Bu gün səhər İranda yenidən zəlzələ oldu

Bu gün səhər İranda yenidən zəlzələ oldu

Təfsilat
17 Aprel 2013, 10:12 900
Aprelin 17-si səhər İranın Sistan-Bəlucistan əyalətinin Səravan şəhərində Rixter cədvəli üzrə 5,6 bal gücündə yenidən zəlzələ olub.

“Media forum” saytının məlumatına görə, insan tələfatının olub-olmadığı haqda məlumat yayılmasa da, əvvəlki zəlzələ nəticəsində divarı çatlamış evlərin dağıldığı bildirilir.

Aprelin 16-da baş vermiş zəlzələyə gəlincə, İran hökuməti həmin gün ölənlərin sayı haqda yayılan məlumatları təkzib edib. İran mənbələri zəlzələdə 40 nəfərin öldüyünü xəbər vermişdi. Amma rəsmi məlumata görə, hadisədə 1 nəfər həlak olub, 12 nəfər yaralanıb. Pakistan hökuməti isə zəlzələ nəticəsində bu ölkədə 34 nəfərin həlak olduğunu bildirib.

Aprelin 16-da İranın Sistan-Bəlucistan əyalətində, Pakistanla sərhəddə Rixter cədvəli üzrə 7,8 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Xaş və Səravan şəhərlərinin 86 kilometrliyinə, Sistan-Bəlucistan əyalətin mərkəzi olan Zahidan şəhərinin 200 kilometrliyinə düşüb. Zəlzələ İranın Kirman şəhərində, eləcə də Ərəbistan yarımadasından Hindistana qədər bütün Cənub-Qərbi Asiyada hiss olunub.