“Bu konsert mənim hesabatımdır”
Faytonçu Nazim Pişyari
noyabrın 29-da Heydər Əliyev Sarayında "Darıxmışam, Bakıdan danış” adlı konsert
proqramı ilə çıxış edəcək. Uzun illərdir ki, səhnədə olan ifaçı ilk dəfə solo
konsert proqramı ilə tamaşaçıların qarşısına keçəcək.Sağlamlığı ilə bağlı
məsələlər bir müddət gündəmdə olduqdan müğənni solo konsertlə diqqət mərkəzinə
qayıdacaq. İfaçı bizimlə söhbətində qeyd etdi ki, artıq keçmişlə yaşamaq istəmir
və həyatında yeni bir səhifə açmaq niyyətindədir. Bunun üçün konsert vermək ən
ideal vasitədir.
- Nazim bəy, konsertdən
gözləntiləriniz nələrdir?
- "Darıxmışam,
Bakıdan danış” konsertimdən gözləntilərim çoxdur. İstəyirəm ki, tamaşaçılar
burada məni fərqli Nazim kimi görsünlər. İnsanlar konsert zamanı asudə vaxt keçirsinlər,
istirahət etsinlər, əylənə bilsinlər. Zalda əyləşən insanların əhval-ruhiyyəsini
enerji olaraq qəbul etmək istəyirəm. Bilirsiniz ki, incəsənət adamları əhvaldan
asılı olurlar. Hər xırda nüans onlara təsir edir. Ümid edirəm ki, zalda əyləşən
insanların simasındakı təbəssüm mənə daha çox ruh verəcək. Demək olar ki, konsertin bütün proqramı
hazırdır. Rejissorumuz Aqil M.Quliyev, aparıcımız isə Kamran Həsənli olacaq.
- Demək olar ki, ikinci həyatınızı yaşayırsınız, həm də bu il 50 illik
yubileyinizdir. Belə olan halda, konsertinizin adını nə üçün "Darıxmışam,
Bakıdan danış” qoydunuz?
- Sağlamlığımla bağlı
Türkiyədə müalicədə olarkən Bakı üçün darıxırdım. Təəssüf ki, orada Azərbaycan
televiziyaları göstərmirdi, yalnız internet vasitəsi ilə xalq mahnılarımızı
dinləmək imkanım olurdu. Vətən, Bakım üçün burnumun ucu göynəyirdi. Bakının
küçələri, qoxusu... Vətənə dönər-dönməz, belə bir konsert proqramı ilə çıxış
etmək qərarına gəldim. Onu da deyim ki, konsertdə ifa edəcəyim bir mahnının
sözlərində də "darıxmışam, Bakıdan danış” ifadəsi var. Konsertin adını mahnının
sözlərinə uyğun seçmişik.
- Konsertin biletləri ucuzdurmu?
- Münasibdir. Belə ki,
biletlərin qiyməti 10-80 manat arası dəyişir. İstədik ki, konsertdə mahnılarımı
dinləmək istəyən bütün təbəqələrin nümayəndələrini nəzərə alaq. Hesab edirəm
ki, biletlər o qədər də əlçatmaz deyil.
- Solo konsert verməyi
necə qətiləşdirdiniz?
- Əslində dostlarım, ailəm, əhatəm hər dəfə mənə konsert
verməklə bağlı irad tuturdular. Hətta mənə yarızarafat deyirdilər ki, 50 yaşın tamam
olur, konsert ver ki, nə vaxtsa and içəndə deyəsən ki, 1 dəfə solo konsert vermişəm
(gülür). Artıq 50 illik yubileyimdir. Düşündüm ki, niyə də yubileyimdə özümə hədiyyə
etməyim? Bu yaşda konsert verməyib də nə vaxt edəcəm? Bu konsert mənim hesabatımdır.
- 50 yaşında konsert
proqramı ilə çıxış etmək gec deyilmi? Sizcə, bu konserti verməyə gecikməmisinizmi?
Axı sizin daha çox gündəmdə olan, mahnılarınızın dillər əzbəri olan zamanlar da
olub.
- Razıyam. Qəbul edirəm ki, gecikmişəm. Mənim həmkarlarım
silsilə konsert verdiyi halda, mən bundan imtina etmişdim. Hər işdə bir xeyir var.
İndi fərqli düşünürəm və özümü kamilləşmiş hesab edirəm.
- Konsertdən
gəlir götürməyi necə, düşünürsünüzmü?
- Düşünmürəm. Açığını desəm, indi hər şey bahadır, düşünürəm
ki, başa-baş çıxsaq, böyük şeydir (gülür). Əsas odur ki, ziyanla çıxmayaq. Qalan
hər şey düzələr. Qismətimdə nə varsa, o da olacaq. Əslində, mən çox təvazökar insanam.
Hər şeyə həssas yanaşıram.
- Konsertdə yeni
mahnılarınızı eşidə biləcəyikmi?
- Yeni mahnılarımdan Nadir Əzimov, Faiq Sücaəddinov,
Xanım İsmayılqızıdan olan mahnılarımı səsləndirəcəm. Çalışacam ki, onları da
sevilən mahnıların siyahısına daxil edə bilim.
- İndi müğənnilər
daha çox xərcləri çıxmasın deyə, aranjeman olunmuş mahnılara üstünlük verirlər,
yaxud da ki, ifa edəcəkləri mahnıları özləri yazırlar. Siz necə?
- Mənim elə bir istedadım yoxdur. Mahnı bəstələmək
fikrində də deyiləm. Üç-beş günlük mahnılar ifa etmək istəmirəm. Heç zaman
gündəmə gəlib-getmək üçün 3-5 günlük mahnı ifa etməmişəm və hər zaman
bəstəkarlarla işləmişəm. Əgər bəstəkarlara verməyə pulum olmasa, retro
mahnılarımıza müraciət edib, onları yeni bir tərzdə ifa edərəm.
- Konsertdə fayton
olacaq?
- "Faytonçu” mahnısı ilk ifa etdiyim
mahnı olacaq. Sizə bu barədə başqa heç nə deyə bilmərəm.
- Konsertdən
sonra hansı işləri görmək istəyirsiniz?
- Dekabrda İsrailə gedəcəm, orada iki konsertim
var. Qismət olsa, ondan sonra Amerikada - Filadelfiya və Kaliforniya
ştatlarında iki konsert proqramı ilə çıxış edəcəm.
- Sizin sağlamlığınızla
bağlı bir müddət mediada söz-söhbətlər gəzdi. O xəbərləri oxuyanda sarsıntılar keçirirdinizmi?
- İstər sağlam oldun, istər qeyri-sağlam, özü
haqqında bu cür xəbərlər oxuyan hər kəs xəstəliyə düşərdi. Haqqımda o qədər şeylər
yazırdılar ki. Hətta haqqımda danışılanlar mənə gəlib çatırdı və təbii ki, bu,
sağlamlığıma pis təsir edirdi. Çalışırdım ki, medianı izləməyim. "İt hürər, karvan
keçər” prizmasından yanaşmağa çalışdım.
- Həkiminizin
sizi bu hala gətirdiyi və sizə yanlış diaqnoz qoyulduğu deyilirdi.
- Öd kisəmdən uğursuz əməliyyat oldum. Mənə onkoloji
diaqnoz qoyuldu. Biz də İsrailə üz tutduq. Orada yoxlandım, dedilər ki, siz sağlamsınız,
heç bir probleminiz yoxdur. Türkiyəyə getdik, məlum oldu ki, həqiqətən məndə onkologiya
ilə bağlı heç bir problem yoxdur və sağlamam. Gördüyünüz kimi, bu gün sizlərin qarşısındayam.
Uğursuz əməliyyatın fəsadlarını bir il çəkdim. O həkimi məhkəməyə verdim və artıq
barışıq elan olunub. Həmin həkim də təzminatın
bir hissəsini mənə ödədi.
- İnsan dar gündə
dostu və düşmənini tanıyır. O çətin günləriniz sizə düşmənlərinizi tanıtdımı?
- İnsanlar üçün bu qədər önəmli bir şəxs olduğumu bilmirdim.
Bu xəstəlikdə xalqın mənə olan sevgisini gördüm. Tanımadığım insanlar mənə dəstək
oldu, yaşamağa ruhlandırdı. Kino və teatr xadimləri, xalq artistlərimiz, digər sənətçi
dostlarım mənim səhhətimlə maraqlandılar. Sosial şəbəkədə, telefonla mesajlar yazdılar.
Onların "darıxma, biz səninləyik” ruhlu mesajları mənə çox böyük dəstək oldu. O
ərəfələrdə həmin sözlərə o qədər ehtiyacım var idi. Həmin an bu sözlərin özü belə
insana dərman kimi gəlirdi. Məni pis günümdə xatırlayan hər bir dostuma təşəkkürümü
bildirirəm. İncidiyim insanlar olmadı. Həyatımız o qədər mürəkkəb, zaman o qədər
dardır ki, heç kimi günahlandırmıram və heç kimdən də incimirəm. Bəzən dostlarımın
başına elə hadisələr gəlir ki, mən də zamanında onların yanında ola bilmirəm, çatdıra
bilmirəm və ona görə də heç kimdən incimirəm. Həyatdır, ola bilsin ki, kimlərinsə
başına nəsə gəlib və mən də onların köməyinə çata bilməmişəm. Bunun üçün də belə
şeylərə normal baxıram.
- Həkim sizə onkoloji
diaqnoz qoyduqda hansı hissləri keçirdiniz?
- Sadəcə, ailəmi və övladlarımı düşündüm. Mənsiz onlara
nə olacaq, necə yaşayacaqlar - deyə düşünməyə başladım. İnsana ən əziz, doğma kim
ola bilər – təbii ki, onun ailəsi. Düzdür, şükür, bu gün hamı yaxşı-pis dolanır.
Ancaq "onların taleyi necə olacaq, onları yenə görə biləcəyəmmi” kimi fikirlər keçdi
ağlımdın.
- Bəs indi sağlamlıq
durumunuz necədir?
- Şükürlər olsun ki, hər şey yaxşıdır. Heç bir müalicə
almıram. Bu konserti məhz ona görə verirəm ki, insanlar görsünlər ki, faytonçu Nazim
sağlamdır və bu mövzu bağlansın. İstəmirəm, yoldan keçən kimsə desin ki, başına
gələnlər nə idi? Hadisə idi, oldu, bitdi... İstəyirəm ki, bu hadisə unudulsun və
tamaşaçıların yaddaşında konsert proqramı ilə qalım, məni belə xatırlasınlar. İstəyirəm
ki, həyatımın neqativ hissəsini hər kəs unutsun. Bilirəm ki, bunun üçün də vaxt
lazımdır.
- Demək olar ki, ikinci
həyatı yaşayırsınız?
- Əlbəttə, mən artıq ikinci həyatımı yaşayıram.
- Bəs bu həyatınızda
nələri dəyişmək istəyərdiniz?
- Artıq çox şeyləri dəyişmişəm - həyata baxışımı, prinsiplərimi.
Çalışıram ki, çox əsəbiləşməyim, hər xırda detala fikir verməyim. Mülayim insana
çevrilmişəm. Əvvəl çox çılğın idim. İndi o çılğınlıq yoxdur. Hər şeyə normal baxıram.
Əvvəllər nəsə alınmayanda çox əsəb keçirirdim, onu dərd edib deyinirdim.
- Siz Rusiyada
Azərbaycan toylarında ən çox çıxış edən ifaçılardan idiniz. İndi necə, sizi
dəvət edirlərmi?
- Səhhətimlə bağlı yaranan problemdən sonra
Rusiyaya əvvəlki kimi toylara getmirəm. Bu problem mənim Rusiya toy biznesimə
də təsir etdi. İnsanlar düşündülər ki, dəvət edərik, təyyarədə başına bir iş
gələr, ya burda səhhətində bir problem yaranar. Ancaq yerli toy, şou-biznesə
heç bir təsir göstərmədi. İnsanların beyinlərində suallar var idi və o suallar
aradan götürülüb. Tamaşaçılar görürlər ki, efirlərə də çıxıram, radioya da gedirəm
və ara-sıra mətbuatda da görünürəm.
Xəyalə Rəis