• şənbə, 20 Aprel, 06:30
  • Baku Bakı 14°C

“Bu kino dünya tənqidçilərinin “12 ən gözəl film” siyahısındadır” - Onun film seçimi

09.06.18 13:30 2317
“Bu kino dünya tənqidçilərinin “12 ən gözəl film” siyahısındadır” - Onun film seçimi
Hər kəsin maraqla izlədiyi, uzun müddət təsirindən çıxa bilmədiyi filmlər var. Kino sevənlərlə bu filmlərin adını bölüşmək, onları həm də seçim çətinliyindən xilas etmiş olar. Çünki yaxşı filmi tapmaq heç də asan məsələ deyil. Bu dəfə sizə kinoşünas, əməkdar incəsənət xadimi Aydın Kazımzadənin sevdiyi filmlərin siyahısını təqdim edirik

Kinoşünasın sevdiyi filmlər siyahısında «Mavi dənizin sahilində» filmi ilk sırada qərarlaşır: "Bu, Azərbaycanın ilk səsli filmidir. Bizim kinomuza səs bu filmlə gəlib. Ona görə də bizim üçün hər zaman çox əzizdir. Film dünya tənqidçilərinin "12 ən gözəl film” siyahısına daxil edilib. Bu fakt da filmin keyfiyyətindən xəbər verir”.

Siyahının ikinci pilləsində "Arşın mal alan” filmi dayanır: "Bu film mənim üçün ona görə dəyərlidir ki, orda Azərbaycanda hələ sovet hökumətinin qurulmasından əvvəlki dövrdən bəhs edilir. Burada hadisələr və həyat tərzi olduğu kimi öz əksini tapıb. Belə demək olarsa, kino Azərbaycanın o dövrdəki mahiyyətini özündə əks etdirir”.

A.Kazımzadənin növbəti seçimi "Bir cənub şəhərində” oldu: "Film sovet hökumətinin heç də tərifləndiyi qədər mükəmməl olmadığını hər kəsə göstərdi. Burada o hökumətin əsl üzü ortaya çıxıb. Həmçinin, bu kinodan sonra Azərbaycan kino sənətində böyük bir dönüş yarandı. Yalnız ondan sonra həqiqəti gerçəkliyi ilə əks etdirən filmlər çəkildi”.

Dördüncü yerdə "Babək” kinosu qərarlaşır: "Bu filmi ona görə sevirəm ki, orda Azərbaycan xalqının ancaq çalıb-oynamaqla məşğul olmadığı göstərilir. Bizim qəhrəman bir xalq olduğumuzdan bəhs edilir. Babəkin timsalında xalqımız ərəb istilasına qarşı mübarizə aparırdı. Filmdə Babək böyük bir sərkərdə, igid bir insan kimi canlandırılıb”.

Kinoşünasın sonuncu seçimi isə "Bizim Cəbiş müəllim” oldu: "Böyük Vətən Müharibəsində hər kəs qələbəni rus xalqının adına yazırdı. Film onu göstərdi ki, qələbədə Azərbaycan xalqının və digər respublikaların da böyük payı var. Eyni zamanda, filmdə Azərbaycan neftinin müharibədə nə qədər önəmli rol oynadığı göstərilir. Əgər bizim neftimiz olmasaydı, SSRİ heç vaxt faşistlərə qalib gələ bilməzdi”.

Şəbnəm Mehdizadə


banner

Oxşar Xəbərlər