AZE | RUS | ENG |


“Bu, “imkansız” Azərbaycan qarmonunun geniş imkanı deməkdir” - Fotolar

“Bu, “imkansız” Azərbaycan qarmonunun geniş imkanı deməkdir” - Fotolar
Sübhan Köçərli: “İnkişaf, uğur üçün vaxt sərf etməli, əziyyətə qatlaşmalısan”

Gənc qarmon ifaçısı Sübhan Köçərli Azərbaycan qarmon ifaçılığında yenilik edərək, əsərlərin tam həcmdə sol əlin fərqli partiturada müşayiəti ilə ifasının mümkünlüyünü həyata keçirdi. O, qarmon ifasında beynin sağ və sol yarımkürələrinin eyni vaxtda işləməsinin mümkünlüyünü göstərdi. Əslində tez bir zamanda yayılan bu xəbər böyük diqqət doğurdu. İndi isə o, Cahangir  Cahangirova məxsus "Rondo” ifası ilə yenə də öz tamaşaçılarını təəccübləndirdi. Belə ki, Sübhan Köçərli Cahangir Cahangirovun skripka üçün yazdığı sonatanın "Rondo” hissəsini yenə iki əlin müşayiəti ilə hazırladı. Biz də bu yeniliklərini nəzərə alıb, ifaçını redaksiyaya dəvət etdik. Qonağımız bizimlə söhbətində qeyd etdi ki, uzun müddətli gərgin hazırlıq proseslərindən sonra bu nailiyyətləri əldə edib. S.Köçərli ilk dəfə olaraq tam həcimdə əsərlərin sağ və sol əlin eyni vaxtda fərqli partiturada ifasının mümkünlüyünü necə əldə etməsindən danışdı. Bu işdə onun ən böyük dəstəkçisi isə atası olub. 
 
- Sübhan bəy, ilk olaraq bu yeniliyə görə sizi təbrik edirik.
- Təşəkkür edirəm, diqqətinizə görə. Sizə və "Kaspi” ailəsinə minnətdarlığımı bildirirəm. 

- Maraqlıdır, bu ideya sizdə necə yarandı?
 - Bu ideya məndə birdən-birə meydana gəlməyib. Orta məktəbdə oxuyanda atam qarmonda beynin sağ və sol yarımkürələrinin eyni vaxtda işlətməklə belə bir şey edə biləcəyimi demişdi. Elə o vaxtdan da evdə mənimlə bərabər məşqlər edirdik. 
 
- Atanızda qarmon ifaçısıdır?
- Atam həvəskar qarmon ifaçısıdır. O hər zaman sağ və sol əlin eyni vaxtda işləməyi ilə bağlı danışır, mənə onu etməyi tövsiyə edirdi. Bu mənim atamın ideyası idi. Atam məşqlərimdə şəxsən iştirak edirdi və mənə öz məsləhətlərini verirdi. Əslində bunun məndə alındığını görəndə çox sevindim. Düzdür, indiyə qədər Azərbaycan qarmonunda sol əllə qarmonun ifasında mənim ustadlarım Xeyrulla Dadaşovun, Zakir Mirzəyevin böyük rolu var. Sevindirici haldır ki, mən onların hər ikisinin tələbəsi olmuşam. Belə ki, not ixtisası üzrə Xeyrulla Dadaşovdan, muğam fənni üzrə Zakir Mirzəyevdən dərs almışam. Adlarını qeyd etdiyim dəyərli sənətkarlarımız Azərbaycan qarmonunda sol əlin ifasında, inkişafında əvəzsiz işlər görüb. Onlar qarmon məktəbinin tədrisini yazmaqla sağ və sol əllər üçün (akkordla, iki səsli) əsərlər işləyiblər. Onu da əlavə edim ki, qarmonu  çevirərək sol əllə ifa məhz Zakir Mirzəyevə məxsusdur. Mən də Azərbaycan qarmonunda ilk dəfə sağ və sol əlin eyni vaxtda fərqli partiturada ifasını həyata keçirdim. Bu tək mənim deyil, Azərbaycan qarmonunun uğurudur. Bilirik ki, beynəlxalq arenada qarmon ailəsinə aid olan musiqi alətlərində (akkordion, bayan və s.) sol əlin müşayiəti ilə ifalar həyata keçirilir. Biz də bunu Azərbaycan qarmonunda həyata keçirdik.  
 
- Siz bununla nəyə nail oldunuz? 
- Bu, bir tarixdir və ilkdir. Mən bununla Azərbaycan qarmonunun daha geniş imkanları olduğunu göstərdim. Bu, Azərbaycan qarmonunun beynəlxalq aləmdə inkişafı üçün çox böyük əhəmiyyət kəsb edir. 
 
- İfa etdiyiniz "Mart yallısı” və "Rondo” musiqiləri sanki qarmondan başqa alətdə də ifa edilirmiş kimi səslənir.
- Musiqini dinləyən insanda o cür təəssürat yaranır ki, iki alət eyni vaxtda fərqli-fərqli musiqi ifa edir. Yaxın keçmişə qədər Azərbaycan qarmonunu imkansız alət kimi qələmə verirdilər. Bu, "imkansız” Azərbaycan qarmonunun geniş imkanı deməkdir. 

- Bu ilkinizi görüb "sizə qədər bunu ediblər” deyən olubmu?
- Məşhur biznesmen Bill Gates deyib ki, "Bir fikir eyni vaxtda bir neçə adamın ağlına gələ bilər. Birinci olmaq istəyən bunu elə birinci həyata keçirməlidir”. Bir işdə ki uğur var, məlum məsələdir ki, orada əks fikirlər olacaq. Ancaq açığını deyim ki, bu yeniliyə sevinənlər daha çox oldu. İfaçılar, xüsusilə də qarmon ifaçıları qarmonun bu imkanına çox sevindilər. 
 
- Bəs əsərlərə klip gözlənilirmi? 
- Gözlənilir. Onu da əlavə edim ki, bir ay bundan qabaq anons etdik ki, növbəti ay ikinci belə bir ifamız gələcək. Ancaq bir qədər yubandıq.
 
- Buna səbəb nə oldu? 
- Bizim ailəmizdə itki baş verdi. Babam dünyasını dəyişdiyi üçün bir aydır ki, gecikir. Elə ikinci əsərin bir qədər gec hazırlanmağının da səbəbi bundan qaynaqlanır. Hazırda ikinci musiqi Cahangir Cahangirovun skripka üçün yazdığı sonatanın üçüncü hissəsi "Rondo” hazırdır.  
 
- Sübhan bəy, nailiyyətlərinizdən də aydın olur ki, uğur qazanmaq üçün zəhmət qaçılmazdır. 
- Biz yeniliklər edə biliriksə, deməli, hər bir ifaçı zəhmət çəkib öz ideyası ilə hər şey edə bilər. Bu, ifaçıdan çox böyük zəhmət tələb etdiyi üçün hər bir ifaçı bu yola üz tutmur. İndi ifaçıların əksəriyyəti yenilik etmək haqqında düşünmür. Onları daha çox pul qazanmaq və gündəlik qayğıları düşündürür. 
 
- Əslində onlar da qınanılmalı deyil.
- Mən bu fikirlə razı deyiləm. İnkişaf, uğur üçün bir qədər vaxt itirməlisən, əziyyətə qatlaşmalısan. Adını qeyd etdiyim hansı sənətkarlar birdən-birə, oturduqları yerdə nüfuza, ada sahib olublar? Onlar da zaman-zaman toylara gediblər, çörəkpulu qazana-qazana eyni zamanda dövlətimizi beynəlxalq arenalarda təmsil ediblər. Hər şeyi dövlətin üstünə yıxmaq da olmaz axı. Hamı öz sahəsində dövlətinə dəstək olmalıdır. Birinci gərək vaxtını öz sənətinə xərcləyəsən, ona zaman sərf edəsən. O da zamanı gələndə öz nəticəsini versin. Heç nə etmədən oturub nəyisə gözləmək olmaz. Bir vətəndaş kimi hərə öz sahəsində Azərbaycanın inkişafı üçün töhfə verməlidir. 
 
- Sahib olduğunuz bu yeniliyə insanlar necə reaksiya verdilər?
- Böyük maraq doğurdu. Hər kəs deyirdi ki, sanki burda iki alət ifa edir. Bunun heç də asan iş olmadığını dinləyicilər də qeyd edirdilər. Əsas odur ki, Azərbaycan qarmonunun inkişafına onlar da sevinirdilər, mən də sevinirdim. Çünki bu, növbəti iş üçün stimuldur. 
 
- Çətin deyilmi, qarmonun hər iki tərəfini bir anda idarə etmək? Beyin ikiyə necə diqqət ayıra bilir? 
- Əslində çox çətindir. Bunun üçün çoxlu məşq lazımdır. Hər gün davamlı şəkildə məşqlər edirəm, hazırda yeni-yeni əsərlər üzərində işləyirəm. Baxmayaraq ki mən bunu ifa edirəm, bu məndə adi haldır, amma insanın əsəb sisteminə təsir edir. Vərdiş olunmayan bir məsələdir. Uşaqlıqdan vərdiş olunsa, müəyyən vaxtdan sonra adiləşər. 
 
- Bəzən qarmon alətinin ancaq toylar üçün nəzərdə tutulduğunu deyirlər... 
- Doğrudur. Hərdən deyirlər ki, qarmon toy alətidir. Mən də bu ifaları həyata keçirərək göstərmək istəyirəm ki, qarmonda oyun havalarımızla, muğamlarımızla bərabər, sol əlin fərqli partiturada müşayiəti ilə ifası da mümkündür. Lakin qeyd edək ki, qarmonun tək toy aləti olmamasını ilk dəfə əməkdar artist Zakir Mirzəyev orkestrlə ifa edərək göstərmişdir. Hal-hazırda da respublikanın xalq artisti Ənvər Sadıqov qarmonu beynəlxalq arenalarda təqdim edərək onun təkcə toy aləti olmadığını bir daha göstərmiş olur. Bu işdə bizim dövlətimiz çox böyük dəstəkçidir. İfaçılarımızın respublikadan kənarda müxtəlif musiqi alətlərində ölkəmizi təmsil etməsi üçün hər cür şərait və imkan yaradılıb. 
 
Xəyalə Rəis
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6872
GBP 1 İngilis funt sterlinqi 2.3022
TRY 1 Türk lirəsi 0.4878
KWD 1 Küveyt dinarı 5.6445
SEK 1 İsveç kronu 0.2140
EUR 1 Avro 2.0368
CHF 1 İsveçrə frankı 1.7698
USD 1 ABŞ dolları 1.7007