Bu ilin Nobel Mükafatçısı - Bob Dilan
Kimdir bu Bob
Dilan?!
Amerikan
folklor musiqisinə improvizələrlə yenidən həyat verən, vətəndaş hüquqları naminə
və müharibənin əleyhinə təşkil edilən etirazlarda hər zaman ön sıralarda görməyə
öyrəşdiyimiz dünyanın yaşayan "sirli” məşhurlarından bəstəkar-müğənni, yazar
Bob Dilan bu il İsveç Akademiyasında "2016-cı il Nobel Ədəbiyyat Mükafatı”nı
almaq üçün kürsüyə çıxacaq.
Bəli, artıq son
dörd il dünyanı durmadan heyrətə salan, Patrik Modiano kimi regional nüfuzlu
bir yazara və Svetlana Alekseyeviç kimi jurnalistə dünya şöhrəti bəxş edən Nobel
mükafat fondu ənənəsinə sadiq qaldı. "Böyük Amerikan musiqi ənənələri
daxilində yeni poetik ifadələr yaratdığına görə" Nobel Ədəbiyyat
mükafatına layiq görülən görkəmli musiqişünas Robert Allen Zimmermanın ətrafındakı
söz-söhbətlər hələ uzun müddət dava edəcək kimi görünür. Lakin bir detalı da
qeyd edək ki, Dilan bundan əvvəl də "Pulitzer” ədəbi mükafatına məhz "qeyri-adi
poetik gücü olan lirik kompozisiyalarla Amerikan xalq və pop musiqisinə göstərdiyi
dərin təsirlərə görə” layiq görülmüşdü. "Qızıl Qlobus”, "Qremmi”, "Akademiya”
kimi məşhurların uğrunda gərgin mübarizə apardığı mükafatların sahibi olan
Dilan 2012-ci ildə ABŞ prezidenti Barak Obamadan "Prezident Sarayı Azadlıq
Mükafatı”nı alaraq, şöhrətinə və nüfuzuna polad dəbilqə əlavə etdi.
Naməlum sitayişlər,
yoxsa şou nümayişi?!
"Qəhrəman sahib olduğu
azadlığın sərhədlərini və məsuliyyətləri dərk edən, əlindəki azadlığın
üstünlüklərindən maksimum yararlana bilən adamdır”
Onun bioqrafiyası bir
çox Nobel Ədəbiyyat mükafatlı yazarınkı ilə eyni başlayır – yəhudi əsilli
yazar. Yəhudi əsilli yazar Robert Allen Zimmerman 1941-ci ildə sadə vətəndaşlar
olan Abram Zimmerman və Betti Stounun ailəsində dünyaya göz açıb. Zimmerman
avtobioqrafiyasında atasının nənəsinin Türkiyənin Qars vilayətinin Kağızman
regionunda yaşamış tayfalardan olduğunu qeyd edir. Yeniyetməlik və erkən gənclik
illərində təpədən-dırnağa özünü musiqiyə vermiş Rob 1959-cu ildə Minnesota
Universitetinə qəbul olur. Rok və folklor musiqisini dərindən öyrənir. Sonrakı
illərdə uğursuzluqları və uğurları ard-arda sıralayan Bob verdiyi müsahibələrdən
birində şöhrətə necə sahib olmağın sirlərini açarkən daha da müəmmalı adam təsiri
bağışlayıb:
" - Niyə hələ də bu
işlə məşğulsan? Niyə hələ də burdasan?
- Bu alın yazısı kimi
bir şeydir. Onunla o gün bir müqavilə imzaladıq. O gün uzun illər əvvəl bu yola
can qoydum.
- Müqavilənin şərti nə
idi?
- İndi olduğum yerə gəlmək.
- Kiminlə müqavilə
imzaladığını soruşa bilərəm?
- Uhhhh. Baş... Baş
komandirlə...
- Bu dünyada olan bir
adam haqqında danışırıq?
- Bu dünyadadır, bu
planetdə... Amma biz onu görə bilmərik”.
"İnsanlar çox nadir
hallarda inandıqları şeyi edirlər. Onlar adətən ilk baxışdan gözlərinə münasib
görünən, sonralar isə birmənalı şəkildə peşman olduqları işlər tuturlar”
Elə bu müsahibədən
sonra ABŞ siyasi səhnəsinin məşhur simalarından Mayk Pense Dilanın Nobel alması
ilə bağlı tvitter hesabında paylaşdığı yazıda bəstəkarın bir mahnısından sitat
kimi qeyd etdiyi sözlər yada düşür: "Kiməsə xidmət etməlisən, bu ya Şeytana, ya
da Tanrıya”.
Çoxuşaqlı ata
"Nə qədər pulun
olmasının, harda doğulduğunun heç bir mənası yoxdur. Dünyada iki qrup insan
var: seçilmişlər və həyatı uduzmuşlar”.
Bob iki dəfə
ailə qurub. İlk nikahdan övladlığa götürdüyü Maria Launds (anası Sara Bobdan
boşandıqdan sonra o, musiqiçi Piter Himmelmanla ailə qurub – red.) da daxil
olmaqla, altı uşaq atasıdır. Bob ilk dəfə 1965-ci ildə Sara Launds ilə ailə
qurub. Bu nikahdan onun dörd övladı – Ces Bayron Dilan, Anna Lea, Samuel İsak
Abram və Ceykob Luk dünyaya gəlib. 1977-ci ildə Bob və Sara yollarını
ayırırlar.
Onun altıncı
övladı Qabriella Denis Dilanın anası isə Bob vokal ifaçısı Karolin Denisdir.
Bobdan ayrıldıqdan sonra Karol Denis kimi tanınıb. 1986-cı ilin yanvar ayında
cütlüyün hamıdan uzun müddət gizlətdiyi, heç kimə göstərmədikləri qızları
doğulur. Beş ay sonra isə onlar nikah masasına əyləşirlər. Lakin altı il davam
etməsinə baxmayaraq, bu nikah da uğursuzluqla nəticələnir. Bobun qızı
Qabriellanın adı və üzü ilk dəfə atası haqqında yazılmış "Bob Dilanın həyatı”
avtobioqrafiyasında görünür. Dilanın avtobioqrafik detallarına çox varmadan
Nobelin builki qalibi haqqında "Esquire” dərgisində yer almış yazını təqdim
edirik.
Tanış olaq, Bob
Dilan!
"Qaydaları
sındıraraq yaşaya bilmək üçün insan həddindən artıq dürüst olmalıdır. Ona görə
hamı güclü qayda-qanunun leyhinədir”
Bu günə qədər
saysız-hesabsız müsahibələr verib. Qırxdan çox albomu var. Yaxın bir dostu ilə
birgə film çəkib, avtobioqrafiya yazıb. Məşhurluğunun və incəsənət həyatının
54-cü ilidir. Hər zaman göz önündədir, yenə də bu adam mistikdir, şəxsiyyəti
ziddiyyətlidir. Onun haqqında iki yaxın adamının dedikləri üst-üstə düşmür.
Dilanla tanış olmaq ilk mərhələdə sadə altı sual hazırladıq.
Bob Dilan,
yumurtanı necə sevirsən?
Yumurtan necə
bişsin?
Yeriyəndə
axsayırsan, deyəsən?
Niyə nəsə demək
üçün bu qədər süründürürsən?
Bəs, yumurtanı
necə sevirsən?
Bəli, Roker Cef
Tvedi iddia edir ki, onun sadəcə yumurtanı necə sevdiyini bilmək üçün insan belə
bir sual silsiləsindən keçməli olur. Onu konkret harada gördüyünüzü
xatırlamayacaqsınız. Onun səhnə aldığı məkanlardan hansındasa işləyirsinizsə,
siz onu birbaşa səhnədə görəcəksiniz. Bobun marşrutunu izləmək olmur. Tvedi
onunla yaşadığı bir hadisəni danışır: "Qastrolun ilk günüdür. İlk
konsertimizdir, mən də geyinmə otağında var-gəl edirəm. Dilanın konserti başlamaq
üzrəydi. Bütün gün o otaqda olmuşdu. Amma Dilan o otağa gəlmədən, geyinili
halda səhnəyə çıxdı. Mənə nəsə demək istəyirmiş kimi baxışlarını zillədi. Onun
bu xarakterinə tab gətirə bilmirdim, mən də qəsdən ona baxmamaq üçün
baxışlarımı başqa tərəfə yönəltdim. Elə həmin an Dilan düz arxamdan qulağıma:
"Cef, necəsən, əzizim?” dedi. Təəccübdən və həyəcandan ürəyim dayanmışdı. O an
hamının onun sürətini izah etməsini istəyirdim. Nə cavab verdiyim yadımda
deyil”.
"Şeir çılpaq
bir adamın yaza biləcəyi şeydir. Çoxları deyir ki, mən şairəm. Yox, mən bu qədər
heç nəsiz deyiləm”.
Onun sükutdan, tənhalığa çəkilməkdən,
ruhi və mənəvi izolyasiyadan qidalanan bir şöhrəti var. Musiqi aləmində
tanındığı ilk gündən müsahibələr verir, müharibədən, sülhdən, Tanrıdan, vətəndaş
hüquqlarından danışır. Bunların çoxu üsyankar çıxışlardır. Kitab yazır, musiqi
bəstələyir, mitinqlərə çıxır, öz radio proqramını idarə edir, rəsmləri və heykəlləri
dünyanın fərqli muzeylərində sərgilənir. Otuz altı yaşından eyni studiyada, eyni
otaqda mahnı oxuyur, səs yazdırır. Adi bir ailənin oğlundan bir əfsanə yaratdı
və bu əfsanənin sehrini qorudu. Sadəcə musiqisi, şeirləri ilə müraciət etdiyi
auditoriyadan yox, onu tanıyan və təmənnasız sevənlərlə məsafəli davrandı.
Gizlilik dərdi, gizlənqaç oyunu
"Mən torpaqdan yaranmışam.
Qaçaq və yalnızlıqdan qidalanan adamam. Durmadan gəzirəm. Minlərlə şəhərdən
keçmişəm. Boş olan hər yerdə özümü evimdə kimi hiss edirəm”.
Gizli qalmaq, daxilən
çözülməmək onun üçün əhəmiyyətli idi. "Rolling Thunder” qastrolunda onunla səhnəni
bölüşən Rone Blekli: "Həyatda hər hadisədən gizliliyin önəmi ilə bağlı bir dərs
çıxarırdı. Sanki bu onun həyat tapşırığı idi. Onun haqqında əsla birmənalı
danışmaq olmur. Çünki hamı bilir ki, onun haqqında bildiyi şeyin bilmədiyi bir
tərəfi də var. Dostu Bone Burnet də bunu ondan öyrənmişdi. Hər ay elektron poçt
ünvanını dəyişirdi”.
Bəs, Dilan ətrafındakıları
onun gizli həyatı ilə barışmağa, səhnəarxasında nə yaşadığı ilə maraqlanmadan hər
şeyi gördükləri kimi qəbul etməyə necə razı sala bildi? Bunun üçün də xüsusi
bir şey etməyib, sadəcə onun yanında olmaq istəyən hamı bunu qəbul edib.
Menecerinin sözlərinə görə,
pərəstişkarları, ətrafındakı adamlar ucbatından Dilan gizlənməyi, özünü
qorumağı biz sənətə çevirib. Artıq kimsə ondan çıxış etməsini xahiş edəndə bu
"bayrağı açır”: "Danışası nə var ki?”.
"Mənə deyirlər ki, niyə
siyasi mahnı, şeir yazmıram. Nə şeirin, nə musiqinin dünyanı dəyişmək, siyasi
rol oynamaq gücü var. Mən sadəcə ruhən musiqinin içindən keçirəm. Musiqi mənim
dinimdir, mən ona inanıram”
Rok ulduzlarının sevimli
fotoqrafı Lin Qoldsmits: "Məşhurlar hardasa ictimai bir yerdə yemək yeyəndə sevənləri
onlara yaxınlaşır, ya şəkil çəkdirirlər, ya avtoqraf alırlar. Ya da məsələn,
"yaradıcılığını çox bəyənirəm”, "sonuncu albomu dinləyirəm", "son
müsahibənizi oxudum, həqiqətən uğurlu idi" və s. kimi fikirlər bildirirlər.
Dilanın vəziyyəti fərqlidir. Bəzən üzündəki ifadədən özünün də təəccübləndiyini
hiss edirəm. "Tanrı olmaq istəyirsiniz?”, "Fərqli olmaq necə duyğudur?”, "Bob,
nə ilə qidalanırsınız?”, "Bu sənin öz üzündür?” kimi suallar verirlər. "Səndən
sonra adımı dəyişdirdim” onun ən çox eşitdiyi cümlədir. Ən sevimli köynəyin
üstündə "1962-ci ildən heç kim vecinə deyil” yazılırdı”.
Onun həyatı və yaradıcılıq
yolu çoxumuzun uğursuz çıxdığı bir imtahanın diqqətimizdən qaçan hissələrini
özündə birləşdirir. "Rolling Stone” jurnalına verdiyi müsahibədə Dilan deyir:
"Mənim pərəstişkarlarım, yalnız səhərə kimi çalıb-oxuduğum yerlərdə gecəni mənimlə
oyaq qalanlardır”.
İkinci evliliyi uğursuz
alındıqdan sonra dünyanın bir çox yerində şəxsi mülkü olmasına baxmayaraq
Kaliforniya sahillərinə, Malibudakı malikanəsinə çəkilir. Evlərinin heç birini
istifadə etmir, yalnız burada yaşayır. Boş zamanlarını, daha doğrusu, kiminləsə
nəsə danışmaq həvəsində olduğu zamanları cıdırda, uşaqları ilə, nəvələri ilə
keçirir. Hər zaman onlarla qürur duyduğunu və bu qədər övlada, nəvəyə sahib
olduğu üçün xoşbəxt hiss etdiyini deyir. Köhnə avtomobillərdən ibarət
kolleksiyası var. Üzməyi çox sevir. Yüngül köynəklər, dəri ayaqqabılar geyinir.
Onun üçün həyat sonsuz səyahətdir. Qrupu ilə yemək yemir, onlar qalan otaqda
qalmır.
"Bir gün mahnı yazmağa
ehtiyacın olduğunu hiss etməyəcəksən, o gün oyanmayacaqsan”
55 yaşında ikən Nyu-Cerseydə
bir nəfər şübhəli şəxs pəncərədən gizli-gizli evi izləyərkən həbs olunmuşdu.
Gecə saatlarında təsadüfən oyanmış qonşu polisə məlumat vermişdi. Səhəri gün qəzetlərin
manşetində özünü tanınmaz hala salmış bir şübhəli şəxsin – Dilanın şəkli
yayımlandı. Polis evi niyə izlədiyi ilə bağlı səhərə kimi sorğu-sual aparır.
Lakin o sadəcə üzr istəyir və özündən asılı olmadığını deyirdi. İddialara görə,
onun belə kasıb məhəllələrə, tanınmadığı yerlərə üz tutub, adamlarla danışdığı,
gecə gəzintilərinə çıxıb, qapı-pəncərə pusmaq kimi adətləri olub. Polisin
sonrakı araşdırması da göstərib ki, Dilan pəncərəsi önündə yaxalandığı evdən
heç kimi tanımır. Məşhur olmasına baxmayaraq, bu evdə bu məhəllədə yaşayanlar
da Bobu tanımır...
Nobeldən sonra Bob
tanınmadığı bir yer tapa biləcəkmi, məlum deyil. Amma mükafat mərasimlərinə
getmək ən sevmədiyi şey olub. Çünki o daha çox tanınmaqdan həmişə qaçıb...
"Esquire" jurnalı
Tərcümə etdi: Elcan SALMANQIZI