• cümə, 19 Aprel, 17:23
  • Baku Bakı 25°C

“Bu, hər birimiz üçün əsl nümunə və dərsdir”

29.01.19 20:07 1963
“Bu, hər birimiz üçün əsl nümunə və dərsdir”
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüşüblər. Şəhid ailələri qarşısında çıxış edərək dövlətin sosial siyasətindən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan söhbət açan ölkə başçısı şəhid valideynlərinin, ailə üzvlərinin fikirlərini də dinləyib, onlarla səmimi foto çəkdirib. Görüşdə dövlətimizin başçısı birdəfəlik ödəməni almaq üçün istifadə olunan plastik kartları şəhid hərbi qulluqçularının vərəsələrinə təqdim edib. Sözügedən görüş, orada səsləndirilən fikirlər, dövlətin sosial siyasəti, bu istiqamətdə görülən işlər, imzalanan dövlət sənədləri və sair məsələlərlə bağlı "Kaspi” qəzetinin suallarını Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev cavablandırır.

- Musa müəllim, Azərbaycanda həyata keçirilən sosial siyasətin başlıca hədəfi nədən ibarətdir?
- Azərbaycan dövlətinin daxili siyasətində sosial siyasət prioritet istiqamət təşkil edir. Hər il dövlət büdcəsindən ayrılan vəsaitin üçdə birindən az olmamaq şərti ilə sosial sahələrin maliyyələşdirilməsinə yönəldilir. İldən ilə bu məbləğ miqdar olaraq artır. Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə söyləyib ki, Azərbaycanda sosial siyasətin mərkəzində ölkə vətəndaşı, onun sosial-rifah halı dayanır. Azərbaycan dövləti öz iqtisadi gücünü, qüdrətini artırdıqca, şübhəsiz ki, sosial siyasətə yönəlik həm maliyyə dəstəyi, həm də dövlət proqramları, layihələr artır. Getdikcə bu istiqamətdə işlərin həcmi daha da genişlənir. Ümumiyyətlə, ölkədə infrastruktur layihələrin həyata keçirilməsi, müxtəlif dövlət proqramlarının qəbul olunması vətəndaşın sosial-rifahının yüksəldilməsinə xidmət edir. Elə bu gün Prezident İlham Əliyevin iştirakı ilə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfrans keçirilib. Bu konfransdan sonra sayca dördüncü regional inkişaf proqramı qəbul olunacaq. Bu istiqamətdə ilk dövlət proqramı 2004-cü ildə qəbul olunub. İndiyə qədər ümumilikdə 3 dövlət proqramı qəbul edilib, orada əksini tapan bütün məsələlər həllini tapıb, qarşıya qoyulan vəzifələr uğurla icra olunub. Bu proqramların həyata keçirilməsi nəticəsində son 15 ildə maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artırılıb. Ötən illər ərzində 3100-dən çox məktəb, 640-dan artıq xəstəxana tikilib və ya təmir edilərək vətəndaşların istifadəsinə verilib, bölgələrdə 43 Olimpiya İdman Mərkəzi yaradılıb, böyük infrastruktur qurulub. Həyata keçirilən tədbirlər sayəsində son 15 ildə yoxsulluq təxminən 50 faizdən 5,4 faizə düşüb, işsizlik Azərbaycanda 5 faiz səviyyəsinə enib. Vətəndaşların sağlamlığının qorunması üçün hər il təxminən 5 milyona yaxın insanın dövlət xətti ilə pulsuz tibbi müayinədən keçirilib. İndiyə qədər ölkədə 2 milyona yaxın daimi yeni iş yerləri yaradılıb. Təkcə ötən il isə yeni yaradılan daimi iş yerlərinin sayı 118 min olub. Bütün bu faktlar və əldə olunan nailiyyətlər Azərbaycanda həyata keçirilən sosial siyasətin real nəticəsidir.

- Ölkədə reallaşdırılan sosial siyasətdə müdafiəyə ehtiyacı olan vətəndaşlara diqqət və qayğı özünü daha çox hansı formada göstərir?
- Sosial cəhətdən müdafiəyə daha çox ehtiyacı olan insanların sosial durumu dövlət başçısı İlham Əliyevin xüsusi diqqət mərkəzində saxlanılır. Bura Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz evindən didərgin düşmüş qaçqın və məcburi köçkünlər, Qarabağ müharibəsi və 20 Yanvar əlilləri, şəhid ailələri daxildir. Sadalanan kateqoriyaya aid edilənlər daim dövlətin qayğısı altındadır. Misal üçün, Prezident İlham Əliyevin rəhbərliyi ilə məcburi köçkünlərin problemlərinin həlli istiqamətində məqsədyönlü iş aparılır, bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, onların məşğulluğunun təmin edilməsi, sosial müdafiəsinin gücləndirilməsi üçün zəruri tədbirlər həyata keçirilir. İndiyədək 102 yeni qəsəbə salınıb, bu kateqoriyadan olan üç yüz minədək vətəndaşın mənzil şəraiti əsaslı şəkildə yaxşılaşdırılıb. Təkcə ötən ilin sonunda Abşeron rayonunda və Sumqayıt şəhərində məcburi köçkünlər üçün yeni yaşayış kompleksi istifadəyə verilib, bu yaxınlarda Qaradağ rayonunun Ümid qəsəbəsində 300 ailənin yeni mənzillərə köçürülməsinə başlanılıb. 2019-cu ildə də bu kimi məsələlərin həlli üçün büdcədən böyük vəsait ayrılıb. Xatırlayırsınızsa, 2003-cü ilin prezident seçkiləri zamanı cənab İlham Əliyev xalq qarşısında çıxış edərək bildirmişdi ki, yaxın gələcəkdə Azərbaycanda çadır şəhərciyi qalmayacaq. O, bu vədinə sadiq qaldı, öz siyasəti ilə məcburi köçkünlərin mənzil-məişət şəraitini yaxşılaşdırdı. Yeni nəsillərə deyilsə ki, vaxtilə Azərbaycanın Mil-Muğan düzlərində çadır şəhərcikləri, çoxsaylı şəraitsiz tikililər var idi və burada məcburi köçkünlər yaşayırdı, onlar bunu təsəvvürlərinə gətirə bilməzlər. Çünki, bir qədər əvvəl söylədiyim kimi, həmin çadır şəhərciklərindən əsər-əlamət qalmayıb.

- Ötən illər ərzində Qarabağ müharibəsi və 20 Yanvar əlilləri, şəhid ailələrinin sosial problemlərinin həlli istiqamətində hansı işlər görülüb?
- Qarabağ müharibəsi, 20 Yanvar əlilləri, şəhid ailələrinə göstərilən diqqət və qayğı da yüksək səviyyədədir. Rəsmi rəqəmlərə görə, ötən dövrdə bu kateqoriyalardan olan vətəndaşlara 6654 mənzil təqdim edilib. Yalnız 2018-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla, yəni 626 mənzil verilib. 2019-cu ildə də bu kateqoriyadan olan vətəndaşlara azı 800 mənzilin təqdim olunması nəzərdə tutulub. Bu vaxta qədər müharibə əlillərinə 6144 minik avtomobilinin verilməsi də dövlətin diqqət və qayğısının daha bir göstəricisidir. Yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüşən Prezident İlham Əliyev bildirdi ki, yaxın gələcəkdə bir nəfər də olsun mənzillə təmin olunmayan şəhid ailəsi qalmayacaq. Bu, olduqca ciddi mesajdır, dövlətin, ölkə başçısının öz vətəndaşına olan münasibətidir. Əlavə olaraq qeyd etmək olar ki, şəhid ailələrinə və müharibə əlillərinə, Milli Qəhrəmanlara Azərbaycan Prezidentinin aylıq təqaüdünün məbləği ötən dövrdə mütəmadi olaraq artırılmaqla Milli Qəhrəmanlar üçün 1500 manata, şəhid ailələri üçün 242 manata çatdırılıb. Eləcə də I qrup müharibə əlili 182, II qrup əlil 158, III qrup əlil 121 manat təqaüd alır. Prezident təqaüdü ilə bərabər, müharibə əlillərindən böyük əksəriyyəti əlilliyə görə əmək pensiyası, pensiya hüququ olmayan az bir qismi əlilliyə görə müavinətalırlar. Əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə və müharibə əlillərinin uşaqlarına isə aylıq sosial müavinət verilir. Həmçinin şəhid ailələrinin və müharibə əlillərinin uşaqları dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil aldıqda təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir. Ölkəmizdə icra olunan özünüməşğulluq proqramına müraciət edənlər arasında digər həssas qruplarla yanaşı, şəhid ailələri və müharibə əlillərinə də üstünlük verilir. Təkcə ötən il 100-dək şəhid ailəsi, mindən çox əlilliyi olan şəxs bu proqrama cəlb olunaraq aktivlərlə təmin edilib. Bu kateqoriyadan olan insanların işə götürülməsi və işdən azad olunması məsələsində xüsusi yanaşmalar, imtiyazlar var. Hətta müvafiq iş yerində ixtisarlar olan zaman müharibə əlilləri və şəhid ailəsi üzvləri ixtisara düşə biləcək ən sonuncu vətəndaşdır, işçidir. Sosial ipoteka üçün müraciət edilən zaman da sözügedən kateqoriyadan olan insanlara böyük güzəştlər tətbiq edilir və sair. Bu kimi tədbirlərin davamı olaraq, ötən gün Prezident İlham Əliyev "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” yeni bir sərəncam da imzalayıb. Həmin sərəncamla müharibə əlilləri və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına 35 milyon manat ayrılıb.

- Musa müəllim, Sizin də vurğuladığınız kimi Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva ötən gün Prezident Sarayında şəhid ailələri ilə görüşüblər. Bu görüşün ictimai-siyasi, sosial əhəmiyyətini necə dəyərləndirirsiniz?
- Bu görüşün ictimai, sosial və mənəvi dəyəri, tərbiyəvi əhəmiyyəti böyükdür. Görüşün sosial-ictimai əhəmiyyəti ondan ibarətdir ki, 1997-ci ildə Azərbaycanda "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanun qüvvəyə minib. Bu qanunla hərbi qulluqçulara sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi baza formalaşdırılıb.Həmin qanunla Azərbaycan vətəndaşı – hərbi qulluqçu müharibədə şəhid olardısa, yaralanardısa, sağlamlığını itirib əlil olardısa, ona sığorta haqqı ödənilirdi. 1997-ci ilə qədər isə belə bir qanun olmadığı üçün hərbi qulluqçular üçün bu imkanlar nəzərdə tutulmurdu. Uzun müddət hökumət və Milli Məclis bu məsələnin həllinin tapılması üzərində işlədi, həll yollarını axtardı. Cənab İlham Əliyev ötən ilin aprelində növbəti dəfə xalqın etimadını qazanaraq prezident seçiləndən sonra imzaladığı ilk dövlət sənədi bu məsələ ilə bağlı oldu. 2018-ci il 19 aprel tarixində dövlət başçısı İlham Əliyev "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzaladı. Həmin fərman 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11.000 manat ödəmə verilməsini nəzərdə tuturdu. Beləliklə də şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər həyata keçirildi. 1997-ci ilə qədər şəhid olmuş hərbi qulluqçuların ailələrinə birdəfəlik 11 min manat ödənilməsi prosesinə başlanıldı. Fərmanın imzalanmasından indiyə qədər ötən vaxtda 3100 şəhid hərbi qulluqçunun 4200-ə qədər vərəsəsinə birdəfəlik ödəmə həyata keçirilib, bu istiqamət üzrə 34 milyon manat vəsait ödənilib. Hazırda 6444 şəhidin vərəsələrinə ödənişlər davam etməkdədir. Lakin bir qrup şəhid ailəsi, vərəsəsi var idi ki, onlar 1997-ci ilə qədər müəyyən məbləğdə ödəniş almışdılar. O vaxtın məzənnəsi ilə bu, 50 min manat təşkil edirdi. İndiki məzənnə ilə müqayisə edəndə o dövrdə ödənən məbləğ çox az idi. Həmin şəhid ailələri də arzu edirdi ki, onlara da 11 min manatlıq birdəfəlik müavinət verilsin. Prezident İlham Əliyevin şəhid ailələri ilə görüşündə qeyd etdiyi kimi, bu məsələdə qanunçuluq və sosial ədalət əsas götürülüb, müvafiq qərar qəbul olunub. Azərbaycan Prezidentinin 28 yanvar 2019-cu il tarixdə imzaladığı yeni bir fərman bu sosial ədaləti təmin etdi. Bu fərmanla birdəfəlik ödəmənin əhatə dairəsi daha da genişləndi. Azərbaycanın ərazi bütövlüyü uğrunda 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 şəhidin, o cümlədən 11000 manatdan az sığorta ödənişi almış 2264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin vərəsələrinə də birdəfəlik ödəmənin verilməsi tapşırıldı. Yeni fərmanla birdəfəlik ödəmənin verilməsi prosesi artıq 12268 şəhidin vərəsələrini əhatə edəcək və bu məqsədlər üçün ümumilikdə 135 milyon manat vəsait xərclənəcək. Artıq müvafiq icra orqanlarına bu barədə göstərişlər verilib. İnanırıq ki, qeyd edilən fərmandan irəli gələn vəzifələr, tapşırıqlar da yüksək səviyyədə icra ediləcəkdir.


- Dünənki görüşün mənəvi dəyəri və tərbiyəvi əhəmiyyəti nədən ibarət idi?
- Azərbaycan Prezidentinin və Birinci xanımın şəhid ailələri ilə görüşünün çox böyük mənəvi-tərbiyəvi əhəmiyyəti var. Prezident İlham Əliyev şəhid ailələri qarşısında çıxış edərək bildirdi ki, Azərbaycan xalqına xidmət etmək onun başlıca vəzifəsidir və bundan qürur hissi duyur, bunu böyük şərəf sayır. Ölkə başçısının davranışı, səsləndirdiyi fikirlər bütövlükdə Azərbaycan məmuruna, dövlət adamına, ictimai-siyasi xadimlərə, ümumən hər kəsə mesajdır. O, bununla sübut edir və tələb edir ki, xalqa xidmət hər birimiz üçün şərəf işi olmalıdır. Azərbaycan Prezidentinin ayağa durmaqda çətinlik çəkən şəhid anasına şəxsən yaxınlaşması, birdəfəlik ödəmə üçün plastik kartı özü ona təqdim etməsi dövlət rəhbərinin humanistliyinin, sadəliyinin, şəhid adına, onun ailəsinə ehtiramın, hörmətin ifadəsi idi. Bu, hər birimiz üçün əsl nümunə və dərsdir. Ona görə də geniş ictimaiyyət tərəfindən də bu görüş yüksək qiymətləndirilib, böyük sevgi ilə qarşılanıb. Bu görüş və orada baş verənlər əlində silah cəbhə xəttində Vətəni qoruyan hərbçilərimiz üçün də bir stimuldur. Onlar öz ailələrinin etibarlı əllərdə olduğunu, hətta şəhid olarlarsa ailə üzvlərinin dövlətin diqqət və qayğısı, Azərbaycan Prezidentinin himayəsi ilə əhatə olunacağını görürlər. Gənclər arasında vətənpərvərlik ruhunun daha da yüksəlməsi üçün də bu görüş son dərəcə böyük əhəmiyyət daşıyır.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər