AZE | RUS | ENG |

“Bu hadisədə utanacaq adam mən deyiləm”

“Bu hadisədə utanacaq adam mən deyiləm”
Sıla: Bir qadının arxasında ona sonadək dəstək olan ailəsinin olması çox böyük şansdır

Türkiyənin "Hürriyet” qəzetinin tanınmış yazarı Ayşe Arman yenə də gündəmin əsas mövzusuna toxunub. Belə ki, qardaş ölkədə müğənni Sılanın aktyor sevgilisi Ahmet Kural tərəfindən döyülməsi böyük səs-səda doğurmuşdu. Bu hadisədə sənət əhli Sılanın tərəfini saxlayaraq şiddəti qınamışdı. Yerli mətbuata açıqlama verməkdən imtina edən Sıla, sükuta Ayşe Armanla söhbətində son qoyub. 
Ayşe Arman yazır: "Əvvəldən deyim ki, Sılanın tərəfdarıyam. Əzilənin, döyülənin, şiddətə məruz qalan qadınların dəstəkçisiyəm. Çünki şiddətə qarşıyam. Ona görə də Sılanı alqışlayıram. Bu şiddətin qarşısında əzilmədiyi, sakit durmadığı, cəmiyyətdə baş verənləri yüksək səslə danışdığı üçün. Heç bir qadın rahatlıqla meydana çıxıb bu cür hadisələri danışa bilməz. Biz illərdir ki, şiddət görüb susanlara, danışmayanlara şahidlik edirik. Məşhur cütlüklərin şiddətə məruz qaldıqlarını, daha sonra barışdıqlarını gördük və bunu bir çox qadınlar qəbul etdi, susdu. Ancaq Sıla onlar kimi olmadı, tanınmış sevgilisi Ahmet Kural tərəfindən döyüldü, şiddətə məruz qaldı və susmadı, etiraz etdi.  "Aşiq olduğum adam məni döydü” dedi və getdi məhkəməyə şikayət etdi. Sonra da bir daha bu mövzu ilə bağlı danışmadı. Son dönəmdə bu hadisə böyük bir gündəm oldu. Deyildi ki, əslində o döyülməyib, ortalıq toz-duman oldu, sapla-saman qarışdı. Amma bütün bunlar həqiqətin gerçək üzünü örtə bilmədi. Çünki qadın şiddət gördü və Ahmet Kural ondan üzr istədi. "Hirsimə hakim ola bilmədim” dedi. Əvvəlcə şiddət qəbul edildi, sonradan müxtəlif manevrlərlə sanki şiddət yoxmuş kimi davranılmağa başlanıldı. Heç kim unutmasın ki, bu hər hansı bir maqazin və şou verilişi deyil. Bu məsələni kimsənin normal qəbul etməyə haqqı yoxdur.
 
55 gün əvvəl onunla əlaqə saxlamağa çalışdım. Çünki qadınların problemi mənim də problemimdir. Ancaq bu gün görüşməyə fürsət tapdıq. Əvvəldən deyirəm ki, oxuyacaqlarınız iki qadının söhbətidir. Onunla görüşəndə heç bir sual hazırlamadım. Əslində Sıladan heç müsahibə də almadım. İki qadın oturub dərdləşdik və bunu sizinlə də paylaşmaq istədim. Sıla güclü, sərbəst, heç kimlə işi olmayan bir qadındır. Hadisələri şişirtmir, köpükləndirmir. Hər şeyi düm-düz izah edir. "Mən başıma gələnlər qarşısında susmadım, bununla başqa qadınlara da örnək olmaq istəyirəm, onlara susmayın deyirəm” – söylədi”.
 
- Çıxıb danışdığın üçün səni təbrik edirəm. Sən susan qadınlar kimi "cəmiyyət tərəfindən qınanılaram!” deyə düşünmədin. Bu məsələdə danışan sadəcə Sıla deyildi, şiddət görən bütün qadınlar idi. Unutma ki, sən bütün qadınların ortaq səsi oldun. Bu çox dəyərli bir şeydir. 
 
- Ancaq asan olmadı. Öz içimdə çox var-gəllər oldu. Kənardan baxmaqla, hadisənin içində olmaq həqiqətən bir-birindən fərqli şeylərdir. Şikayətçi olummu, olmayımmı? - deyə çox düşündüm. Özəl və iş həyatımı ailəsi ilə paylaşan bir insan deyiləm. Ancaq bu hadisədə özümü ölü kimi hiss etdiyim üçün anama və atama bildirdim. Daha doğrusu, anam səsimdə bir qəribəlik olduğunu anladı və o an hər şeyi danışmağa başladım. Sonra atamla danışdım. Atam mənə çox bağlı bir insandır. Daha sonra xalalarım, hətta nənəmə qədər söhbət böyüdü və bütün ailəm başıma gələnləri öyrəndi. Onlar hadisədən xəbər tutduqdan etibarən mənə çox dəstək oldular.
 
- Ailəniz İzmirdə yaşayır?
 
- Bəli. Xalam İtaliyada yaşayır, xalam qızları Londonda. Hadisəni eşidən hər kəs yanıma gəldi. Bir araya toplaşıb, mənə ondan şikayətçi olmağımı söylədilər. Bir qadının arxasında ona sonadək dəstək olan ailəsinin olması çox böyük şansdır. Mən bu günə qədər heç kimdən şiddət görməmişdim. Ailəmdən çırtma belə görməmişəm. Onlar son dərəcə mədəni insanlardır. Çevrəmdə də belə şeylərin yaşandığını görmədim. Ona görə belə pis hadisələrdən xəbərsizəm. Telefonda onlara izah etdikdə, onların ağlına hər şey gəlib. Məni görənə qədər nə baş verdiyini anlaya bilməyiblər. Sonra təbii ki, onun məni itələdiyini, döydüyünü görüb-bildikdə, hadisənin o qədər də böyük olmadığını anladılar. Bədənim çox pis haldaydı. Məni görəndə şok oldular. Çox istəyirdim ki, hamıdan gec atam gəlsin. Məni elə görməyini istəmirdim.
 
- Yəni şiddətin izləri sadəcə qollarınızda deyil, bütün bədəninizdə var idi? 
 
- Bəli, ən çətini isə başına gələnləri danışarkən onu təkrar-təkrar yaşamaqdır. Özünü çox pis hiss edirsən. Sanki ruhun bədəndən çıxmaq istəyir. Bu hadisələrdə mənim qürurum da çox incidi. Ancaq mən özümü məzlum olaraq qəbul etmədim. Utanacağım bir şey görmədim. Şiddətə məruz qalmaq mənim utanacağım bir şey deyil. Bu hadisədə utanacaq adam mən deyiləm. Bu elə bir vəhşilikdir ki, çox qəribə bir oyanış yaşayırsan. Guya hamımız şiddətə qarşıyıq, elə deyilmi? Çünki biz duyğulu, həssas insanlarıq. Mən də elə idim. Hətta bir sənətçi olaraq daha çox duyğulu və daha incə olduğumu hesab edirdim. Ancaq qurduğumuz cümlələrin qəhrəmanı olmadığımız üçün bu bizə qəzetlərin üçüncü səhifə xəbəri kimi gəlib. Hesab edirik ki, bu tip hadisələr hər zaman başqalarının başına gələr. Ancaq mən bu hadisəni özüm yaşadım. 45 dəqiqə dayanmadan şiddətə məruz qaldım, döyüldüm. Qorxunc bir hadisədir. Təbii ki, bu hadisə məni çox sarsıtdı. Hələ də özümə gələ bilməmişəm. Özümü toplaya bilmirəm. Artıq küçəyə belə çox az çıxıram. 
 
- Ananız sizi o halda gördükdə nə etdi, nələr dedi?
 
- Ağzından çıxan söz "bu əsla qəbul edilə bilməz” oldu. Əslində mən ailəmin dəstəyini aldığım üçün bu qədər cəsur ola bildim. Çünki duyğudan-duyğuya sürüklənirik. Qəribə bir vicdan hissi ilə qarşılaşırıq. Çünki biz bu şiddətli hadisədən beş dəqiqə əvvəl onunla "canım-cicim” deyə bir-birimizə müraciət edirdik. Evlənmək, övladımızın olması haqqında danışırdıq. Ona görə də sonradan olanlar çox ağır gəldi. Daxilimdə çox dərin bir üzüntü hiss edirəm. 
 
- Şiddətə məruz qalmaq və özünü böyük bir mübahisənin ortasında tapmaq yəqin ki, çətin olar. "Sıla şiddət gördümü-görmədimi?”, "Bədənində döyülmə izləri qaldımı-qalmadımı?”, "Döyüldükdən sonra səhnəyə çıxıb əyləndimi-əylənmədimi?” kimi maqazin xəbərlərindən cümlələr insana necə təsir edir? İnsan bu anda nə hiss edir? 
 
- Qaranlıq bir otaqda bir küncə çəkilib kimsəsiz, tək, yalnız hiss edir özünü. Açığı, bu qədərini təxmin belə edə bilməzdim. Heç kimsə edə bilməz. Biz qarşımızdakı insana güvənmək istəyirik. Mən belə bir insanam. Ona görə də bu hadisələrlə üzləşəndə çox təəccübləndim. Hətta "yox artıq, bundan artıq şeylər yazılıb-pozula bilməzdi” kimi bir nöqtəyə gəldim. İnanın ki, şiddətə məruz qalmış bir qadın üçün maqazin xəbərləri daha betər bir şiddət oldu. Yəni, mənə qarşı olunan şiddət davam edir. Bütün yazılanlar və haqqımda danışılanlar sanki şiddətin başqa bir formasıdır. Hətta mən deyərdim ki, siz bunu şiddət adlandırmayın, qadına qalxan əl hesab edin. Məncə, bu belə söylənməlidir. Qadına, kişiyə, heyvana qarşı şiddət uyğulandı deyirlər. Ancaq mən döyüldüm. Və bu, dünyanın ən insafsızca, vicdansızca olan bir hadisəsidir. Məhz bu hadisədən sonra öyrəndim ki, mənim çoxlu dostum var imiş və bu mövzuda özümü çox şanslı hesab edirəm. Kürəyimi dayaya biləcəyim o qədər dostlarım var imiş ki... Başıma gələn hadisələri qadınlar eşidəndə dəli oldular. Sevindirici hal orasındadır ki, bu hadisə kişilərin də pisinə getmişdi və onlar da bu xəbərə sərt reaksiya vermişdilər. Sən demə, ətrafımda kifayət qədər mədəni insanlar var imiş. Bu da məni çox xoşbəxt edir. 
 
- Türkiyə hər mövzuda olduğu kimi, bu mövzuda da iki hissəyə - "Sılanın tərəfdarları” və "Şəriət tərəfdarları”na bölündü. Bununla bağlı nə deyə bilərsiniz?
 
- Bunu çox səhv bir bölgü hesab edirəm. Şiddəti dəstəkləmək deyə bir anlayış olmamalıdır. Düşünürəm ki, bu cür hadisələri eşidib dəstəkləyən insan öz həyat yoldaşını, sevgilisini döyür. Hesab edirəm ki, o şəriət tərəfdarları da öz xanımlarını döydükləri üçün qarşı tərəfi müdafiə edir, özlərini təmizə çıxarmaq istəyirlər. Bunun başqa heç cür açıqlaması ola bilməz. Heç kimsə şilləni, döyülməyi, hər hansı bir şiddəti müdafiə edə bilməz. Bu, sadəcə kişinin qadını döyməyi ilə bağlı deyil. Uşağa, heyvana, qadına qarşı şiddətdir. Bunu bir dəfə etdikdə, davamlı olaraq insan quzğunlaşır və biz bütün insanlar bu anlayışla mübarizə aparmaq məcburiyyətindəyik.
 
Xəyalə Rəis

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311