Bu layihələr xalq-Prezident birliyini daha da möhkəmləndirir

Bu layihələr xalq-Prezident birliyini daha da möhkəmləndirir

Siyasət
11 Avqust 2019, 13:18 5366
Prezident İlham Əliyevin 2019-cu ilin əvvəllərindən sistemli şəkildə həyata keçirdiyi sosial siyasət inqilabi xarakter daşıyır və əhalinin böyük bir hissəsini əhatə edir. Bu, dövlətimizin başçısının 2018-ci ildə keçirilən prezident seçkilərindən əvvəl verdiyi vədlərlə tam olaraq üst-üstə düşür.
 
Bu sözləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Şahin İsmayılov deyib.
 
Deputat bildirib ki, Azərbaycan əhalisinin sosial rifahının yaxşılaşdırılması ölkəmizdə həyata keçirilən siyasətin əsas istiqamətini təşkil edir. Hər zaman çıxışlarında ölkəmizdə həyata keçirilən sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bildirən dövlətimizin başçısı daim bu sahəyə xüsusi həssaslıqla yanaşaraq, əhalinin rifah halının daha da yaxşılaşdırılması üçün müvafiq fərman və sərəncamlar imzalayıb. Təbii ki, 2019-cu ilin əvvəllərindən imzalanan sərəncam və fərmanlar da insanların sosial rifah halının yüksəldilməsinə xidmət edir və inqilabi xarakter daşıyır.
 
"Əlbəttə ki, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər, minimum əmək haqlarının, müavinətlərin artırılması, problemli kreditlər məsələsinin həlli və bu qəbildən olan digər qərarlar əhali tərəfindən olduqca müsbət qarşılandı. Heç şübhəsiz ki, bütün bunlar əhalinin gəlirlərinin artmasını, sosial vəziyyətinin yaxşılaşmasını təmin edir”, - deyə Şahin İsmayılov vurğulayıb.
 
Azərbaycan əhalisinin mütləq əksəriyyətinin Prezident İlham Əliyevi, dövlətimizin başçısının həyata keçirdiyi daxili və xarici siyasəti dəstəklədiyini bildirən Milli Məclisin deputatı qeyd edib ki, reallaşdırılan son sosial paketlər xalq-Prezident birliyini daha da möhkəmləndirir. "Əfsuslar olsun ki, hər zaman ölkəmizdə inqilabi sərəncamlar, fərmanlar imzalananda, müxtəlif uğurlar qazanılanda radikal müxalifət bu nailiyyətlərə, əhalinin rifah halının daha da yaxşılaşması istiqamətində görülən işlərə qısqanclıqla yanaşaraq, həqiqəti əks etdirməyən, şər-böhtan xarakterli, absurd fikirlərlə çıxış edir. Bu insanlar müxtəlif qarayaxma kampaniyaları ilə ölkəmizdəki xalq-iqtidar birliyini sarsıtmağa çalışırlar. Bu çirkin kampaniyalardan biri də Azərbaycan polisinə qarşı müşahidə olunur. Sosial şəbəkələrin imkanlarından istifadə edərək Azərbaycan polisini xalqın gözündən salmağa cəhdlər edilir. Lakin əminəm ki, onların bu çirkin əməlləri hər zaman olduğu kimi, yenə də heç bir nəticə verməyəcək. Çünki hər kəs bilir ki, Azərbaycan polisi öz vəzifə səlahiyyətlərini qanunlar çərçivəsində, peşəkarlıqla icra edir, ölkəmizdə asayişin keşiyində dayanır, fəaliyyətini yüksək səviyyədə davam etdirir”,- deyə deputat vurğulayıb.
 
Ötən 6 ayda Azərbaycanda kənd təsərrüfatı sahəsində də ciddi uğurların qazanıldığını diqqətə çatdıran Şahin İsmayılov bildirib ki, Azərbaycan bu sahəyə verdiyi dövlət dəstəyi baxımından dünyada nadir ölkələrdəndir. Kənd təsərrüfatı avadanlıqlarının alınması, müxtəlif subsidiyaların verilməsi və digər bu kimi digər addımları misal olaraq göstərmək olar. Hesab edirəm ki, kənd təsərrüfatı sahəsinə göstərilən diqqət, kəndlilər üçün yaradılan şərait yaxın gələcəkdə öz müsbət nəticələrini daha çox verəcək. Əlbəttə ki, artıq kəndlinin torpağa qayıtması bu sahədə əldə olunan ən böyük uğurdur. Bu gün insanlar torpaqdan daha səmərəli istifadə etməyə çalışırlar.
 
"Son müşavirədə dövlətimizin başçısının toxunduğu vacib məsələlərdən biri də süni qiymət artımı ilə bağlı məsələdir. Təəssüf ki, bəzən süni şəkildə qiymət artımının şahidi oluruq. Əlbəttə ki, bu hal ayrı-ayrı işbazların yanaşmalarının nəticəsində meydana çıxır. Bununla yanaşı, Azərbaycana idxal olunan məhsulların qiymətlərində müşahidə olunan artım həm də beynəlxalq bazarda baş verən dəyişikliklərlə bağlıdır. Bəzi qüvvələr bu məsələni də şişirdərək nəyəsə nail olmağa çalışırlar. Çünki onların başqa yolları yoxdur. Bu gün Azərbaycan sürətlə inkişaf edir, vətəndaşlarımızın sosial rifahının daha yaxşılaşdırılması istiqamətində mühüm qərarlar qəbul olunur. Onların isə başqa yolları qalmadığından məişət siyasətinə əl atmağa çalışırlar. Yəni, ən xırda məsələləri qabardaraq, siyasiləşdirməyə cəhd edirlər. Əlbəttə ki, bu mənasız addımlar həm də qeyri-peşəkarlığın göstəricidir. Bu gün Azərbaycanda Prezident ilə xalqın möhkəm və sarsılmaz birliyi mövcuddur və son qərarlar bu birliyi daha da gücləndirir”,-deyə Milli Məclisin deputatı vurğulayıb.