Bu gün Ramazan bayramıdır
On
bir ayın sultanı müqəddəs Ramazan ayı başa çatır. Bu ay insanın həm fiziki, həm
də mənəvi baxımdan təmizləndiyi aydır desək, yanılmarıq.Bəziləri düşünür
ki, Ramazan ayı insanın nəfsi, iradəsi ilə imtahanıdır. Çünki insan bu ayda
dünya nemətlərindən uzaq qalmağı, nəfsini tərbiyələndirməyi, iradəsinə sahib
çıxmağı, aclığa dözümlü olmağı öyrənir. Artıq yavaş-yavaş Ramazan ayını başa
vururuq. Ayın son günləri bayram kimi qeyd edilir. Maraqlıdır, Ramazan bayramı
necə keçirilməlidir, hansı işlər görülməlidir və ən əsası, bir aylıq orucluqdan
sonra necə qidalanmalıyıq? Bu kimi suallarımıza cavab tapmaq üçün
mütəxəssislərlə həmsöhbət olduq.
İlahiyyatçı, fəlsəfə
doktoru Elvüsal Məmmədov qeyd edir ki,
Ramazan bayramının ən gözəl əlamətlərindən biri də fitrə zəkatı çıxarmaqdır: "Fitrə,
bayram günü səhər bir kasıbı sevindirəcək miqdarda olmalıdır. Düzdür, bəzi dini
mənbələrdə bunun qida formasında çıxarılmağı göstərilir. Çünki peyğəmbərimizin
zamanında pul çox tədavüldə deyildi. Həmin dövrdə insanların işinə daha çox
ərzaq yaradığından qida ilə kasıb ailələrə kömək edirdilər. Amma indiki dövrdə
kiməsə aparıb ərzaq vermək onun bayram ehtiyaclarını tam ödəmir. Ona görə yaxşı
olar ki, fitrəni pulla verək. Bu da ölkədəki ümumi səviyyəni nəzərə alsaq, 7-10
manat arası olar. Fitrə pulu evdə yaşayan adam sayına uyğun çıxarılmalıdır. Evi
dolandıran kəs himayəsində olan şəxslərindən də adından fitrə pulu verməlidir”.
İlahiyyatçı Ramazan bayramının digər bayramlardan
heç bir fərqi olmadığını deyir: "Başqa bayramları necə şən, sevincli şəkildə
qarşılayırıqsa, Ramazan bayramını da elə keçirməliyik. Çünki İslamdakı bayram
anlayışı ilə digər bayram anlayışları fərqli deyil. Həmin günlərdə insan
sevinməli, deyib-gülməli, şən əhval-ruhiyyədə olmalıdır. Gözəl süfrə açmalı,
qohumları, dostları bir stol arxasında birləşdirib bayramı birlikdə qeyd
etməliyik. Uzaqda olan tanışlarımıza zəng vurub onları yad edərək bayramlarını
təbrik etmək olar. Bu bayram bir növ insanlar arasında birliyə şərait yaradır.
Qoy insanlar başa düşsünlər ki, bu bayram "Qara bayram” deyil. Yəni, bu
bayramda bəziləri ancaq ölüləri ziyarət etmək lazım olduğunu, şənlənməyin
mümkün olmadığını düşünür. Amma əksinə, bu bayramda da normal istirahət etməli,
dincəlməli, xoş əhval-ruhiyyədə olmalıyıq”.
Bir
ay boyunca tutulan oruclar insan sağlamlığında çox böyük əhəmiyyətə malikdir. Amma
aclığa öyrəşən mədəmiz birdən-birə əvvəlki rejimə qayıdanda orqanizmdə bəzi
problemlər yaşana bilər. Bunun üçün ramazandan sonra necə qidalanmalı
olmağımızla bağlı dietoloqun fikirlərini öyrəndik. Dietoloq Aysel Nəbiyeva qeyd edir ki, ilk növbədə maddələr mübadiləsini yenidən təşkil etmək və əvvəlki
vəziyyətinə qaytarmaq lazımdır: "Bu məqsədlə gün ərzində 5-6 pay şəklində, hər
3 saatdan bir meyvə, qatıq və süd məhsulları qəbul etmək məsləhətdir. Bu, həm
qanda şəkəri nizamlayar, həm də çox miqdarda qida qəbulunu önləyər.Ay
boyunca gündüz saatlarında aclığa alışan bədənin normal yemə rejiminə alışması üçün
ən az 9 gün lazımıdır. Bu müddətdə naharların yüngül, günorta yeməklərinin isə
az yağlı, daha çox sulu yeməklərdən hazırlanması vacibdir. Mədəni yoran, ağır
həzm edilən qidalardan çəkinmək də məsləhətdir. Ən çox süd, qatıq, pendir, ət,
balıq, toyuq, paxlalı bitkilər və meyvə-tərəvəz qrupundan olan qidaları qəbul
etmək lazımdır. Ramazan ayında
tərəvəz və meyvə kimi lif nisbəti yüksək, amma enerji dəyəri daha aşağı olan
qidalardan uzaq durur, ya da az qəbul edirlər. Bu da həzm sistemində müəyyən
problemlərin yaranmasına, qəbizlik və sürətli çəki artımlarına səbəb olur. Bu
problemlərdən yaxa qurtarmaq üçün karbohidrat və zülalla zəngin qidaların
yerinə tərəvəz, meyvə tipli məhsulları seçmək və nizamlı qidalanmaq məsləhət
olunur. Ramazandan sonra normal qida
rejiminə keçərkən xəmir xörəkləri, qızartma yeməklər və şirniyyatların qəbuluna
ciddi fikir vermək lazımdır. Şirniyyat, şokoladlı məmulatlar qanda şəkərin
miqdarını sürətlə artırır, kaloriləri də çox yüksəkdir. Bədənə boş enerji verən
şokolad və şirnilərdən çox istifadə edilməməlidir. Yağlı şokoladın, həzmi çətin
olan şirniyyatların çox istifadə edilməsi həzm sisteminin fəaliyyətinin
pozulmasına, qusmağa və ishala səbəb ola bilər”.
Dietoloq deyir
ki, orucluqda aclığa alışan orqanizmi həddindən artıq yükləmək, xüsusilə ağır
yeməklərdən istifadə etmək ürək fəaliyyətində və həzm sistemində fəsadlar
yarada bilər: "Ramazandan sonra insanda çox yemə instinkti güclənməyə başlayır
ki, bu da orqanizmi artıq çəki problemi ilə üz-üzə qoyur. Odur ki, qida
seçimində maksimum diqqətli olmaq lazımdır. Sağlam yaşamağın əsas qaydalarından olan fiziki məşğuliyyətdən imtina
etmək olmaz. Çünki fiziki aktivlik bağırsaq hərəkətlərini artırır, qanda şəkəri
və xolesterolu azaldır, həm də kilo itirməyə kömək olur. Ramazandan sonrakı
günlərdə idmanla məşğul olmaq - bədən hərəkətləri etmək, yürüşə çıxmaq
orqanizmi əvvəlki vəziyyətinə gətirməkdə yardımçı olar, həzm prosesini
yaxşılaşdırar, kökəlmə riskini aşağı salar. 40-50 dəqiqə idmanla məşğul olmaq gün ərzində yaxşı əhval-ruhiyyədə
qalmağı təmin edər, eyni zamanda sağlam vücuda yiyələnməyinizdə yardımçı olar”.
Günel Azadə