Bu, internetin inkişafına ciddi təkan verəcək

Bu, internetin inkişafına ciddi təkan verəcək

Siyasət
22 Oktyabr 2012, 14:53 1434
Beynəlxalq İnternet İdarəçiliyi Forumunun Bakıda keçirilməsi, ilk növbədə, bu sahənin Azərbaycanda dəyərləndirilməsi kimi qiymətləndirilir. Bunu Trend-ə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

PA rəsmisinin sözlərinə görə, Azərbaycan internet sahəsində ən qabaqcıl ölkələrdən biridir, internet istifadəçilərinin sayına, internetin tətbiqinə, yayım məsələsi və digər imkanlarına görə bölgənin tanınmış ölkələrindəndir.

"Beynəlxalq aləm də Azərbaycanda internetin vəziyyətini dəyərləndirərək bu beynəlxalq konfransın Bakıda keçirilməsinə qərar verib", - o bildirib.

Onun sözlərinə görə, bu, həm də Azərbaycanda internetin inkişafına ciddi təkan verəcək.

"Bütün beynəlxalq internet idarəçilərinin, Avropanın bu sahə üzrə dövlət və qeyri-hökumət təşkilatları nümayəndələrinin bu forumda iştirakı gələcəkdə Azərbaycanda internetin inkişafını daha da stimullaşdıracaq və bu sahənin inkişafına dəstək verəcək. Əlbəttə, Azərbaycanda həmin günlərdə sərginin də keçirilməsini nəzərə alaraq, ölkə bütün dünyada internet istifadəçilərinin diqqət mərkəzində olacaq", - Həsənov deyib.

PA rəsmisi, həmçinin qeyd edib ki, Azərbaycan yaranmış fürsətdən istifadə edərək öz imkanlarını nümayiş etdirəcək, eləcə də mövcud sahənin inkişafı ilə bağlı beynəlxalq təcrübəni öyrənib gələcəkdə respublikada tətbiq edəcək.

Xatırladaq ki, noyabrın 6-dan 9-dək Bakıda Beynəlxalq İnternet İdarəçiliyi Forumu keçiriləcək. Forumun Azərbaycanda keçirilməsi ölkəmizdə internetə, sosial mediaya olan dəstəyin bariz nümunəsidir.