• cümə, 29 Mart, 00:17
  • Baku Bakı 7°C

Bu ilin Nobel Mükafatçısı - Bob Dilan

17.10.16 19:57 4789
Bu ilin Nobel Mükafatçısı - Bob Dilan
Kimdir bu Bob Dilan?!
Amerikan folklor musiqisinə improvizələrlə yenidən həyat verən, vətəndaş hüquqları naminə və müharibənin əleyhinə təşkil edilən etirazlarda hər zaman ön sıralarda görməyə öyrəşdiyimiz dünyanın yaşayan "sirli” məşhurlarından bəstəkar-müğənni, yazar Bob Dilan bu il İsveç Akademiyasında "2016-cı il Nobel Ədəbiyyat Mükafatı”nı almaq üçün kürsüyə çıxacaq.
Bəli, artıq son dörd il dünyanı durmadan heyrətə salan, Patrik Modiano kimi regional nüfuzlu bir yazara və Svetlana Alekseyeviç kimi jurnalistə dünya şöhrəti bəxş edən Nobel mükafat fondu ənənəsinə sadiq qaldı. "Böyük Amerikan musiqi ənənələri daxilində yeni poetik ifadələr yaratdığına görə" Nobel Ədəbiyyat mükafatına layiq görülən görkəmli musiqişünas Robert Allen Zimmermanın ətrafındakı söz-söhbətlər hələ uzun müddət dava edəcək kimi görünür. Lakin bir detalı da qeyd edək ki, Dilan bundan əvvəl də "Pulitzer” ədəbi mükafatına məhz "qeyri-adi poetik gücü olan lirik kompozisiyalarla Amerikan xalq və pop musiqisinə göstərdiyi dərin təsirlərə görə” layiq görülmüşdü. "Qızıl Qlobus”, "Qremmi”, "Akademiya” kimi məşhurların uğrunda gərgin mübarizə apardığı mükafatların sahibi olan Dilan 2012-ci ildə ABŞ prezidenti Barak Obamadan "Prezident Sarayı Azadlıq Mükafatı”nı alaraq, şöhrətinə və nüfuzuna polad dəbilqə əlavə etdi.
Naməlum sitayişlər, yoxsa şou nümayişi?!
"Qəhrəman sahib olduğu azadlığın sərhədlərini və məsuliyyətləri dərk edən, əlindəki azadlığın üstünlüklərindən maksimum yararlana bilən adamdır”
Onun bioqrafiyası bir çox Nobel Ədəbiyyat mükafatlı yazarınkı ilə eyni başlayır – yəhudi əsilli yazar. Yəhudi əsilli yazar Robert Allen Zimmerman 1941-ci ildə sadə vətəndaşlar olan Abram Zimmerman və Betti Stounun ailəsində dünyaya göz açıb. Zimmerman avtobioqrafiyasında atasının nənəsinin Türkiyənin Qars vilayətinin Kağızman regionunda yaşamış tayfalardan olduğunu qeyd edir. Yeniyetməlik və erkən gənclik illərində təpədən-dırnağa özünü musiqiyə vermiş Rob 1959-cu ildə Minnesota Universitetinə qəbul olur. Rok və folklor musiqisini dərindən öyrənir. Sonrakı illərdə uğursuzluqları və uğurları ard-arda sıralayan Bob verdiyi müsahibələrdən birində şöhrətə necə sahib olmağın sirlərini açarkən daha da müəmmalı adam təsiri bağışlayıb:
" - Niyə hələ də bu işlə məşğulsan? Niyə hələ də burdasan?
- Bu alın yazısı kimi bir şeydir. Onunla o gün bir müqavilə imzaladıq. O gün uzun illər əvvəl bu yola can qoydum.
- Müqavilənin şərti nə idi?
- İndi olduğum yerə gəlmək.
- Kiminlə müqavilə imzaladığını soruşa bilərəm?
- Uhhhh. Baş... Baş komandirlə...
- Bu dünyada olan bir adam haqqında danışırıq?
- Bu dünyadadır, bu planetdə... Amma biz onu görə bilmərik”.
"İnsanlar çox nadir hallarda inandıqları şeyi edirlər. Onlar adətən ilk baxışdan gözlərinə münasib görünən, sonralar isə birmənalı şəkildə peşman olduqları işlər tuturlar”
Elə bu müsahibədən sonra ABŞ siyasi səhnəsinin məşhur simalarından Mayk Pense Dilanın Nobel alması ilə bağlı tvitter hesabında paylaşdığı yazıda bəstəkarın bir mahnısından sitat kimi qeyd etdiyi sözlər yada düşür: "Kiməsə xidmət etməlisən, bu ya Şeytana, ya da Tanrıya”.
Çoxuşaqlı ata
"Nə qədər pulun olmasının, harda doğulduğunun heç bir mənası yoxdur. Dünyada iki qrup insan var: seçilmişlər və həyatı uduzmuşlar”.
Bob iki dəfə ailə qurub. İlk nikahdan övladlığa götürdüyü Maria Launds (anası Sara Bobdan boşandıqdan sonra o, musiqiçi Piter Himmelmanla ailə qurub – red.) da daxil olmaqla, altı uşaq atasıdır. Bob ilk dəfə 1965-ci ildə Sara Launds ilə ailə qurub. Bu nikahdan onun dörd övladı – Ces Bayron Dilan, Anna Lea, Samuel İsak Abram və Ceykob Luk dünyaya gəlib. 1977-ci ildə Bob və Sara yollarını ayırırlar.
Onun altıncı övladı Qabriella Denis Dilanın anası isə Bob vokal ifaçısı Karolin Denisdir. Bobdan ayrıldıqdan sonra Karol Denis kimi tanınıb. 1986-cı ilin yanvar ayında cütlüyün hamıdan uzun müddət gizlətdiyi, heç kimə göstərmədikləri qızları doğulur. Beş ay sonra isə onlar nikah masasına əyləşirlər. Lakin altı il davam etməsinə baxmayaraq, bu nikah da uğursuzluqla nəticələnir. Bobun qızı Qabriellanın adı və üzü ilk dəfə atası haqqında yazılmış "Bob Dilanın həyatı” avtobioqrafiyasında görünür. Dilanın avtobioqrafik detallarına çox varmadan Nobelin builki qalibi haqqında "Esquire” dərgisində yer almış yazını təqdim edirik.
Tanış olaq, Bob Dilan!
"Qaydaları sındıraraq yaşaya bilmək üçün insan həddindən artıq dürüst olmalıdır. Ona görə hamı güclü qayda-qanunun leyhinədir”
Bu günə qədər saysız-hesabsız müsahibələr verib. Qırxdan çox albomu var. Yaxın bir dostu ilə birgə film çəkib, avtobioqrafiya yazıb. Məşhurluğunun və incəsənət həyatının 54-cü ilidir. Hər zaman göz önündədir, yenə də bu adam mistikdir, şəxsiyyəti ziddiyyətlidir. Onun haqqında iki yaxın adamının dedikləri üst-üstə düşmür. Dilanla tanış olmaq ilk mərhələdə sadə altı sual hazırladıq.
Bob Dilan, yumurtanı necə sevirsən?
Yumurtan necə bişsin?
Yeriyəndə axsayırsan, deyəsən?
Niyə nəsə demək üçün bu qədər süründürürsən?
Bəs, yumurtanı necə sevirsən?
Bəli, Roker Cef Tvedi iddia edir ki, onun sadəcə yumurtanı necə sevdiyini bilmək üçün insan belə bir sual silsiləsindən keçməli olur. Onu konkret harada gördüyünüzü xatırlamayacaqsınız. Onun səhnə aldığı məkanlardan hansındasa işləyirsinizsə, siz onu birbaşa səhnədə görəcəksiniz. Bobun marşrutunu izləmək olmur. Tvedi onunla yaşadığı bir hadisəni danışır: "Qastrolun ilk günüdür. İlk konsertimizdir, mən də geyinmə otağında var-gəl edirəm. Dilanın konserti başlamaq üzrəydi. Bütün gün o otaqda olmuşdu. Amma Dilan o otağa gəlmədən, geyinili halda səhnəyə çıxdı. Mənə nəsə demək istəyirmiş kimi baxışlarını zillədi. Onun bu xarakterinə tab gətirə bilmirdim, mən də qəsdən ona baxmamaq üçün baxışlarımı başqa tərəfə yönəltdim. Elə həmin an Dilan düz arxamdan qulağıma: "Cef, necəsən, əzizim?” dedi. Təəccübdən və həyəcandan ürəyim dayanmışdı. O an hamının onun sürətini izah etməsini istəyirdim. Nə cavab verdiyim yadımda deyil”.
"Şeir çılpaq bir adamın yaza biləcəyi şeydir. Çoxları deyir ki, mən şairəm. Yox, mən bu qədər heç nəsiz deyiləm”.
Onun sükutdan, tənhalığa çəkilməkdən, ruhi və mənəvi izolyasiyadan qidalanan bir şöhrəti var. Musiqi aləmində tanındığı ilk gündən müsahibələr verir, müharibədən, sülhdən, Tanrıdan, vətəndaş hüquqlarından danışır. Bunların çoxu üsyankar çıxışlardır. Kitab yazır, musiqi bəstələyir, mitinqlərə çıxır, öz radio proqramını idarə edir, rəsmləri və heykəlləri dünyanın fərqli muzeylərində sərgilənir. Otuz altı yaşından eyni studiyada, eyni otaqda mahnı oxuyur, səs yazdırır. Adi bir ailənin oğlundan bir əfsanə yaratdı və bu əfsanənin sehrini qorudu. Sadəcə musiqisi, şeirləri ilə müraciət etdiyi auditoriyadan yox, onu tanıyan və təmənnasız sevənlərlə məsafəli davrandı.
Gizlilik dərdi, gizlənqaç oyunu
"Mən torpaqdan yaranmışam. Qaçaq və yalnızlıqdan qidalanan adamam. Durmadan gəzirəm. Minlərlə şəhərdən keçmişəm. Boş olan hər yerdə özümü evimdə kimi hiss edirəm”.
Gizli qalmaq, daxilən çözülməmək onun üçün əhəmiyyətli idi. "Rolling Thunder” qastrolunda onunla səhnəni bölüşən Rone Blekli: "Həyatda hər hadisədən gizliliyin önəmi ilə bağlı bir dərs çıxarırdı. Sanki bu onun həyat tapşırığı idi. Onun haqqında əsla birmənalı danışmaq olmur. Çünki hamı bilir ki, onun haqqında bildiyi şeyin bilmədiyi bir tərəfi də var. Dostu Bone Burnet də bunu ondan öyrənmişdi. Hər ay elektron poçt ünvanını dəyişirdi”.
Bəs, Dilan ətrafındakıları onun gizli həyatı ilə barışmağa, səhnəarxasında nə yaşadığı ilə maraqlanmadan hər şeyi gördükləri kimi qəbul etməyə necə razı sala bildi? Bunun üçün də xüsusi bir şey etməyib, sadəcə onun yanında olmaq istəyən hamı bunu qəbul edib.
Menecerinin sözlərinə görə, pərəstişkarları, ətrafındakı adamlar ucbatından Dilan gizlənməyi, özünü qorumağı biz sənətə çevirib. Artıq kimsə ondan çıxış etməsini xahiş edəndə bu "bayrağı açır”: "Danışası nə var ki?”.
"Mənə deyirlər ki, niyə siyasi mahnı, şeir yazmıram. Nə şeirin, nə musiqinin dünyanı dəyişmək, siyasi rol oynamaq gücü var. Mən sadəcə ruhən musiqinin içindən keçirəm. Musiqi mənim dinimdir, mən ona inanıram”
Rok ulduzlarının sevimli fotoqrafı Lin Qoldsmits: "Məşhurlar hardasa ictimai bir yerdə yemək yeyəndə sevənləri onlara yaxınlaşır, ya şəkil çəkdirirlər, ya avtoqraf alırlar. Ya da məsələn, "yaradıcılığını çox bəyənirəm”, "sonuncu albomu dinləyirəm", "son müsahibənizi oxudum, həqiqətən uğurlu idi" və s. kimi fikirlər bildirirlər. Dilanın vəziyyəti fərqlidir. Bəzən üzündəki ifadədən özünün də təəccübləndiyini hiss edirəm. "Tanrı olmaq istəyirsiniz?”, "Fərqli olmaq necə duyğudur?”, "Bob, nə ilə qidalanırsınız?”, "Bu sənin öz üzündür?” kimi suallar verirlər. "Səndən sonra adımı dəyişdirdim” onun ən çox eşitdiyi cümlədir. Ən sevimli köynəyin üstündə "1962-ci ildən heç kim vecinə deyil” yazılırdı”.
Onun həyatı və yaradıcılıq yolu çoxumuzun uğursuz çıxdığı bir imtahanın diqqətimizdən qaçan hissələrini özündə birləşdirir. "Rolling Stone” jurnalına verdiyi müsahibədə Dilan deyir: "Mənim pərəstişkarlarım, yalnız səhərə kimi çalıb-oxuduğum yerlərdə gecəni mənimlə oyaq qalanlardır”.
İkinci evliliyi uğursuz alındıqdan sonra dünyanın bir çox yerində şəxsi mülkü olmasına baxmayaraq Kaliforniya sahillərinə, Malibudakı malikanəsinə çəkilir. Evlərinin heç birini istifadə etmir, yalnız burada yaşayır. Boş zamanlarını, daha doğrusu, kiminləsə nəsə danışmaq həvəsində olduğu zamanları cıdırda, uşaqları ilə, nəvələri ilə keçirir. Hər zaman onlarla qürur duyduğunu və bu qədər övlada, nəvəyə sahib olduğu üçün xoşbəxt hiss etdiyini deyir. Köhnə avtomobillərdən ibarət kolleksiyası var. Üzməyi çox sevir. Yüngül köynəklər, dəri ayaqqabılar geyinir. Onun üçün həyat sonsuz səyahətdir. Qrupu ilə yemək yemir, onlar qalan otaqda qalmır.
"Bir gün mahnı yazmağa ehtiyacın olduğunu hiss etməyəcəksən, o gün oyanmayacaqsan”
55 yaşında ikən Nyu-Cerseydə bir nəfər şübhəli şəxs pəncərədən gizli-gizli evi izləyərkən həbs olunmuşdu. Gecə saatlarında təsadüfən oyanmış qonşu polisə məlumat vermişdi. Səhəri gün qəzetlərin manşetində özünü tanınmaz hala salmış bir şübhəli şəxsin – Dilanın şəkli yayımlandı. Polis evi niyə izlədiyi ilə bağlı səhərə kimi sorğu-sual aparır. Lakin o sadəcə üzr istəyir və özündən asılı olmadığını deyirdi. İddialara görə, onun belə kasıb məhəllələrə, tanınmadığı yerlərə üz tutub, adamlarla danışdığı, gecə gəzintilərinə çıxıb, qapı-pəncərə pusmaq kimi adətləri olub. Polisin sonrakı araşdırması da göstərib ki, Dilan pəncərəsi önündə yaxalandığı evdən heç kimi tanımır. Məşhur olmasına baxmayaraq, bu evdə bu məhəllədə yaşayanlar da Bobu tanımır...
Nobeldən sonra Bob tanınmadığı bir yer tapa biləcəkmi, məlum deyil. Amma mükafat mərasimlərinə getmək ən sevmədiyi şey olub. Çünki o daha çox tanınmaqdan həmişə qaçıb...
"Esquire" jurnalı
Tərcümə etdi: Elcan SALMANQIZI
banner

Oxşar Xəbərlər