• cümə axşamı, 25 aprel, 11:28
  • Baku Bakı 14°C

“Bu, həm də Azərbaycana olan dəstəkdir”

01.08.18 17:35 1939
“Bu, həm də Azərbaycana olan dəstəkdir”
Cənub Qaz Dəhlizi 4 elementdən ibarətdir - "Şahdəniz- 2”, Cənub Qafqaz Boru Kəməri Xətti, TANAP və TAP. Uzunluğu 1805 kilometr olan TANAP boru kəmərinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. TAP isə Türkiyə-Yunanıstan sərhədində birbaşa TANAP-la birləşəcək və Yunanıstan, Albaniya ərazilərindən, həmçinin Adriatik dənizindən keçərək təbii qazı Cənubi İtaliyaya nəql edəcək. Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu təşkil etdiyi üçün TAP-ın Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin şaxələndirilməsinə görə strateji məqsədlərində əsas rol oynayacağı gözlənilir. Bundan əlavə, TAP lazımi təqdirdə təbii qazı Cənub-Şərqi Avropaya yönəltmək üçün texniki imkanlara malik olacaq. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan respublikaları arasında "Hökümətlərarası Saziş” 2013-cü ilin fevral ayında imzalanıb. TAP-ın təməlqoyma mərasimi 17 may 2016-cı il tarixində keçirilib. Boru kəmərinin uzunluğu 878 km təşkil edəcək və fəaliyyətə başlaması 2020-ci ildə gözlənilir. İlkin nəql qabiliyyəti 10 milyard kubmetr olacaq. Lakin sonradan bu həcm illik 20 milyard kubmetrə kimi artırıla bilər.
İtaliyanın baş naziri Cuzeppe Konte bu günlərdə ABŞ-da səfərdə olarkən beynəlxalq ictimaiyyətin diqqətini TAP-ın əhəmiyyətinə yönəldib. O, ABŞ prezidenti Donald Trampla Vaşinqtonda keçirdiyi mətbuat konfransında bildirib ki, TAP İtaliyanın enerji təchizatı üçün strateji layihədir. İtaliyanın Baş naziri vurğulayıb ki, bu məsələni ABŞ Prezidenti D.Trampla müzakirə edib. Onun sözlərinə görə, İtaliya hökuməti tam əmindir ki, bu, İtaliya, Cənubi Avropa və Aralıq dənizi ərazilərinin enerji təchizatı üçün strateji layihədir. ABŞ prezidenti D.Tramp isə İtaliyanın Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan TAP-ı tikib yekunlaşdıracağına ümid etdiyini dilə gətirib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili mövzu ilə bağlı "Kaspi”yə bildirib ki, ABŞ-ın Avropa Birliyi ilə son zamanlar apardığı iqtisadi siyasətin əsas elementlərindən biri Avropaya qaz ixracı ilə bağlıdır: "Prezident Donald Tramp keçən həftə Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkerlə görüşündə Rusiyanın Avropaya qaz ixracı ilə bağlı təzyiqlərinə, Avropa Birliyini yeni qaz qəbulu terminallarının tikintisi ilə cavab verməyə razılaşdı. ABŞ-ın əsas məqsədi Rusiyanın Avropanın qaz bazarında təsirini azaltmaq və bu gəliri özünün əldə etməsinə nail olmaqdır. ABŞ eyni zamanda Avropaya Azərbaycan qazının ixracı ilə bağlı olan Cənub Qaz Dəhlizi layihəsini də hər zaman dəstəkləyib. Tramp və Konte arasında görüşdə TAP layihəsinin müzakirəsi, Avropanın əsasən cənub və şərq bölgəsini qazla təmin edəcək layihənin tikintisinin İtaliyada ləngiməsi ilə bağlı risklərin, ABŞ-ı da narahat etməyə başlaması deməkdir. Düşünürəm ki, Azərbaycanın uğurlu layihəsinin tezliklə başa çatması və yarana biləcək maneələrin aradan qaldırılması artıq ABŞ və Avropa Birliyinin daha çox diqqətində olacaqdır”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov İtaliyanın baş naziri C.Konte ilə birgə mətbuat konfransı zamanı ABŞ prezidenti D.Trampın TAP layihəsinə dəstək nümayiş etdirməsini, Azərbaycanın həyata keçirdiyi layihələrin dünya üçün əhəmiyyətli olması ilə əlaqələndirib. Deyib ki, bu, eyni zamanda Azərbaycanın dünyada artan nüfuzunun göstəricisidir: "Azərbaycan artıq dünyada etibarlı və strateji bir tərəfdaşa çevrilib, Azərbaycanın həyata keçirdiyi iri layihələr dünya ölkələri tərəfindən dəstəklənir və getdikcə bu layihələrə qoşulmaq istəyən ölkələrin sayı artır. Dünya liderlərinin görüşlərində TAP-ın gündəm olması prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. Bütün bunlar Prezident İlham Əliyevin düşünülmüş siyasətinin, diplomatik səylərinin, siyasi qətiyyətinin, eləcə də Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiya etməsi istiqamətində böyük fəaliyyətinin nəticəsidir”.

Deputat A.Hüseynov vurğulayıb ki, digər iri layihələr kimi, TAP layihəsi də siyasi dividentlərlə yanaşı, ölkə iqtisadiyyatına dayanıqlı gəlir gətirəcək, milli iqtisadiyyatımıza xidmət edəcək böyük bir layihədir. Onun fikrincə, Azərbaycan bu layihədən həm ixracatçı ölkə, həm də tranzit ölkə kimi böyük gəlirlər götürəcək: "Azərbaycan artıq Avropanın təbii qaz təchizatında çox etibarlı bir ölkəyə çevrilməkdədir. Bu həm də ölkəyə gələcəkdə böyük investisiyaların yatırılması deməkdir. Yəni bu layihədə bir çox ölkələr, eyni zamanda, transmilli şirkətlər iştirak edirlər. Həmin şirkətlərin təkcə neft-qaz sənayesinə deyil, eləcə də ölkəmizdə digər sahələrə də böyük yatırımlar edəcəyi reallığa çevrilməkdədir. Bu layihə Azərbaycanla idxalçı ölkələr arasında iqtisadi, ticari, mədəni əlaqələri daha da genişləndirəcək, ölkəmizin dayanıqlı inkişafını təmin edəcək. Bu, həm də o deməkdir ki, Azərbaycan regionda böyük güc mərkəzinə çevrilir, eləcə də Avrasiya məkanında logistik və nəqliyyat qovşağıdır”.

Milli Məclisin deputatı Hikmət Babaoğlu isə bildirib ki, TAP Cənubi Qafqaz, TANAP seqmentlərilə müqayisədə bir xeyli qısa olsa da, layihənin Cənubi Avropa ayağını təşkil etdiyi üçün olduqca əhəmiyyətlidir: "Təsadüfi deyil ki, zaman-zaman TAP-ın icrası ilə bağlı müxtəlif güc mərkəzləri tərəfindən ən müxtəlif etiraz aksiyaları təşkil edildi, təbiətsevərlər bu etiraza qoşuldu. Ancaq hazırda layihənin reallaşdırılmasında heç bir problem yoxdur. Bu layihə bütün dünyada böyük dəstək gördü. Bu, hər şeydən öncə Azərbaycan prezidenti tərəfindən həyata keçirilən ölçülüb-biçilmiş enerji siyasəti ilə bağlıdır. Avropa enerji bazarına Azərbaycan qazının çıxarılması həm biznes, həm də strateji maraqlar baxımından sadə məsələ deyil. Çünki bu böyük və sabit bazar bir çox enerji istehsalçılarının maraq dairəsinə daxildir və ciddi rəqabət meydanıdır. TAP-la bağlı etirazların təşkil olunmasının arxasında duranlardan biri də Avropanın qaz bazarında öz inhisarını yaratmaqla bu qitəyə siyasi təzyiq rıçaqları əldə etmək istəyən güc mərkəzləri idi. Ancaq Azərbaycanın düşünülmüş, ardıcıl diplomatik səyləri Avropa bazarı üçün yeni alternativ enerji marşrutu yarada bildi”.


Millət vəkili H.Babaoğlu deyib ki, əslində, bu layihə Avropa üçün olduğu qədər, Azərbaycan üçün də strateji əhəmiyyətlidir: "Elə ABŞ prezidentinin İtalyanın baş naziri ilə görüşdə səsləndirdiyi fikirlər də bir daha bunu təsdiq edir. Donald Tramp baş nazirə xitabən bildirdi ki, TAP-a gəlincə, rəqabətqabiliyyətli boru kəməri görmək istəyir. Burada diqqət həm kəmərin strateji əhəmiyyətinə, həm də iqtisadi baxımdan onun rəqabətqabiliyyətli olmasına yönəldilir. Eyni zamanda burada İtalyanın baş nazirinə bir çağırış və dəstək var. Bu həm də elə Azərbaycana olan dəstəkdir. Çünki bayaq qeyd etdiyimiz kimi, uzun illər belə bir dəhlizlə bağlı müxtəlif adlarda və variantlarda layihələr olsa da, heç biri baş tutmadı. Yalnız Azərbaycanın müəllifi olduğu bu mühüm layihə reallaşdırıla bildi .Onun reallaşması isə birbaşa Azərbaycan prezidenti İlham Əliyevin adı ilə bağlıdır”.

Rufik İSMAYILOV


banner

Oxşar Xəbərlər