• cümə, 29 Mart, 11:21
  • Baku Bakı 5°C

«Bu institutun yaradılması zərurətdən meydana gəlib»

07.11.14 11:32 2234
«Bu institutun yaradılması zərurətdən meydana gəlib»
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin noyabrın 5-də keçirilən iclasında akademiyanın yeni yaradılan Dünya Siyasəti İnstitutunun direktoru vəzifəsinin icrası tarix elmləri doktoru, professor Musa Qasımlıya həvalə olunub. M.Qasımlı «Kaspi» qəzetinə müsahibəsində institutun gələcək fəaliyyəti, strukturunun formalaşdırılması barədə məlumat verib.
- Musa müəllim, Dünya Siyasəti İnstitutunun yaranması ilə bağlı qərar hansı zərurətdən gündəmə gəldi?
- İndiyədək ölkəmizdə belə adda institut mövcud olmayıb. Belə bir institutun yaradılması Azərbaycan elminə ölkə başçısının verdiyi qayğının təzahürlərindən biridir. Hazırda Elmlər Akademiyası sistemində ciddi struktur islahatları aparılır. Bu islahatlar Azərbaycan elminin keyfiyyətinin yüksəlməsinə, istehsalatla daha yaxınlaşmasına və dünyaya çıxmasına kömək edəcək. Belə adda institutlar dünyanın müxtəlif ölkələrində var. Həmin institutlar adətən beynəlxalq münasibətlər, ikitərəfli və çoxtərəfli əməkdaşlıq, beynəlxalq və regional təşkilatlar, ayrı-ayrı ölkələrin daxilində gedən ictimai-siyasi proseslər və xarici siyasətləri, beynəlxalq münasibətlər, beynəlxalq təhlükəsizlik və digər məsələlərə dair araşdırmalar aparırlar. Heç şübhəsiz, bizdə də belə bir institutun yaradılması zərurətdən meydana gəlib. İndiyədək ölkəmizdə ayrı-ayrı tədqiqatçılar tərəfindən tədqiqat işləri aparılıb, dissertasiyalar müdafiə olunub, monoqrafiyalar yazılıb və kitablar nəşr edilib, lakin bu işin sistemli şəkildə bir institut çərçivəsində aparılması zərurəti yaranmışdı. Heç şübhəsiz, biz müstəqil dövlət olduğumuzdan ölkəmizin beynəlxalq münasibətlər sistemində tutduğu yeri, oynadığı rolu, beynəlxalq münaqişələrin mahiyyətinin, inkişaf istiqamətlərini, ayrı-ayrı ölkələrin xarici siyasətini, həmçinin bu ölkələrin daxilində gedən prosesləri, böyük dövlətlərin regionumuza münasibətlər siyasətini öyrənmək və proqnozlaşdırmaq üçün əhəmiyyətlidir. Hesab edirəm ki, bu cür tədqiqatların aparılması Azərbaycan elminə yalnız fayda verə bilər.
- Təbii ki, institut yeni yarandığından hər şeyi sıfırdan başlamaq lazım gələcək. Siz institut rəhbəri kimi bu istiqamətdə tədqiqatların aparılması üçün hansı işlərdən başlayacaqsınız?
- Mənə böyük etimad göstərilib. Bütün bilik və bacarığımla bu, etimadı doğrultmağa çalışacağam və inanıram ki, buna nail olacağam. İlk növbədə bu institutun strukturu formalaşdırılmalıdır. Ondan sonra hər hansı araşdırma sahələri müəyyənləşdirilməli, iş planı tutulmalı və institutun kadr ehtiyatı yaradılmalıdır. Təbii ki, sıfırdan başlandığı üçün böyük zəhmət tələb edən işdir. Ancaq inanıram ki, işin öhdəsindən layiqincə gələcəyik. Təbii ki, institut direktorunun göstərişində məhdud yanaşma ola bilər. Burada geniş müzakirələrə ehtiyac var. Dünya Siyasəti İnstitutu yuxarıda söylədiyim və digər məsələləri, o cümlədən qloballaşma ilə bağlı məsələləri də araşdırmalıdır. Ancaq elmi-tədqiqat sahəsində bir və yaxud bir neçə ilə nəticə almaq çox çətin olur. Bu çətinlik hər şeydən əvvəl kadrlarla bağlıdır. Elmə həvəsi olan gənclərin cəlb edilməsi, onların hazırlanması lazımdır. Məncə yaxın bir-iki ilə yalnız institutun formalaşması, hədəflərin müəyyənləşdirilməsi, kadrların toplanması prosesi gedər. Bir neçə ildən sonra isə ciddi nəticələri gözləməyə dəyər.
- Söhbətin əvvəlində qeyd etdiniz ki, dünyada analoji institutlar fəaliyyət göstərir. Həmin təşkilatlar daha çox praktik məsələlərlə məşğul olurlar, yoxsa nəzəri məsələlərlə?
- Rusiya, Ukrayna və digər ölkələrdə bu cür institutlar fəaliyyət göstərir. Həmin institutlar gündəlik siyasət məsələləri ilə məşğul deyillər. Siyasət məsələləri ilə dövlət orqanları məşğuldur. Bu institutların əsas məqsədi həmin sahədə akademik araşdırmalar aparmaqdır. Bu araşdırmalardan dövlətin müəyyən qurumları, məsələn, Xarici İşlər Nazirliyi və digər orqanlar istifadə edə bilər.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər