şirniyyatla çaylarından içdim. Ordan ayrılanda isə "biz sizə bir suşi qonaqlığı söz veririk” dedilər. Bu zaman bildim ki, menyuda xanımların sevdiyi yemək olan suşi də var. Özü də dadına zəmanət verdiklərini deyirlər.
Məkandan ayrılanda əlimi qapının dəstəyinə atırdım ki, əməkdaşlar gülərək əlavə etdilər: "Birinci xanımsınız ki, burdan çıxanda qapını rahatlıqla tapdınız (Gülürlər). Çünki qapı elə dizayn olunub ki, divardan fərqlənmir”.
Aygün Asimqızı













banner

Oxşar Xəbərlər