• cümə axşamı, 28 mart, 15:08
  • Baku Bakı 16°C

Bu ildən daha keyfiyyətli şərabımız bazara çıxacaq

01.08.18 10:00 1142
Bu ildən daha keyfiyyətli şərabımız bazara çıxacaq
"Azərbaycan ilin sonuna qədər şərab ixracını iki dəfə artıra bilər” - bunu Trend-ə Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Elçin Mədətov deyib. O bildirib ki, 2018-ci ilin birinci yarısında Azərbaycan şərab məhsullarının ixracı 4 milyon dolları keçib, bu da 2017-ci ilin eyni dövrünün götəricisindən 80 faiz çoxdur. 2018-ci ilin sonuna şərab ixracının 100 faizlik artımı gözlənilir.
E.Mədətovun sözlərinə görə, Azərbaycan şərabının ixracının əsas istiqamətləri Rusiya (85 faiz), Çin (7 faiz), Avropa, Belarus və Qırğızıstandır: "Orta hesabla illik şərab istehsalı 14 milyon butulka ətrafında gözlənilir, onun 5 milyonu ixrac üçündür, qalan 9 milyonu isə daxili bazarda reallaşdırılacaq".
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən təsdiqlənən "2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”na əsasən, ölkədə 2025-ci il üçün şərab ixracını 5 dəfə artırmaq planlaşdırılır.
E.Mədətovun qeyd etdiyi bir məqama - şərabımızın ixracının əsas istiqamətlərinə diqqət yetirək. Burada əsas pay Rusiyanın üzərinə düşür. 85 faiz böyük rəqəmdir. Amma biz tək Rusiya ilə kifayətlənməməli, başqa bazarlara da çıxmalıyıq. Bəs indiki məqamda şərabımızı hansı ölkələrə çıxara, sata bilərik? Və həm də, məhsullarımız xarici bazarlarda rəqabətə nə dərəcədə davamlıdır?
Fransa, İspaniya, Moldova kimi böyük oyunçular
İqtisadçı ekspert Rəşad Həsənov "Kaspi”yə açıqlamasında bildirdi ki, məhsulların keyfiyyətinə uyğun bazarlara yönəlmək lazımdır: "Məhsullarımızın keyfiyyətini nəzərə alsaq, indiki halda bizim üçün istiqamət olaraq daha çox Orta Asiya və Uzaq Şərq ölkəri - Çin və s. bazarlar daha uyğundur. Artıq Çinə şərab ixrac etmişik, amma bu bazarda iştirakçılıq, bazar payını artırmaq lazımdır. Bu istiqamətlərdə daha çox bazar araşdırmalarına ehtiyac var. Çünki Azərbaycanda istehsal olunan məhsullar Avropa bazarlarında rəqabət aparmaq gücündə deyil. Düzdür, ayrı-ayrı markaların az qismi Avropa bazarlarına ixrac olunur, amma Avropa bazarlarında Fransa, İspaniya, Moldova kimi böyük oyunçular var. Bu ölkələr son 100 illikdə şərabçılıq istiqamətində böyük təcrübə əldə ediblər. Belə halda bizim məhsulların o bazarlara çıxarılması nisbətən daha çətin görünür”.
İqtisadçının sözlərinə görə, burada həm də azərbaycanlı sahibkarların bazar yanaşmasının dəyişməsinə ehtiyac var: "Ənənəvi qaydada - rəqabət olmayan bazarda məhsul satmaq anlayışı ilə xarici ölkələrdə rəqabət aparmaq, uğur qazanmaq olmaz. Müasir texnologiyaların tətbiqi, gigiyenik qaydalara əməl edilməsi, məhsulun keyfiyyəti, bazarlama texnologiyalarından istifadə olunması yolu ilə strateji yanaşma ortaya qoyulmalıdır. Qısa müddətdə daha çox gəlir əldə etmək istəyən sahibkar xarici bazarlarda uzunmüddətli dövr üçün qala bilməyəcək”.
Sahibkarların psixologiyasında da dəyişikliyə ehtiyac var
R.Həsənov deyir ki, son vaxtlar bu istiqamətdə dövlət dəstəyi var və sahibkarlar bundan istifadə etməyə çalışmalıdırlar: "Azərbaycanlı sahibkarlar bir sıra hallarda xarici bazarların öyrənilməsi, məhsulların sertifikatlaşdırılması, təqdim edilməsi, reklam kampaniyalarının təşkili və s. məsələlərdə çətinliklə üzləşirlər. Amma onu da qeyd edək ki, son bir neçə ildə artıq "Made in Azerbaijan” brendinin tanıdılması, həmçinin sertifikatların alınması, stendlərin yerləşdirilməsi, sərgilərin təşkili, nümayəndələrin göndərilməsi və s. yolu ilə dəstək göstərilir. Sahibkarlar bu imkanlardan maksimum yararlanmağa çalışmalıdırlar. Amma bütün bunlarla yanaşı, məhsulun gələcəkdə bazarda öz payını artırma imkanı sadəcə onun keyfiyyətindən asılı olacaq”.
İqtisadçı onu da bildirdi ki, məhsulların tanıdılması üçün müəyyən vaxta ehtiyac var, çünki şərabçılıq bir mədəniyyətdir: "Burda uzunmüddətli təcrübəyə ehtiyac var. Azərbaycanda sovet dövründə müəyyən qədər təcrübə olub, amma sonrakı dövr onu göstərir ki, ölkəmizdəki şərabçılıq təcrübəsi dünya standartlarından geri qalırdı. O vaxt qapalı bazar idi, rəqabət mühiti yox idi. Belə bir şəraitdə bu müəssisələr fəaliyyət göstərə bilirdi. İndiki halda şərabçılıq sənət, uzunmüddətli dövrdə formalaşan mədəniyyətdir. Qısa müddətdə burada böyük uğurlar əldə etməyin mümkün olduğuna inanmıram, amma Azərbaycanın xammal baxımından potensialı var, son dövrlər müasir texnologiyaların tətbiq olunduğu müəssisələr yaradılıb. Tam gücü ilə işləməsə də, onlardan yararlanmaq mümkündür. Amma təbii ki, uzunmüddətli dövr lazımdır, o müəssisələri işlədən sahibkarların psixologiyasında da dəyişikliyə ehtiyac var. Bizdə sahibkarlar qısa müddətdə daha çox gəlir əldə etməyə çalışırlar, bu yanaşma dəyişərsə, şərabçılığın inkişafını müşahidə edə bilərik”.
Üzüm bağının minimum 10 yaşı olmalıdır
AzGranata MMC-nin istehsal üzrə direktor müavini Vüqar Mikailovunsözlərinə görə, Azərbaycan daha keyfiyyətli şərabı hələ bundan sonra bazara çıxaracaq: "Qorbaçovun alkoqollu içkilərə qarşı mübarizə tədbirləri çərçivəsindəki qərarından sonra Azərbaycandakı üzüm bağları məhv olundu. Yenidən əsas üzüm bağlarının salınma tarixi 2006-2008-ci illərdən sonraya düşdü. Üzüm bağları salındı, sonra Avropa standartlarına cavab verən yeni şərab zavodları tikildi. Hərdən belə sual verilir ki, şərab zavodlarımızın bu qədər gücü var, bəs niyə xaricə ixrac edə bilmirlər? Bizi qınayırlar. Amma onu deyim ki, ümumiyyətlə, yüksək keyfiyyətli şərab almaq, onu tanıtdırmaq üçün vaxt lazımdır. Üzüb şərabının yüksək keyfiyyətdə olması üçün üzüm bağının minimum 10 yaşı olmalıdır. Əgər üzüm bağı 2007-ci ildə salınıbsa, minimum 10 il vaxt lazımdırsa, bu, 2017-ci ildən sonraya düşür. Biz 2017-ci ildən sonra daha keyfiyyətli şərablar hazırlaya bilərdik. 2017-də hazırladığımız şərabı isə 3 il saxlamalıyıq. Bu da gəlib çıxır, 2019-2020-ci illərə. Deməli, Azərbaycanda beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli şərablar 2018-20-ci illərdə hazır olacaq. Biz bundan sonra özümüzü daha yaxşı göstərə bilərik”.
V.Mikailov deyir ki, məhsulların keyfiyyəti ilə yanaşı, həm də bu sahənin inkişafına dövlət dəstəyi də son vaxtlar artıb: "Son vaxtlar dövlət tərəfindən olan dəstəyin birini deyim. Xarici ölkələrdə Şərab evlərinin - ticarət mərkəzlərinin açılması. Artıq Belarus, Ukrayna, Rusiya, Latviyada fəaliyyət göstərirlər. Yavaş-yavaş digər ölkələrdə də ticarət mərkəzləri yaradılır. Şərabçılığın inkişaf etdirilməsi Azərbaycanda mümkündür, amma bu sahədə dədə-babalarımızdan bizə miras qalmadığı üçün bir az vaxt alacaq. Məsələn, gürcüləri götürək. Deyirik ki, necə olur, gürcülər filan milyon ton ixrac edirlər? Baxmayaraq ki sovet vaxtı SSRİ ərazisində ən çox şərab istehsal edən Azərbaycan idi, amma şərab mədəniyyətinə görə Azərbaycan ən geridə qalırdı. Nəyə görə? Bu cavabım bir az mübahisə doğura bilər, onu açmaq istəyirəm. Azərbaycandakı bütün şərab zavodlarındakı çənlər 200 tonluq idi. Onların çoxu açıq havada günəş şüası altında yerləşdirilmişdi. Örtülü yerdə olanların isə soyutma sistemi yox idi. Məsələn, yayda üstümüzə ətiri gün ərzində 3-4 dəfə vururuq, çünki hava istidir, ətir tez buxarlanıb gedir. Qışda isə bir-iki dəfə vurmaq bəs edir. Şərabın içində olanlar da istiliyin təsirindən tez uçub gedir. Nəticədə şərab ətirsiz spirtli məhsula çevrilir. Ona görə Azərbaycanda şərab mədəniyyətinin aşağı olduğu deyilirdi. Amma buraxdığımız məhsulların hamısı orijinal idi”.
Son vaxtlar keyfiyyətli məhsullar istehsal olunur
V.Mikailovun sözlərinə görə, tələbə uyğun məhsullar istehsal edilməkdədir: "Hazırda xarici bazarlarda tələb Avropa standartlarına uyğun təbii şərablaradır. Yəni, spirt qatılmamış olsun. Bu, bizdə yavaş-yavaş inkişaf edir. Məsələn, nar şərabının vətəni İsraildir. Onlar bir litrini 13-15 avroya satır, biz 3 avroya. Onların nümayəndəsi burda olanda dedi ki, sizin məhsul bizimkindən daha yaxşıdır, niyə belə ucuz satırsınız? Çünki bizim narlar həm İsrail, həm də Türkiyədəkindən fərqlənir. Keyfiyyətlidir və ondan düzələn şərablar da daha çox müalicəvi əhəmiyyətlidir. Amma bizi hələ çox da tanımırlar. Məsələn, biz Çinə şərab ixrac edirik, alıcıya tanış deyil və onlar bir növ risk edib alırlar. Biz o risklərə möhtacıq. Gürcüstan buna möhtac deyil. Bütün bunlara baxmayaraq, Azərbaycan pik nöqtədədir. Məsələn, gürcülərin hələ sıfır faizli alkoqolsuz şərabı yoxdur, amma "AzGranata” bunu istehsal edir. Bizim tariximiz boyu kolleksiya şərabları olmayıb, amma "AzGranata” bunu da etdi. Moskvada "Gəncə Şərab 2”, "Şərq ulduzu MMC”nin şərablarının qiyməti 700-800, ispan şərablarınınkı isə 400-500 rubldur. Bu o deməkdir ki, Moskvada Azərbaycan şərabı öz layiqli yerini tutmağa başlayır. Həm də onu göstərir ki, həqiqətən son vaxtlar keyfiyyətli məhsullar istehsal olunur. Ancaq bu keyfiyyətli məhsulu rus xalqına tanıtmaq üçün vaxt lazımdır”.
V.Mikailov bildirdi ki, yaxın 3-5 il ərzində ixrac potensialını minimum 3-5 dəfə artıracağıq: "Ölkə başçısı deyib ki, yaxın 5 il ərzində ixracı 5 dəfə artırmalıyıq. Son vaxtlar ixrac həqiqətən də artır. Təbii şərabların ixrac payı çoxalır. Biz həmişə Ukraynadan "Vodka” almışıq, amma indi Ukrayna "AzGranata”nın "Vodka”sını istəyir, bu yaxınlarda bununla bağlı görüşümüz oldu. Ukraynada bizim 5 çeşid məhsulumuz satışdadır, sonuncu görüşdə isə bunun 15 çeşidə çatdırılması danışıldı. MDB ölkələrinin yaddaşında Azərbaycan adı var, ona görə birinci dəfə məhsulumuzu almaqdan çəkinmirlər, artıq keyfiyyətə əmin olanda alıcımıza çevrilirlər. İnanıram ki, yaxın 3-5 il ərzində ixrac potensialımızı minimum 3-5 dəfə artıracaq, Azərbaycan məhsullarını tanıdacağıq. Dövlət dəstəyi son vaxtlar çox güclüdür”.
V.Mikalov sonda qeyd etdi ki, şərabçılıq məhsullarının reklamına ehtiyac var: "Azərbaycanda üzüm bağları 20 min hektara çatırsa, orada 10 minlərlə adam işləyirsə, biz üzümdən alınan şərabları alkoqollu içki kimi yox, qida məhsulu kimi qəbul etməliyik. Heç olmasa, şərabların reklamına icazə verilməlidir. Şərabların reklamı gecə 11-dən sonra yox, istənilən saatda olsun. Şərab zəruri qida məhsulları siyahısına salınmalıdır. Televiziya və saytlar şərabı reklam etməkdən çəkinməməlidirlər. Şərab müalicəvi bir təbii məhsuldur”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər