AZE | RUS | ENG |

Bu il yeni enerji layihələri tarixə yazılacaq

Bu il yeni enerji layihələri tarixə yazılacaq
Ekspertlər deyir ki, ötən il enerji sektorunda görülən işlər yüksək qiymətləndirilməlidir

Ölkəmizdə böyük inkişaf yolu keçən neft sənayesi bu gün iqtisadiyyatımızın əsas dayaqlarından biri hesab olunur. Neft və qaz ixracatçısı olan Azərbaycan son illər ərzində bir sıra önəmli enerji layihələrinə imza atıb və öz üzərinə düşən öhdəliklərini layiqincə yerinə yetirməyi bacarıb. Bu sahədən gələn gəlirlər qeyri-neft sektorunun inkişafına da öz təsirini birbaşa göstərməkdədir. Düzdür, neftin qiymətinin dünya bazarında aşağı düşməsi ilə müəyyən çətinliklər yaşansa da, aparılan islahatlar və görülən işlər nəticəsində bu problemlər minimuma endirilib. Bu baxımdan yenicə başa vurduğumuz 2017-ci ilin uğurlu bir il olduğunu deyə bilərik. Pezidentin də qeyd etdiyi kimi, 2017-ci ildə energetika və nəqliyyat sahəsində tarixi hadisələr baş verib. Bu mənada ilk növbədə "Azəri-Çıraq-Günəşli” yatağı üzrə kontraktın müddətinin 2050-ci ilə qədər uzadılması məsələsini qeyd etmək yerinə düşər. Əsrin müqaviləsinin bu qədər müddət üçün uzadılması həm də bundan sonra uzun illər ərzində ölkənin hasilat səviyyəsinin sabit qalmasına imkan yardır. Bundan başqa, müqavilə ilə Azərbaycanın neft sektoruna xarici investorlar tərəfindən böyük həcmdə sərmayə qoyuluşu bundan sonra da mümkün olacaq. Məhz investisiya axınının artması nəticəsində Azərbaycanın iqtisadi inkişafının planlaşdırılmasına və neft amilindən asılılığın daha da azaldılmasına şərait yaranacaq. Kontraktların uzadılması öz növbəsində SOCAR-ın payının 11 faizdən 25 faizədək artmasına, mənfəət neftinin 75 faizinin Azərbaycana qalmasına gətirib çıxarır ki, bundan da Azərbaycan 3,6 milyard dollar bonus qazanacaq. 

Ötən il həm də Cənub Qaz Dəhlizinin uğurlu icrasının təmin edildiyini deyə bilərik. İlk olaraq "Şahdəniz-2” layihəsinin icrasının  99 faizə çatdığını vurğulamaq lazımdır. O cümlədən Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz kəmərinin icrası da 93 faizlə həyata keçirilib. TANAP layihəsinin icrasına gəlincə isə, TANAP-ın icrası 90, TAP layihəsinin icrası 60-62 faiz səviyyəsindədir. Energetika sahəsində bu iki önəmli layihə Azərbaycanın bundan sonra da uğurlu inkişafını təmin edəcəyinə heç kimdə şübhə yeri qoymur. Ötən il həm də transmilli nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində önəmli addımlar atılıb. Belə ki,  Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı nəinki Azərbaycan və  bölgə üçün, o cümlədən dünya çapında önəmli hadisə oldu. Dövlət başçısının da söylədiyi kimi, belə bir tarixi layihənin icrası Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevirir. 
 
 

Millət vəkili Vahid Əhmədov mövzu ilə bağlı bizə bildirdi ki, energetika sahəsi hər zaman diqqət mərkəzində olub: "Bu sahə ölkəyə ən çox gəlir gətirən sahələrdəndir. Azərbaycan neft-qaz ixracatçısı olan bir ölkədir. TANAP, TAP, "Şahdəniz-2” kimi layihələr Azərbaycan üçün taleyüklü məsələlərdən hesab olunur. Çünki adıçəkilən layihələr bizim üçün həm siyasi, həm də iqtisadi əhəmiyyət daşıyır. Belə layihələri həyata keçirən şirkətlər və dövlətlər Azərbaycanda stabilliyin olmasında maraqlıdırlar. TANAP və TAP layihələri beynəlxalq əhəmiyyət daşıyır. Bundan başqa, "Bakı-Tbilisi-Ceyhan”, "Bakı-Ərzurum” qaz kəmərləri var. Ümumilikdə ötən il ərzində görülən işləri yüksək qiymətləndirirəm və bu il də bəzi layihələr tamamlanacaq”. 
 
 
 
Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şaban "Kaspi”yə açıqlamasında bildirdi ki, ötən il ölkənin daxili bazarında enerji layihələri çərçivəsində ən böyük işlər "Şahdəniz-2” çərçivəsində görülüb: "Ötən il iki platforma tikilib və  bu platformalar dənizə yola salınıb. Dayaq blokları üzərində quraşdırılan bu platformaların test işləri həyata keçirildi. Bundan başqa, ilin sonunda "Şahdəniz-2” çərçivəsində işlər 99 faiz etibarilə başa çatıb. Sualtı işlər faktiki olaraq sınaqdan keçirilib, o cümlədən infrastruktur və digər mühüm məsələlər yekunlaşdırılıb. 2017-ci ildə yadda qalan hadisələrdən biri də Azərbaycanda gəmiqayırma zavodunun özünün ilk böyük layihəsinə imza atması oldu. Belə ki, "Xankəndi” çoxprofilli servis gəmisi istifadəyə verildi. Azərbaycan üçün çox önəmli bir hadisədir. Çünki bu gəmi "Şahdəniz-2” layihəsi çərçivəsində 10 il xidmət göstərəcək. Ötən il Sanqaçalda qaz terminalının genişləndirilməsi layihəsi də yekunlaşıb. Dövlət neft şirkətinin layihələrinə gəldikdə isə, şirkət özünün neft emalı sahəsində hələ 2015-ci ildən başladığı Heydər Əliyev adına neft emalı zavodunun modernləşdirilməsi işlərini davam etdirib. Sumqayıtda "SOCAR-Karbomid” və "SOCAR-Polimer” zavodlarının işlərində xeyli irəliləyişlər əldə olunub. Qaradağdakı qaz anbarlarının tutumunun artırılması, modernləşdirilməsi layihəsi çərçivəsində işlər davam etdirilib”. 
 
 
 
Ekspert bildirdi ki, 2017-ci ilin ən böyük hadisəsi isə "Azəri-Çıraq-Günəşli” yatağı üzrə yeni neft müqaviləsinin imzalanması olub: "Bundan əlavə, Azərbaycan ərazisində Cənubi Qafqaz boru kəmərinin tikintisi tam başa çatdırılıb. Bütün bunlar ümumilikdə Azərbaycanın enerji sektorunda görülən işlərdir. Görülən işlərin davamı olaraq 2018-ci ildə "Şahdəniz-2” layihəsi çərçivəsində ilk qaz hasil ediləcək və o qazın ixracı həyata keçiriləcək. Həmçinin Sumqayıtda "SOCAR-Polimer” layihəsi çərçivəsində iki zavodun istifadəyə verilməsi gözlənilir. Abşeron yatağında ilk hasilat quyusunun qazılmasına da start veriləcək. 2018-ci ildə beynəlxalq miqyasda da müxtəlif enerji layihələri baş tutacaq. Buna misal olaraq TANAP boru kəmərinin açılışını deyə bilərik”.
 
Şəbnəm Mehdizadə 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN