• şənbə, 20 Aprel, 16:15
  • Baku Bakı 23°C

“Bu işi pula görə deyil, zövq almaq üçün edirəm”

29.09.18 11:00 1924
“Bu işi pula görə deyil, zövq almaq üçün edirəm”
Bütün əməyini, enerjisini sevdiyi işinə həsr edir. Uşaqlar üçün maraqlı kuklalar hazırlayır. Uzun illərdir peşəkarı olduğu bu iş indi onun sadəcə zövq mənbəyinə, hobbisinə çevrilib. Müsahibimiz geyim dizayneri, modelyer Teybə Muradovadır.

"Atam mənə dəstək olmasa da, inanırdı”

Teybə Muradova iki uşaq anasıdır. Rusiyada doğulub, orda da böyüyüb. Geyim dizayneri ixtisası üzrə qiyabi təhsil alıb: "Elə oxuduğum illərdən başlayaraq ixtisasım üzrə işləməyə başlamışam. Təxminən 8-9 il modelyerliklə məşğul olmuşam. Daha sonra 2 il yarım şəxsi atelye işlətdim. Daha çox toy geyimləri sifarişləri alırdım. Bu işə başlayanda ailəmdə heç kim mənə dəstək olmadı. Təkcə rəfiqəm məni həvəsləndirdi və birgə bu işi qurduq. Mənə dəstək olmasa da, atama mənə inandığı və istədiklərimi etməyə icazə verdiyi üçün təşəkkür borcum var. 26 yaşımda ailə həyatı qurdum və hər şeyi rəfiqəmə təhvil verib Azərbaycana gəldim. Bura gələndən sonra da başım ailəyə, uşaqlara qarışdı və işimə zaman ayıra bilmədim. Arada çox fasilə verdim. Buna baxmayaraq, işləmək həvəsim həmişə olub. İlk başda burda da iş qurmağa cəhd etdim, ancaq çətinliklərim çox oldu. Azərbaycan dilini də yaxşı bilmirəm deyə ünsiyyət qurmamda problemlərim olurdu. Yenə də boş oturmadım və internetdən izləyərək uşaqlar üçün oyuncaq kuklalar tikməyə başladım. İndi qohum, qonşuya geyimlər də tikirəm. Bir dəfə də Bakıda keçirilən əl işləri sərgisində hazırladığım 11 oyuncaq kukla ilə iştirak etdim”.


"Uşağa nə versən oynayacaq, deyə düşünmək doğru deyil”

Teybə əl işlərinin keyfiyyətli və hər birinin ayrıca hekayəsi olduğunu düşünür: "Onun hazırlanmasına sevgi, enerji sərf edilib. O hansısa bir hekayənin nəticəsidir. Düşünürəm ki, Bakıda əl işlərinə tələbat çox deyil. Avropada isə əməyə qiymət verirlər, əl işinə güvənirlər. Məsləhət görərdim ki, valideynlər uşaqlarına əl işi olan oyuncaqlar alsınlar. Əl işləri həm keyfiyyətli olur, həm də onu hazırlayan öz ruhunu, sevgisini işinə qoyur. Mən özüm də əl işlərinə üstünlük verirəm. Geyimlərimi özüm tikirəm. Bijuteriyaları alanda da əl işlərinə üstünlük verirəm”.

"9-cu sinfi bitirəndə bildim ki, bu sənəti seçməliyəm”

Özündəki bu qabiliyyəti uşaq yaşlarından kəşf edib. Məktəbdə ən sevdiyi fənn isə əmək dərsi olub: "Uşaq vaxtı nitqimdə problem yaşamışam. 3 yaşım var idi, ancaq danışa bilmirdim, kəkələyirdim. Pis olurdum ki, fikrimi deyə bilmirəm. 5 yaşında məni musiqi məktəbinə qoydular. Orda artıq dilim inkişaf etdi. Orta məktəbi pis oxuyurdum. Ümumiyyətlə, məktəbdə təhsil almaqdan heç zövq almamışam. Nitqim də yaxşı deyildi. Məktəbdə ancaq əmək dərsindən zövq alırdım və maraqlı şeylər tikirdim. Əmək müəllimim məni həvəsləndirirdi. 9-cu sinfi bitirəndə bildim ki, mən bu sənəti seçməliyəm və kollecə sənəd verdim. Orda hər şeyi öyrəndim”.


"Bunu pula görə deyil, zövq almaq üçün edirəm”

Məhsulları hazırlayanda rəng uyğunluğuna, elementlərə xüsusi diqqət yetirir. Ümumiyyətlə, fərqli rənglərin bir-birinə uyğunlaşdırılmasına çalışır: "Bir kuklanı hazırlamağa 15 manat pulum çıxır. Dəyərindən ucuz qiymətə satıram. Əvvəl bir kuklanın hazırlanmasına 5 gün vaxt sərf edirdim. İndi isə 5 günə 3 kuklanı paralel hazırlayıram. Sifariş edən ideyanı verəndə rahat oluram və vaxtım da az gedir. Ancaq özüm düşünəndə ki necə edim, onda çox vaxt gedir. Gözəlliklə yaşamaq lazımdır. İşimdən çox zövq alıram. Axşam 10-da uşaqları yatızdırdıqdan sonra yatmaq yerinə, nələrsə tikməyə gedirəm. İnanın ki, bütün yorğunluğum gedir. Özümü çox xoşbəxt hiss edirəm. Bu işi pul qazanım deyə deyil, zövq almaq üçün edirəm. Qapalı yerdə, kiminsə rəhbərliyi altında işləyə bilmərəm. Evdə mənə deyirlər ki, bekar qalmısan. Neynirsən, bu işləri görməyi? Mən yaradıcı insanam və o enerjini içimdə saxlaya bilmərəm”.


"Materialı tapmaq üçün mağazada düz 1 saat gəzirəm”

İşinin çətin tərəflərini sadalayan müsahibim ən böyük çətinliyini lazım olan materialı tapmaqda yaşayır: "Hərdən saatlarla mağazada dolaşıram. Satıcılar mənə qəribə baxır ki, bu, dəlidir deyəsən, niyə bu qədər gəzir, al get də. Sonra evə gəlirəm və ağlımdakı kuklanın şəklini çəkirəm. İşimin digər çətin tərəfi də odur ki, marağımı çəkən bir şey görəndə onu etmək üçün çox düşünürəm. Onu alındırmaq üçün vaxt lazım olur. Bir də, əsasən, kuklanın əllərini, ayaqlarını birləşdirəndə iynə əllərimə batır. Hər şeyi 100 faiz yaşamağı xoşlayıram. Dəlisov, çılğın biriyəm. Gələcək planlarıma gəldikdə isə, yeni evimizə köçəndə online master klassa başlayacam. Blog yaradacam ki, tanınım”.

Aygün Əziz




banner

Oxşar Xəbərlər