Bu gün tibb işçilərinin bayramıdır
Xalqımızın
ümummilli lideri Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən,
hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd
olunur.
AZƏRTAC xəbər
verir ki, bu gün öz mənbəyini Azərbaycan Xalq Cümhuriyyətinin 100 il əvvəlki
tarixindən götürür.
1918-ci il mayın
28-də milli tariximizin ən əlamətdar hadisəsi baş verdi - Azərbaycan dövlət
müstəqilliyini elan etdi. Milli hökumət iyunun 16-da Tiflisdən Gəncəyə köçdü. Səhəri
gün hökumətin kabinəsində ilk Səhiyyə və Sosial Təminat naziri vəzifəsi Xudadat
bəy Rəfibəyliyə tapşırıldı.
Ümid yeri olmaq,
şəfa paylamaq, ömürlərə ömür calamaq xeyirxah olduğu qədər də gərəkli və müqəddəs
işdir. Elə bu nəcib peşələrinə görə həkimlər hər cür hörmət və ehtirama
layiqdirlər.
Son illər Azərbaycan
səhiyyəsinin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi,
yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və aparılan digər tədbirlər
onu dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb. Tibb müəssisələrinin
təmir və bərpası, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təmin
olunması, onların müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək
istifadəyə verilməsi, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə
əhatə olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil
edir. Ölkəmizdə 600-dən artıq yeni tikilmiş və ya əsaslı təmirdən çıxmış tibb
müəssisəsi müasir avadanlıqlarla təmin olunub. Aparılan islahatlar,
maddi-texniki bazanın təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə bağlı
görülən işlər əhalinin dövlət tibb müəssisələrinə olan inamını getdikcə
artırır.
Heydər Əliyev Fondunun diabetli, talassemiyalı xəstələrə
göstərdiyi qayğı və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının
keçirilməsində, ana və uşaqların sağlamlığının qorunmasının
yaxşılaşdırılmasında gördüyü işlər də böyük razılıq və rəğbət doğurur.