• cümə, 29 Mart, 15:13
  • Baku Bakı 14°C

Bu gün YAP Gəncə şəhər Təşkilatının yaranmasının 25 ili tamam olur

23.07.18 14:50 383
Bu gün YAP Gəncə şəhər Təşkilatının yaranmasının 25 ili tamam olur
1993 – cü il 23 iyul tarixindən bizi 25 illik zaman ayırır. Həmin gün dövrün təzyiqlərinə və qadağalarına baxmayaraq, Yeni Azərbaycan Partiyasının Ulu öndər Heydər Əliyev ənənələrinə sadiq bir qrup təəssübkeşinin iştirakı ilə Gəncə şəhər Təşkilatının təsis konfransı keçirilib. Həmin vaxt partiya sıralarına gələnləri yalnız bir məqsəd düşündürürdü: Azərbaycanın müstəqilliyini qorumaq və xalqı gözləyən təhlükələrdən, fəlakətlərdən xilas etmək. Xalq isə Ulu öndər Heydər Əliyevdən kömək gözləyirdi. Xalqın təkidli tələbi ilə görkəmli dövlət xadimi Heydər Əliyev hakimiyyətə gəldi. Onun memarı və qurucusu olduğu Yeni Azərbaycan Partiyası iqtidar partiyası oldu. Dahi Heydər Əliyev müdrik və uzaqgörən siyasəti ilə xalqı nicat yoluna çıxardı, müstəqilliyimizi əbədi və dönməz etdi.
Bu illərdə Yeni Azərbaycan Partiyasının hansı uğurlara imza atdığı göz önündədir. Xalqın inamını qazanan partiyanın uğurlu gələcəyi danılmazdır. Bu inam partiyanın yaradıcısı Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət, eyni zamanda Prezident cənab İlham Əliyevin bu xətti uğurla davam etdirməsi nəticəsində qazanılıb.
Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının 25 illik mübarizə tarixində çətin və şərəfli missiyanı yerinə yetirən partiya veteranlarının, ziyalıların, gənclərin, qadınların layiqli xidmətləri unudulmazdır. Şəhər Təşkilatı fəaliyyət göstərdiyi 25 il ərzində kəmiyyətcə böyüyüb, inkişaf edib ideoloji iş təcrübəsini təkmilləşdirib, demokratik seçki təcrübəsinə nail olaraq, bütün seçkilərdə Yeni Azərbaycan Partiyasının qələbələrinə öz töhfələrini verib.
Hazırda YAP Gəncə şəhər Təşkilatının 260 ərazi ilk partiya təşkilatında 40821 nəfər partiya üzvü birləşib. Bu statistika, eyni zamanda Ulu öndər Heydər Əliyev ideyalarına sədaqətin, Prezident cənab İlham Əliyevin günbəgün yeniləşən, təkmilləşən siyasətinə dəstəyin nümayişidir. Fəxrlə deyə bilərik ki, təşkilatının sıraları bu gün də gənc, savadlı, vətənpərvər, xalqını, Vətənini sevən gənclərin, qadınların, ziyalıların hesabına yenilənir və genişlənir. Bütün bunlar şübhəsiz ki, partiyanın bu gününə və gələcəyinə olan inamın göstəricilərindəndir. Təşkilatın üzvlərinin 56,2 faizini gənclər, 62,8 faizini isə qadınlar təşkil edir. 2018-ci ilin altı ayında 745 nəfər partiya sıralarına qəbul edilib. Partiya sıralarına gələnlərin əksəriyyətinin gənclər olması Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin xalqımızın bütün təbəqələrinin, xüsusən gənclərin arasında yorulmaz fəaliyyəti, misilsiz xidmətləri ilə daha böyük inam və etibar, hörmət və nüfuz qazanmasını təsdiq edir. Bu ondan xəbər verir ki, Azərbaycan gəncliyi öz potensial imkanlarını ortaya qoymaq üçün bu partiyada meydan görürlər.
YAP Gəncə şəhər Təşkilatı öz işini partiyanın Proqram və Nizamnaməsinin, partiya qurultaylarının tələbləri səviyyəsində quraraq, rəhbər orqanların qərarlarını, tövsiyə və tapşırıqlarını dəqiq, vaxtında yerinə yetirir, bütün siyasi tədbirlərdə, kampaniyalarda fəal iştirak edir. Son illər Gəncədə əldə edilən böyük uğurların qazanılmasında şəhər partiya təşkilatının da müstəsna xidmətləri var. Şəhər rəhbərliyi ilə partiya təşkilatı arasında yaranan sıx əlaqələr qazanılan qələbələrin əsas meyarına çevrilib.
Bu gün Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatında keçirilən tədbirlər, diskussiyalar, müzakirələr, seminarlar, dəyirmi masalar, forumlar, konfranslar gənclərin fəallığına, ideoloji-siyasi səviyyəsinin yüksəlməsinə, fəal həyat mövqeyinin formalaşmasına əhəmiyyətli təsir göstərir.
banner

Oxşar Xəbərlər