• şənbə, 20 Aprel, 12:32
  • Baku Bakı 23°C

Bu gün sənin bayramındır - Milli mətbuatım!

22.07.14 08:26 1888
Bu gün sənin bayramındır - Milli mətbuatım!
Bu gün sənin bayramındır-MİLLİ MƏTBUATIM! Səni yaratmaq, yaşatmaq üçün nələrdən keçmədi klassiklərin?! Sürgünlərə sürüldülər, həbslərdə çürüdülər, çox şeydən vaz keçdilər. Amma səndən keçmədilər. Səni yaratdılar! Yaratdılar ki, cəhalətin bataqlığında çırpınan xalqını sənin gücünlə nura qərq etsin, “ümmətdən, millətə” sənin gücünlə ucalsın, mübarizənlə azadlığın, istiqlalın həzzini yaşatsın xalqına.
Bu gün sənin bayramındır- MİLLİ MƏTBUATIM! O, kəslərin ki, səni yaradarkən “dərviş” deyə məclislərdən qovardılar, (H.Zərdabi) “kafir” deyə nəşi günlərlə evdə qalıb torpağa tapşırmağa qoymadılar, (M.F.Axundov) “dinsiz-imansız” deyə öldürmək üçün dəfələrlə Bakıdan Tiflisə qoçu göndərərdilər (C.Məmmədquluzadə).
Ömrünün son anında da “Tərcüman”ı yaşatmağı vəsiyyət edərək bütün türk dünyasının birliyinə çağrış edən İsmayıl bəy Qaspiralının, “ittihada doğru tərəqqi” deyə türk xalqlarını inqilab yolundan çəkindirərək ittihadla tərəqqiyə, azadlığa, istiqlala çağıran Əli bəy Hüseynzadənin, “Difai”isi ilə düşmənlərin qəniminə çevrilən Əhməd bəy Ağaoğlunun, “istiqlalın və istiqbalın bayraqdarı olan” Məhəmməd Əmin Rəsulzadənin, fitri istedada, kəskin və analitik təfəkkür tərzinə, mükəmməl biliyə, heyrətamiz qeyrətə və cəsarətə malik olan Üzeyir bəy Hacıbəylinin ruhunun bayramıdır. Ruhunuz şad, qəbriniz nurla dolsun- bu günün sevincini bizə yaşadan qələmdaşlarımız! Bu gün sizin əbədi yaşar, ölməz ruhunuzun bayramıdır! Bu günün təməl daşlarını Sizlər qoydunuz, canınız, qanınız bahasına!
“Mətbuat xalqın, millətin dilidir. Mətbuat millətin bir dilidir ki, səsi dünyanın bir tərəfindən o biri tərəfinə qədər gedər”-deyən “Tərcüman”ın səs-sorağı Krım tatarlarından tutmuş dünya müsəlmanlarına catdı. 1907-ci ildə dünyada ilk dəfə olaraq 500-yüzdən çox nümayəndə heyətinin iştirakı ilə Qahirədə “Dünya müsəlmanlarının konqresi” kecirildi.
“Hüriyyəti-kəlamın, yaxud azadi-mətbuatın ümumi xalq üçün nəfi bundan ibarətdir ki, bunların sayəsində ümum əhalinin və ya məlum bir camaatın mübtəla olduğu dərdi şərh edib müəlicəsi üçün tədbirlər axtarmaq mümkündür” –söyləyən Üzeyr bəy “İrşad”dan tutmuş “Azərbaycan”a kimi xalqının xoş güzəranı üçün bu mümkünlüyə çalışdı. “Bəyani-məslək”-deyərək bu yolda məsləki aydın olmayan “qələmdaş”larını da məsləkini aydınlaşdırmağa sövq etdi.
20-ci yüzilliyin əvvəllərində ədəbi məktəb yaratmış realistlər və romantiklər; yaradıcılığınızla Azərbaycan mətbuatına bir yeni abu-hava gətirdiniz. “Özünü-təsdiq və özünü tənqidlə” milli oyanışa dəstək oldunuz. Təkcə Azərbaycanda deyil, bütün Şərq aləminə səs salan qələmdaşlar yetişdirdiniz. “Zəka səltənətinin ilk carçlarını” yetişdirdiniz ki, sözünüzlə daşlaşmış “daş qəlbli insanları”n qəlbində millət sevgisi, sayğısı yaradaraq, xalq yolunda mübarizəyə qaldırasız...
Qələmə, sözə sarıldığı ilk gündən son günə kimi, “Qələmin vəzifəsi xalqına xidmət etməkdir”- deyə, heç zaman hətta sovetin tutha-tutunda belə əqidəsinə xilaf çıxmayaraq “... Molla Nəsrəddin” məcmuəsinin Moskvaya heç bir dəxli yoxdur. “Molla Nəsrəddin”i nə Moskva yaradıbdır, nə də Şura hökuməti yaradıbdır”-söyləyən Mirzənin üsyankar səsi, cəsarəti, bir daha onu haqsız tənqid atəşinə tutan ordubadiləri, mehdiləri, əlivəliyevləri heyrətə gətirdi...
“Məzlum millətin mətbuatı da məzlum olur” deyə millətini, məmləkətini bu məzlumluqdan qurtulmağa “O millət, o məmləkət xoşbəxt və azaddır ki, onların mətbuatı azad və xoşbəxt olsun”-diləyilə azad söz uğrunda mübarizəyə qaldırdın. Azad sözün, gücünə xalqını inandırmaq üçün ona anlatdın ki: “Mətbuat bir müəllim vəzifəsini yerinə yetirir. O, xalqın tərbyəçisidir. O, mənəviyyatdan uzaq ola bilməz...”.
“Mətbuat mühüm milli qüvvələrdən biridir” -deyə o qüvvənin gücülə millətinə azadlığı, dövlətinə müstəqilliyi bəxş etdin... Elə ona görə də bu gün Sənin bayramındır -MİLLİ MƏTBUATIM! Sənin ki, millətinin azadlğı, dövlətinin müstəqilliyi uğrunda illərlə çalışdın, çarpışdın! Usanmadın, sözünün nuru ilə, qələminin gücü ilə qaranlıqları işıqlandırdın!
...Müstəqil milli dövlət üç əsas təməl -Vətən, millət, hakimiyyət üzərində qurulur.
“Vətən-müqəddəslişmiş torpaqdır; millət- bu torpağın əbədisakinləridir, hakimiyyət-milləti yaşadan, qoruyan, tərəqqisini təmin edən qurumdur. Hər üç təməli birləşdirən vahid, sarsılmaz qüvvəyə çevirən isə milli vətənpərvərlik, milli qeyrət, milli fədakarlı ruhudur”.
Bu milli məfkurənin gerçəkləşməsini yaradan və təbliğ edənlərdən biri də mətbuatdır. Bu gün Səni –inam və inancla gənc, müstəqil dövlətimizi və dövlətçiliyimizi qorumaq, yaşatmaq uğrunda mübarizəyə səsləyirəm –MİLLİ MƏTBUATIM! Milli müqəddəslərimizin adına-sanına yaraşmayan dedi-qodudan, yalan-palannan, şor qiymətli şou xəbərlərdən uzaq olmaq, müstəqil dövlət-çiliyimizi bərpa edib bizə müstəqillik yolu açanlara şükranlığımızı bildirmək arzusu ilə deyirəm- BAYRAMIN MÜBARƏK OLSUN, MİLLİ MƏTBUATIM!
banner

Oxşar Xəbərlər