• çərşənbə axşamı, 19 mart, 10:07
  • Baku Bakı 8°C

“Bu işi Almaniyada görsəydim, fiaskoya uğrayardım”

22.06.18 09:00 4019
“Bu işi Almaniyada görsəydim, fiaskoya uğrayardım”
Rəssam-texnoloq Qismət Məmmədlinin əl işləri ilə onun sosial şəbəkədəki "Qızıl Əllər” səhifəsində tanış olduq. Onun əl işləri diqqətimizi çəkdi. Gənc rəssam tortların üzərindəki əl işləri ilə digər şirniyyatçılardan seçilir, meyvələrin üzərində etdiyi oymalarla diqqət cəlb edir. Hazırladığı 3D formatlı fiqurlarla öz biznesini daha da genişləndirir. Bundan əlavə, toy biznesini ələ alaraq məkanların bəzədilməsi və müxtəlif dekorların hazırlanması ilə məşğul olur. Biz də gənc rəssamı daha yaxından tanımaq qərarına gəldik.
Qismət Məmmədli Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. Ukraynada "İdarəetmə menecerliyi” ixtisası üzrə təhsilini davam etdirib. Rəssamlıq sənəti ilə uşaqlıqdan məşğul olub. 2012-ci ildən karvinq qənnadı sənəti ilə məşğuldur. Bu sənətlə kifayətlənməyib 3D fiqurlarının hazırlanması prosesini də uğurla həyata keçirir.
- Rəssamlıq Akademiyasının məzunusunuz. Yaradıcı insan olaraq xaricdə "İdarəetmə menecerliyi” ixtisası üzrə təhsilinizi davam etdirməyiniz sizi hədəfinizdən döndərmədi ki?
- Əsla. Rəssam gərək öz işlərini satmağı da bacarsın. Təəssüf ki, biz onu bacarmırıq. Məcburuq ki, bu işin də öhdəsindən biz yaradıcı insanlar gələk. Bu səbəbdən həmin ixtisasa da yiyələnməyi özümə borc bildim. Məhz onun sayəsində öz işimi qura bildim.
- Rəssamlıq sənətinə hansı arzu, istəklə gəlmişdiniz?
- Ümumiyyətlə bu sahə ilə məşğul olanda ağlıma belə gəlməzdi ki, şirniyyat sahəsi üzrə çalışaram. Bu sənətə gələndə yaradıcılıq işləri istehsal etməyi düşünmüşəm. Belə şeyə daha çox marağım olub. Uşaq yaşlarımdan modellər yığırdım, onların hazırlanma qaydasına baxırdım. Adi bir fincana baxanda hamı onu necə var, elə də görür, ancaq biz onun arxa tərəfini, fincanın hazırlanma prosesini görməyə çalışırıq. Bəzən fincana onu necə istifadə etmək olar deyə düşünərək baxırıq. Belə ki, baxdığımız fincandan lampa, güldan düzəlmək haqqında düşünürük. Bu işin də özəlliyi odur ki, daimi düşünürsən, nəyi necə edim, nə alınsın. Bir sözlə, harada yaradıcılıq varsa, biz ordayıq.
- Bəs necə oldu ki, bu sevgi sizi dekor, bəzək işlərinə gətirdi?
- İlk olaraq meyvə dizaynı ilə başladım. Buna karvinq sənəti deyirlər. Mənası oyma deməkdir və ilk dəfə Tailandda yaranıb. Karvinq taxta oymadır, tədricən başqa sahələrdə də tətbiq olunmağa başlayıb. Misal üçün, adi bir qarpızı kəsib ona istənilən formanı verirsən. Karvinq sənətini peşəkar səviyyəyə çatdırdıqdan sonra gördüm ki, bununla məhdudlaşa bilmirəm. Tək karvinqlə məşğul olmaq məni darıxdırır, yeni bir şey etmək qərarına gəldim. El şənliklərində şirniyyatların standart olduğunu və hər dəfə şirnilərə eyni bəzəklərin vurulduğunu gördüm. Düşündüm ki, niyə də sənətimi tortların üzərində tətbiq etməyim? İşlədikcə gördüm ki, burda daha maraqlı nələrsə etmək mümkündür. İlk tort sifarişim müğənnilərimizin biri tərəfindən gəldi. Belə ki, smoking geyiminin üzərində 2 fərqli qadın əlləri çəkməli idim. Qadınlardan birinin 18-22 yaş arası, digəri isə 35 yaşında nəzərdə tutulmalı idi. Əllərin quruluşunu, dərisini, dırnaqları hiperrealizm üslubunda işlədim. Bu, çox maraqla qarşılandı. Düşündüm ki, niyə də bu sənəti inkişaf etdirməyim. Bu sahədə bir çox uğurlarım oldu. Bakıda ərəb şeyxinin toyunda şeyxin iqamətgahının formasında tort hazırladım. Bu tort hər kəsin diqqətini çəkdi.
- Hazırladığınız tortların ən ucuzu neçəyə olub?
- Tortların minimal qiyməti hər zaman olub, amma maksimal qiyməti olmur. Tortun üzərinə elə bir detal qoya bilərsən ki, milyonlarla ölçülər. Məsələn, mən tortun üzərində real qızıl aksesuarlardan istifadə edirəm ki, onlar qida üçün nəzərdə tutulur. İsveçrə istehsalıdır və insan orqanizmi üçün də xeyirlidir. Ona minimal qiymət qoymaq olmur. Ərəb şeyxinin toyunda hazırladığım iqamətgah formasında tortun qapılarının önündə kiçik çilçıraqlar var idi ki, onlar brilyantdan idi. Ona görə sizə dəqiq qiymət deyə bilmərəm.
- Sosial şəbəkələrdə sizi Qismət Məmmədlidən çox "Qızıl Əllər” deyə tanıyırlar.
- "Özdad” şirkəti tərəfindən 2 dəfə "Qızıl Əllər” mükafatına layiq görüldüm. Ondan sonra qərara gəldim ki, "Qızıl Əllər” adlı kompaniyamı yaradım. Təcrübədən keçirdiyim sahələri birləşdirdim. Burada furşet, meyvələrin dizaynı, dəbdəbəli xüsusi sifarişlə ərsəyə gələn tortlar və 3D fiqurlar, bəzək üçün dekorasiyaların hazırlanması ilə məşğuluq.
- Hazırda üzərində çalışdığınız şirniyyat varmı?
- İndi bir işimi təhvil verdim. Sifarişçi bəy İstanbul boğazında sevdiyi xanıma evlilik təklifi edib. O tortun üzərində həmin səhnəni canlandırmaq istəyir. Həmin səhnəni xəyalımda canlandırdım və ona başqa bir dizayn verdim. Belə ki, İstanbul boğazının özünü - Ayasofya məbədi, Kız kulesi ilə o mənzərəni canlandırdım. 3 metr uzunluğu 4 metr eni bir tort ərsəyə gəldi.
- Bəs 3D fiqurlarını necə hazırlayırsınız?
- 3D fiqurlarını müxtəlif materiallardan hazırlayırıq. Sifarişçilər hər hansı bir obrazı istəyirlər. Biz də həmin obrazları hazırlayırıq. Onlardan bəzilərini kirayə veririk, bəzilərini satırıq. Müxtəlif məkanlarda bəy-gəlin masalarını bəzəyirik. Dekorasiyalar, süni ağaclar, çiçəklərin hamısı bizə məxsusdur.
- 3 D fiqurları hazırlamağı necə qərara aldınız?
- Dekor sənəti ilə məşğul olanda gördüm ki, nəsə çatmır. Standart, şablon şeylər gözümüzü yorur. Qərara gəldim ki, 3D fiqurlar hazırlayım. 3D fiqurunda ilk sifarişim yol polislərinin istifadə etdiyi "BMW” markalı nəqliyyat vasitəsi olub. Mən o modeli yığdığım zaman YPX işçilərinin minik avtomobillərinə baxırdım. Onlar da mənə baxıb, niyə onların avtomobilinə diqqətlə baxdığımı düşünürdü. Maşının aerodinamikası, onun əyrilik dərəcəsinə baxıb ölçü götürürdüm. Polislər də mənə qəribə baxırdı. Öz işimi onlara göstərəndən sonra yol polis işçisi maşınını yanımıza gətirib dedi ki, buna bax, daha yaxşı işlə. Daha sonra "Ferrari” hazırladım. Bunu hazırlamaq çox çətindir. Bu maşını hazırlayanda mənə aydın oldu ki, elmdən milyonlar qazanmaq mümkündür. "Ferrari”nin dizaynı çox inkişaf edib. O, cəmi bir xətt üzərində yığılıb. Onu axtarıb tapmaq mənim üçün böyük bir uğur idi. Nə qədər dahi olasan ki, maşını bir xətt üzərində yığasan.
- Rəssamlığı 3 istiqamətdə birləşdirirsiniz, bunlardan hansı daha gəlirlidir?
- Azərbaycanda yeməyə çox önəm verirlər. Dekor işinin əziyyəti çox olsa da, gəliri o qədər də çox deyil. Tortların bəzədilməsində isə gəlir çoxdur. Dekoru hər kəs edə bilir, ancaq tortu hər kəs yaxşı bəzəyə bilməz.
- Tortların üzərində sənət əsərləri yaratmaq ideyası sizə haradan gəldi?
- Bir çox yerli dəbdəbəli toylarımızda tortu bişirmək üçün dekorçunu xaricdən gətizdirirdilər. Hansı ki, o şirniyyatçılar tortu çox baha qiymətə ərsəyə gətirirlər. Bu da müştərini aldatmaqdan başqa bir şey deyil. Orda çox aldadıcı nüansların olduğunu gördüm. Bu da mənə təsir edirdi. Axı biz bunu bacarırıqsa, niyə onu xaricdən gətizdirməliyik.
- Rəssam şəkil çəkməlidir deyə bir düşüncə var. Gənc rəssamlar isə bu stereotipləri məhv edirlər.
- Əvvəllər mən də elə düşünürdüm ki, ixtisasımı bitirdikdən sonra emalatxanam olacaq və orda şəkillər çəkəcəm. Ancaq sonra gördüm ki, tək bununla dolanmaq olmur. Rəssamlığı başqa sahəyə tətbiq edəndə daha gəlirli olur. Həyatın inkişafına gətirən amil riyaziyyatdır. Riyaziyyatla rəssamlığın birləşməsi proqress yaradır. Misal üçün, fotoaparat. Sürdüyümüz avtomobil riyazi hesablama sayəsində gedir. Rəssamlıqla onun aerodinamik quruluşunu verirlər. Geyindiyimiz paltarları tikiş maşınları tikir, anacaq onu rəssamlar dizayn edir.
- Demək olar ki, toy biznesini ələ almısınız.
- Bizdə hər şeyi bayağı edirlər. Qonşuda var, məndə niyə yoxdur prinsipi ilə yaşayanlarımız çoxdur. Həyatı boyu düşünməzdim ki, toy biznesinə gələrəm. Madam ki, burdayam, etdiyim işi zövqlə görməyə çalışıram. Bunu Almaniyada etsəydim, fiaskoya uğrayardım.
- Səbəb?
- Xaricdə özəl günlərdə balaca bir tort olsa kifayət edir. Xaricdə qıza gül alanda, onu dünya hesab edir. Bizim qızlara hədiyyə olaraq gül alanda deyir bunun hədiyyəsi hanı (gülürük).
- Rəssamların ikinci evləri emalatxanalar olduğu halda, sizin çalışdığınız məkan varmı?
- Bəli, mənim də çalışdığım bir emalatxanam var. Ən gözəl sənətkarlar sərgilərdə deyil, emalatxanalarda olur. Elə sənətkarlar tanıyıram ki, çox peşəkar rəssamlardır. Emalatxanalardakı rəssamlarımızın zamanında PR olsaydı, onlar Leonardo da Vinçidən də məşhur olardılar. Sadəcə olaraq ömürlərini emalatxanalarda keçiriblər. Onların bacarığından da istifadə edilir.
- Nə mənada?
- Əmək baxımından. Onlar sadəcə olaraq gəlirləri hesabına sifarişli işlər görüblər. Bəziləri həmin rəssamların əl işləri hesabına xarici rəsm festivallarında yer tuturlar.
- Gələcək hədəfləriniz nələrdən ibarətdir?
- Hədəflərim hazırladığımız məhsulları xaricə ixrac etməkdir. Həmin məhsulları "Made in Azərbaycan” brendi altında istehsal etmək istəyirəm. Bundan başqa, qısametrajlı filmlər çəkmək niyyətindəyəm. Qeyd edim ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində mərhum televiziya rejissoru Tariyel Vəliyevdən rejissorluq təhsili almışam.
- Aktyor olmağı necə, istəmisiniz?
- Aktyor olmaq istəməmişəm. Əslində, rəssam yaxşı aktyor olur. Belə ki, rəssam aktyorun jestinə, mimikasına, plastikasına bələddir. Gərək insan öz sahəsini çox da bölməyə. Fiziki olaraq bunu çatdırmaz.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər