• şənbə, 20 Aprel, 10:00
  • Baku Bakı 14°C

Bu gün “Qarabağ“ “Gefle“yə qarşı oynayacaq

01.08.13 07:58 1713
Bu gün “Qarabağ“ “Gefle“yə qarşı oynayacaq
Azerisport.az xəbər verir ki, ölkəmizi bu turnirdə təmsil edən “Qarabağ” da növbəti oyununa çıxacaq.
Qeyd edək ki, Azərbaycanı bu mövsüm Avroliqada “Qarabağ”, “İnter” və “Xəzər Lənkəran” təmsil edirdi. Amma Çempionlar Liqasındakı təmsilçimiz “Neftçi”nin ardınca “İnter” və “Xəzər Lənkəran” da mübarizəni dayandırdı. Bu üzdən də hazırda Azərbaycan futbolsevərlərinin bütün ümidləri Ağdam klubuna yönəlib.
“Qarabağ” Avroliqada oynamaq hüququnu Premyer Liqamızın gümüş mükafatçısı kimi qazanıb. Qurban Qurbanovun komandası bu turnirin ilkin təsnifat mərhələsində Makedoniya “Metallurg”unu hər iki oyunda 1:0 hesabıyla məğlub etdi. İkinci təsnifat mərhələsində isə təmsilçimiz Polşa “Piast”ı ilə qarşılaşdı. İlk oyunda 2:1 hesabıyla qalib gələn təmsilçimiz cavab matçında 90 dəqiqəni 1:2 hesablı yenilgiylə tamamladı. Amma Qlivitsedəki görüşün əlavə vaxtında gələn bərabərlik qolu “Qarabağ”ı üçüncü təsnifat mərhələsinə çıxardı.
Bu mərhələdə isə Ağdam klubu İsveçin “Gefle” kollektivini mübarizədən kənarlaşdırmağa çalışacaq. Təmsilçimiz ilk oyunu doğma meydanda keçirəcək. Bu mənada üstünlük müəyyən mənada isveçlilərin tərəfindədi. Çünki rəqib cavab matçını evdə, doğma azarkeşlərinin gözü qarşısında keçirəcək və psixoloji üstünlüyə malik olacaq.
Lakin “Gefle” “Qarabağ”ın “dişinə görə” rəqibdir və komandamız İsveç klubunu mübarizədən kənarlaşdıra bilər. Düzdür, bu komanda Avroliqanın birinci təsnifat mərhələsində Estoniyanın “Trans” klubu ilə qarşılaşıb və Estoniyadakı oyunda 3:0, doğma meydandakı görüşdə isə 5:1 hesablı darmadağına imza atıb. “Qarabağ”ın rəqibi ikinci təsnifat mərhələsində Cənubi Kiprin “Anorthosis” klubu ilə qarşılaşıb. İsveç təmsilçisi səfərdə 0:3 hesalı məğlubiyyətlə üzləşsə də, evdə 4:0 hesabıyla möhtəşəm qələbə qazanaraq, “Qarabağ”a rəqib olub.
“Gefle” 1882-ci ildə yaradılıb. Bu il dekabrın 5-də 131 yaşını qeyd edəcək klubun forma rəngləri mavi və ağdı. Qavle şəhərini təmsil edən klub çempionatdakı ev oyunlarını “Strömvallen” stadionunda keçirir. 1892-ci ildə inşa olunan arenanın azarkeş tutumu 7302 nəfərdi. Lakin “Gefle”nin “Qarabağ”la oyunu bu arenada yox, Sundsvallda, “Norrporten Arena”da baş tutacaq. Çünki klubun öz stadionu UEFA standartlarına cavab vermir. Bu üzdən Avroliqadakı digər ev oyunlarında olduğu kimi, “Gefle” “Qarabağ”ı da Sundsvalldkı “Norrporten Arena”da qəbul edəcək. Bu arena isə 8500 azarkeş tutumuna malikdir.
Ağdam klubunun rəqibi indiyə qədər İsveç çemionatının güclülər dəstəsinin – Allsvenskanın qalibi olmayıb. Ümumiyyətlə, klubun tarixində, demək olar ki, yadda qalan uğuru yoxdur. 2004-cü ildə 1-ci liqanın – Superettanın ikincisi olan “Gefle” iki il sonra ölkə kubokunun finalına yüksəlsə də, həmin görüşdə də məğlub olub. Komanda ötən mövsüm İsveç çempionatını 11-ci pillədə başa vurub. Bu klub Avroliqada oynamaq şansını da UEFA-nın “feyr pley”ə görə ayırdığı vəsiqələrdən birinə sahib çıxmaqla qazanıb. Hansı ki, bu mövsüm “İnter”in bəxtinə düşən Finlandiyanın “Mariehamn” və Norveçin “Tromse” klubları da Avroliqada məhz “feyr pley”ə görə vəsiqə qazanmışdı. Nə qədər maraqlı olsa da, Avroliqadakı cəmi üç belə xoşbəxtin hər birinin yolu Azərbaycandan keçmiş olur.
Cari mövsümün 16 turunda 2 qələbə qazanıb, 8 heç-heçə edən və 6 dəfə məğlub olan “Gefle”nin top fərqi də xeyrinə deyil – 17:26. Komanda hələlik 14 xal qazanıb və turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
“Gefle” ilk dəfə avrokuboklara 2006/07 mövsümündə vəsiqə qazanıb. UEFA Liqasına qatılan komanda ilk mərhələdə Uelsin “Llanelli” klubuna yenilib. 2010/11 mövsümündə Avropa Liqasına vəsiqə qazanan “Qarabağ”ın rəqibi birinci təsnifat mərhələsində Farer adalarının “Runavik” klubunu keçsə də, ardınca Tiflis “Dinamo”suna yenilib. Yəni bu mövsüm “Gefle” tarixində ilk dəfə ardıcıl iki mərhələ keçməyin sevincini yaşayır. Ümid edək ki, “Qarabağ” bu komandanın uğurlu seriyasına son qoya biləcək.
Komandanın baş məşqçisi Per Olssondur. 49 yaşlı norveçli futbolçu karyerası ərzində iki dəfə – 1981-1984 və 1988-1992-ci illərdə “Gefle”də çıxış edib. 1992-ci ildə bu komandada karyerasını bitirən Olsson 1993-cü ildə doğma klubunda məşqçiliyə başlayıb. “Gefle”nin əsas komandasında köməkçi-məşqçi və gənclərdən ibarət heyətin baş məşqçisi olduqdan sonra – 1996-cı ildə əsas komandaya baş məşqçi təyin olunub və 2002-ci ilədək işini davam etdirib. Daha sonra bir müddət “Örebro”da köməkçi işləyən 49 yaşlı mütəxəssis 2005-ci ildə yenidən “Gefle”yə qayıdıb və həmin vaxtdan bəri bu komandanı çalışdırır.
“Gefle” Avropa Liqası üçün UEFA-ya 23 futbolçu sifariş edib. Onların üçü qapıçı, səkkizi müdafiəçi, altısı yarımmüdafiəçi, altısı isə hücumçudu. Heyətdəki əksər futbolçular yerlilərdi. Koandada cəmi dörd legioner futbolçu çıxış edir. Onlardan Zakariya Abdullay və Yoahim Adukor Qanadan, Sive Pekezela CAR-dan, Yens Portin isə Finlandiyadandı.
“Gefle”nin “Qarabağ”a qarşı mübarizə aparacaq futbolçularının siyahısı belədi:
Qapıçılar: 1. Mattias Hüqosson, 22. Emil Hedvall, 30. Oskar Larsson;
Müdafiəçilər: 2. Olof Mard, 3. Yonas Olsson, 4. Anders Vikström, 6. Par Asp, 11. Sive Pekezela, 14. Yens Portin, 16. David Fallman, 21. Herman Ehn;
Yarımüdafiəçilər: 5. Zakariya Abdullay, 7. Aleksander Faltsetas, 8. Simon Lundevall, 19. Markus Hansson, 24. Erik Olsson, 25. Yoahim Adukor;
Hücumçular: 9. Yohan Oremo, 10. Yakob Orlov, 15. Mikael Dahlberq, 17. Yonas Lantto, 18. Erik Tönros, 20. Emil Bellander.
“Qarabağ”a gəlincə, komandamız Avroliqaya pis hazırlaşmayıb. Qurban Qurbanovun komandası ənənəvi olaraq, bu il də Türkiyədə təlim-məşq toplanışı keçdi. Hazırlıq prosesi zamanı komandamız bir neçə transfer də həyata keçirdi. Düzdü, bu yay komandadan gedənlər də az olmadı. Əfran İsmayılov, Emin İmaməliyev, Zaur Həşimov, Elnur Abbulov, Kristian Torres, Emeka Opara, Bəxtiyar Soltanov, Vaqif Cavadov və Branimir Subaşiçlə yollarını ayıran “Qarabağ” hələlik beş transfer həyata keçirib. Daha da konkretləşdirsək, son mövsümü icarə əsasında “Simurq”da keçirən Murad Səttarlını geri qaytaran Ağdam təmsilçisi Hollandiyanın “Nijmegen” klubundan Leroy Corcu, Almaniyanın “Bohum” komandasından Nikolas Gelaşvilini və İordaniyanın “Shahab Al Ordon” klubundan Ulrix Kapolonqonu, Yunanıstan “Olimpiakos”undan Çumbinyonu heyətinə qatıb.
Qurban Qurbanovun komandası UEFA-ya təqdim etdiyi iştirak ərizəsinə bu futbolçuların adlarını daxil edib:
Qapıçılar: 1. Fərhad Vəliyev, 12. Osman Umarov, 89. Miro Varvodiç.
Müdafiəçilər: 2. Qara Qarayev, 3. Kamil Hüseynov, 4. Bilal Abbaszadə, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 24. Admir Teli, 25. Ansi Aqolli, 33. Təmkin Xəlilzadə, 44. Eltun Yaqublu, 55. Bədavi Hüseynov.
Yarımmüdafiəçilər: 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 9. Reynaldo Silva, 10. Muarem Muarem, 15. Toğrul Bilallı, 16. Leroy Corc, 18. İlqar Qurbanov, 19. Murad Səttarlı, 20. Riçard Almeyda, 27. Elvin Musazadə, 70. Çumbinyo.
Hücumçular: 11. Nikolos Gelaşvili, 17. Vüqar Nadirov, 21. Tural İsgəndərov, 22. Tural Rzayev, 88. Ulrix Kapolonqo.
Göründüyü kimi, “Qarabağ” əslində fövqəladə gücə malik olmayan rəqibi ilə müqayisədə heç nədə geri qalmır. Düzdü, hazırda İsveçdə ölkə çempionatının qızğın dövrüdü və bu amil rəqibin daha yaxşı oyun təcrübəsinə malik olmasından xəbər verir. “Qarabağ” isə yeni mövsümdə yalnız Avroliqada dörd rəsmi oyuna çıxıb. Odu ki, “Qarabağ” ciddi sınaq gözləyir. Amma istənilən halda Ağdam klubu Avroliqanın pley-off mərhələsinə vəsiqə qazanmaq üçün çox yaxşı şansa malikdi və belə fürsəti dəyərləndirməmək günah olar. Bu oyuna daha yaxşı hazırlıq keçməklə, rəqibi düzgün analiz etməklə, ağıllı oyunla, meydanda maksimum güc sərf etməklə “Gefle”ni də mübarizədən kənarlaşdırmaq mümkündür.
Yeri gəlmişkən qeyd edək ki, “Qarabağ”la rəqibi arasında müəyyən səviyyə fərqi də var. Bunu UEFA-nın klub reytinqi də isbatlayır. Avropada ən reytinqli klubumuz olan “Qarabağ” hazırda 199-cu pillədə qərarlaşıb və “Gefle”ni xeyli qabaqlayır. İsveç klubu isə 268-ci yerdə gedir.
“Qarabağ” belə bir rəqiblə dueldə cütün taleyini doğma azarkeşlərinin gözü önündə həll etməyə borcludur. İlk oyun Bakıda keçiriləcək və səfərdəki cavab görüşü öncəsi üstünlük qazanmaq üçün komandamızın qapısını toxunulmaz saxlamaq şərti ilə rəqibinə mümkün qədər çox qol vurması vacibdir. Əks halda İsveçdə keçiriləcək cavab görüşü çox çətin olacaq. Hansı ki, Polşa “Piast”ı ilə cavab matçı da bunu sübut etdi. Bu yolda azarkeşlərin də dəstəyi çox önəmlidir. Bu mövsüm avrokuboklardakı təmsilçilərimizin oyunlarında ajiotaj nəzərə çarpmır. Amma ümid edək ki, bir neçə il öncə avrokuboklardakı ən uğurlu təmsilçimiz olan “Qarabağ”ın oyunlarında stadionu tam dolduran futbolsevərlərimiz bu dəfə də Ağdam klubuna məhz arenadan dəstək verməyə çalışacaqlar. Mübarizəni dayandıran digər klublarımızın azarkeşləri də qitə arenasında yalnız qalan təmsilçimizə dəstək olsa, Tofiq Bəhramov adına Respublika stadionunu tam doldursalar, “Qarabağ” onların da köməyi sayəsində “Gefle” ilə oyunların taleyini elə Bakıda həll edə bilər.
Yeri gəlmişkən qeyd edək ki, nəinki “Qarabağ”ın, ümumiyyətlə Azərbaycan təmsilçilərinin avrokuboklarda İsveç klubları ilə yolları kəsişməyib. Bir sözlə “Gefle” Azərbaycan futbolu tarixinə təmsilçilərimizin ilk rəqibi kimi düşəcək. Bütövlükdə isə, İsveç avrokuboklarda Azərbaycan klublarına rəqib olan 40-cı ölkə olacaq. İndiyə qədər arşılaşmadığımız ölkələr isə İspaniya, İngiltərə, Portuqaliya, Şotlandiya, Macarıstan, Qazaxıstan, İrlandiya, Lüksemburq, Lixtenşteyn, San-Marino, Andorradı.
Sonda onu da bildirək ki, avrokuboklarda qazanılan istənilən uğur Azərbaycanın UEFA-dakı klub reytinqinə də təsirsiz ötüşmür. Belə ki, klublarımızın istənilən qələbəsi ölkəmizə 0,250, heç-heçə isə 0,125 reytinq xalı qazandırır. Hazırda Azərbaycan UEFA reytinqində 53 ölkə arasında 30-cu pillədədi və hesabında 9.875 reytinq xalı var. Onun 2.000 xalı cari mövsümdə qazanılıb. Bundan 0.875 xal “Qarabağ”ın, 0.625 xal “İnter”in, 0.375 xal “Xəzər Lənkəran”ın, 0.125 xal isə “Neftçi”nin payına düşür.
Avropa Liqası
Üçüncü təsnifat mərhələsi (ilk oyun)
1 avqust
21:00. Qarabağ - Gefle
Baş hakim: Nikolas Rainville (Fransa)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
banner

Oxşar Xəbərlər