• cümə, 26 Aprel, 19:20
  • Baku Bakı 22°C

Bu günün reallığı sübut edir ki, Heydər Əliyev siyasi kursu uğurla davam etdirilir

14.06.21 19:30 394
Bu günün reallığı sübut edir ki, Heydər Əliyev siyasi kursu uğurla davam etdirilir
Ölkələrin və xalqların tarixində elə bir gün, məqam olur ki, həmin zaman özündən sonra gələcək bütün günlər, aylar, illər üçün başlanğıc rolunda çıxış edir. Azərbaycan tarixində də belə günlər az deyil və onların hamısı müasir Azərbaycan dövlətinin qurucusu, etdiyi əməllərlə, gördüyü işlərlə Azərbaycan xalqı tərəfindən haqlı olaraq ümummilli lider adına layiq görülən Heydər Əliyevin adı ilə bağlıdır. Bu əlamətdar günlərdən biri də 1993-cü il 15 iyun tarixidir ki, bu tarix xalqımız tərəfindən Milli Qurtuluş Günü kimi bayram edilir. Tarixin belə günlərini daha əhəmiyyətli edən məqam isə bu tarixin hansı şəxslər tərəfindən yaradılmasıdır. Bu baxımdan Qurtuluş gününün və Heydər Əliyev adının bir yerdə olması günün əhəmiyyətini müəyyən etməklə yanaşı, bu günü yaradan insanın dahiliyini də bir daha üzə çıxartmış olur. Çünki dünyanın siyasi mənzərəsini müəyyənləşdirən şəxsiyyətləri də tarix yetişdirir. Tarix isə stabil deyil, ətalətdə heç deyil, olduqca çevik və bəşəriyyəti inkişaf burulğanına sürükləyərək sürətlə dəyişir. Bu zaman maşının ən gur və sürətli çağında yetişən insanlar elə zamanın özünə meydan oxuyan insanlar olur. Azərbaycan tarixində bu mərhələnin başlanğıcı olsa da sonu üfüqdə görünmür. Bu, Heydər Əliyev üfüqüdür. 1993-cü il iyunun 15-dən-Qayıdış günündən başlanan, bu gün də davam edən, gələcəkdə də davam edəcək Heydər Əliyev üfüqü özündən sonrakı mərhələlərin hər birini daha parlaq edərək Azərbaycan xalqının üzərinə hələ də çilənməkdə davam edir. Azərbaycan millətini millətlər, dövlətimizi dövlətlər səviyyəsinə qaldırmaq, mənsub olduğu xalqa, dövlətə sədaqətlə xidmət etmək hər bir vətəndaşın borcu və ən ümdə həyat amalı olsa da həlledici tarixi zamanda və məqamlarda bütöv bir xalqı arxası ilə, həm də düzgün və işıqlı yola aparmağa hər bir kəs qadir ola bilmir. Bu tarixi missiyanın öhdəsindən məhz 1993-cü il iyunun 15-də Heydər Əliyev gəldi.
BunuAZƏRTAC-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.
Politoloq bildirib ki, hər bir dövlət adamı dövlətinə, dövlətçiliyinə illərlə xidmət edə bilər, lakin xalqına həlledici və taleyüklü zamanda lazım olmaq, bunun müqabilində sinəsini sözün həqiqi və məcazi mənasında güllə önünə, təhdid və təzyiq hədəfinə açmaq üçün də təkcə sonradan əldə olunan savad və dərin bilik deyil, təbiətin və yaradanın sənə bəxş etdiyi şəxsi keyfiyyətlər də olmalıdır. Yalanın, haqsızlığın, ədalətsizliyin gözünün içinə dimdik baxmaq, doğrunun, haqqın və adilin yanında dimdik dayanmaq kimi. Bəli, Heydər Əliyev tarixin yetişdirdiyi və yaradan tərəfdən də məhz sadalanan müsbət keyfiyyətlərə doğuşdan malik olan şəxsiyyət kimi xalqına ən lazım olan məqamda müxtəlif səviyyələrdə, fərqli yollarla onun siyasi səhnədən sıxışdırılıb çıxarılmasına cəhdlər göstərilsə də, 1993-cü ildə xalqın da təkidli tələbi ilə yenidən hakimiyyətə gəldi.
Heydər Əliyev belə bir taleyüklü zamanda-məhv olmaqla var olmağın incə ipi üzərində səndələyən günlərdə Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsindən xilas edərək ölkəmizi vətəndaş müharibəsinin caynağından azad etdi. Daxili və xarici qruplaşmaların Azərbaycanı, dövlətçilik toxumlarını məhv etmək istiqamətində əlbir iş gördükləri bir zamanda hakimiyyətə qayıdan Heydər Əliyev böyük çətinlikləri dəf edərək bütün o məkrli planların qarşısını almağa müvəffəq oldu. Belə ki, bir tərəfdən xaricdən Azərbaycan geosiyasi maraqların hərisinə çevrilən böyük güclərin diqqət mərkəzində isə, digər tərəfdən daxildə hakimiyyət hərisliyi ilə alışıb-yanan və hakimiyyətə gəlmək iddialarının və sönməz ehtiraslarının quluna çevrilən oyunbazların əlində alət olmaq təhlükəsi qarşısında idi. Bunların hər birinin önünə keçilməz sədlər çəkən də məhz Heydər Əliyev oldu. İlk öncə daxili stabilliyi təmin etmək istiqamətində addımlar atıldı. Belə ki, Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə və ərazi bütövlüyünə qəsdlər təşkil edən cinayətkar qruplaşmalar cəmiyyətdən təcrid edildilər. İctimai-siyasi sabitliyi pozan qeyri-leqal silahlı birləşmələr ləğv edildi və dərhal nizami ordu quruculuğu istiqamətində işlərə start verildi. 1994-cü ilin mayında Ermənistan-Azərbaycan arasında atəşkəs sazişi imzalandı. Ölkənin nəinki ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında, eyni zamanda, beynəlxalq əlaqələrin genişlənməsində də əhəmiyyətli addımlar atıldı. Bu məqsədlə 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" imzalandı ki, bu da yeni neft strategiyasının həyata keçirilməsi üçün başlanğıc oldu. Məhz daxildə ictimai-siyasi sabitliyin bərqərar edilməsinin nəticəsi idi ki, xarici investorlar ölkənin neft-qaz sektoruna milyardlarla dollar sərmayə yatırmağa başladılar ki, bu da Azərbaycanın yenidən dirçəldilməsində əhəmiyyətli rol oynadı. İqtisadi sahədə islahatlar davam etdirilir, torpaqlar kəndlilərin mülkiyyətinə verilirdi. Beləliklə də, hər iki cinahda, daxili və xarici siyasətdə olduqca mahir siyasət yürüdən bu xalq adamı haqlı olaraq da Azərbaycanın xalqının ümummilli lideri, Ulu Öndəri titulunu tam haqlı olaraq əldə etdi.
Tarixin və siyasi proseslərin gedişatının üzə çıxardığı reallıqlar fonunda sübut olunmuşdur ki, Heydər Əliyevin şəxsi keyfiyyətləri, nüfuzu, qətiyyəti, prinsipiallığı və ən əsası da ümummilli maraqları hər şeyin fövqündə tutması Azərbaycanı mövcud və baş verə biləcək bütün bəlalardan qorumaq, müstəqil dövlətçiliyimizi qurub onu möhkəmləndirmək gücünə və qüdrətinə malik idi. Bu səbəbdən də o öz çıxışlarının birində haqlı olaraq, bütün səmimiyyəti, ləyaqəti və fədakarlığı ilə deyirdi: "Mən Azərbaycan Respublikasının bu ağır dövründə bu yükü öz üzərimə götürmüşəm və götürmüşəm ona görə yox ki, bu vəzifə mənə lazımdır bəziləri kimi, bəziləri buna can atırlar, yox, götürmüşəm ona görə ki, öz bacı-qardaşlarıma, öz doğma Vətənimə, doğma vətəndaşlarıma, doğma torpağıma xidmət edim. Dəfələrlə demişəm həyatımın son dəqiqəsinə qədər mən bu xidməti edəcəyəm və heç bir şey məni qorxutmur, heç bir şey də məni çəkindirmir və mən bütün bu təxribatların, terrorların qabağında durmuşam və duracağam, Azərbaycanın müstəqilliyini qorumuşam və qoruyacağam. Əgər hansı bir namərd gülləsi, hansı bir terrorçu gülləsi məni həyatdan götürərsə mənim özüm də, mənim övladlarım da müstəqil Azərbaycanın yaşaması yolunda qurban olmağa hazırıq”. Bu söz çətin siyasi dönəmdə deyilməklə yanaşı, məna yükümü və məsuliyyəti də bir o qədər ağır idi. Lakin zamanın sınağı və keşməkeşləri sübut etdi ki, bu sözdə də nə qədər böyük uzaqgörənlik var. Belə ki, 30 il ərzində sinəsinə torpaq işğalı çəkilən, bir milyondan artıq insanının fundamental hüquqları əlindən alınaraq qaçqın və məcburi köçkün olmağa məcbur edilən bir xalqın nümayəndəsi, Heydər Əliyev siyasətinin layiqli və fədakar davamçısı, ata mirasını layiqli icra edib son dərəcə haqlı olaraq özünü xoşbəxt övlad adlandıran Prezident İlham Əliyev zamanı eyni olmasa da, situasiyası analoji olan bir siyasi məqamda eynilə bütün siyasi təzyiqlərə, təhdidlərə mərd və mərdanə şəkildə sinə gərərək, sinəsini hərbi və siyasi arenada güllə önünə tutmaqdan çəkinməyərək Azərbaycanı bütöv etdi. Bu gün Prezident İlham Əliyev heç kimdən qorxmayaraq tarixin vərəqlərinə müraciət edərək onun reallığını dilə gətirib Zəngəzur, İrəvan kimi tarixi torpaqlarımızın adını çəkir, onun dəmir yumruğu düşmənin başını əzdiyi kimi dəmir iradəsi də düşmənin canına vəsvəsə və vəlvələ salır. Prezident İlham Əliyevın regionda qətiyyətlə və qorxmadan yaratdığı yeni reallıqlarının nəticəsidir ki, Heydər Əliyevin də zamanında dediyi kimi: "Biz azadıq, biz müstəqilik, biz sərbəstik, biz heç kəsdən asılı deyilik, biz özümüz öz taleyimizin sahibiyik”. Sözsüz ki, müstəqil yaşamaq, öz taleyinin sahibi olmaq, öz dövlətini qurmaq əsrlər boyu hər bir xalqın ən ümdə arzusu, ən ali amalı olub. Bu arzuya çatmaq, amala yetmək uğrunda bəşər tarixi boyu saysız-hesabsız mübarizələrin, qanlı savaşların, qurbanların şahidi olmuşuq. Verilən şəhidlərin, axıdılan qanların nəticəsidir ki, bu gün Müzəffər Ali Baş Komandanın rəhbərliyi atında elə Ali Baş Komandanın özünün də qeyd etdiyi kimi "Biz torpaqlarımızı əhəmiyyətsiz danışıqlarla yox, şəhidlərimizin qanı hesabına əldə etdik”. Bəli, Qarabağ torpaqlarını, Şuşanı azad edən gənclər ulu öndər Heydər Əliyev məktəbinin, Prezident İlham Əliyev idarəçiliyinin yetirmələridir. Bəli, bu gün xalqımızın günəşi heç kimin əllərində deyil, o günəş kimlərinsə diktəsi ilə şərqdə doğub, qərbdə batmır. Azərbaycanın sonsuz günəşi var, öz günəşi var, elə öz Vətənimizdə doğan, batmayan, onu aydınladan, üfüqləri ilə hər bir qarışımızı isidən... Bu günəş Heydər Əliyevdirsə, onun üfüqləri Azərbaycan gəncləridir, Qarabağı düşmən əsarətindən azad edən gənclər.
Zamanın və hadisələrin təhlili sübut edir ki, əgər 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Heydər Əliyev yenidən hakimiyyətə qayıtmasaydı bu gün Azərbaycanın müstəqilliyindən söhbət açmaq belə mümkün olmazdı. Məhz bu səbəbdən də 1993-cü il 15 iyun tarixi yeni tariximizin başlanğıc günü hesab olunur.
Ulu Öndər "Bütün işlədiyim və yaşadığım dövrlərdə mən heç vaxt, heç kəsə xəyanət etməmişəm. İnsan dözümlü olur. Mən, görünür ki, dözümlülərin içərisində daha da çox dözümlüyəm” deyərkən O, xəyanət etməyib sadiqlik yolunu tutmağı xalqının qarşısında götürdüyü öhdəlik, məsuliyyət və mütləq olaraq yerinə yetirməli olduğu söz olaraq görürdü. Bütün siyasi təzyiqlərə və təhdidlərə rəğmən xalqına görə dözümlülük nümayiş etdirirdi. Heydər Əliyev bütün və bütöv Azərbaycanın milli sərvəti, azərbaycançılıq məfkurəsinin kodeksi, mayası vətən və xalq sevgisindən yoğurulan, işığı indiki və gələcək nəsilləri aydınladan əvəzolunmaz şəxsiyyətdir. Heydər Əliyev siyasəti müqəddəsdir, Azərbaycan torpağı kimi… Bu müqəddəs amalları uca tutan da Vətənimizi hifz etdiyi kimi hifz edən Prezident İlham Əliyevdir. Biz, dövlətimizi sevən vətəndaşlar da bu müqəddəsliyin qorunub saxlanılması və Prezident İlham Əliyevin siyasətinə sadiq insanlar kimi xidmət etməyi özümüzə həyat amalı olaraq müəyyənləşdirmişik.
Heydər Əliyevin vəfatından sonra ilk gündən etibarən bu günə qədər olan bütün mərhələlərdə Azərbaycan xalqı əmin idi ki, müstəqil Azərbaycanın gələcəyi, onun inkişafı, hüquqi-demokratik dövlət quruculuğu, ölkəmizin ərazi bütövlüyünün təmin olunması, vətəndaşların hüquq və azadlıqlarının qorunması, sosial rifahının yaxşılaşdırılması Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətdən və siyasi kursdan kənarda deyil. Elə məhz bu səbəbdən də 2003-cü ilin 15 oktyabrında keçirilən prezident seçkisində xalqımızın böyük əksəriyyəti Heydər Əliyev məktəbinin layiqli yetirməsi, onun böyük uzaqgörənliklə müəyyənləşdirdiyi, çətinliklərlə əsasını qoyduğu siyasi kursunun yorulmaz davamçısı, ölkə hüdudlarında və ondan kənarda mahir diplomat, görkəmli siyasi xadim kimi Azərbaycan xalqının milli maraqlarını hər şeydən üstün tutan, milli kimliyimizə sadiq, bəşəri və modern dəyərlərə açıq yanaşan, praqmatik düşüncə tərzinə malik, kamil bir insan kimi tanınan və dünya siyasi arenasında olduqca müsbət imic və portret formalaşdıran Prezident İlham Əliyevə səs verdi. "Zaman ən gözəl ələkdir” deyiminə bu gün bir güclü deyim də əlavə olunur ki, onu da məhz xalqımızın özü ölkə başçımıza ünvanlamışdır. O da bu sözün bütün məsuliyyətli aspektləri nəzərə alınmaq şərti ilə "Prezident İlham Əliyev Azərbaycanın alternativsiz lideridir” deyimidir. Bunun özü də həyatın və təbiətin ədalətli və məntiqi nəticəsidir. Çünki həyatın özü qanunauyğun olaraq o dərəcədə müdrik və adildir ki, Azərbaycan xalqı kimi müdrik bir xalqa, eyni zamanda, mürəkkəb geosiyasi regionda yerləşən bir dövlətə rəhbərlik etməyə qadir olan şəxsiyyəti də özü önə çıxardı.
Ümummilli lider Heydər Əliyev 2003-cü il oktyabrın 1-də xalqa müraciətində deyirdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Xalqımız 2003-cü ilin oktyabrın 15-də Prezident İlham Əliyevə səs verərkən bir tərəfdən həm Ümummilli Lider siyasətinə səs verdisə, digər tərəfdən də xalqımız onu məhv olmağın astanasından xilas edən Ulu Öndərin məhz bu gününə ün və səs vermiş oldu. Həm ata vəsiyyətini yerinə yetirən, həm də xalq etimadını doğruldan millətinin qeyrətli və mərd oğlu İlham Heydər oğlu Əliyev "Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” deyərkən xalqının milli maraqlarını hər şeydən üstün tutur. Yalnız dərin biliyi ilə müasir dövrün ən aktual çağırışlarına cavab verən, eyni zamanda Heydər Əliyevin zəngin siyasi təcrübəsindən yararlanmağı bacaran, sarsılmaz iradə və böyük güclər qarşısında güclü, alovlu cəsarət göstərməyə qadir olan bir insan Azərbaycanın ərazi bütövlüyünü təmin edə bilərdi. Müharibənin və münaqişənin yekunlaşmasına baxmayaraq, ondan sonrakı zaman çərçivəsində də Ermənistan mina xəritələrini təqdim etməməklə hərbi cinayətlər törətməyə davam edirdi. Necə ki, dövlətimizin başçısı illər ərzində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində ardıcıl, düşünülmüş və birbaşa müsbət nəticəyə istiqamətlənmiş fəaliyyət göstərdi, müharibə bitdikdən sonra da Prezident bütün rəsmi və qeyri-rəsmi görüşlərdə bu məsələni qabardırdı. Prezident İlham Əliyev individual olaraq dövlətləri, beynəlxalq təşkilatları, bütün dünya ictimaiyyətini Ermənistana bu məsələdə təzyiq göstərməyə dair ardıcıl çağırışlar edirdi. Beləliklə, Ermənistan tərəfinin Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycana təqdim etməsi Prezident İlham Əliyevin qətiyyətinin, əzminin və səbəb-nəticə əlaqəsinə söykənən uğurlu diplomatiyasının məntiqi yekunudur.
Sonda tək bir sözlə daha və ən dəqiq ifadə etsək, ümummilli lider Heydər Əliyevin idealları və bu idealların təməl daşları üzərində qurulan Prezident İIham Əliyevin siyasəti nəticəsində bu gün Azərbaycan ərazi bütövlüyünü təmin etdi və müasir dünyada dövlətlərin mürəkkəb sınaqlarla üz-üzə qaldığı bir zamanda xalqımızı dünyada qürurlu xalq kimi tanıtdı. İndi isə düşmən tərəfindən viran qoyulmuş hər bir rayonumuz, elimiz-obamız ən müasir texnoloji standartlar tətbiq olunmaqla yenidən qurulur ki, tezliklə insanlarımız öz dədə-baba yurdlarına qovuşsunlar. Bu gün atılan addımlar nəticəsində əldə olunan nəticələr göstərir ki, ümummilli lider Heydər Əliyevin siyasəti yaşayır və uğurla həyata keçirilir.
banner

Oxşar Xəbərlər