• cümə axşamı, 18 aprel, 16:12
  • Baku Bakı 22°C

Bu ilin 7 ayında əsas kapitala 8,7 mlrd. manat vəsait yönəldilib

14.08.17 14:40 877
Bu ilin 7 ayında əsas kapitala 8,7 mlrd. manat vəsait yönəldilib
2017-ci ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8728,8 mln. manat və ya əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 0,3% az vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən "APA-Economics”ə verilən məlumata görə, vəsaitin 5395,0 mln. manatı neft sektoruna, 3333,8 mln. manatı isə qeyri-neft sektoruna yönəldilib, ümumi sərmayənin 72,5%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. İstifadə olunmuş vəsaitin 79,2%-i məhsul istehsalı obyektlərinin, 15,6%-i xidmət sahələri üzrə obyektlərin, 5,2%-i isə ümumi sahəsi 973,7 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşür. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 39,5%-ni təşkil edib.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 71,6%, bank kreditləri 10,6%, büdcə vəsaitləri 11,5%, əhalinin şəxsi vəsaitləri 4,4%, büdcədənkənar fondların vəsaitləri 1,4%, sair vəsaitlər isə 0,5% təşkil edib.
2017-ci ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 2136 şagird yerlik 4 ümumtəhsil məktəb binası, 224 yerlik məktəbəqədər təhsil müəssisəsi, Bakı şəhərində Bakı Ali Neft Məktəbinin yeni kampusu, Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binası, Pirallahı rayonunda körpü, "Pirallahı” Günəş Elektrik Stansiyası, Yevlax şəhərində Varvara balıqartırma və balıqyetişdirmə zavodu, Saatlı rayonunda 110/35/10 kilovoltluq "Sarıcalar” elektrik yarımstansiyası və s. obyektlər istifadəyə verilib.
banner

Oxşar Xəbərlər