• cümə, 29 Mart, 16:11
  • Baku Bakı 14°C

“Bu günün qəhrəmanı Heydər Əliyevdir”

14.06.19 19:45 856
“Bu günün qəhrəmanı Heydər Əliyevdir”
İyunun 14-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə "Heydər Əliyev siyasəti: Sözün qurtuluşundan media azadlığına doğru” mövzusunda konfrans keçirilib.
Tədbiri giriş sözləri ilə açan Mətbuat Şurasını sədri, millət vəkili Əflatun Amaşov qeyd etdi ki, Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisi və qurucusudur: "Məhz iyunun 15-də onun hakimiyyətə qayıdışı ilə Azərbaycan bölünmək təhlükəsindən xilas oldu. Ulu öndər qısa bir müddətdə Azərbaycan xalqını azərbaycançılıq ideyası altında sıx birləşdirdi və müasir Azərbaycan dövlətinin əsasını qoydu. Hakimiyyətə gələn kimi düzgün daxili və xarici siyasət yeridərək "Əsrin müqaviləsi”ni imzaladı. Bu müqavilədən sonra əldə olunan bütün gəlirlər müstəqil Azərbaycanın inkişafına xərcləndi. Heydər Əliyev həmin dövrdə mediaya da xüsusi diqqət və qayğı göstərdi. Onun media ilə çox yaxşı münasibəti var idi. Jurnalistlərin əksəriyyəti onu özünə yaxın dost bilirdi. Bütün bunlar Heydər Əliyevin Azərbaycan jurnalistikasına münasibətinin göstəricisi kimi qəbul oluna bilər. Bu tədbirdə iştirak edənlərin əksəriyyəti bilir ki, ulu öndər mətbuata açıq insan idi. Çünki o, mətbuatın rolunu və gücünü dərk edirdi. Heydər Əliyev KİV-də dövlətçilik ənənələrinin yaşadılması istiqamətində də böyük işlər gördü. O, jurnalistikanın cəmiyyət üzərindəki rolunu yüksək qiymətləndirirdi. 1994-95-ci illərdə dövlət çevrilişinə cəhd edildi. Heydər Əliyevin televiziya vasitəsi ilə xalqa müraciəti ilə meydanlara böyük kütlə toplaşdı. Bu onun nə dərəcədə böyük insan olmasından xəbər verirdi. Heydər Əliyev mütəmadi olaraq jurnalistlərlə görüşür və onların suallarını cavablandırırdı. 1998-ci ildə senzura ləğv edildi. Bu, o dövr üçün çox böyük bir iş idi və böyük siyasi iradə tələb edirdi. Heydər Əliyev həmişə mətbuatın problemlərini də xüsusi diqqətdə saxlayırdı. 15 iyun Azərbaycan tarixinin yenidən yazıldığı gündür. Bu günün qəhrəmanı isə Heydər Əliyevdir”.

Filologiya elmləri doktoru, professor Cahangir Məmmədli də tədbirdə çıxış edərək 15 iyunun canlı şahidlərindən biri olduğunu söylədi: "Əgər Heydər Əliyev yenidən hakimiyyətə qayıtmasaydı, Azərbaycanın bir dövlət kimi mövcudluğunu itirmək təhlükəsi var idi. İndi o günləri xatırlayanda, həqiqətən də Heydər Əliyevin böyük şəxsiyyət olduğunu daha yaxşı dərk edirik. Çünki Azərbaycan taleyin ağır sınaqları ilə sınanırdı. Xalqın iradəsi ilə o, ikinci dəfə hakimiyyətə gəldi. 1950-ci ildən başlayaraq Heydər Əliyev ömrünün sonuna kimi vətəninə yüksək dərəcədə xidmət edərək əsl millət fədaisi oldu. Azərbaycanın iqtisadiyyatının, sənayesinin inkişafında onun böyük əməyi var. Eyni zamanda o, milli-mənəvi dəyərlərə çox böyük qiymət verirdi. Azərbaycanın indiki inkişaf səviyyəsi hamımızın gözü qabağındadır. Məhz buna görə biz Heydər Əliyevə öz minnətdarlığımızı bildirməliyik. Bu gün hansısa uğur qazanmışıqsa, bu onun sayəsində olub”.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli tədbir iştirakçılarını salamlayaraq qeyd etdi ki, 15 iyun 1993-cü il bizim yaddaşımıza həkk olunan bir gündür: "Yaşlı və orta nəsil o dövrdə baş verən hadisələri yaxşı xatırlayır. Biz özümüz bu hadisələrin yaxından şahidi olmuşuq. O vaxtdan 26 il keçir. Gənc nəsil həmin dövrü indi kitablardan və qəzetlərdən öyrənir. Yəqin ki, bəziləri özlərinə "qurtuluş günü nədir” sualını verirlər. 90-cı illərin əvvəllərində Azərbaycanda xaos yaranmışdı. Bir nazirin dediyini o biri eşitmirdi. Hər kəs özünü ölkə başçısı hesab edirdi. Heç kimin sözü digərinin boğazından keçmirdi. Eyni zamanda, cəbhədə ard-arda uğursuzluqlar yaşayırdıq. Ölkə iqtisadiyyatı isə günü-gündən geriyə doğru gedirdi. Elə bir dövrdə Gəncə hadisələri baş verdi. Ölkə vətəndaş müharibəsi həddinə gəlib çıxmışdı. Cənubda isə "Talış-Muğan respublikası” yaradılması iddiası irəli sürülmüşdü. Azərbaycan faktiki olaraq parçalanmaq təhlükəsi ilə üz-üzə idi. Elə bir dövrdə xalqın təkidi ilə ulu öndər Bakıya gəldi və ikinci dəfə ölkənin idarəçiliyini öz əlinə aldı. O, Milli Məclisdə çıxış edərkən ondan bu problemləri həll edib, edə bilməyəcəyini soruşdular. Heydər Əliyev dedi ki, mənim sehrli çubuğum yoxdur ki, bir toxunuşla bütün problemləri həll edə bilim. Bunu zaman göstərə bilər. Mən isə çalışacam ki, bu problemləri öz yoluna qoyum, həll edim və qalan ömrümü xalqıma həsr edim. MM-in həmin iclasından sonra Heydər Əliyev Gəncəyə getdi. O, ilk olaraq jurnalistlərə üzünü tutdu. Həqiqətən də çox çətin bir dövr idi. Heydər Əliyevin o dövrdə göstərdiyi fəaliyyətin nəticəsini biz hələ indi görürük. O dövrdə Heydər Əliyev mediaya xüsusi qayğı göstərirdi. Həmin dövrdə müstəqil media yox idi, jurnalistlərin çoxu isə hədələnir, döyülürdü. Heç kim sərbəst yazılar yaza bilmir, iqtidarı tənqid edə bilmirdi. Getdikcə bütün sahələrdə olduğu kimi, media sahəsində də irəliləyiş hiss olunmağa başladı. 2001-ci ildə Heydər Əliyev baş redaktorlarla görüş keçirdi. O görüşdə medianın vəziyyəti müzakirə edildi. Görüşdən sonra mediaya dəstək məqsədi ilə Heydər Əliyev müxtəlif sərəncamlar imzaladı. Ən əsas məqam isə 1998-ci ildə senzuranın ləğvi ilə bağlı sərəncam idi. İnformasiya Nazirliyi ləğv edilərək Mətbuat Şurası yaradıldı. Milli mətbuatımızın 125 illik yubileyi Gülüstan sarayında təntənəli şəkildə qeyd edildi və ulu öndər şəxsən o tədbirdə iştirak edərək jurnalistlərlə söhbət apardı. Bir sıra jurnalistlər fəxri adlar və medallarla təltif olundu. O gündən sonra hər beş ildən bir milli mətbuatımızın yubileyi keçirilir. Müstəqil medianın o dövrdə nəşriyyata böyük məbləğdə borcu var idi. 3 il müddətinə borcların dondurulması haqqında qərar verildi. Heydər Əliyevin davamçısı İlham Əliyev dövlət büdcəsindən pul ayıraraq bu borcları ləğv etdi. Bu da qəzetlərə böyük iqtisadi dəstək deməkdir. 2009-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə KİVDF yaradıldı. Bütün bunlar ulu öndərin gördüyü işlərin davamıdır. Nə qədər ki müstəqil Azərbaycan var, Heydər Əliyev də yaşayacaq, yaddaşlarda qalacaq”.
"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev söylədi ki, 1993-cü il Azərbaycan tarixində ən ağır illərdən biri idi: "Ölkənin daxilində və xaricində yaradılmış vəziyyət narahatlıq doğururdu. Belə bir ziddiyyətli məqamda Heydər Əliyev hakimiyyətə qayıtdı. Onun əsas məqsədi bütün sahələrdə sistem yaratmaq idi. Həqiqətən də o qısa bir müddətdə daxili siyasətdə böyük uğurlar qazandı. Ölkə iqtisadiyyatının inkişafı istiqamətində böyük işlər görüldü. O cümlədən, media sahəsinə böyük diqqət və qayğı göstərildi”.
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Elçin Mirzəbəylibildirdi ki, "Əsrin müqaviləsi”də dünyanın bir çox nüfuzlu neft şirkətlərinin məxsus olduğu dövlətlər yer aldı: "Bu, Azərbaycanın iqtisadi potensialına yox, etiraf edək ki, Heydər Əliyevin şəxsiyyətinin böyüklüyünə və onun götürdüyü öhdəliklərə sadiq qalacağına verilən dəyər idi. Elə təkcə bu faktı xatırlatmaqla Heydər Əliyevin Azərbaycan tarixindəki missiyasının mahiyyətini tam dərk etmək mümkündür”.

Şəbnəm


banner

Oxşar Xəbərlər