AZE | RUS | ENG |


“Bu işdə özümdən başqasını görmürəm” - İncəsənət

“Bu işdə özümdən başqasını görmürəm” - İncəsənət
Gülçin Aslanlı dünyada vitraj üzrə tanınmış rəssam olmaq iddiasındadır


Bu gün Azərbaycanda kifayət qədər istedadlı rəssamlar var. Ancaq vitraj sənəti ilə məşğul olan rəssamlarımız barmaqla sayılası qədərdir. Vitraj rəngli şüşələr, şəffaf boya və ya işıq ötürən örtüklər vasitəsilə hazırlanan, müxtəlif süjet və ornamentlərdən ibarət rəsm əsəridir. Bu sənətlə məşğul olmaq da hər rəssamın işi deyil. Bu sənət növünü, oradakı incəlikləri ictimaiyyətə tanıtmaq üçün vitraj ustası Gülçin Aslanlının əl işləri ilə tanış olduq. Onunla elə öz emalatxanasında söhbət etmək şansımız oldu. Müsahibimlə bu sənətə olan ümumi maraqdan və özünün gələcək planlarından danışdıq.
Gülçin Aslanlı Beyləqan şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini isə Bakı şəhərində alıb. Anası ədəbiyyat, atası kamança müəllimi kimi çalışıb. Gülçin xanımın incəsənətə böyük marağı olsa da, valideynləri onu başqa istiqamətə yönləndirməyə çalışıblar. Nəticədə, müsahibim Ukraynanın Xarkov şəhərindəki Beketov Universitetində "Turizm menecmentliyi” ixtisasını bitirib. Turizm sahəsi üzrə ali təhsil alsa da, onun incəsənətə olan marağı hər zaman üstün olub. Bir ay turizm sahəsində çalışan G.Aslanlı sonra daxilindən gələn səsin arxasınca gedib. Beləliklə, o, arzularına doğru böyük yol almağa başlayıb.
 
- Gülçin xanım, rəssamlığa olan həvəs sizdə nə zamandan yaranmışdı?
 
- Uşaq yaşlarımdan müxtəlif səpkili şəkillər çəkirdim. Hətta çəkdiyim şəkillər sərgilərdə də yer alıb. Rəssamlığa olan sevgim sonsuz idi. Ailə üzvlərim məndə olan bu sevgini görüb, mane olmağa çalışırdılar. Onlar mənim gələcəkdə rəssam olmağımı istəmirdilər. Elə oldu ki, istedadlı rəssamımız Əli Şəmsini tanıdım. Əli müəllimlə sənət barədə söhbətlər edir, öz əl işlərimi göstərirdim. Bir dəfə ona şüşə üzərində çalışdığım bir əsəri göstərdim. O da əsərə baxıb, şüşə üzərində işləməyin çətin olduğunu və bunun məndə çox yaxşı alındığını dedi. Əslində, bu da mənə bir stimul verdi. Ondan sonra hər dəfə işlərimi Əli Şəmsiyə göstərirdim. Sonuncu dəfə Əli müəllim əl işimə baxıb dedi ki, artıq hazır rəssamsan (gülürük). Bundan sonra bu sahəyə daha da çox maraq göstərməyə başladım. Bir müddət İçərişəhərdə qalereyada fəaliyyət göstərdim. Orada vitraj üzrə müəllim kimi dərs dedim.
 


- Bəs indi planlarınız nədir?
- Hazırda "Şahin” şirkətlər qrupunda çalışıram. Bu şirkətlər qrupunun yaxın zamanda böyük bir layihəsi icra ediləcək və bu layihədə mənim də payım olacaq. Şirkətin nəzdində qalereyam açılacaq. Öz qalereyamda da ilk fərdi sərgim olacaq. Fərdi sərgimlə qalereyanın açılışını elan edəcəyik. Bütün bunlar aprel ayının axırında baş tutacaq. İnşallah, zamanı gələndə bunu hər kəs görəcək.
 
- Bəs, "Şahin” şirkətlər qrupu ilə əməkdaşlığınız nə vaxtdan başladı?

 
- Şirkətlər Qrupunun prezidenti Şahin Hüseynli işlərimi "İnstagram”da gördü və  mənimlə işləmək istədiyini bildirdi. Şahin müəllim vitrajı çox sevir. Mən də qaleraya üzrə layihəmi ona təqdim etdim. Bildirdim ki, Azərbaycanda da belə bir şey etmək olar. Düzdür, indiyə qədər həmkarlarımın da qalereyaları olub, ancaq bu, fərqli bir qalereya olacaq. Qalereyanın tərkibində bir çox işlər görməyi düşünmüşəm.


 
- Atanız da incəsənət adamıdır. Yəqin ki, incəsənətə olan maraq sizə atanızdan keçib.
- İncəsənətə heç məktəbə getməmişdən əvvəl marağım vardı. Sentyabrda 1-ci sinif üçün məktəb bazarlığını edəndə, mən məktəbə getmək istəmirdim. Anam mənə dəftər-kitab yerinə filamaster, boya alırdı. Şəkil çəkməyi çox sevirdim. Valideynlərim gördülər ki, bu iş çox xoşuma gəlir, amma rəssam olmağımı istəmirdilər, beləliklə, məndəki marağı azaltmağa çalışdılar. Onlar istəyirdilər ki, mən musiqiçi olum. Qeyd edim ki, mən həm də 35 nömrəli Georgi Şaroyev adına 7 illik uşaq musiqi məktəbində piano ixtisasını bitirmişəm.
 
- Bəs indi necə, pianoda ifa edirsinizmi?

 
- Düzü, neçə ildir pianonun "ağzını” açmıram (gülür).
 


- Təhsil aldığınız turizm sahəsi üzrə işləmək istəmirsinizmi?
 
- O ixtisas üzrə bir ay işləmişəm. Deyim ki, bu sahədə bacarığım da var idi. Sadəcə, incəsənət məni daha çox özünə çəkdi. Bundan sonrakı fəaliyyətimi rəssam kimi davam etdirmək istədim və istəyimə də nail oldum. Mən bu işi görməyə başlayarkən heç zaman maddiyyat barədə fikirləşməmişəm. Ailənin tək uşağı olduğumdan, hər şeylə təmin olunmuşam. Amma bu işə başlayandan bəri ailəmdən bir qəpik də olsa almamışam. Sırf öz büdcəmlə, 4 boya dəsti ilə işə başlamışam. Çalışdıqca da pul qazanmışam və qazandığım bütün pulları boyaya verib, daha çox işlər görməyə cəhd göstərmişəm.
- Elə bu da uğura gedən yolun bir hissəsidir. Maraqlıdır, gələcəyə dair hədəfləriniz nələrdir?
- Hədəflərim nəinki Azərbaycanda, dünyada vitraj üzrə tanınmış rəssam olmaqdır.  Bu, mənim ən böyük hədəfimdir. Bilirəm ki, bir zaman öz hədəflərimə çatacam. Vitraj dünyada ölü bir sənət kimi tanınır. Bunun lap başlanğıcı şüşənin ilk istehsalı ilə əlaqədardır. Bu sənətdən hətta XVII əsrdə Romada istifadə edilib. Osmanlı dövründə saraylarda, kilsələrdə daha çox istifadə olunub.
 
- İndi vitrajdan haralarda istifadə olunur?
- Hazırda bu sənət nümunələrindən əsasən kilsələrdə istifadə edilir. Elə qədimdən bu sənət kilsədən gəlibdir. Azərbaycanda da vitrajlara tələbat var. Belə ki, evlərdə pəncərəni, qapıları bu yolla bəzəmək istəyən insanlarımız az deyil. Normalda bizdə bu tip rəssamları xaricdən gətizdirirlər. Ölkədə cəmi 3-5 vitraj ustası var, onlar da yalnız qablar üzərində çalışırlar.
 

 
-  Bu sənət pul gətirən sahədirmi?
 
- Əlbəttə! Ortalama, bir pəncərənin ərsəyə gəlməsi təxminən 4 mindən başlayaraq 15 min manata qədər gedib çıxır. Baxır işə. Əgər əsərin xırdalıqları çoxdursa, o zaman işin qiyməti qalxır. Şüşə elə bir şeydir ki, üzərində işləyərkən kontur sürüşüb qəfildən başqa bir yerə gedir və onu silmək artıq çətin olur. Silsən də, izləri qalır.
 
- Belə başa düşdüm ki, hər rəssam vitraj sənəti ilə məşğul ola bilməz.
 
- Elədir. Bu da rəssamlığın bir növüdür. Hər rəssam şüşə üzərində işləyə bilməz. Bu, rəssamdan ciddi səbir tələb edir.
 

 
- Bəs niyə məhz vitraj sənətini seçdiniz?
 
- İlk dəfə şüşə üzərində işləmələri "Torqovı”da, indiki Nizami küçəsində gəzərkən mağazaların birində gördüm. Baxdım  ki, armudu stəkan üzərində maraqlı bir əl işi var. Bu məni özünə cəlb etdi. Qərar verdim ki, mən də şüşə üzərində işləməyə başlayacam. İlk olaraq xalam qızının yanına getdim. O da rəssamdır. Xalam qızı mənə izah elədi  ki, bu, vitraj sahəsidir. İlk dəfə olaraq bir armudu stəkan götürdüm və üzərində işləməyə başladım. Artıq armudu stəkanlardan başqa işlərə keçmişəm. Sifariş götürmüşəm, böyük qapının üzərində işləyəcəyəm, dərin mənalı bir iş olacaq.
 
- Bəs üzərində çalışdığınız şüşə qabların alıcıları olurmu?
 
- Əlbəttə. Xüsusi müştərilər var ki, daima belə əsərlər istəyirlər. Qiyməti də o qədər ucuz deyil. Çünki bu iş gözün nurunu aparır. Rəssamlar belə işin üzərində 4-5 saat işləyə bilmirlər, tez yorulurlar. Elə olur ki, balaca bir işin üzərində 10-12 saat işləyirəm. 1-2 saat işləyəndə elə hesab edirəm ki, həmin gün işləməmişəm. 12 saatın sonunda kofemi içə-içə işə baxıram və bütün yorğunluğum çıxır.


 
- Görəcəyiniz işi əvvəlcədən fikirləşirsiniz, yoxsa ilham gəlir, sonra işləyirsiniz?
- Elə olur ki, bir rəsmin üzərində iki gün fikirləşirəm. Sonra onu bir kənara qoyuram, işə başlamaq istəmirəm, ağlıma başqa bir fikir gəlir. Adi bir musiqiyə qulaq asanda da, internetə baxanda da, qəfildən mənə ideya gələ bilər. Bir dəfə ideya gəldisə, o zaman işə başlayıram. İşlədikcə, yeni-yeni fikirlər meydana çıxır və sonda rəngi necə olacaq - bunu əvvəlcədən bilmirəm. Buna işləyə-işləyə qərar verirəm.
 
- Əsasən nədən ilhamlanırsınız?
 
- Ən çox musiqi dinləməyi sevirəm, oturub musiqilərə qulaq asa-asa düşünürəm, fikirləşirəm ki, nələr etmək olar. İnternetdə kilsələrə, onların quruluşuna, orada yer alan rəsmlərə baxıram. Mən kilsələri sevirəm. Kilsələrdə oluram, gəzirəm, baxıram, çünki vitraj oradan yaranıb. Vitraj əslində ilk dəfə qəbir abidələrinin üzərində işlənilib. Oturub onlara baxıram, şəkillərini çəkirəm. Kopyalamağı xoşlamasam da, oradan bəhrələnə bilirəm. İşləyəndə xoşlayıram ki, tək olum, yanımda heç kim olmasın. Musiqi sədaları altında işləməyi daha çox sevirəm.

- Şüşə elə bir şeydir ki, qırıla, sına bilər. Olubmu ki, şüşə üzərində çalışanda, çatlayıb, ya da sınıb?
 
- Olub. Bir dəfə həvəslə bakal işləmişdim, yerinə qoymaq istəyəndə əlimdən düşüb qırıldı. Əsəb keçirdim. Bir az sakitləşəndən sonra gəlib təzədən işləməyə başladım.
 
- Bəs tablo üzərində işləyirsinizmi?
 
- Bundan əvvəl çəkirdim. Mən abstrakt üslubda işləməyi sevirəm. Bəzən qablarda da abstrakt üslubunu yamsılayıram, xoşlayıram, sırf naxışla işləmirəm. Sətiraltı mənalar olur ki, onları özüm bilirəm. Diqqətlə baxan insan onu görə bilir.
 
- Tanınmış rəssamların biri ilə söhbət edirdim. O, qeyd etdi ki, dünyada məşhur olan qarışıq rəngli əsərlər heç bir məna kəsb etmir. Heç rəssamların özləri belə bilmirlər ki, çəkdikləri əsər nədir. Bəs siz necə düşünürsünüz?
 

-         O rəssamın kimliyindən xəbərsizəm.  Ancaq bu fikirlərinə görə ona böyük hörmətim yarandı. Bu sözlərə görə ona minnətdarlığımı bildirirəm. Həqiqətən, mən yüzdə yüz bu fikirlə razıyam. Rəssamlıqda əsas PR-dır. Sənin PR-ın güclü olsa, sənə elə dəstək olarlar ki, çox yükəsklərə qalxarsan. O qədər rəssamlar görmüşəm ki, işini bəyənməmişəm. Amma tanınmayan elə rəssamlar var ki, işləri sadəcə möhtəşəmdir. Mən işimdə hər bir detalı izah edə bilərəm ki, bunu nəyə görə eləmişəm. Abstrakt bu deməkdir. Əgər bir əsər yaradırsansa, onun sətiraltı mənasını insanlara ötürməlisən. Rəssam kimi doğulmaq lazımdır, sonradan rəssam olmaq olmur. Bu həvəs mənim içimdə var. Tərifləmək kimi çıxmasın, vitraj üzrə hazırda Azərbaycanda özümdən başqasını görmürəm. Çünki mən sənətimi düşünürəm, buna görə görmürəm. Kimsə pulu qırağa qoyub sənəti düşünsə, mən ona rəqib olaram. Amma pulu düşünüb sənəti qırağa qoyduğuna görə, mən onu özümə rəqib görmərəm. Pul mənim üçün həmişə ikinci dərəcəli olub.


 
- Qeyd etdiniz ki, sonradan rəssam olmaq çətindir. Sizcə, bu sənətdə təhsil önəmi deyil?
- Quyuya su tökməklə quyu dolmur. Su quyunun özündə olmalıdır. O istedad sənin içindən gəlməsə, heç nə yarada bilməzsən. Nəyə görə mən bacarmadığım, marağım olmadığı sahə üzrə sırf pula görə məşğul işləməliyəm? Sən bildiyin işin dalınca get, o pul özü gəlib səni tapacaq. Belə olsa, hamı öz sahəsini gözəl bilər, həm də maddiyyat baxımından çox gözəl qazanar.


 
- Vitraj sənəti ilə məşğul olan rəssamlarımız çox azdır. Bəlkə öz brendinizi yaradasınız?
 

- Əslində "Şahin” Şirkətlər Qrupunun daxilində belə bir layihə ilə bağlı fikir mübadilələri aparırıq. Artıq Azərbaycanda öz brendimizi yaradacağıq. Bu, sırf mənim adımla bağlı bir brend olacaq.
 
Xəyalə Rəis
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7027
GBP 1 İngilis funt sterlinqi 2.2128
TRY 1 Türk lirəsi 0.4760
KWD 1 Küveyt dinarı 5.6080
SEK 1 İsveç kronu 0.1949
EUR 1 Avro 1.9047
CHF 1 İsveçrə frankı 1.7467
USD 1 ABŞ dolları 1.7023