AZE | RUS | ENG |

Bu ilin səkkiz ayında iki tondan çox narkotik vasitə və psixotrop maddə müsadirə olunub

Bu ilin səkkiz ayında iki tondan çox narkotik vasitə və psixotrop maddə müsadirə olunub
"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” uğurla icra olunmaqdadır.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupundan AZƏRTAC-a bildiriblər ki, Azərbaycanda dövlət quruculuğu, siyasi, iqtisadi, sosial və başqa sahələrdə gedən inkişaf və aparılan islahatlar narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə problemlərinin həlli üçün cəmiyyətin, dövlətin və qeyri-hökumət təşkilatlarının səylərinin birləşdirilməsini, beynəlxalq əlaqələrin genişləndirilməsini və kompleks mübarizəni zəruri edib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” uğurla icra olunmaqla bu təhlükəli təzahürlərin qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edib.

Cəmiyyətin inkişafını ləngidən, insanların sağlamlığına və mənəviyyatına sarsıdıcı zərbə vuran narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə ölkəmizdə kompleks tədbirlər həyata keçirilib, təbliğat işləri genişləndirilib, profilaktik tədbirlərin səmərəliliyi artırılıb. Hüquq mühafizə orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə işi gücləndirilib, narkotiklərin qeyri-qanuni daşınmasına qarşı birgə əməliyyatlar həyata keçirilib, müxtəlif marşrutlar ilə narkotiklərin daşınması hallarının aşkarlanması üzrə məqsədyönlü iş davam etdirilib, qanunsuz idxal-ixrac və tranzit daşıma marşrutlarını birlikdə təhlil edib və həmsərhəd dövlətlərdəki narkoşəraitin ölkədaxili vəziyyətə təsirini nəzərə alaraq, adekvat tədbirlər görməklə cinayətkarlardan külli miqdarda narkotik vasitələr götürülüb.

Görülmüş kompleks tədbirlər nəticəsində 2018-ci ilin səkkiz ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq mühafizə orqanları tərəfindən 2356 fakt aşkar edilib, 2 tondan çox müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr müsadirə olunub.

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 2017-ci il dekabrın 31-dək olan məlumatına əsasən, Mərkəzdə 30 min 131 nəfər qeydiyyatda olub. Onlardan 25 min 139-u dispanser, 4992 nəfəri profilaktik qeydiyyatda olanlardır. Həmin şəxslərdən 595-i qadın, 212-si toksikoman, 21 min 38 nəfəri (470 nəfər qadın) inyeksion narkotik istifadəçisidir. Ötən il 2115 nəfər yeni qeydiyyata götürülüb (Bakı şəhəri üzrə 12 min 61 nəfər), 1432 nəfər isə qeydiyyatdan çıxarılıb.

Azərbaycanda İİV infeksiyasının ilk dəfə aşkarlandığı 1987-ci ildən 2018-ci il iyulun 1-dək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 7061 nəfər qeydiyyata götürülüb. Onlardan 6833-ü (96,8 faiz) Azərbaycan vətəndaşı, 228-i (3,2 faiz) isə əcnəbidir. İİV-ə yoluxmuş insanların 5137-i (72,7 faiz) kişi, 1924-ü (27,3 faiz) qadındır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 6 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası”nın və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2012-ci il tarixli 1 nömrəli Sərəncamının tələblərinə uyğun olaraq, cari il iyulun 5-də məhkəmənin qanuni qüvvəyə minmiş 276 hökmü üzrə müsadirə olunan 467 kiloqramdan çox müxtəlif növ narkotik vasitələr, o cümlədən 2979 ədəd psixotrop maddələr və 8700 ədəd çətənə kolu yandırma üsulu ilə məhv edilib.

Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənovun göstəriş və tapşırıqlarına əsasən, Komissiyanın İşçi qrupu Dövlət Proqramının icrasını daim diqqət mərkəzində saxlayır. Komissiya narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində fəaliyyət göstərən qurumların koordinasiyasını təşkil etməklə, antinarkotik təbliğata xüsusi önəm verib. Həyata keçirilən tədbirlər nəticəsində narkotiklərlə mübarizə sahəsində müsbət nəticələr əldə edilib, həmçinin maarifləndirmə işlərinin əhatəsi genişləndirilib.

Dövlət Komissiyasının İşçi qrupu Dövlət Proqramına müvafiq olaraq, fəaliyyətin əhatəsinin genişləndirilməsi məqsədilə şəhər-rayon komissiyaları ilə birgə profilaktik tədbirlər, konfranslar, seminarlar, praktik təlimlər həyata keçirib, görülən işlərin effektivliyini artırmaq üçün yerlərdə bu istiqamətdə çalışan əməkdaşlara metodik tövsiyələr verib.

Narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədilə təlimçilərin hazırlanması üçün Dövlət Komissiyasının İşçi qrupu aidiyyəti dövlət orqanlarının mütəxəssislərinin iştirakı ilə şəhər və rayonlarda yerli komissiyaların üzvləri, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi və uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu, orta təhsil məktəblərinin direktor müavinləri (təlim-tərbiyə işləri üzrə), psixoloqları və tibb işçiləri üçün təlim-məşğələlər keçirib. Ümumilikdə ölkə üzrə 1400 təlimçi hazırlanıb, onlar zəruri əyani vəsaitlərlə təmin edilib.

Dövlət Proqramına müvafiq olaraq, narkotiklərlə mübarizə sahəsində maarifləndirmə tədbirlərinin əhatəsinin genişləndirilməsi, narkotiklərin törətdiyi fəsadlar barədə düzgün məlumatlandırmaq məqsədilə valideynlərin, gənclərin, təhsil və tibb işçilərinin istifadəsi üçün yeni "Sağlam həyat naminə narkotikə yox!”, "Marixuana Haqqında Həqiqət”, "Düz bildiyin səhvlər”, "Narkotiklər haqqında həqiqəti bilin” və "Psixotrop maddələr haqqında həqiqət” adlı beş adda on min nüsxə ilə yeni zəruri əyani vəsaitlər hazırlanıb.

Eyni zamanda, narkomanlıqla mübarizə sahəsində profilaktik fəaliyyətin təsirliliyini artırmaq, ictimai maarifləndirmə tədbirlərinin gücləndirmək və sağlam həyat tərzini təbliğ etmək məqsədilə tanınmış incəsənət xadimlərinin iştirakı ilə hazırlanmış "Çalış ki, narkotiklərə hədəf olmayasan!” sayca 5-ci yeni sosial rolik hazırlanmış və cari ildən başlayaraq Bakının mərkəzi küçələrində yerləşən 19 elektron reklam tablosunda, eyni zamanda "MetroPark" və "Park Bulvar” alış-veriş mərkəzlərində mövcud olan monitorlarda, o cümlədən "Cinema Plus LLC” şirkətinə məxsus kinoteatrlarda ("Gənclik Mall” və "Amburan Mall”) kinofilmlərin nümayişindən əvvəl anonslar və reklamlar bölümündə yayımlanıb.

Həmçinin ictimai təbliğat işinin genişləndirilməsi məqsədilə və bu işdə sosial reklamların (bilbordların) mühüm rol oynadığını nəzərə alaraq, üzərində narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar və xüsusi şüarlar olan yeni forma və məzmunda hazırlanmış 12 ədəd sosial lövhə Bakı Metropoliteninin "Memar Əcəmi”, "Koroğlu”, "Nəriman Nərimanov”, "Nəsimi”, "Xalqlar Dostluğu”, "Əhmədli” və digər stansiyalarında, mərkəzi küçə və prospektlərdə, daha 100 ədədi isə avtobus dayanacaqlarında quraşdırılıb. Onların uzunmüddətli nümayişi nəzərdə tutulub.

"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqram”ına müvafiq olaraq, təhsil müəssisələrində təhsil işçiləri və tələbələr arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar barədə təbliğat aparılması məqsədilə Dövlət Komissiyasının, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı və dəstəyi ilə Bakı Uşaq Teatrının hazırladığı, əsasən maarifləndirmə funksiyasını yerinə yetirən "Həyatla oyun” teatr tamaşasının cari ilin martında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, Bakı Dövlət, Azərbaycan Tibb, Xarici Dillər, Bakı Slavyan, Pedaqoji, İqtisad və Texniki universitetlərində nümayişi təmin olunub. Həmçinin qarşılıqlı əməkdaşlıq çərçivəsində "Narkomanlığa qarşı mübarizə” mövzusunda gənc jurnalistlər arasında ən yaxşı müəllif yazıları müsabiqəsi keçirilib.

Həmçinin müvafiq dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində bu ildə cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər arasında anti-narkotik təbliğat işinin gücləndirilməsi məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Dövlət Komissiyasının İşçi qrupu arasında təsdiq olunmuş Tədbirlər Planına müvafiq olaraq, cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı, QİÇS və digər viruslara yoluxma barədə tibbi-gigiyena, məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üçün onlara izahların verilməsi mövzusunda eləcə də, mövzuya dair videofilmlərin nümayişi və zəruri təbliğat materiallarının paylanılması ilə əlaqədar bir sıra tədbirlər keçirilir. İşçi qrupu tərəfindən hazırlanan və üzərində narkomaniyanın, narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar əks olunan 10 sosial lövhənin cəzaçəkmə müəssisələrində quraşdırılması təmin edilib.

Həmçinin 2012-ci ildən başlayaraq "İki sahil” qəzetinin rəhbərliyi ilə razılaşmaya uyğun olaraq rubrika açılmış hər həftə psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin və onun tələblərinin izah edilməsi, narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı, bu sahədə görülən tədbirlər və onların nəticələri barədə məlumatlar dərc edilməkdədir.

Narkotik vasitələr, psixotrop maddələr və siqaretin yeniyetmə və gənclər tərəfindən əldə olunmasının mümkünlüyü, istifadəsi, bu kimi halların yayılma dərəcəsi, eyni zamanda onlarla təmasın xüsusiyyətləri, təsir altına düşmə risk amilləri, yaxın sosial çərçivədə, ailədə mövcud risk amilləri və sair bu kimi epidemioloji vəziyyəti öyrənmək məqsədilə Gənclər və İdman Nazirliyinin dəstəyi, Dövlət Komissiyasının İşçi qrupunun təşkilatçılığı və aidiyyəti qeyri-hökumət təşkilatının iştirakı ilə Bakının Yasamal, Nizami, Sabunçu rayonlarında, o cümlədən Gəncə, Sumqayıt, Lənkəran, Şirvan, Salyan, Yevlax, Kürdəmir şəhər və rayonlarında arasında 1000 yeniyetmə və gənc arasında sosial sorğu keçirilib.

Komissiyanın İşçi qrupunda ölkədə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, eləcə də bu sahədə həyata keçirilən maarifləndirmə, hüquqi, sosial və tibbi tədbirləri əks etdirən, narkotiklərlə əlaqəli qanun pozuntularının ümumi statistikası, qanunsuz dövriyyədən müsadirə edilən narkotik vasitələrin, psixotrop maddələrin həcmini və dinamikasını əks etdirən müxtəlif diaqramlar, müsadirə olunmuş narkotik vasitələrin, psixotrop maddələrin məhvetmə prosesi, o cümlədən beynəlxalq təşkilatlarla aparılan işlər barədə Azərbaycan və ingilis dillərində Azərbaycan Respublikasında narkotiklərə nəzarət sahəsində 2017-ci il üçün ölkə məruzəsi hazırlanıb.

26 iyun - BMT-nin Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Dövlət Komissiyasının və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə iyunun 25-də "Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi” mövzusunda konfrans keçirilib. Konfransda "Narkomanlığa qarşı mübarizə” mövzusunda jurnalistlər arasında keçirilmiş müəllif yazıları müsabiqənin qalibləri mükafatlandırılıb. Bundan başqa, İşçi qrupu tərəfindən şəhər-rayon komissiyaları ilə birgə yeniyetmə, müəllimlər və valideynlərin yaxından iştirakı ilə silsilə tədbirlər keçirilib. Həmçinin "Narkomaniyaya birlikdə yox deyək” adlı xüsusi loqo (iki formada) Bakı Nəqliyyat Agentliyinin elektron informasiya terminallarında (VMS) nümayiş olunub.

Dövlət Proqramına müvafiq olaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə sağlam həyat tərzinin təbliği və narkomaniyanın ziyanı ilə bağlı "SMS bildiriş” (Dövlət Komissiyasının İşçi Qrupu: ən doğru seçim-narkotiklər haqqında həqiqəti öyrənmək və heç bir halda ondan istifadə etməməkdir! www.nmdk.gov.az, Baş Narkotiklərlə Mübarizə İdarəsi (012) 590-21-10, Respublika Narkoloji Mərkəzi (012) 455 07 61) ölkədə fəaliyyət göstərən mobil rabitə operatorları tərəfindən cari ilin iyulundan etibarən SMS vasitəsilə abunəçilərə göndərilib.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində aparılan işlər və bu bəlaya düçar olmamağın yolları barədə internet səhifələrində təbliğat aparılmasını nəzərə alaraq, Dövlət Komissiyasının internetdə, o cümlədən "Facebook” sosial şəbəkəsindəki rəsmi səhifələrində narkomanlığın törətdiyi fəsadlar, insan orqanizminə vurduğu ziyan, sağlam həyat tərzinin təbliği, eyni zamanda Dövlət Komissiyasının təşkil etdiyi profilaktik, beynəlxalq və digər tədbirlər barədə mütəmadi olaraq, Azərbaycan, rus və ingilis dillərində geniş məlumatlar verilib və səhifələrin təbliği istiqamətində müvafiq işlər həyata keçirilib. Bundan əlavə, cari ildən etibarən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun "dk_ishci_qrup” adı ilə rəsmi "Instagram” səhifəsi fəaliyyətə başlayıb.

Ümumilikdə bu problemlə bağlı müəyyənləşdirilən strategiya uğurla icra olunur. Gənc nəslin sağlam və yüksək ideallar ruhunda tərbiyəsi, genefondumuzun qorunması istiqamətində bundan sonra da məqsədyönlü addımlar atılacaq. Bu, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı birgə mübarizə işinə öz töhfəsini verəcək.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6495
GBP 1 İngilis funt sterlinqi 2.2236
TRY 1 Türk lirəsi 0.2688
KWD 1 Küveyt dinarı 5.6152
SEK 1 İsveç kronu 0.1934
EUR 1 Avro 1.9967
CHF 1 İsveçrə frankı 1.7715
USD 1 ABŞ dolları 1.7000