• cümə, 19 Aprel, 23:20
  • Baku Bakı 24°C

“Bu ölkədə hər kəs balaca, şirin və gülərüzdür” – Təhsil

13.01.15 10:01 2516
“Bu ölkədə hər kəs balaca, şirin və gülərüzdür” – Təhsil
“Malayziya haqqında heç bir məlumatım yox idi. Sadəcə 5 saat internetdə araşdırma apardıqdan sonra bu ölkəyə getməyə qərar verdim. İstəyim ingilis dilində təhsil almaq idi və bu ölkədə həm ingilis, həm də malayca danışırlar. Üstəlik, burada qanunlara çox ciddi riayət edirlər. Yəni sual belə verməzlər ki, bu qanun niyə var. Varsa, deməli, əməl etmək lazımdır”.
Bu sözləri bizimlə söhbətində Malayziyanın paytaxt şəhəri Kuala-Lumpurda yerləşən “University İndustry Selangor” universitetində MBA üzrə təhsil alan həmyerlimiz Sirac İmranoğlu (Məmmədov) dedi.
“Burada hər vaxt yaydır”
Müsahibimiz 1988-ci il ildə Göyçay rayonunun Mırtı kəndində anadan olub. Orta təhsilini (I-VI sinif) Göyçay rayon 5 nömrəli orta məktəbdə başlayıb, sonra isə Ağdaş Özəl Türk Liseyində davam etdirib. Məktəbi bitirdikdən sonra 2006-2010-cu illərdə Türkiyənin Əskişəhər şəhərində yerləşən Anadolu Universitetinin Maliyyə-kredit fakültəsində təhsil alıb. Malaziyaya isə hərbi xidmətinin başa vurduqdan sonra yollanıb: “Bakalavr təhsilimi bitirdikdən sonra hərbi xidmətə yollandım. Əsgərlikdən sonra magistraturada oxumaq qərarına gəldim. Türkiyədən fərqli olaraq, magistr təhsilini ingilisdilli ölkədə almaq istəyirdim və bu istiqamətdə ən yaxşı təhsil verən ölkələrdən biri olaraq İngiltərəni seçdim. London Kommersiya Məktəbinə (London School of Commerce) MBA təhsili almaq üçün müraciət etdim və qəbul oldum. Amma İngiltərəyə getmək üçün viza ala bilmədim. London Kommersiya Məktəbi mənə onların Malayziyada yerləşən kampuslarında oxumağı məsləhət gördü. Malaziya haqqında məlumatım yox idi. Sadəcə 5 saat internetdən araşdırdıqdan sonra bu ölkəyə getməyə qərar verdim”.
Həmsöhbətimiz deyir ki, sözügedən ölkə haqqında araşdırma apararkən onların adət-ənənələri, yaşayış tərzi ona çox maraqlı gəlib. Bu ölkənin ən cəzbedici tərəfi isə orada hər vaxt yay olmasıdır: “Əslində mənim məqsədim hansı ölkə olmasından asılı olmayaraq, ingilis dilində təhsil almaq idi. Burada da təhsil ingilis dilində idi. Ən maraqlısı isə bu ölkədə hər fəsil yaydır. Mən də üzməyi çox sevdiyim üçün bu, diqqətimi çəkdi. Üstəlik, əmin idim ki, burada tam fərqli insanlar və adət-ənənələr görəcəm”.
“Gəyirmək normaldır”
Sirac Malaziya əhalisinin adət-ənənələri haqqında da məlumat verdi. Müsahibimizin sözlərinə görə, bu ölkədə hər kəs balaca, şirin və gülərüzdür. Yemək yeyərkən qaşıq və çəngəldən istifadə etmirlər. Adətən yeməkləri əllə yeyirlər. Ən maraqlısı isə burada gəyirmək normal hesab olunur. Heç kim gəyirənə gülmür və mədəniyyətsizlik kimi baxmır. Burada toylar çox sadə keçir. Sadə bir salon tuturlar. Gəlin də, bəy də milli geyimdə olur. Hər kəs yeməyini yeyir və sıra ilə şəkil çəkdirir. Bəzən həzin musiqi olur, amma oynayan olmur”.
Müsahibimiz deyir ki, Malaziyada həyat gecə başlayır: “Malaziya insanları qanunlara çox ciddi riayət edirlər. Hava isti olduğu üçün onlar asta hərəkət edir, heç yerə tələsmirlər”.
“Mədəniyyət şoku yaşadım”
Xaricdə yaşayan tələbələrin əksəriyyəti kimi Siracın da ilk çətinliyi ölkəyə uyğunlaşma ilə bağlı olub. İstər yemək mədəniyyəti, istərsə də insanların yaşam tərzi ilk günlər müsahibimizi təəccübləndirib: “Türkiyədə oxuduğum illərdə çox çətinliklə üzləşməmişdim. Yaşayış tərzlərimiz demək olar ki, qardaş ölkə ilə eynidir. Amma Malaziya tam fərqli mədəniyyətləri və mühiti olan bir ölkədir. Burada hər vaxt isti və bürküdür. Kondisionerlər demək olar ki, hər vaxt açıq olur. Yeməkləri, insanları və adət-ənənələri o qədər fərqlidir ki, onlara öyrəşmək çox çətin idi. İlk günlər mədəniyyət şoku yaşadım. Malaziyalılar demək olar ki, hər gün düyü yeyirlər. Çox sevdikləri, hətta meyvələrin şahı adlandırdıqları düryan adlı bir meyvə var ki, bundan çürümüş soğan iyi gəlir. Əvvəl sevməsəm də, indi bu meyvənin dəlisiyəm. Yeməklərinə, adət-ənənələrinə alışdıqdan sonra problemim olmadı. Azca malayca da bilirəm, asanlıqla ünsiyyət qurub onlardan biri kimi davrana bilirəm”.
“Land of fire Azerbaijan”ın rolu
Malaziyaların ölkəmiz haqqında məlumatlı olub-olmamasına gəldikdə, həmsöhbətimiz deyir ki, Malaziyada sadəcə yaşlı adamların ölkəmiz haqqında məlumatı var. Onun sözlərinə görə, İspaniyanın futbol klubu olan Atletiko Madridin futbolçuları meydana üzərində “Land of fire Azerbaijan” yazısı olan forma geyinənə qədər Malaziya gəncləri Azərbaycanı tanımırdılar: “İlk günlər malaziyalıların Azərbaycan haqqında, ümumiyyətlə, məlumatları yox idi. Yaşlı adamlar isə Sovet Rusiyasının əsarəti altında olduğumuzu bilirdilər. Atletiko Madridin formasında “Land of fire Azerbaijan” yazısından sonra maraqlanmağa başladırlar. Məsələn, indi gənclərə Azərbaycan deyəndə Atletiko Madrid yadlarına düşür. Həm də buranın baş nazirinin ölkəmizə səfəri və neft şirkətlərinin müqavilələri sayəsində ölkəmizi tanımağa başladırlar”.
Təhsil sistemi
Təhsil sistemlərindəki fərqlərə gəldikdə, müsahibimiz deyir ki, bizim təhsil sistemimizlə onların sistemləri arasında kifayət qədər fər var: “Malaziyanın bir çox universitetlərində təhsil ingilis dilində aparılır. Həmin universitetlər də İngiltərə və ya Amerikanın hər hansı bir universitetinin proqramını izləyir. Hər dərsin qiymət balının 60 faizi araşdırmalardan, qrup şəklində olan layihələrdən, 40 faizi isə imtahanlardan gəlir. Burada imtahan sualları daha çox təriflərdən deyil, tələbənin problemə necə yanaşma üsulundan ibarət olur. Əzbərçilikdən daha çox araşdırmalara üstünlük verilir”.
Müsahibimizin sözlərinə görə, buradakı gənclər bizimkilərə nisbətən aktiv həyat tərzi keçirirlər: “Malaziya gəncləri həm dərslərini oxuyur, həm də aktiv həyat tərzi keçirirlər. Pis cəhətləri isə demək olar ki, bizimkilərlə eynidir. Siqaret çəkmək böyük iş hesab olunur. Paltarlarından tutmuş saç stilinə kimi özlərini avropalılara oxşatmağa çalışırlar”.
Drakula, yoxsa dragon...
Müsahibimiz başına gələn maraqlı hadisələrdən də danışdı: “Malaziyadan Azərbaycana qayıdırdım. Buranın meyvələrindən də aparmaq istədim. Bir yeşik meyvə yığıb ölkəyə gəlirdim. Meyvələrin içində dragon deyilən meyvə var ki, iri və yumru olur. Aeroportda məni saxladılar və dedilər ki, çantanda portağala oxşayan meyvə var? Dedim var, amma portağal deyil. İndi meyvənin adı yadımdan çıxıb, izah edə bilmirəm. Dedim bu drakula (balaca əjdaha – A.Ə.) meyvəsidir. Kişi ciddi baxışlarla mənə baxdı və tez çantamı açmağı tələb etdi. Meyvəni gördükdən sonra gülməyə başladı. Sən demə, meyvə drakula yox, dragon imiş... ”.
Sonda xaricdə təhsil alan həmyerlimiz gələcək planlarından da danışdı. O deyir ki, universiteti bitirdikdən sonra bir müddət Malaziyada çalışıb onların təcrübəsindən faydalanmaq istəyir: “Burada özəl şirkətlər çox yaxşı işçi yetişdirir və sanki özlərinə ayrı dünya qurublar. Ölkəyə qayıtmazdan öncə bir az burada çalışmağı planlaşdırıram. Düşünürəm ki, bu, karyeramda böyük irəliləyişə və uğura səbəb olacaq”.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər