• cümə, 29 Mart, 05:02
  • Baku Bakı 7°C

Bu il xoş xəbərlər çox olacaq

28.04.15 07:01 2235
Bu il xoş xəbərlər çox olacaq
Növbəti ay ölkəmiz üçün əlamətdar hadisə olacaq. Belə ki, Elnur Hüseynov “Eurovision-2015” mahnı müsabiqəsində öz məharətini göstərəcək. İyunda isə uzun müddətdir ki, gözlədiyimiz “Bakı 2015” ilk Avropa Oyunlarına start veriləcək. Onun ardınca da “Tükvision-2015” beynəlxalq müsabiqəsində iştirakımız nəzərdə tutulub. Bizi qarşıda gözləyən bu məsuliyyətli tədbirlərlə bağlı Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Gövhər Həsənzadənin fikirlərini öyrəndik.
G.Həsənzadə bizimlə söhbətində işbirliyinə başladığı ifaçı Vaqif Nağıyevin səsinin tezliklə dünyanın məşhur səhnələrindən gələcəyini bildirdi.
- Gövhər xanım, sizcə, tezliklə Azərbaycanda keçiriləcək “Bakı 2015” birinci Avropa oyunları vətənimizi dünyaya tanıtmaq üçün hansı imkanlar yaradacaq?
- Uzun müddətdir ki, bu oyunların keçirilməsinə hazırlaşırıq. Mənim üçün ən önəmli amillərdən biri odur ki, sağ-salamat, yüksək səviyyədə bu beynəlxalq əhəmiyyətli tədbirin öhdəsindən gələk. Yəni ölkəmizə təşrif buyuran turistlər də sağ-salamat gəlib, xoş ab-hava ilə geri dönsünlər. Hətta hava şəraitinə qədər istəyərdim ki, heç bir narahatçılıq yaşanmasın. Ölkəmizə gələn xarici dövlətlərin nümayəndələri yüksək fikirlərlə geri dönsünlər. Əminəm ki, ölkəmizə gələn dünya ölkələrinin nümayəndələri çəkilən əziyyətin, görülən bu qədər işin qarşısında deməyə söz tapmayacaqlar. Avropa Oyunlarının bütün dünya tərəfindən izlənməsi bizim üçün böyük reklam olacaq. Bütün dünyanın diqqəti, marağı ölkəmizdə keçirilən bu möhtəşəm oyunlara yönələcək. Belə olan halda, mümkün deyil ki, orada Azərbaycanın adı, inkişaf səviyyəsi, gözəlliyi görünməsin. Etiraf edək ki, bu gün də bizim ehtiyacımız var ki, Azərbaycan həqiqətləri haqqında dünyaya məlumat verək. Bu, təkcə idman yarışı deyil, eyni zamanda, iqtisadi, siyasi baxımdan böyük arenanı özünə cəlb etmək deməkdir. Böyük anlamda Avropa tamaşaçısının bura toplaşması, ölkəmizə diqqət yönəltməsi bizə lazım olan həqiqətlərin tanıdılması məqsədinə xidmət edəcək. Avropa Oyunları çərçivəsində dünyaya çatdırılan informasiya və görüntüləri nümayiş etdirmək üçün başqa vaxt gərək uzun illər keçəydi və böyük bir yol qət edəydik. Hesab edirəm ki, ilk Avropa Oyunlarının vətənimizdə keçirilməsi ilk növbədə bizim dünyada tanınmamız üçün böyük rol oynayacaq. Bizə lazımdır ki, dünyaya haqqımızda daha düzgün, yalansız şəkildə informasiya ötürək. Haqqımızda heç nə bilməyənlər də bizdən xəbər tutsunlar. İyun ayında bütün Avropanın nəzəri Azərbaycanda olacaq. Mənim üçün ən əsası odur ki, bu oyunlardan Azərbaycan üzüağ çıxsın, heç bir problemimiz yaranmasın. Əminəm ki, belə də olacaq. Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bizim üçün bir şərəfdir.
- Avropa Oyunlarından qabaq Azərbaycan gələn ay “Eurovision-2015” musiqi müsabiqəsinə qatılacaq. Sizcə, həmin müsabiqədə Azərbaycanı təmsil edən Elnur layiqli yer tuta biləcəkmi?
- “Eurovision” elə bir səhnədir ki, bəzən orada haqsızlıqların yaşandığının şahidi oluruq. Bəzən bəyəndiyimiz, peşəkar kimi qiymət verdiyimiz elə ifalar olur ki, heç finala da daxil olmur. Peşəkarlığa qalsa, Elnur həmin yarışmanın ən ideal iştirakçılarındandır. Orada bəzi münasibətlər, SMS-lər, haqq-hesablar olur ki, biz onlardan xəbərsiz oluruq. Düşünmürəm ki, Avropada Elnurun alternativi ola. Elnur o səhnəni yaxşı tanıyır. “Eurovision” səhnəsi onun ayağının büdrəyə biləcəyi bir səhnə deyil. O, həmin səhnədə öz mövqeyini rahat göstərə biləcək. Ancaq SMS-lərin nələr göstərəcəyini bilmək olmur. Peşəkarlıq baxımından yanaşsaq, Elnur ilk üçlükdə olmalıdır. Bəzən olur ki, biz proqnoz veririk, ancaq nəticələr başqa şey göstərir. Misal üçün, nə Aleksandr Rıbakın, nə də Lena Meyerin müsabiqədə qalib olacağını gözləmirdik. Bu il Elnuru Avropanın ulduzu kimi görürəm. Ona görə yox ki, mənim onunla çox yaxşı münasibətlərim var, işbirliyimiz olub. Ona görə ki, bir bəstəkar, tamaşaçı kimi deyə bilərəm ki, o çox istedadlı və Avropa səhnəsi üçün layiqli iştirakçıdır. Elnur səhnədə heç vaxt özünü itirməz. O çox uğurlu iştirakçıdır. Əgər biz yalnız ilk onluğa düşsək, bu, absurd olar. Əgər o, ilk beşlikdə olmasa, “Eurovision”a olan ümidlər puça çıxar. Elnur Avropa tamaşaçısının özünə uyğun olan mahnı ilə çıxıb səhnəyə. Çünki hazırda Avropa bu tipli mahnıları sevir və dinləyir. Onun ifa etdiyi mahnı bu gün Avropanın gündəmindən düşmür. Hesab edirəm ki, o müsabiqədən də gözəl xəbər eşidəcəyik. İnşallah, bu il xoş xəbərlər çox olacaq.
- Ötən il sözügedən müsabiqədə Konçita birincilik qazandıqda...
- Konçita ölsün elə... (gülür).
- O zaman bir çoxları söylədi ki, Konçitanın birincilik qazandığı müsabiqədə Azərbaycanın iştirak etməsi absurddur.
- Biri var, bunu məişət düşüncəsi ilə öz aramızda danışaq, bir də var ki, “Eurovision”nun Azərbaycana nəyə görə lazım olması haqda fikirləşək. “Eurovision” mahnı müsabiqəsi bizim üçün böyük bir arenadır. Avropa tamaşaçısı ilə ünsiyyətə girmək üçün böyük auditoriyanı ətrafında toplayan bir yerdir ki, Azərbaycan ifaçısı orada öz çıxışı ilə ölkəsini tanıtsın. Yəni biz də varıq və burada təmsil olunuruq. Düzdür, sənətimizi təmsil etmək üçün onu kiməsə göstərməyə ehtiyacımız yoxdur. Əsrlərdir bizim peşəkar sənətimiz lazım olan səviyyədə təbliğ və təmsil olunur və öz layiqli qiymətini alır. Amma mədəniyyət baxımından ən böyük auditoriya və tamaşaçı məhz “Evrovision” səhnəsindədir. Konçitanın saqqalla səhnəyə çıxması Avropanın problemidir. Qoy onlar utansınlar. Utansınlar ki, cinsi azlıqları reklam edirlər, dəstəkləyirlər. Bu, onların düşüncəsidir, bundan bizə nə? Əsas odur ki, biz öz ifamızı normal şəkildə dünyaya tanıdaq. Heç kim bu gün deyə bilməz ki, Azərbaycan “Evrovision” səhnəsinə çıxanda hansısa bir nömrəsi ilə utandı. Bu sözü mən deyirəm, altından da imzamı atıram. “Evrovision” səhnəsinə ayaq açan gündən biz öz möhürümüzü vurmuşuq. Bu gün Avropanı lərzəyə gətirə biləcək əsərlərimiz var. Heç vaxt o səhnədən Azərbaycana dırnaqarası baxmayıblar. Burada eyib heç nə yoxdur. Konçita özü bilər, qoy bunu ona səs verənlər düşünsünlər. Konçita saqqalsız səhnəyə çıxsaydı, mən və mənim kimi tamaşaçılar nə biləcəkdi ki, o, kişidir və haradan gəlib? Saqqal saxlamaqla hər kəsi çaşdırdı və tamaşaçıların nifrətini qazandı. Əslində zadəganlıq və kübarlıq dünyanın hər yerində eyni səviyyədədir. Hər yerdə tərbiyə normativləri eynidir.
- Qeyd etdiniz ki, Avropanı lərzəyə gətirə biləcək əsərlərimiz var. Sizcə, bu gün beynəlxalq müsabiqələrə təqdim olunan mahnılarımız səviyyəcə yüksəkdirmi?
- Heç vaxt ümumi danışmağı sevməmişəm. Hazırda ifaçı Vaqif Nağıyev ilə işbirliyimiz var. Yaxın zamanda Azərbaycan tamaşaçılarını sevindirəcək bir xəbərlə onların qarşısına çıxacağıq. Belə ki, Vaqif dünyanın müxtəlif səhnələrində çıxışlar edəcək. Dünyanı lərzəyə gətirəcək əsərlər dedikdə, sözümün arxasında dayanıram. Boşuna pafosla danışanda, deyirlər ki, nə ərsəyə gətirmisən? Gələn həftə səfərdə olacağımız ölkələrin adları bəlli olacaq. Vaqiflə dünya şöhrətli ifaçı İnqridin dueti oldu. Avropa ulduzu Azərbaycanca oxudu. Musiqisi Alıxanlıya, sözləri isə mənə aid «Ümid yağışı» mahnısı bizə çox uğur gətirdi. Biz onu burada çox açıqlamadıq. Çünki o mahnının klipini gözləyirik. Klip Avropada böyük bir şirkət tərəfindən yüksək səviyyədə çəkilir. Həmin klip Avropanın kanallarında da nümayiş olunacaq. Bu da Azərbaycan ifaçısının Avropa səviyyəsində dünyaya tanınması deməkdir. İmzalar atıldıqdan sonra gələn həftədən etibarən ölkələrin və səhnələrin adlarını sizə açıqlayacağam. Azərbaycanın dünyaya tanıdılacaq ifaçıları, əsərləri çoxdur. Nədənsə çəkinmək, utanmaq, ümidsizliyə qapılmaq lazım deyil. Elə arenalar var ki, biz ora çıxmamışıq. İndi yavaş-yavaş özümüzü dünyaya tanıdırıq. Avropa Oyunları da həmin qapıların açılmasında bizə dəstək olacaq. Bundan sonra qapılar üzümüzə daha rahat açılar.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər