“Bu, hər birimiz üçün əsl nümunə və dərsdir”
Prezident İlham Əliyev və
Birinci xanım Mehriban Əliyeva yanvarın 28-də Prezident Sarayında şəhid
ailələri ilə görüşüblər. Şəhid ailələri qarşısında çıxış edərək dövlətin sosial
siyasətindən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan söhbət açan ölkə
başçısı şəhid valideynlərinin, ailə üzvlərinin fikirlərini də dinləyib, onlarla
səmimi foto çəkdirib. Görüşdə dövlətimizin başçısı birdəfəlik ödəməni almaq
üçün istifadə olunan plastik kartları şəhid hərbi qulluqçularının vərəsələrinə
təqdim edib. Sözügedən görüş, orada səsləndirilən fikirlər, dövlətin sosial
siyasəti, bu istiqamətdə görülən işlər, imzalanan dövlət sənədləri və sair
məsələlərlə bağlı "Kaspi” qəzetinin suallarını Milli Məclisin Əmək və sosial
siyasət komitəsinin üzvü Musa Quliyev cavablandırır.
-
Musa müəllim, Azərbaycanda həyata keçirilən sosial siyasətin başlıca hədəfi nədən
ibarətdir?
- Azərbaycan dövlətinin
daxili siyasətində sosial siyasət prioritet istiqamət təşkil edir. Hər il
dövlət büdcəsindən ayrılan vəsaitin üçdə birindən az olmamaq şərti ilə sosial
sahələrin maliyyələşdirilməsinə yönəldilir. İldən ilə bu məbləğ miqdar olaraq
artır. Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə söyləyib ki,
Azərbaycanda sosial siyasətin mərkəzində ölkə vətəndaşı, onun sosial-rifah halı
dayanır. Azərbaycan dövləti öz iqtisadi gücünü, qüdrətini artırdıqca, şübhəsiz
ki, sosial siyasətə yönəlik həm maliyyə dəstəyi, həm də dövlət proqramları,
layihələr artır. Getdikcə bu istiqamətdə işlərin həcmi daha da genişlənir.
Ümumiyyətlə, ölkədə infrastruktur layihələrin həyata keçirilməsi, müxtəlif
dövlət proqramlarının qəbul olunması vətəndaşın sosial-rifahının
yüksəldilməsinə xidmət edir. Elə bu gün Prezident İlham Əliyevin iştirakı ilə
"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfrans
keçirilib. Bu konfransdan sonra sayca dördüncü regional inkişaf proqramı qəbul
olunacaq. Bu istiqamətdə ilk dövlət proqramı 2004-cü ildə qəbul olunub. İndiyə
qədər ümumilikdə 3 dövlət proqramı qəbul edilib, orada əksini tapan bütün
məsələlər həllini tapıb, qarşıya qoyulan vəzifələr uğurla icra olunub. Bu
proqramların həyata keçirilməsi nəticəsində son 15 ildə maaşlar təxminən 7
dəfə, pensiyalar 10 dəfədən çox artırılıb. Ötən illər ərzində 3100-dən çox
məktəb, 640-dan artıq xəstəxana tikilib və ya təmir edilərək vətəndaşların
istifadəsinə verilib, bölgələrdə 43 Olimpiya İdman Mərkəzi yaradılıb, böyük
infrastruktur qurulub. Həyata keçirilən tədbirlər sayəsində son 15 ildə
yoxsulluq təxminən 50 faizdən 5,4 faizə düşüb, işsizlik Azərbaycanda 5 faiz
səviyyəsinə enib. Vətəndaşların sağlamlığının qorunması üçün hər il təxminən 5
milyona yaxın insanın dövlət xətti ilə pulsuz tibbi müayinədən keçirilib. İndiyə
qədər ölkədə 2 milyona yaxın daimi yeni iş yerləri yaradılıb. Təkcə ötən il isə
yeni yaradılan daimi iş yerlərinin sayı 118 min olub. Bütün bu faktlar və əldə
olunan nailiyyətlər Azərbaycanda həyata keçirilən sosial siyasətin real
nəticəsidir.
-
Ölkədə reallaşdırılan sosial siyasətdə müdafiəyə ehtiyacı olan
vətəndaşlara diqqət və qayğı özünü daha çox hansı formada göstərir?
- Sosial cəhətdən müdafiəyə
daha çox ehtiyacı olan insanların sosial durumu dövlət başçısı İlham Əliyevin
xüsusi diqqət mərkəzində saxlanılır. Bura Ermənistanın işğalçılıq siyasəti
nəticəsində öz evindən didərgin düşmüş qaçqın və məcburi köçkünlər, Qarabağ
müharibəsi və 20 Yanvar əlilləri, şəhid ailələri daxildir. Sadalanan
kateqoriyaya aid edilənlər daim dövlətin qayğısı altındadır. Misal üçün,
Prezident İlham Əliyevin rəhbərliyi ilə məcburi köçkünlərin problemlərinin
həlli istiqamətində məqsədyönlü iş aparılır, bu kateqoriyadan olan
vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, onların
məşğulluğunun təmin edilməsi, sosial müdafiəsinin gücləndirilməsi üçün zəruri
tədbirlər həyata keçirilir. İndiyədək 102 yeni qəsəbə salınıb, bu kateqoriyadan
olan üç yüz minədək vətəndaşın mənzil şəraiti əsaslı şəkildə yaxşılaşdırılıb.
Təkcə ötən ilin sonunda Abşeron rayonunda və Sumqayıt şəhərində məcburi
köçkünlər üçün yeni yaşayış kompleksi istifadəyə verilib, bu yaxınlarda Qaradağ
rayonunun Ümid qəsəbəsində 300 ailənin yeni mənzillərə köçürülməsinə
başlanılıb. 2019-cu ildə də bu kimi məsələlərin həlli üçün büdcədən böyük
vəsait ayrılıb. Xatırlayırsınızsa, 2003-cü ilin prezident seçkiləri zamanı
cənab İlham Əliyev xalq qarşısında çıxış edərək bildirmişdi ki, yaxın gələcəkdə
Azərbaycanda çadır şəhərciyi qalmayacaq. O, bu vədinə sadiq qaldı, öz siyasəti
ilə məcburi köçkünlərin mənzil-məişət şəraitini yaxşılaşdırdı. Yeni nəsillərə
deyilsə ki, vaxtilə Azərbaycanın Mil-Muğan düzlərində çadır şəhərcikləri,
çoxsaylı şəraitsiz tikililər var idi və burada məcburi köçkünlər yaşayırdı,
onlar bunu təsəvvürlərinə gətirə bilməzlər. Çünki, bir qədər əvvəl söylədiyim
kimi, həmin çadır şəhərciklərindən əsər-əlamət qalmayıb.
-
Ötən illər ərzində Qarabağ müharibəsi və 20 Yanvar əlilləri, şəhid ailələrinin
sosial problemlərinin həlli istiqamətində hansı işlər görülüb?
- Qarabağ müharibəsi, 20
Yanvar əlilləri, şəhid ailələrinə göstərilən diqqət və qayğı da yüksək
səviyyədədir. Rəsmi rəqəmlərə görə, ötən dövrdə bu kateqoriyalardan olan
vətəndaşlara 6654 mənzil təqdim edilib. Yalnız 2018-ci ildə şəhid ailələrinə və
müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla, yəni 626 mənzil
verilib. 2019-cu ildə də bu kateqoriyadan olan vətəndaşlara azı 800 mənzilin
təqdim olunması nəzərdə tutulub. Bu vaxta qədər müharibə əlillərinə 6144 minik avtomobilinin
verilməsi də dövlətin diqqət və qayğısının daha bir göstəricisidir. Yanvarın
28-də Prezident Sarayında şəhid ailələri ilə görüşən Prezident İlham Əliyev
bildirdi ki, yaxın gələcəkdə bir nəfər də olsun mənzillə təmin olunmayan şəhid
ailəsi qalmayacaq. Bu, olduqca ciddi mesajdır, dövlətin, ölkə başçısının öz
vətəndaşına olan münasibətidir. Əlavə olaraq qeyd etmək olar ki, şəhid
ailələrinə və müharibə əlillərinə, Milli Qəhrəmanlara Azərbaycan Prezidentinin
aylıq təqaüdünün məbləği ötən dövrdə mütəmadi olaraq artırılmaqla Milli
Qəhrəmanlar üçün 1500 manata, şəhid ailələri üçün 242 manata çatdırılıb. Eləcə
də I qrup müharibə əlili 182, II qrup əlil 158, III qrup əlil 121 manat
təqaüd alır. Prezident təqaüdü ilə bərabər, müharibə əlillərindən böyük
əksəriyyəti əlilliyə görə əmək pensiyası, pensiya hüququ olmayan az bir qismi
əlilliyə görə müavinətalırlar. Əmək pensiyası almaq hüququ olmayan şəhid
ailəsi üzvlərinə və müharibə əlillərinin uşaqlarına isə aylıq sosial müavinət
verilir. Həmçinin şəhid ailələrinin və müharibə əlillərinin uşaqları dövlət ali
və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil aldıqda təhsil haqqı
dövlət büdcəsi hesabına ödənilir. Ölkəmizdə icra olunan özünüməşğulluq
proqramına müraciət edənlər arasında digər həssas qruplarla yanaşı, şəhid
ailələri və müharibə əlillərinə də üstünlük verilir. Təkcə ötən il 100-dək
şəhid ailəsi, mindən çox əlilliyi olan şəxs bu proqrama cəlb olunaraq
aktivlərlə təmin edilib. Bu kateqoriyadan olan insanların işə götürülməsi və
işdən azad olunması məsələsində xüsusi yanaşmalar, imtiyazlar var. Hətta
müvafiq iş yerində ixtisarlar olan zaman müharibə əlilləri və şəhid ailəsi
üzvləri ixtisara düşə biləcək ən sonuncu vətəndaşdır, işçidir. Sosial ipoteka
üçün müraciət edilən zaman da sözügedən kateqoriyadan olan insanlara böyük
güzəştlər tətbiq edilir və sair. Bu kimi tədbirlərin davamı olaraq, ötən gün
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının ərazi bütövlüyünün,
müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş
şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına
dair əlavə tədbirlər haqqında” yeni bir sərəncam da imzalayıb. Həmin sərəncamla
müharibə əlilləri və şəhid ailələrinin sosial-məişət şəraitinin
yaxşılaşdırılmasına 35 milyon manat ayrılıb.
-
Musa müəllim, Sizin də vurğuladığınız kimi Prezident İlham Əliyev və Birinci
xanım Mehriban Əliyeva ötən gün Prezident Sarayında şəhid ailələri ilə görüşüblər.
Bu görüşün ictimai-siyasi, sosial əhəmiyyətini necə dəyərləndirirsiniz?
- Bu görüşün ictimai, sosial
və mənəvi dəyəri, tərbiyəvi əhəmiyyəti böyükdür. Görüşün sosial-ictimai
əhəmiyyəti ondan ibarətdir ki, 1997-ci ildə Azərbaycanda "Hərbi qulluqçuların
dövlət icbari şəxsi sığortası haqqında” qanun qüvvəyə minib. Bu qanunla hərbi
qulluqçulara sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi baza
formalaşdırılıb.Həmin qanunla Azərbaycan vətəndaşı – hərbi qulluqçu
müharibədə şəhid olardısa, yaralanardısa, sağlamlığını itirib əlil olardısa,
ona sığorta haqqı ödənilirdi. 1997-ci ilə qədər isə belə bir qanun olmadığı
üçün hərbi qulluqçular üçün bu imkanlar nəzərdə tutulmurdu. Uzun müddət hökumət
və Milli Məclis bu məsələnin həllinin tapılması üzərində işlədi, həll yollarını
axtardı. Cənab İlham Əliyev ötən ilin aprelində növbəti dəfə xalqın etimadını
qazanaraq prezident seçiləndən sonra imzaladığı ilk dövlət sənədi bu məsələ ilə
bağlı oldu. 2018-ci il 19 aprel tarixində dövlət başçısı İlham Əliyev "Azərbaycan
Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi
əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi
qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı
əlavə tədbirlər haqqında” fərman imzaladı. Həmin fərman 1997-ci il avqustun
2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi
əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi
qulluqçuların vərəsələrinə 11.000 manat ödəmə verilməsini nəzərdə tuturdu.
Beləliklə də şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı
əlavə tədbirlər həyata keçirildi. 1997-ci ilə qədər şəhid olmuş hərbi
qulluqçuların ailələrinə birdəfəlik 11 min manat ödənilməsi prosesinə
başlanıldı. Fərmanın imzalanmasından indiyə qədər ötən vaxtda 3100 şəhid hərbi
qulluqçunun 4200-ə qədər vərəsəsinə birdəfəlik ödəmə həyata keçirilib, bu
istiqamət üzrə 34 milyon manat vəsait ödənilib. Hazırda 6444 şəhidin
vərəsələrinə ödənişlər davam etməkdədir. Lakin bir qrup şəhid ailəsi, vərəsəsi
var idi ki, onlar 1997-ci ilə qədər müəyyən məbləğdə ödəniş almışdılar. O
vaxtın məzənnəsi ilə bu, 50 min manat təşkil edirdi. İndiki məzənnə ilə
müqayisə edəndə o dövrdə ödənən məbləğ çox az idi. Həmin şəhid ailələri də arzu
edirdi ki, onlara da 11 min manatlıq birdəfəlik müavinət verilsin. Prezident
İlham Əliyevin şəhid ailələri ilə görüşündə qeyd etdiyi kimi, bu məsələdə
qanunçuluq və sosial ədalət əsas götürülüb, müvafiq qərar qəbul olunub.
Azərbaycan Prezidentinin 28 yanvar 2019-cu il tarixdə imzaladığı yeni bir
fərman bu sosial ədaləti təmin etdi. Bu fərmanla birdəfəlik ödəmənin əhatə
dairəsi daha da genişləndi. Azərbaycanın ərazi bütövlüyü uğrunda 1997-ci ilin
avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 şəhidin, o cümlədən 11000 manatdan
az sığorta ödənişi almış 2264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin
vərəsələrinə də birdəfəlik ödəmənin verilməsi tapşırıldı. Yeni fərmanla
birdəfəlik ödəmənin verilməsi prosesi artıq 12268 şəhidin vərəsələrini əhatə
edəcək və bu məqsədlər üçün ümumilikdə 135 milyon manat vəsait xərclənəcək.
Artıq müvafiq icra orqanlarına bu barədə göstərişlər verilib. İnanırıq ki, qeyd
edilən fərmandan irəli gələn vəzifələr, tapşırıqlar da yüksək səviyyədə icra
ediləcəkdir.
-
Dünənki görüşün mənəvi dəyəri və tərbiyəvi əhəmiyyəti nədən ibarət idi?
- Azərbaycan Prezidentinin
və Birinci xanımın şəhid ailələri ilə görüşünün çox böyük mənəvi-tərbiyəvi
əhəmiyyəti var. Prezident İlham Əliyev şəhid ailələri qarşısında çıxış edərək
bildirdi ki, Azərbaycan xalqına xidmət etmək onun başlıca vəzifəsidir və bundan
qürur hissi duyur, bunu böyük şərəf sayır. Ölkə başçısının davranışı,
səsləndirdiyi fikirlər bütövlükdə Azərbaycan məmuruna, dövlət adamına,
ictimai-siyasi xadimlərə, ümumən hər kəsə mesajdır. O, bununla sübut edir və
tələb edir ki, xalqa xidmət hər birimiz üçün şərəf işi olmalıdır. Azərbaycan
Prezidentinin ayağa durmaqda çətinlik çəkən şəhid anasına şəxsən yaxınlaşması,
birdəfəlik ödəmə üçün plastik kartı özü ona təqdim etməsi dövlət rəhbərinin
humanistliyinin, sadəliyinin, şəhid adına, onun ailəsinə ehtiramın, hörmətin
ifadəsi idi. Bu, hər birimiz üçün əsl nümunə və dərsdir. Ona görə də geniş
ictimaiyyət tərəfindən də bu görüş yüksək qiymətləndirilib, böyük sevgi ilə
qarşılanıb. Bu görüş və orada baş verənlər əlində silah cəbhə xəttində Vətəni
qoruyan hərbçilərimiz üçün də bir stimuldur. Onlar öz ailələrinin etibarlı
əllərdə olduğunu, hətta şəhid olarlarsa ailə üzvlərinin dövlətin diqqət və
qayğısı, Azərbaycan Prezidentinin himayəsi ilə əhatə olunacağını görürlər.
Gənclər arasında vətənpərvərlik ruhunun daha da yüksəlməsi üçün də bu görüş son
dərəcə böyük əhəmiyyət daşıyır.
Rufik
İSMAYILOV