• cümə, 19 Aprel, 07:07
  • Baku Bakı 13°C

Bu kino ki var...

02.08.14 10:06 2264
Bu kino ki var...
Bu gün Azərbaycan kinematoqrafiyasının 116 yaşı tamam olur. Kino sahəsində çalışan işçilərin peşə bayramıdır. Bu münasibətlə kinoteatrlarımızda milli filmlər nümayiş olunarur, kino işçilərinin peşə bayramı qeyd edilir.
Şou əhli də Milli kino günü münasibətilə kino sahəsində çalışan sənətkarlarımızı bizim vasitəmizlə təbrik etdilər, kinomuzun böyük nailiyyətlər əldə etməsini arzuladılar.
Filmlərimiz qədim tarixə malikdir

Xalq artisti Flora Kərimova kino işçilərinin peşə bayramını təbrik edərək, sevincli olduğunu söylədi: “Milli kino günü münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edirəm. Azərbaycan filminə böyük uğurlar arzu edirəm. Nə qədər ki bizim gözəl ssenaristlərimiz, yazıçılarımız, aktyorlarımız var, o, həmişə yaşayıb, yaşayır və yaşayacaq. Bizim kinomuzun qüdrəti onun milli xüsusiyyətlərə malik olmasındadır. Bundan başqa, bizim filmlərimizdə bədii xüsusiyyətlər də var. Bütün sənətkarları Milli kino günü münasibəti ilə təbrik edirəm və onlara müvəffəqiyyətlər diləyirəm. Azərbaycan kinosu bütün dünya xalqlarının kinosundan seçilir. Çünki bizim filmlərimiz qədim tarixə malikdir. Bizim yüksək potensiallı aktyorlarımız var. İstərdim ki, ssenari sahəsində də irəliləyiş olsun. Bu gün bizim yaxşı ssenaristlərə ehtiyacımız var. İnanıram ki, bu problemlər də öz həllini tapacaq. Bugünkü bayram münasibəti ilə mən də ən azı kino işçiləri qədər çox sevinirəm”.
Onlara sevgi borcumuz var

Əməkdar artisti Aybəniz Haşımova milli kinomuzun daha da inkişaf edərək dünya səviyyəsinə çıxmasının ən böyük arzusu olduğunu dilə gətirdi: “Bizdə kino sənəti olub, var və həmişə də olacaq. Çünki kinonu sevən insanlar və ona qiymət verən xalqımız var. Azərbaycanın görkəmli sənətkarlarının, dünyamızda olan və olmayanların bayramlarını təbrik edir, onlara ailələrində uğurlar arzulayıram. Qoy hər zaman Azərbaycan tarixi üçün gözəl filmlər yaratsınlar. Dünyamızı tərk edən dəyərli sənətkarları da unutmaq olmaz. Onlar Azərbaycanın köklü sənətkarlarıdır ki, bu sənəti tarixdən tarixə insanların qəlbinə hopduraraq, sevgisini qazanaraq Azərbaycan mədəniyyətini inkişaf etdiriblər. Bizim onlara sevgi borcumuz var. Onları unutmamalıyıq. Çünki onlar hər birimizin sevimlisi, hər birimizin əzizi və qəhrəmanıdır. Bu gözəl gün münasibəti ilə bütün aktyorlarımızı təbrik edir, onlara bu şərəfli yolda uğurlar arzulayıram”.
Gözəl filmlər ərsəyə gətirsinlər

Əməkdar artist Baloğlan Əşrəfov bizimlə söhbətində kinonu sevən biri olduğunu dedi və bu gün efirlərdə gedən filmlərimizin keyfiyyətindən danışdı: “Kinematoqrafiyaya bağlı insanam. Kino sahəsində çalışan işçilərin əksəriyyəti mənim yaxın dostlarımdır. Belə ki, kino haqqında böyük məlumat sahibiyəm. Kinematoqrafiya işçilərini və kino sahəsində çalışan bütün əməkdaşları ürəkdən təbrik edirəm. Allah onlara can sağlığı versin ki, gözəl filmlər ərsəyə gətirsinlər”. Baloğlan Əşrəfov sonuncu dəfə Elxan Cəfərovun “Dolu” filminə baxdığın, filmin yaradıcı heyətini də təbrik etdiyini qeyd etdi.
Türk seriallarına deyil, öz filmlərimizə baxaq

Xalq artisti Səməd Səmədov Vaqif Mustafayev başda olmaqla bütün kinematoqrafiya işçilərini təbrik edərək, onlara yaradıcılıq yollarında uğurlar arzuladı: “Arzu edirəm ki, Avropada, Rusiyada, Türkiyədə, Hindistanda çəkilən filmlər kimi, bizdə də baxımlı, maraqlı filmlər çəkilsin. Həmin filmlər nəinki Azərbaycan efirlərində, dünyanın ən qabaqcıl ölkələrində nümayiş olunsun. Biz də türk seriallarına, filmlərinə deyil, öz filmlərimizə baxaq. Bir daha Azərbaycan kinematoqrafiyasının 116 yaşının tamam olması münasibəti ilə hamını təbrik edirəm”.
Kinolarımızda bizim qədər mahnı oxuyan olmayıb

Əməkdar artist Gülyaz Məmmədova yaradıcılıq dövrlərində kino sahəsində çalışan sənətkarlarla yaxından tanış olduğunu bildirdi: “Biz o müğənnilərdənik ki, kinolarımızda bizim qədər mahnı oxuyan olmayıb. Belə ki, dövlət kanalında, “Kinoklub” verilişində həm rejissorlarla, həm də aktyorlarla işləməyi öyrəndik. Bundan əlavə, dünyasını dəyişən məşhur aktyorlarla yaxın münasibətdə olduğumuz üçün çox şadıq. Həmin insanları gördüyüm üçün özümü xoşbəxt hesab edirəm. Ölən sənətkarlarımıza rəhmət arzulayıram. Qalan sənətkarlarımız isə bizim canlı tariximizdir. Keçmişə boylananda görürük ki, necə gözəl filmlərimiz olub. Çox istəyərdim ki, indi də elə filmlər çəkilsin. Kino sənətkarlarımıza can sağlığı arzu edirəm ki, əvvəlki kimi gözəl filmlər çəksinlər. Uşaq vaxtı seriallara baxanda onların tez bitməsinə heyfsilənirdim. Düşünürdüm ki, görəsən bu serialın bölümünü uzatmaq olardımı. Uşaqlıq arzum indi həyata keçib. Belə ki, indi seriallarımızın bölümləri uzandıqca uzanır. Amma seriallara baxandan sonra anladım ki, mənim arzum heç də yaxşı arzu deyilmiş. İndi bizim rejissorlar da maraqlı seriallar çəkirlər. Ancaq onların maraqlı anda bitməsi mənə çox pis təsir edir. Açıqca şikayət edirəm, insanın qəlbi, psixologiyası ilə oynamaq olmaz. Yerli seriallarımızın bir neçəsinə baxanda, orada uşaq orqanlarının alveri ilə məşğul olan insanları görəndə çox pis oldum. İstərdim elə filmlər çəkilməsin”. Gülyaz Məmmədova bizim vasitəmizlə kino sahəsində çalışanlara ismarış da göndərdi: “Qoy rejissorlarımız, aktyorlarımız bilsinlər ki, onları çox istəyirəm, onların yeri bizim qəlbimizdədir”.
Gözəl filmlər çəksinlər

Əməkdar artist Gülyanaq Məmmədova bizim vasitəmizlə Azərbaycanın kino sənətində əməyi olan bütün insanları təbrik etdi: “Dünyasını dəyişəm ssenaristlərimizə, rejissorlarımıza, aktyorlarımıza Allahdan rəhmət diləyirəm. Bu gün yaşayıb-yaradanlara, onların davamçılarına uğurlar arzulayıram. Necə ki bizim köhnə kinolarımız öz qiymətini itirməyib, indi çəkilən filmlərimizin də elə dəyərli olmasını arzulayıram. Bu gün kinematoqrafiyada olan bütün rejissorlara gözəl filmlər çəkmələrini arzulayıram”.
Kino sahəsində yeni nəsil görmək istəyirəm

Müğənni Əlikram Bayramov köhnə filmlərin daha çox baxımlı olduğunu, bu gün fərqli üslubda filmlərin çəkildiyini qeyd etdi: “Kino sahəsində çalışan bütün əməkdaşların peşə bayramları mübarək olsun. Kinomuzda yeni nəsil, yeni film görmək istəyirəm. Bizim filmlərimiz həmişə inkişafda olub və olacaq. Çünki yeni yetişən nəsil çox istedadlıdır. Filmlərimizi həmişə inkişafda görmək istərdim. Qoy filmlərimizdə dirçəliş olsun. Bütün aktyorları da təbrik edirəm, onlara can sağlığı arzu edirəm”.
“Oscar” mükafatını qazanaq

Elitstar Cəmilə İsgəndərova uşaqlıqdan Azərbaycan kinolarını izlədiyini, bu gün də həmin filmləri izləməkdən böyük zövq aldığını dedi: “Kino sahəsində çalışan işçiləri səmimi qəlbdən təbrik edirəm. Bizim nəsil Azərbaycan kinosunu izləyərək böyüyüb. Həmin filmlərdə iştirak edən aktyor-aktrisalara böyük hörmətim var. Çox istəyərdim, əvvəlki kinolarımıza oxşar kinolar çəkilsin. Onlara bənzər filmləri yerli televiziyalarımızda görmək istərdik. Yeni nəsildən də razıyıq. Onlar da xalq üçün bacardıqlarını edirlər. Azərbaycan filmləri ekranlarda tez-tez gedir. Xarici filmlərə baxanları da qınayıram. Birinci öz filmlərimizi izləsinlər, sonra kənar filmlərə baxsınlar. Adam birinci öz dilini, filmini, kökünü sevməlidir, sonra xaricilərə baxmalıdır. Kinomuza isə irəliləyiş arzulayıram. Arzu edirəm, Azərbaycan filmləri “Oscar” mükafatını qazansın”.
Biz də kino sahəsində çalışan bütün işçiləri təbrik edir, onlara tamaşaçı alqışları arzulayırıq.

Xəyalə Rəis
banner

Oxşar Xəbərlər